Birinci neft-qaz sərgisindən ilk Avropa Oyunlarına

 

21 il əvvəl Bakıda “Xəzər dənizində neft-qaz hasilatına dair sərgi” keçirildi. Bu, öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda keçirilən ilk beynəlxalq tədbir idi. O vaxt təsəvvür etmək olmazdı ki, bu sərgi hər il keçirilən ənənəyə çevriləcək, Azərbaycanı mötəbər enerji sammitlərində fəal iştirak etmək, yeni strateji meqalayihələrə qoşulmaq perspektivinə qovuşduracaq. Cəmi iki onillikdən sonra Azərbaycan bütün dünyanın diqqətini cəlb edən mötəbər tədbirlərə, hətta I Avropa Oyunlarına ev sahibliyi edəcək.

O vaxt ölkə çətin dövrünü yaşayırdı. Nankor qonşularımız tərəfindən torpaqlarımızın beşdə biri xaincəsinə zəbt edilmiş və cəlb olunduğumuz müharibədə atəşkəs təzəcə yaranmışdı. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının bir ili hələ tamam deyildi. Hər sahədə yenicə qayda yaranırdı. AXC-Müsavat cütlüyünün qısamüddətli hakimiyyəti dövründə tənəzzülə uğramış iqtisadiyyatı dirçəltmək üçün əməli tədbirlər düşünülüb həyata keçirilməyə başlanmışdı. Belə bir dövrdə ölkədə beynəlxalq tədbirin keçirilməsi çətin, bəlkə də mümkün olmayan idi. Lakin bu işi ümummilli lider Heydər Əliyevin dəstəkləməsi onu reallığa çevirdi. Beləliklə, Bakıda ilk beynəlxalq neft-qaz sərgisi keçirildi.

Bu il iyunun 2-də ölkəmizin paytaxtında bu tədbir artıq 22-ci dəfə baş tutacaq. Ötən illər ərzində o, nüfuzunu artırmış, əhatə dairəsini genişləndirmiş, iştirakçılarının sayını çoxaltmışdır. İşıqlandırdığı sahələrin dairəsi genişləndirildiyi üçün tədbirin adı da təkmilləşmişdir. İndi o, Beynəlxalq Xəzər NeftQaz, Neftayırma və Neft Kimyası Sərgisi adlanır. Üstəlik, hər il sərgi ilə yanaşı, eyni adlı konfrans keçirilir.

Sərgi və konfrans Azərbaycan dövlətindən, burada fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alır. Prezident İlham Əliyevin hər dəfə tədbirin açılışında iştirak etməsi, ekspozisiyalarla tanış olması, çıxış edərək sahənin son nailiyyətləri, sərgi və onun iştirakçıları haqqında fikir söyləməsi onun əhəmiyyətini bir daha təsdiqləyib. Dövlət başçısı ilk sərgini xatırlayaraq demişdir: “O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra “Əsrin kontraktı” imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik”.

İlk neft-qaz sərgisini “Əsrin müqaviləsi”nin müjdəçisi də adlandırırlar. Çünki o zaman Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının xarici şirkətlərlə birgə tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi dörd ay qalırdı. Amma bu barədə qəti söz demək mümkün deyildi. Hələlik danışıqlar gedirdi. Sərginin keçirilməsi isə həmin qlobal müqavilənin imzalanmasına dəstək verdi, bir növ, yol açdı. Sonrakı illərdə keçirilən sərgilərdə əməkdaşlıq və tərəfdaşlıq üçün yeni körpülər saldı. Neçə-neçə layihənin yaranması ideyası bu tədbirlərdən başladı.

