Dünyanın alternativsiz xilas yolu

 

 

I Avropa Oyunları ərəfəsində ölkəmizin paytaxtı daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Mayın 18-19-da Bakıda təşkil olunan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini uğurla başa çatdırdı. Prezident İlham Əliyevin hamiliyi ilə keçirilən forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nın Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzləri çıxış edirdilər.

Hazırda bu cür qlobal tədbirlərin zərurəti dünyanın gərginliyindən irəli gəlir. Tarixin elə bir məqamına yetişmişik ki, beynəlxalq aləmdə sürətlə dəyişən hadisələri çox zaman əvvəlcədən proqnozlaşdırmaq və qiymətləndirmək o qədər də asan olmur. Buna səbəb milli, mədəni, ideoloji və dini ziddiyyətlərin gündən-günə artmasıdır. Nəticədə yaranmış münaqişələr dəhşətli olaylara gətirib çıxarır. Onların qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşmanın təbliği çox önəmlidir.

Bu zərurəti nəzərə alaraq Bakıda ümumdünya mədəniyyətlərarası dialoq forumlarının əsası hələ 2008-ci ilin 2-3 dekabrında keçirilən Avropa və İslam ölkələri mədəniyyət nazirlərinin konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” ilə qoyulmuşdur. Həmin konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi tamamilə yeni bir format idi. Tədbirdə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, beləliklə, sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və onun uğurla davam etdirilməsi məqsədilə “Sənətçilər dialoq naminə” layihəsinin icrasına başlanmışdır. Məhz həmin konfransda Prezident İlham Əliyevin proqram xarakterli nitqi, irəli sürdüyü təklif və tövsiyələr bu işin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur.

“Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə paytaxtımızda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdu. Tədbirdə Avropa Şurasına və İslam Konfransı Təşkilatına üzv dövlətlərin iştirakı ilə “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” öz işinə başlamış və birgə kommünike qəbul edilmişdi. 2010-cu ildən isə bu regional təşəbbüs qlobal hərəkata çevrilmişdir.

BMT Baş Məclisinin 65-ci sessiyasında Prezident İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilmişdir. 2011-ci il aprelin 7-9-da isə Bakıda

I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu uğurla keçmiş, bu tədbirdə konseptual əsaslar, idarəetmə, siyasətə dair müxtəlif aspektlərdə mədəniyyətlərarası dialoq məsələləri müzakirə edilmiş, forumun bəşəriyyət üçün faydalı nəticələri beynəlxalq aləmdə rəğbətlə qarşılanmışdır.

Azərbaycan Prezidenti bu forumun hər iki ildən bir respublikamızda keçirilməsi barədə müvafiq fərman imzalamış, respublika Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edilmişdir. 2013-cü il mayın 29-u - iyunun 1-də Bakı “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” adı ilə keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna da ev sahibliyi etmişdir.

Bu ilin 18-19 mayında təşkil olunan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda aparılan müzakirələrin əsas mahiyyəti isə tədbirin devizində əks olunmuşdur: “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”. Foruma 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 50-yə yaxın ölkədən nazir, nazir müavinləri, dünyanın nüfuzlu beyin mərkəzlərinin və media qurumlarının təmsilçiləri, ümumilikdə 100-dən çox ölkədən 500-ə yaxın xarici ölkə nümayəndəsi qatılmışdı. Bu isə dünyanın qlobal tədbirə böyük marağını göstərirdi.

Forumda Azərbaycan Respublikasının Prezidenti ilə yanaşı, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, BMT-nin Dünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müşaviri Əmr Abdel-Qaffar da iştirak edirdi.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, bundan əvvəl keçirilmiş forumlar kimi, kifayət qədər zəngin və maraqlı proqrama malik idi. Mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması və s. bu kimi məsələlər tədbirə qatılan məşhur şəxsiyyətlərin, siyasətçilərin, dövlət xadimlərinin, elm adamlarının ortaq müzakirə mövzusuna çevrildi.

