Bu tədbirlər ölkəmizin
nadirliyini əks etdirən gözəl
göstəricidir
Ötən ayın axırlarında Azərbaycanın və dünyanın idman tarixində çox əlamətdar bir hadisə baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin iştirakı ilə iyunun 12-dən 28-dək keçiriləcək möhtəşəm Oyunların məşəli Bakıda “Atəşgah” məbədində alovlandırıldı. Biz - Belarusda yaşayan azərbaycanlılar da, bütün soydaşlarımız kimi, bu hadisədən qürur və fərəh hissi duyuruq.
Hər birimiz üçün əlamətdar olan tarixi tədbirin Azərbaycanda keçirilməsi haqqında 2012-ci ilin dekabrında qərar qəbul ediləndə Avropanın Olimpiya Assambleyasının üzvü olan 41 ölkə bu işə razılıq verdi. Təbii ki, bu, böyük hadisə idi. Prezident İlham Əliyevin Azərbaycanın Milli Olimpiya Komitəsinin sədri seçildiyi gündən idmana, insanların fiziki sağlamlığına göstərdiyi böyük diqqət və qayğısının, bu sahəyə ayrılan investisiyaların uğurlu nəticəsi idi. Digər tərəfdən, beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin yüksək səviyyədə icrası - bütün bunlar hazırda Azərbaycanın reallıqlarıdır. Aydın görünür ki, indi ölkə başçısının hər bir məsələ ilə bağlı təsdiqlədiyi çox dəqiq, düşünülmüş proqramı və inkişaf strategiyası var. Qazanılan uğurların təməlində isə bu amil mühüm rol oynayır. Əldə olunan nailiyyətlərə hamımız sevinir, qürur hissi keçiririk.
Belarusda on minlərlə azərbaycanlı
yaşayır. Bəziləri İkinci Dünya müharibəsindən sonra,
digərləri müxtəlif
illərdə buradakı
ali məktəblərdə
təhsil almaq, yaxud müəyyən sferalarda çalışmaq
üçün Belarusa
gəlmiş və burada qalıb məskunlaşlmışlar. Onların hər
biri ilə millətimiz fəxr edə bilər.
Biz boya-başa çatdığımız,
ilk uğurlarımızı qazandığımız vətənimizi
heç vaxt unutmuruq. Ulu öndər Heydər
Əliyev Azərbaycanda
fundamental bir ideologiyanın
əsasını qoymuş
və azərbaycanlıların
vahid bir etnik-siyasi toplum kimi tanınmasını təmin etmişdir. Çox çətin və ağrılı mərhələlərdən
keçsə də, ümummilli liderin yaratdığı milli dövlətçilik ideologiyası
tarixin sınaqlarından
uğurla çıxmışdır.
Bu ideologiya ilk növbədə azərbaycançılığı
elə bir səviyyədə özündə
birləşdirdi ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə xalqımızın
ümumi xarakterini müəyyənləşdirdi.
Milli mənafe
və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə
qorunması, ölkə
həqiqətlərinin dünya
ictimaiyyətinə dolğun,
obyektiv şəkildə
çatdırılması baxımından üzərimizə
mühüm vəzifələr
düşür. Biz buna
hazırıq. Bu sahədə
gördüyümüz müəyyən
işlərə isə
Prezident İlham Əliyev qiymət vermişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi
hazırda özünü
təkcə emosional
hiss və duyğularda
deyil, həm də daha çox
real məzmuna malik milli siyasi birlikdə,
əməli addımlarda
və konkret nəticələrdə göstərir.
Azərbaycanlılar arasında həmrəyliyin
daha da möhkəmlənməsi
və diaspor qurumlarının təsirli
qüvvəyə çevrilməsi
prosesi uğurla davam edir”.
1997-ci ildə Belarusun
paytaxtı Minskdə Azərbaycan diasporunun rəhbəri seçilmişəm. 2002-ci ildən Belarus Respublikasında
Azərbaycan İcmaları
Konqresinin sədriyəm.
2004-cü ildə isə Avropa Azərbaycanlıları Konqresinin
vitse-prezidenti seçilmişəm.
Belarusda
Azərbaycan icmasının
kitabxanası və filmotekası var. Minsk şəhərindəki
ümumtəhsil məktəblərinin
birində Azərbaycan
dili, tarixi, coğrafiyası və Azərbaycan xalqının
adət-ənənələrinin öyrənilməsi üzrə
“Bazar günü” məktəbi fəaliyyət
göstərir.
1995-ci ildə əməkdar idman ustası adına layiq
görülmüşəm. 2002-ci ildən Belarus Respublikasının Cüdo
üzrə Milli Komandasının baş məşqçisi vəzifəsində
çalışıram.
Əməyim doğma vətənimdə
də yüksək qiymətləndirilmişdir. Azərbaycan Prezidentinin
sərəncamı ilə
“Şöhrət” ordeninə
layiq görülmüşəm.
Ölkəmizdən uzaqda yaşasaq da, vətənimizdə baş verən bütün hadisələrlə
yaxından tanışıq. Son dövrlərdə idmana necə böyük qayğı və dəstək göstərildiyi
dünyanın gözü
qarşısında baş
verir. Bütün bunlar məhz
cənab İlham Əliyevin dövlət başçısı kimi
idmana verdiyi önəm nəticəsində
olmuşdur.
Onu da vurğulamaq istərdim ki, I Avropa Oyunlarının
Azərbaycanda keçirilməsi
bir neçə amillə bağlıdır. İlk növbədə
bunu Azərbaycan idmançılarının beynəlxalq
arenadakı uğurlu çıxışları mümkün
etmişdir. Xatırlayıram ki, son yay olimpiya
oyunlarında Azərbaycan
komandası 30-cu yerə
layiq görülmüş,
Avropa ölkələri
arasında isə
15-ci yeri tutmuşdur.
