Məşəl gözəlliklər diyarında

 

Məşəl Zaqatalada alovlandı

 

Zaqatalanı dağların mirvarisi də adlandırırlar. Rayona səfərlərinin birində Prezident İlham Əliyev demişdir: “Zaqatala Azərbaycanın çox gözəl bir guşəsidir. Burada çox gözəl təbiət, təbii şərait var, gözəl, zəhmətkeş, vətənpərvər insanlar yaşayır”.

Zaqatala Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında-Alazan (Qanıx)-Əyriçay vadisində yerləşir. 7 çay axan ərazisinin 49 faizini zümrüd meşələr təşkil edir. Zaqatalada 1 şəhər, 1 qəsəbə, 60 kənd yaşayış məntəqəsi var. Dəniz səviyyəsindən 560 metr yüksəklikdə yerləşən rayonun ərazisi 1348 kvadratkilometr, əhalisi 123 min nəfərdir. Bu gözəl diyarda 20-dən çox millət və xalqın nümayəndəsi çiyin-çiyinə, mehriban yaşayır.

Bütün gözəlliyi, qədimliyi, eyni zamanda müasirliyi ilə əsl turizm məskəni olan Zaqatalada dövlət qeydiyyatına alınmış 108 daşınmaz tarix və mədəniyyət abidəsi mövcuddur. Rayonda 1 xalq teatrı, 2 xalq rəqs kollektivi və kəndirbazlar qrupu, eləcə də 70-ə yaxın ifaçı və 15 musiqi kollektivi fəaliyyət göstərir.

Zaqatalada son illər çox görülüb. Ölkədə həyata keçirilən irimiqyaslı layihələr, dövlət proqramları bu rayonun da inkişafında əhəmiyyətli rol oynayıb. Burada da bütün sosial-iqtisadi layihələr, abadlıq-quruculuq tədbirləri müasir tələblərə uyğun aparılır. Yenidənqurma işlərinin bütün rayonu əhatə etməsi onu göstərir ki, mövcud imkanlardan səmərəli istifadə olunur.

Görülən işlər sırasında yol infrastrukturunun yaradılması, yeni körpülərin tikilməsi çox əhəmiyyətli məsələdir. 17 nömrəli Zaqatala Yol İstismarı İdarəsinin rəisi Mövlud Qəhrəmanovun verdiyi məlumata görə, rayonda irili-xırdalı 50 işlək körpü var. Bu körpülərin 25-i yerli əhəmiyyətli, qalanı respublika əhəmiyyətli yolların üzərindədir.

Zaqatala körpülərinin şahı sayılan Talaçay üzərindəki Qafqazda bənzəri olmayan asma körpünün inşasından sonra rayon mərkəzi ilə kəndlərin əlaqəsi əsaslı şəkildə yaxşılaşıb. Talaçay üzərində başqa bir körpü istifadəyə verilib. Uzunluğu 185 metr olan bu körpü Meşleş kənd sakinlərinin çətinliklərinin aradan qaldırılmasında mühüm rol oynayır. Əvvəllər Talaçayın daşdığı, hər yanı sellərə-sulara qərq etdiyi zamanlarda kənd sakinlərinin rayonla əlaqəsi kəsilir, ən vacib məqamda traktor köməyə çatırdı. İndi o günlər keçmişdə qalıb. Yollar abad, körpülər yerində, Car-Taxtalar, Bəhmətli-Kürdəmir, Mosul-Kəpənəkli, Danaçı-Aşağı Çardaxlar kəndləri körpülər vasitəsilə birləşir.

Zaqatala şəhərində binaların, evlərin fasadları, dam örtükləri təmir edilib, dəyişdirilib, küçələrə, səkilərə asfalt döşənib, bardür qoyulub, yeni işıq dirəkləri basdırılıb, yaşıllıq zolaqları salınıb. Abadlıq-quruculuq işləri rayonun kəndlərini əhatə edir. Yeni məktəb binaları, uşaq bağçaları tikilib istifadəyə verilir. Rayonda yeni yaşayış, ticarət, xidmət, turizm istirahət evlərinin tikintisi diqqət mərkəzindədir.