Açılış mərasimində Prezident İlham Əliyevin nitqi böyük maraqla qarşılandı. Ölkəmizin rəhbəri bu möhtəşəm tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: “Biz üçüncü dəfədir ki, bu qlobal forumu təşkil edirik. Bu, mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir. Bu gün 100-dən artıq dövlətin nümayəndələri Bakıdadır. Əminəm ki, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün forumun keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək... Azərbaycan bu sahədə öz səylərini hər zaman göstərir və xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışır. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik.

Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturalizm dəyərələrinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac var”.

Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı məsələlərinə də diqqət yönəldi. Eyni zamanda, təhsilin, gənclərin, incəsənətin, turizmin, mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr edilən müxtəlif işçi sessiyalar, mədəniyyət paytaxtlarının dialoq görüşü, Mədəniyyət və turizm nazirlərinin II Ümumdünya Konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçirildi. Mədəniyyətlərin dialoq fəlsəfəsini özündə əks etdirən xüsusi mədəni proqramın hazırlanması əvvəlki tədbirlərdə olduğu kimi, bu forumda da Azərbaycanın bütün dünyada dialoqun, sülhün, əmin-amanlığın əldə olunması üçün yeni yollar axtarışının nümayişi idi. Forumda təhsillə bağlı məsələlərə diqqət yetirildi. Xüsusi vurğulandı ki, elə inkişaf etmiş ölkələr var ki, onlar tərəqqini təbii sərvətlərlə deyil, təhsil, elm və texnologiyaların inkişafı sayəsində təmin ediblər. Eyni zamanda, təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır. Bu, müasir həyatın təhlükəli elementlərindən sığorta rolunu oynayır. Bu məsələyə Prezident İlham Əliyevin çıxışında da xüsusi önəm verildi. Ölkə rəhbəri dedi: “Bildiyimə görə, bu mövzu ətrafında müzakirələr forumun diqqət mərkəzində olacaq və hesab edirəm ki, Azərbaycanın təcrübəsi də maraq doğuracaq. Çünki biz də bu gün təhsil sistemimizi transformasiya edirik və onu beynəlxalq standartlara çatdırırıq. Biz məmnunuq ki, gənc nəsil azərbaycanlılar həyatda öz layiqli yerlərini tutmaq və ölkənin potensialını gücləndirmək üçün daha çox öyrənmək, qabiliyyətlərini artırmaq arzusundadırlar. Eyni zamanda, biz fəxr edirik ki, gənc nəsil vətənpərvərdir. Vətənpərvərlik insanların ölkəsini sevməsi deməkdir. Habelə bu, dövlətlər və xalqlar arasında birliyi gücləndirən amildir. Biz hər zaman hesab edirik ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır. Yalnız bu yolla uğura nail olmaq mümkündür”.

Bu gün Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi olan məkandır. Respublikamızın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil. Avropa və Asiyanın təmas nöqtəsində, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycanın belə bir coğrafi mövqeyi ölkəmizdə mədəni müxtəliflik mühitinin yaranmasında əhəmiyyətli rol oynayır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailənin üzvləri kimi ömür sürmüşlər. Bu müsbət meyillərin, respublikada mənəvi nailiyyətlərimizin ölkəmizin müstəqillik illərində qorunması və daha da möhkəmləndirilməsi bizim ən böyük tarixi uğurlarımızdandır.

