Pəhləvanlar yurdu bayram sevincinə büründü

 

Məşəl Balakəndə alovlandı

 

Ölkəmizin sərhəd rayonu olan Balakən yüksək dövlət qayğısı sayəsində öz inkişafında qazandığı uğurları ildən-ilə daha da artırır. Balakənin də sərhəd rayonlarına xas olan özəllikləri çoxdur. Tarix boyu bu bölgədə gərginliklər az olmayıb. Dövlət sərhədini məkrli niyyətlə keçmək istəyənlər, ayrı-ayrı xalqların nümayəndələri arasında nifaq salmağa, ixtilaf yaratmağa cəhd edənlər, məmləkətimizin inkişafını gözü götürməyənlər balakənlilərin rahatlığını pozmağa çalışıblar.

Hər dəfə də bu mənfur xislətlilər vaxtında və yerindəcə susdurulublar. Bu baxımdan yerli əhalinin ayıq-sayıqlığı, sərhədçilərimizə arxa-dayaq olmaları çox önəmli məsələdir. Balakənlilər bu işin öhdəsindən layiqincə gəlirlər və onu da yaxşı bilirlər ki, ölkəmizdə I Avropa Oyunlarının keçirildiyi günlərdə sərhəd rayonunun sakinləri olaraq ayıq-sayıqlığı daha da artırmalıdırlar.

Balakənlilər tikilənin, qurulanın, yaradılanın qədrini bilməyə, qorumağa, yeniliyə, quruculuğa işgüzarlıqla yanaşmağa çalışırlar. Bütün bunlar isə rayonun inkişafına təsir edən amillərdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası Balakənin simasını tamamilə yeniləşdirib, müasirləşdirib.

Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının bölgədə çətin ki, bənzəri olsun. Rayona gələn qonaqlar, o cümlədən turistlər bu gözəl məkanı çox böyük maraqla seyr edirlər.

Dövlət bayrağının ucaldığı yerdən Balakən şəhərinin Heydər Əliyev prospekti başlanır. Geniş və yaraşıqlı, hamar asfalt döşənmiş prospektdə hər iki istiqamətə avtomobillər rahat hərəkət edir. Abadlaşdırılmış geniş səkilər, müasir işıq dirəkləri, insanların rahat davranışları bir daha xatırladır ki, bura müasir və gözəl Balakən şəhəridir.

Bu gözəl şəhər mayın 23-də ilk Avropa Oyunlarının məşəlini qarşılamağa hazırlaşırdı. Onu da qeyd edək ki, Balakəni ölkəmizin idman rayonlarından biri də adlandırmaq olar. Bu rayon Azərbaycan idmanına tanınmış pəhləvanlar, güləşçilər bəxş edib. Hazırda Qabaqçöl kəndində baş məşqçi kimi çalışan SSRİ idman ustası, respublikanın əməkdar məşqçisi, ölkəmizdə yunan-Roma güləş növünün təməlçilərindən sayılan İsmayıl Çopsiyevin adını ilklər sırasında qeyd etmək lazımdır. Ustad güləşçinin oğlu, yunan-Roma güləşçisi Səməd Çopsiyev də hazırda məşqçi kimi atası ilə çiyin-çiyinə çalışır. Rəhbərlik etdikləri klubda 5 qrup üzrə 120-yə yaxın uşaq və gənc məşğul olur. Qullar, Mahamalar, Sarıbulaq, Cederoba, Qaysa, Yeni Şərif, Şərif, Şambul və digər kəndlərdən, həmçinin Qabaqçöl qəsəbəsindən gələn bu uşaqların arzuları çox böyükdür. Azərbaycanı Avropadünya miqyasında təmsil etmək!

Məşqçi Səməd Çopsiyev bildirdi ki, balakənlilər I Avropa Oyunlarının məşəlini böyük idman uğurları ilə qarşılayırlar: - 2010-cu il iyulun 8-də ölkə Prezidenti İlham Əliyev Balakən Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edərkən idmançılarla və məşqçilərlə görüşüb söhbət etdi, onlara Azərbaycan idmanının inkişafı, şöhrətinin daha uzaqlara yayılması naminə uğurlar dilədi, xoş arzularını bildirdi. Bu unudulmaz görüş rayonumuzda idmana olan marağı daha da artırdı. Elə o vaxtdan Balakən üçün xarakterik olan güləş növündə qələbələrin sayı artmağa başladı. Əminliklə demək olar ki, ölkəmizin I Avropa Oyunlarına ev sahibliyi etməsi, Oyunların məşəlinin Azərbaycanı diyar-diyar dolaşması həm idmana olan marağın artmasına, həm də idmançılarımızın göstəricilərinin yüksəlməsinə müsbət təsir edəcək.

Məşəli qarşılamağa çıxanlar arasında rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalovu görürük. R.Paçalovun sevinci, həyəcanı bir-birinə qarışıb: - İlk Avropa Oyunlarının məşəlini ölkəmizin şimal-qərb qapısında - Balakəndə görmək çox qürurvericidir. Məşəlin bölgələrə səfəri başlayandan Balakənə gəlişini çox səbirsizliklə gözləyirdik. Bu gün bu bayram duyğularını yaşamaq bizə də qismət olur. Onu da qeyd edim ki, ilk Avropa Oyunlarında Balakən iki idmançı ilə təmsil olunur - yunan-Roma güləşi üzrə İranda dünya kubokunu qazanmış, Özbəkistan paytaxtı Daşkənddə finalda erməni güləşçinin 23 saniyə ərzində kürəyini yerə vurmuş, bir çox titullara malik Rəsul Çunayevpnevmatik tapançadan güllə atıcılığı üzrə Rəsul Məmmədovla. İnanırıq ki, Balakən təmsilçiləri də daxil, bütün idmançılarımız öz qələbələri ilə vətənimizi sevindirəcəklər.

Nəhayət, ilk Avropa Oyunlarının məşəlini gətirən karvan Balakən şəhərinin girişində görünür. Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa çempionudünya üçüncüsü Hacımurad Çopsiyev Oyunların məşəlini qəbul edir. Sonra estafetə uyğun olaraq bədən tərbiyəsi və idman müəllimi Gülxar Musayeva, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa mükafatçısı Hacımurad Bağmanov, bədən tərbiyəsi və idman müəllimləri Turan Əfəndiyev, Əzizət Şoranova, Eşqin Uzunov, sərbəst güləş məşqçisi Mirzə Həşimov və digər məşqçilər estafetə uyğun olaraq məşəli 2,73 km məsafə boyunca Heydər Əliyev prospektindən keçərək Heydər parkına gətirirlər. Burada qurulmuş səhnədə piyalə formalı məşəli yeniyetmələrin Çində keçirilmiş II Olimpiya Oyunlarının qalibi, yunan-Roma güləşçisi İqbal Hacızadə alovlandırır. Balakən alqış sədaları altında məşəl nuruna qovuşur.

Mərasim başa çatdıqdan sonra məşəl Zaqatala rayonuna yola salındı.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 24 may.- S. 3.