Avropa Oyunları dünya
ictimaiyyəti tərəfindən böyük
maraqla qarşılanır
Tarixdə ilk dəfə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə diqqətini və marağını daha da artırmaqla yanaşı, həm də son illər Azərbaycanın getdikcə artan siyasi nüfuzundan, dünya idmanının inkişafına töhfələrindən xəbər verir.
Bundan başqa, siyasi sabitlik, dinamik iqtisadi inkişaf, təhlükəsizlik şəraitində yaşayan Azərbaycanda maliyyə və infrastruktur təminatı baxımından heç bir problemin olmaması belə bir mötəbər tədbirin keçirilməsinin səlahiyyətli qurumlar tərəfindən ölkəmizə etibar olunmasına zəmin yaratmışdır.
I Avropa Oyunlarının təşkili və keçirilməsini diqqət mərkəzində saxlayan aparıcı kütləvi informasiya vasitələri bu barədə məlumatlar yayır, verilişlər hazırlayır və məqalələr dərc edir. Onlar Oyunların keçirilməsi məqsədilə tikilmiş idman komplekslərinin dünya standartlarına uyğunluğunu, həmin obyektlərin bundan sonra da Azərbaycanı dünya səviyyəli idman mərkəzinə çevirəcəyini qeyd edirlər. I Avropa Oyunları ərəfəsində idmançıların və qonaqların qarşılanması ilə bağlı görülən işləri yüksək qiymətləndirirlər. Aprelin 26-da I Avropa Oyunlarının məşəlinin alovlandırılması da xarici ölkələrdə xüsusi maraqla izlənilmiş, mətbuat səhifələrində və televiziya kanallarında geniş şərh olunmuşdur.
Azərbaycanda təşkil olunan belə əlamətdar hadisə ilə bağlı ilk videomateriallardan biri “Euronews” telekanalında yayımlanıb. Həmin videomaterialda məşəlin alovlandırılması günü, yəni aprelin 26-sı ilk Avropa Oyunlarının başlanğıc günü kimi qeyd olunur. Qədim od məbədgahı olan “Atəşgah” barədə tarixi məlumatların və buradan start götürən estafetin müşayiət olunduğu bədii proqramın xüsusi maraqla izlənildiyi vurğulanır. İnformasiya yayımına peşəkarcasına yanaşan “Euronews” telekanalında I Avropa Oyunlarının məşəlinin 47 gün ərzində Azərbaycanın iri şəhər və qəsəbələrindən keçiriləcəyi və açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcəyi bildirilir.
Süjetdə Prezident İlham Əliyevin Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırması, onu “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, olimpiya çempionu Rəfiqə Şabanovaya verməsi, beləliklə də I Avropa Oyunlarının məşəlinin səyahətinin başlaması nümayiş olunur.
Bu mühüm tədbir öncəsi ayrı-ayrı ölkələrdə keçirilən tədbirlər də diqqətəlayiqdir. Belə tədbirlərdən biri Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan 20 jurnalistlə keçirilib. Alman jurnalistlərin böyük bir qismini ətrafında birləşdirən bu mötəbər təşkilatın üzvlərinə ölkəmizin
I Avropa Oyunlarına hazırlaşması, Azərbaycanda ən müasir idman infrastrukturunun yaradılması, respublikamızın irimiqyaslı beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi barədə məlumat verilib, bu tip beynəlxalq tədbirlərin ölkəmizin inkişafının göstəricisi olması və onun beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb, jurnalistlərin ölkəmizlə bağlı sualları cavablandırılıb. Tədbirdə I Avropa Oyunları haqqında nümayiş etdirilən film hamının diqqətini çəkib.
Belarusun “Turizm və istirahət” qəzetinin portalında iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunları haqqında geniş məqalə dərc olunub. Məqalədə yarışların keçirilməsi üçün 18 idman obyektinin hazırlandığı, onlardan beşinin - Milli Gimnastika Arenası, Velopark, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdman Növləri Mərkəzi, Bakı Olimpiya Stadionunun məhz I Avropa Oyunları üçün tikildiyi xüsusi qeyd olunur. O da vurğulanır ki, idmanın 20 növü üzrə yarışlarda 6 mindən çox Avropa idmançısı iştirak edəcək və bu idman növlərinin 12-sində 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək olimpiya oyunlarına seçim olacaq, 253 dəst mükafat uğrunda mübarizə aparılacaq.