Azərbaycanda mədəniyyətlərin dialoqu hər hansı süni ideologiyaya söykənmir. Bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və milli dəyərlərimizdə önəmli rol oynayır. Qeyd etmək yerinə düşər ki, mədəniyyətlərarası dialoq ideyası ötən əsrin 90-cı illərinin ortalarında sivilizasiyaların toqquşması barədə həyəcan təbili çalan politoloqların bədbin proqnozlarını nəzərə alaraq, dünyanı belə bir toqquşmadan xilas etmək üçün ilk dəfə 2000-ci ildə irəli sürülmüşdür. 2001-ci ili UNESCO bütün dünyada “Sivilizasiyaların dialoqu ili” adlandırmışdı. Amma bu dövrə qədər də Azərbaycan tərəfindən mədəniyyətlər arasında anlaşmanın, dialoqun əldə edilməsi üçün mühüm addımlar atılmış, bu xətt ümummilli lider Heydər Əliyevin milli dövlətçilik siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə etnik, dini azlıqların hüquqlarının qorunması və təmin olunması sahəsində mühüm işlər görülmüş, səriştəsiz şəxslərin hakimiyyətləri dövründə bu sahədə yol verilən ciddi səhvlər və onların fəsadları aradan qaldırılmışdır. Azərbaycanın çoxmillətli və müxtəlif dinlərin ardıcıllarının yaşadığı ölkə olması, milli siyasətin müxtəlif millət, etnik qrup və dini azlıqların dinc yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilməsi ulu öndərin birbaşa rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi əsasında qəbul edilmiş Konstitusiyamızda da təsbit olunmuşdur. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, dövlətin hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verdiyi və bütün vətəndaşların eyni hüquqlara malik olduğu Əsas Qanunumuzda xüsusi göstərilmişdir.

Eyni zamanda ulu öndər tərəfindən irəli sürülərək uğurla reallaşdırılan “Böyük İpək yolu”, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi qlobal enerji kommunikasiya layihələri də siyasi, iqtisadi əhəmiyyəti ilə yanaşı, həm də mədəniyyətlərin təmasına şərait yaradan, planetimizin müəyyən bir regionunda Şərq və Qərb mədəniyyətləri arasında bağlantı quran mənəvi körpülərdir.

Tarixi reallıq və ənənələri nəzərə almaqla ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasını tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman Şərqinin sabitlik adasına çevirə bilmişdir. Azərbaycan multikulturalizm və dini tolerantlığın unikal məkanına çevrilmişdir. Dünya meridianlarında ölkəmiz sivilizasiyalararası toqquşma deyil, əksinə, onların harmoniyada və əməkdaşlıqda olduqları bir coğrafi məkan kimi tanınmaqdadır.

Təsadüfi deyil ki, mədəniyyətlərarası dialoq ideyası da yeni mərhələdə məhz Azərbaycan tərəfindən aktuallaşdırılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi həm Qərb, həm də Şərq dünyasında apardığı məqsədyönlü fəaliyyət sayəsində bu məsələ yenidən gündəmə gətirilmiş və bu dəfə ölkəmiz bu dialoqda təşəbbüskar və aparıcı tərəf kimi çıxış etməyə başlamışdır.

Bu sahədə ardıcıl və sistemli fəaliyyət Azərbaycanın bütün dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və respublikamız bizim tolerantlıq təcrübəsindən bəhrələnmək istəyən dövlətlər üçün parlaq bir nümunə kimi böyük maraq doğurur.

“Bakı prosesi”, ümumdünya mədəniyyətlərarası dialoq forumları, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması da ölkəmizdə tolerantlığın tarixi ənənələrindən qaynaqlanaraq bütün dünyada sülhün, sabitliyin, əməkdaşlığın qorunmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin də bəyan etdiyi kimi, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolu xüsusi vurğulanmalıdır: “Dərin multikulturalizm köklərinə malik ölkə və xalq kimi biz qlobal arenada bu müsbət dəyərlərin təşviqində müvafiq rol oynamağa çalışırıq. Azərbaycan müsəlman dünyasına mənsub olan ölkədir, ancaq eyni zamanda, onun Avropa ilə güclü bağlılığı var. Müsəlman dünyasının ilk demokratik respublikası 1918-ci ildə Azərbaycanda yaradılıb və dərhal qadınlara seçki hüququ verilib. Bu da bir sıra Avropa ölkələrindən əvvəl baş tutub. Beləliklə, bizim etnik və mədəni özünəməxsusluğumuz, habelə Avropanın təsiri cəmiyyətimizdə xüsusi ab-hava yaradıb. Əsrlər boyu biz dəyərlərimizi qoruya bilmişik. Biz fərqli siyasi və ictimai şəraitdə yaşamışıq, müxtəlif dövlət və imperiyaların tərkibində olmuşuq. Artıq biz müstəqilik, ancaq bu müsbət meyil davam edir və bu dəyərlərin təşviqi məsələsinə sadiqik”.