Eyni zamanda, gənc idmançıların
da böyük uğurları var. Ötən
il yeniyetmələrin
olimpiya oyunlarında Azərbaycan komandası tarixi hadisəyə imza ataraq 10-cu yerə yüksəlmişdi.
Son illər ərzində Azərbaycanda müasir idman infrastrukturu yaradılmışdır. Bizə məlumdur ki, respublikanın 40-dan çox şəhər və rayonunda yüksək standartlara uyğun olimpiya idman mərkəzləri inşa edilmişdir. Bakı nəqliyyat infrastrukturu yeniləşdirilmiş, müasirləşdirilmişdir. İndi bu sahə bütün tələblərə cavab verir. Şəhərdə hərtərəfli xidmət infrastrukturunun yaradıldığından da xəbərdarıq.
Azərbaycan artıq möhtəşəm yarışların keçirildiyi məkana çevrilməkdədir. Bakıda və regionlarda çoxsaylı dünya və Avropa çempionatları, müxtəlif beynəlxalq yarışlar baş tutmuşdur.
Təbii ki, doğma yurdumuzun sürətli iqtisadi inkişafı da bu qərarın qəbulunda öz rolunu oynamışdır. Önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan əhalisi və dünyadakı diasporlarımız bu qərarı böyük sevinclə və qürur hissi ilə qarşılamışdır.
Düzdür, xırda istisnalar da olur. Nankorlar və
xalqımızı istəməyən
bəzi qüvvələr
ölkəmizdə görülən
böyük işlərə
qara yaxmaqdan, hətta ermənipərəst
mövqe tutmaqdan belə çəkinmirlər.
Lakin belə ünsürlər
heç vaxt vətənimizin inkişafına,
qüdrətlənməsinə və çiçəklənməsinə
maneçilik törədə
bilməz.
Bakıda keçirilən hər bir tədbir, hər bir idman
yarışı elə
yüksək səviyyədə
təşkil olunur ki, qonaqlar dönə-dönə
Azərbaycana gəlmək
istəyirlər. İnanıram ki, ilk Avropa
Oyunlarının iştirakçıları
və qonaqları bu dəfə də Bakıdan öz vətənlərinə
ən xoş təəssüratlarla qayıdacaqlar.
Bu sahədə əldə
edilən dəyərli
təcrübəni yüksək
qiymətləndirən Prezident
İlham Əliyev deyir: “Beynəlxalq yarışların keçirilməsi
üçün bizim
kifayət qədər
təcrübəmiz var. Son illər ərzində Azərbaycanda çoxsaylı
dünya və Avropa çempionatları keçirilmişdir. Azərbaycanın sürətli iqtisadi inkişafı, əlbəttə
ki, bu qərarın
qəbulunda öz rolunu oynamışdır.
Sevindirici cəhət odur
ki, Azərbaycan əhalisi bu qərarı böyük sevinclə qarşılamışdır”.
Azərbaycanın dövlət başçısı
çıxışında onu da vurğulamışdır
ki, “Azərbaycan bir neçə gündən sonra tarixdə ilk dəfə keçiriləcək Avropa
Oyunlarını qəbul
edəcək. 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul edəcək. Bu da ölkəmizin nadirliyini əks etdirən ən gözəl göstəricidir”.
O da məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2015”
ilk Avropa Oyunları Təşkilat Komitəsinin
sədri, birinci xanım Mehriban Əliyevanın dəyərli
göstərişləri və
tövsiyələri, böyük
peşəkarlığı sayəsində ölkə
qısa bir müddətdə belə
möhtəşəm Oyunların
keçirilməsinə hazır
olmuşdur. Bu arada Avropa Olimpiya Komitələrinin prezidenti
Patrik Hikkinin çıxışını xatırlatmaq istərdim: “Mən Avropa Olimpiya Komitələrinin səmimi minnətdarlığını
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya çatdırmaq istərdim.
Təşkilat Komitəsi və
“Bakı-2015” ilk Avropa Oyunları
Əməliyyat Komitəsinin
peşəkar heyəti
planlarımızı reallığa
çevirmək üçün
27 ay ərzində yorulmadan
çalışır. Belə qısa müddət ərzində görülmüş
bu qədər işləri hətta ən çılğın
arzularımızda təsəvvür
edə bilməzdik.
Əslində bütün Bakı
heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atmışdır.
“Bakı-2015” ölkənizin əməyi və səyi sayəsində baş tutacaq. Azərbaycan rəhbərliyi
ilə işləmək
olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız
və diqqətiniz bizi hər zaman
təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin
sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində
şəxsən iştirak
edərək dəyərli
göstəriş və
tövsiyələrini vermiş,
işə tam sadiqliyini
nümayiş etdirmişdir”.
Yaxın vaxtlarda Azərbaycan xalqı bu gözəl
idman və dostluq bayramını izləyəcək. Mən isə Belarusda yaşayan bütün soydaşlarımızın adından
I Avropa Oyunlarında iştirak edəcək idmançılara uğurlar
arzulayıram! Qoy vətənimiz daim bu cür nəhəng
layihələrlə, iqtisadiyyatda,
idmanda və digər sahələrdə
qazandığı nailiyyətlərlə
dünyada tanınsın!
Natiq BAĞIROV,
Belarus Respublikasında Azərbaycan
İcmaları Konqresinin sədri,
Belarusun əməkdar idman ustası,
sambo və cüdo üzrə dördqat dünya və
beşqat Avropa çempionu
Azərbaycan.-2015.- 24 may.- S. 2.