Görülən işləri rayon sakinləri razılıqla qarşılayırlar. Zaqatalanın tanınmış ziyalılarından olan İsa Əhmədov deyir: - Hər cür qonaq-qara qarşılamağa, tədbirlər keçirməyə Zaqatalanın gözəl imkanları var. Dövlətimizin, Prezident İlham Əliyevin diqqəti qayğısı sayəsində rayonumuz hərtərəfli inkişaf edir, gözəl günlərini yaşayır. Elə buna görə bu gün böyük həvəslə, böyük coşqu ilə pişvazına çıxdığımız I Avropa Oyunlarının məşəlini toy-bayramla qarşılayırıq. Bu böyük sevinci, qürur duyğularını ölkəmizə, o cümlədən biz zaqatalalılara bəxş etdiyinə görə dövlət başçısına minnətdarlığımızı bildiririk. Dünyanın belə narahat günlərində belə bir mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etmək, Vətənimizi, xalqımızı, sürətli inkişafımızı, sülhpərvərliyimizi bütün dünyaya göstərmək, tanıtmaq çox şərəfli işdir. Yaxşı bilirik ki, bu işə sevinənlərlə bərabər az da olsa kədərlənib qəlbindən qara qanlar axanlar da var. Ancaq bu bizim haqqımızdır, layiq olduğumuz etimaddır. İnanırıq ki, tədbirə necə yüksək səviyyədə hazırlaşmışıqsa, elə yüksək səviyyədə başa vuracağıq. İdmançılarımızdan qələbələr gözləyirik.

Qeyd edək ki, Zaqatala ölkə idmanına tanınmış simalar bəxş edən rayonlardan biridir. Burada idmanın inkişafı üçün yüksək şərait yaradılıb. Rayondakı Olimpiya İdman Kompleksi hər cür təminatı ilə yeniyetmə gənclərin, həmçinin bütün idman həvəskarlarının sevimli məkanına çevrilib.

Ölkə Prezidenti İlham Əliyev 2006-cı il aprelin 12-də Zaqatala rayonuna səfəri çərçivəsində kompleksin açılışında iştirak edib stadionun tikintisinə baxış keçirib. 2008-ci ilin 18 sentyabrında isə dövlət başçısı stadionun açılışına xeyir-dua verib.

Stadionla birgə kompleksin 6 hektar ərazisi var. 3500 tamaşaçı tutumuna malik stadion beynəlxalq standartlara uyğun inşa edilib. Burada süni örtüklü əsas meydança təbii örtüklü yardımçı meydança fəaliyyət göstərir. ZaqatalanınSimurqfutbol klubu 2005-ci ildə yaradılıb.

Kompleksin işçisi Fərhad Əfəndiyevin dediyinə görə, kompleksdə 340-a yaxın yeniyetmə gənc idmanla məşğul olur. 50 nəfərlik cüdo bölməsinə Elşad Mustafayev, 40 nəfərlik sərbəst güləş bölməsinə Mahaç Buşdiyev, 20 nəfərlik boks bölməsinə Əhmədiyyə Cəmilov rəhbərlik edir. Əsas əvəzedici komandalar da daxil olmaqla 10 yaşlılardan 19 yaşlılara qədər 10 futbol komandası fəaliyyət göstərir. Aşağı yaş qruplarının uğurlu çıxışları rayonda futbola olan marağı artırır.

Kompleksdə boks, sərbəst güləş, basketbol, cüdo, voleybol üzrə milli komandaların da təlim-məşq toplanışları olub. Burada 3 il dalbadal respublika üzrə 300 iştirakçının qatıldığı şahmat olimpiadası da keçirilib.