Azərbaycan dövləti multikulturalizmə dünyanın gərginliklərdən, qarşıdurmalardan xilas yolu, insanları gələcəyə doğru aparan əsas istiqamət kimi yanaşır və bu alternativsiz yolu bütün bəşəriyyətə nişan verir. Bu mənada ölkəmizin rəhbərinin çıxışında bu məsələdə ictimai xadimlərin və siyasətçilərin məsuliyyətinə toxunması, bəzi hallarda dini nifrətin, dözümsüzlüyün süni şəkildə yaradıldığını xüsusi qeyd etməsi, dünyanın müxtəlif yerlərində şahid olduğumuz etnik və dini zəmində zorakılıqlarda siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti barədə söhbət açaraq hər kəsi multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməyə çağırması bütün dünyaya ünvanlanmış bir çağırış idi.

Azərbaycan Prezidenti demişdir: “Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.

Beləliklə, Bakıda mədəniyyətlərin dialoquna, dünyada sülhün, əmin-amanlığın təmin olunmasına, gələcəyimiz üçün daha nizamlı, daha firavan, faciələrdən azad, rahat bir dünyanın qurulmasına yönəlmiş daha bir beynəlxalq toplantı tarixə yazıldı. Bu möhtəşəm tədbir çərçivəsində reallaşan görüşlər, edilən məruzələr, aparılan fikir mübadilələri, şübhəsiz ki, yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında münasibətlərin daha da yaxşılaşmasına və qarşıdurmalardan yorulmuş dünyanın öz xoş niyyətlərinə yetişməsinə töhfə verəcəkdir.

Gənclərin ekstremist və radikal məfkurənin qurbanına çevrilməməsi, mədəniyyətlərarası dialoqun bütün dünyada bir dəyər kimi qəbul olunması, eyni zamanda müxtəlif xalqların bir-birinin mədəniyyətinə daha yaxından bələdliyi baxımından bu cür beynəlxalq tədbirlərin önəmi çox böyükdür.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ilk dəfə olaraq dini turizm mövzusunun gündəmə gətirilməsi isə bu forumun ən əhəmiyyətli məqamlarından idi. Çünki turizm də mədəniyyətlər arasında dialoqun mühüm vasitələrindəndir. Turizmin köməyi ilə insanlar öz mədəniyyətlərini, dinlərini dünyanın müxtəlif ölkələrinə daşıyan elçilərə çevrilirlər. Bu da, öz növbəsində, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına kömək göstərir.

İndiyə qədər bəşəriyyət tarixində yaşanan saysız-hesabsız müharibələr dünyaya heç bir fayda verməyib. Dünya nə qazanıbsa, mədəniyyətdən qazanıb, özünün inkişaf tarixini insanların əldə etdikləri maddi və mənəvi nailiyyətlər üzərində bərqərar edib. Keçmiş də mədəniyyətindir, bu gün də, gələcək də. Deməli, çağdaş dünyamızın ən güclü o dövlətidir ki, mədəniyyətə xitab edir, dünyanın gələcəyini qanlı savaşlarda deyil, mədəniyyətlərin dialoqunda görür və bu hədəf uğrunda çalışır.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da çağdaş tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Qürur duyuruq ki, bugünün və gələcəyin ən güclü dövlətləri sırasında mədəniyyətlər arasında dialoq, sülh, sabitlik və tolerantlıq məkanına çevrilmiş müstəqil Azərbaycan Respublikası ön yerlərdə durur.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 24 may.- S. 6.