65 min nəfərədək tamaşaçı tutan stadionu “əsl memarlıq əsəri” adlandıran məqalə müəllifi son onilliklər ərzində şəhərimizdə böyük dəyişikliklərin getdiyini də xüsusi qeyd edir: “Müasir Bakı Asiya dəbdəbəsinin, Avropa yaraşığının, qızğın Cənubi Qafqaz temperamentinin və keçmiş sovet həyat tərzinin tükənməz eklektikasıdır. Bunu bir sözlə ifadə etmək mümkün deyil, amma keçmiş SSRİ respublikalarının hər birində bunu hiss edirsən”.
I Avropa Oyunları çərçivəsində yarışların təkcə Bakıda keçirilməyəcəyi, Azərbaycanın dördüncü böyük şəhəri - paytaxtdan 275 kilometrlik məsafədə yerləşən Mingəçevirin baydarka və kanoe yarışlarını qəbul edəcəyi, eyni zamanda burada turizm nöqteyi-nəzərindən də baxmalı yerlərin olduğu, şəhərin kənarında qədim Sudağılan arxeoloji tarix-mədəniyyət kompleksinin - Cənubi Qafqazın ən böyük arxeoloji kompleksinin yerləşdiyi də bildirilir.
Pakistanın “Centreline” jurnalında və “Diplomatic News Agency” İnformasiya Agentliyində “İlk Avropa Oyunları Bakıda keçiriləcək” sərlövhəli məqalə dərc edilib. İngilis dilində dərc olunan həmin məqalələrdə Azərbaycanın paytaxtı Bakıda keçiriləcək I Avropa Oyunları barədə geniş informasiya verilir.
Qeyd olunur ki, Oyunlara hazırlıqla bağlı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb. Mehriban xanım Əliyevanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olduğu vurğulanır və bildirilir ki, onun 2012-ci ildə Bakıda “Eurovision” Mahnı Müsabiqəsinin hazırlıq işlərinə rəhbərlik edərək bu tədbirin böyük uğurla təşkilini təmin etməsi növbəti uğurlara da imza atacağına işarədir. Qeyd edilmişdir ki, Təşkilat Komitəsinə nazirlər, dövlət məmurları, olimpiya çempionları daxildir. Təcrübə mübadiləsi məqsədilə hazırlıq işlərinə 2012-ci ildə London Yay Olimpiya Oyunlarının təşkilində iştirak edən ekspertlər cəlb olunmuşdur.
Məqalələrdə göstərilir ki, I Avropa Oyunlarında 50 ölkədən 6 min atlet mübarizə aparacaq. Oyunların proqramına salınan idmanın 20 növündən 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya növləridir. İdmanın bəzi növləri üzrə Oyunlarda medal qazanan atletlər Rio-de-Janeyroda keçiriləcək yay olimpiya oyunlarına lisenziya qazanacaqlar.
İtaliyanın “İlFaro” xəbər saytında “Bakı-2015”in Avropanın idman tarixində önəmli hadisə olması ilə bağlı məqalədə deyilir ki, bu yarışda Avropanın müxtəlif ölkələrindən 6 minə yaxın atlet bir araya gələcək. Onlar bütün güclərini səfərbər edərək “Köhnə qitə”nin ən yaxşısı olmaq uğrunda mübarizə aparacaqlar.
Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində böyük tirajla dərc olunan nüfuzlu “Əl-İttihad” qəzeti Bakıda keçiriləcək
I Avropa Oyunlarının yay turizminin inkişafına təkan verəcəyini yazıb. Azərbaycanın müasir turizm imkanlarından bəhs edən müəllif Nəsrin Dərzi “Sivilizasiyaların mərkəzində füsunkar təbiət” sərlövhəli yazıda ölkəmizin turizm potensialının spesifik xüsusiyyətlərini oxucuların diqqətinə çatdırır. O qeyd edir ki, Azərbaycan dövləti ölkənin coğrafi imkanlarını turizmin inkişafı istiqamətində dəyərləndirir və turistlər üçün yalnız çimərliklərdə deyil, həm də Qafqaz dağlarının ətəklərində, füsunkar təbiətin qoynunda müalicəvi resurslar, istirahət və gəzinti imkanları təqdim edir. Nəhayət, beynəlxalq toplantıların, konfransların, yarışların tez-tez keçirildiyi məkana çevrilən Azərbaycan daha bir möhtəşəm idman bayramına ev sahibliyi edir.
Bir idman ölkəsinə çevrilən ölkəmizdə son on il ərzində 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri keçirilmişdir. Bu tədbirlərin, o cümlədən bir çox idman növü üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, Azərbaycanda yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində ölkəmizə yüksək inam yaratmışdır. Ölkəmizin sosial-iqtisadi inkişafı, inşa olunan idman infrastrukturları və idmana olan dövlət qayğısı onu deməyə əsas verir ki, Azərbaycan hökuməti bu inamı da doğrultmaq üçün üzərinə götürdüyü öhdəliyi ən yüksək formada reallaşdıracaq. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən, Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi, dinamikliyi və sabitliyi ilə xarici ölkələri heyran edən özünəməxsus sosial-iqtisadi siyasətinin nəticəsidir.
I Avropa Oyunlarının keçirilməsi üzrə öhdəliyin götürülməsindən ötən qısa müddət ərzində ölkəmizdə idman obyektlərinin və qurğularının tikintisi, turizm mərkəzlərinin yaradılması və nəqliyyat infrastrukturunun yeniləşdirilməsi sahəsində görülən işlər hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Avropa ölkələrində hökm sürən iqtisadi böhranın ideoloji böhrana çevrildiyi bir şəraitdə ölkəmizdə belə irimiqyaslı investisiyatutumlu tədbirlərin reallaşdırılması bir sıra qüvvələr tərəfindən təəccüblə qarşılanır. Bu bir daha sübut edir ki, Azərbaycan həqiqətən də regionun aparıcı ölkəsidir və zərgər dəqiqliyi ilə aparılan sosial-iqtisadi siyasət onu böhran və tənəzzüldən sığortalayır. Bütün bunlar ölkə rəhbəri İlham Əliyevin zəhmətinin, səyinin, yenilməz iradəsinin, xalqına və vətəninə olan sarsılmaz etibarının, tükənməz məhəbbətinin nəticəsidir.
I Avropa Oyunlarında Avropanın hər yerindən gələn 6000-dən çox idmançı iştirak edəcək. Bu, Asiya, Panamerika, Ümumafrika və Sakit okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. 2015-ci ildən etibarən hər bir qitənin olimpiya ənənələrinə uyğun qitə Oyunları olacaq. Şübhəsiz ki, bu yarışda ən önəmli məsələlərdən biri turnirdə iştirak edəcək idmançıların və yarışların keçiriləcəyi obyektlərdə qonaqların təhlükəsizliyinin təminatıdır. Bu səbəbdən də yarışların keçirildiyi idman komplekslərində, olimpiya düşərgələrində iştirakçılar və tamaşaçılar üçün ayrı-ayrı təlimatlar mövcuddur. Bunun üçün dünya təcrübəsi öyrənilmiş, bu tipli oyunların keçirilməsi üzrə təşkilatçılıq mexanizmi təhlil olunmuş və mövcud qanunvericiliyə baxılmışdır. Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı Milli Məclis tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə və dəyişikliklər edilmişdir. Əlavə və dəyişikliklər əsasən idman yarışları zamanı təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlıdır. Qanuna əlavələr kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi ilə bağlıdır.