Onu da qeyd edək ki, kompleksin ərazisində ümumilikdə 85 nəfərlik tutumu olan 11 kottec idmançıların məşqçilərin xidmətindədir.

Cüdo idman növü Zaqatala üçün daha xarakterikdir. Rayonu uğurla təmsil edənlər sırasında cüdo üzrə yeniyetmələr gənclər arasında Avropa dünya mükafatçısı, universiada qalibi Ramin Qurbanovu, gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısı Oruc Vəliyevi, Avropa birinciliklərinin iştirakçısı Dilqəm Əliyevi, beynəlxalq turnirlərin qalibi mükafatçısı Orxan Hacıağalını digərlərini qeyd etmək olar. Sərbəst güləşçilərdən Hacı Əlicanov Gözəl Zutova da çox uğurlara imza atıblar. Gözəl Zutova beynəlxalq turnirlərin mükafatçısı olmaqla yanaşı, universal döyüş növü üzrə ikiqat dünya çempionudur.

Hazırda I Avropa Oyunlarına hazırlaşan Gözəl Zutova bir neçə gün əvvəl bizimlə söhbətində sevincini belə bölüşmüşdü: - Ölkəmizin bugünkü inkişafı çətin sınaqlardan keçib. Möhtərəm Prezident İlham Əliyev inkişafın, yüksəlişin qarantı, biz gənclərin himayədarıdır. Bir idmançı kimi qazandığım nailiyyətləri gərgin əməyimin dövlət başçısı İlham Əliyevin bizə qayğısının yaratdığı şəraitin nəticəsi hesab edirəm. Bu qayğı diqqət olmasaydı, mən mənim kimi yüzlərlə Azərbaycan gənci idmanda digər sahələrdə heç bir uğur qazana bilməzdi. Cüdo sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandaların üzvü kimi Türkiyə, Bolqarıstan, Rusiya, Gürcüstan, Çexiya digər xarici ölkələrdə keçirilən beynəlxalq yarışlarda qazandığım nəticələri Azərbaycanın yüksəlişinə həsr etmişəm. İndi bütün səy bacarığımla I Avropa Oyunlarına hazırlaşıram. Çalışacağam ki, öz qələbəmlə bütün Azərbaycanı, o cümlədən Zaqatalanı sevindirim. Mayın 23-də Oyunların məşəli Zaqataladan keçəcək. Çox qürurvericidir. Hər bir zaqatalalını bu tarixi gün münasibətilə təbrik edirəm.

I Avropa Oyunlarının məşəl yürüşü Zaqatala şəhərinin Bayraq meydanından başladı. Rəmzi qapıdan keçəndən sonra məşəli budo döyüş növü üzrə dünya çempionu Təbriz Balaxanov qəbul etdi. Sonra SSRİ idman ustası, məşqçi-müəllim Nurəddin Qasarayev, şahmatçı, beynəlxalq yarışların iştirakçısı Xədicə Xəlilova, cüdo üzrə respublika mükafatçısı Elvira Buttayeva, təhsil işçisi Könül Əliyeva, şəhər məktəblisi Ariz Məmmədov digər məşəlçilər Oyunların məşəlini Heydər Əliyev prospektindən, Dədə Qorqud meydanından, 28 May, Ü.Hacıbəyli, Sülh küçələrindən keçərək Qala ərazisinə gətirdilər. Buradakı izdihamın alqış sədaları altında 2014-cü ildə cüdo üzrə Azərbaycanda keçirilən beynəlxalq turnirin gümüş medalçısı Azərbaycan birinciliyinin qalibi Ariz Məmmədov kasa formalı məşəli alovlandırdı. Sonra gənc fəal Elşən Ramazanov rəmzi çırağı təhvil aldı. Çıraq Oyunlar başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.

I Avropa Oyunlarının məşəli Zaqataladan sonra Qax rayonuna yola salındı.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2015.- 24 may.- S. 4.