Əlavədə göstərilir ki, I Avropa Oyunlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və onu əvəz edən digər sənədi olmayan, sifətini maska ilə gizlədən, şəxsi baxışdan və üzərindəki əşyaların yoxlanılmasından imtina edən şəxslərin girişi qadağandır. Eyni zamanda, həmin ünvanlara spirtli içkilərin, narkotik vasitələrin, psixotrop maddələrin və onların analoqlarının buraxılmasına yol verilmir. Bundan əlavə, kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulması hərəkətlərinə yol verən, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsinə maneçilik törədən, digər şəxsləri də belə hərəkətlərə təhrik edən şəxslər, həmçinin qrup şəklində ifrat azarkeşlik edən şəxslər kənarda qalacaqlar.
Deməli, bütün bunları nəzərə alaraq yarışlara gələn vətəndaşlar təlimatlara uyğun davranmalıdırlar. Təlimatlar bütün azarkeşlər üçün eynidir. Əlavə olaraq qeyd etməliyik ki, kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə açıq odlu mənbələrdən istifadə etmək, siqaret çəkmək, spirtli içkilər qəbul etmək, plakatlardan və digər vasitələrdən istifadə etməklə çıxışları və fəaliyyətləri ilə, dini, milli, irqi ayrı-seçkiliyi və zorakılığı təbliğ etmək qadağandır. Qanuna edilən digər əlavədə isə qeyd olunur ki, olimpiya, paralimpiya, Avropa Oyunları, dünya və ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərini saxtalaşdıran, müəyyən olunmuş tariflərdən yüksək qiymətə satan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
I Avropa Oyunları ilə bağlı Azərbaycana gələcək qonaqlar növbəti dəfə xalqımızın qonaqpərvərliyinin şahidi olacaq, milli adət-ənənələrimiz, mətbəximiz və tarixi abidələrimizlə tanış olacaqlar. Bu, növbəti dəfə Azərbaycanın dünyaya təqdimatına ölkəmiz haqqında düşmənlərimiz tərəfindən yaradılan yanlış təsəvvürlərin alt-üst edilməsinə səbəb olacaq. Hər birimizə məlumdur ki, bundan ehtiyatlanan və bizi gözü götürməyən qüvvələr belə bir məsuliyyətli dövrdə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıblar. Onlar bilməlidirlər ki, biz dəfələrlə beynəlxalq tədbirlərin keçirilməsindən üzüağ çıxmışıq və həmişə yüksək təşkilatçılıq nümayiş etdirməklə digərlərindən fərqlənmişik. Hesab edirəm ki, I Avropa Oyunları daha möhtəşəm nailiyyətlər qazanaraq hamımızı sevindirəcək.
Azərbaycan dövlətinin iqtisadi qüdrətinə, təbii-iqtisadi potensialına bələd olanlar, xalqımızın sülhsevər, qonaqpərvər, dini və irqi ayrı-seçkiliyi qəbul etməyən, işgüzar olduğunu, terrora, münaqişəyə, müharibəyə “yox” deyərək əməkdaşlığa həmişə önəm verən millətlərdən biri kimi tanıyanlar, hətta doğma Azərbaycanın tərəqqisini sevməyənlər belə dərk etməlidirlər ki,
I Avropa Oyunları xalqların birlik, dostluq tədbiri olmaqla bərabər, dünya idmanının inkişafına şad olan, həmçinin hər bir insanda qürur doğuran möhtəşəm tarixi hadisədir. Onu da böyük əminliklə qeyd etmək olar ki, I Avropa Oyunlarının keçirilməsi prosesində Azərbaycan misilsiz məsuliyyət yükü götürsə də, idmançıların yetişməsi, həm də turizm və investisiya baxımından ən çox mənəvi və maddi dividend əldə edən də ölkəmiz olacaq. Ümidvarıq ki, Azərbaycanın belə nailiyyətlərinə sevinənlərin sevinci ona qısqananların kədərinə üstün gələcək.
Xanhüseyn KAZIMLI,
Avrasiya Qiymətləndiricilər Birlikləri
Assosiasiyasının
İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı
Azərbaycan.-2015.- 24 may.- S. 3.