İlk sərgi 20 ölkədən gəlmiş 180 iştirakçı şirkətlə təmsil olunurdu. Burada həmçinin Azərbaycanın neft sənayesi öz əksini tapmışdı. Ümummilli lider Heydər Əliyev xarici qonaqlarla görüşmüş, onların qarşısında çıxış etmişdi. İndi biz həmin çıxışı yenidən nəzərdən keçirərkən onun nə qədər müstəsna əhəmiyyətə malik olduğunu bir daha görürük. Ulu öndər diqqətə çatdırmışdı ki, həmin vaxtadək Azərbaycanda 1 milyard 300 milyon tondan çox neftkülli miqdarda qaz çıxarılıb. Bununla belə, ölkənin yenə də böyük neftqaz yataqları var. Dünya təcrübəsində dənizdən neft çıxarılmasına ilk dəfə Azərbaycanda başlanılıb. Xüsusilə son onilliklərdə neftqaz yataqlarında yeni texnikatexnologiyadan istifadə istiqamətində böyük işlər görülüb.

Ulu öndər çıxışında vurğulamışdı ki, ötən dövr ərzində əldə edilən böyük nailiyyətlər, zəngin təcrübə gələcək işlər üçün çox yaxşı bünövrədir. Həmçinin bildirmişdi ki, “neftçi olmaq Azərbaycanda ən şərəfli peşə sayılır”. Neftçilərimizin təcrübəsindən istifadə etmək üçün səylər birləşdirilməlidir. Azərbaycan xalqı yeraltı sərvətlərindən müstəqil şəkildə ölkənin mənafeyinə uyğun istifadə olunmasına imkan verəcək. Bununla yanaşı, dünyanın, xüsusilə Qərb ölkələrinin iri neft şirkətlərinin Azərbaycan neftinə böyük marağı əməkdaşlığın zəruriliyini şərtləndirir. Siyasiiqtisadi əməkdaşlıq bu prinsip üzərində inkişaf edəcək.

Ümummilli lider özünəməxsus qətiyyət və nikbinliklə nəzərdə tutulan böyük işlərin uğurla nəticələnəcəyini söyləmişdir: Bu tarixdən böyük fəxrlə danışmaqla, Azərbaycan neftçilərinin bir çox nəsillərinin əməyini yüksək qiymətləndirməklə yanaşı, bu gün eyni zamanda qeyd edirəm ki, indi ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açılır. Bu mərhələ Xəzər dənizində neftqaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır. Əmin edirəm ki, Azərbaycan neftçiləri sizin layiqli tərəfdaşınız olacaq. Ümidvaram ki, Azərbaycana gələn Qərbin neft şirkətləri ölkəmizin neftqaz sənayesinin bütün tarixi ərzində əldə olunmuş nailiyyətləri həmişə yüksək qiymətləndirəcəklər”.

Bu sözlərin nə qədər uzaqgörənliklə deyildiyini zaman dönə-dönə sübut edib. Həmin vaxtdan bəri Azərbaycan öz tərəfdaşları ilə birlikdə dünyada qlobal sayılan neft-qazixrac layihələrini gerçəkləşdirib. Bununla belə, neft-qaz sərgisinə maraq yenə də azalmır. Hər dəfə tədbirə onun daimi iştirakçıları ilə yanaşı, yeni-yeni şirkətlər də qoşulur. Məsələn, keçən il sərgidə 29 ölkənin 402 şirkəti iştirak edib.

Neft-qaz sahəsində qazanılan nailiyyətlər ölkənin hərtərəfli inkişafına təkan verib. Əldə olunan gəlirlər sayəsində ölkədə iqtisadiyyatın digər sahələri də inkişaf etdirilib, sosial infrastruktur layihələri həyata keçirilib. Bütün bunlar Azərbaycanın yeni meqalayihələrə qoşulmasına, eləcə də onların təşəbbüsçüsü olmasına, dünyada keçirilən ən mötəbər sammitkonfranslarda iştirakına, nəhayət, bu qəbildən olan ən ümdə tədbirlərə ev sahibliyi etməsinə imkan verib. Elə keçən il Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulması tədbirini xatırlayaq. İndi isə I Avropa Oyunlarının başlanğıcının lap astanasındayıq. Bizi buraya gətirən inkişaf yolu 21 il bundan əvvəl ulu öndər Heydər Əliyevin təməlini qoyduğu tədbir və layihələrdən başlanıb.

 

F.SADIQLI,

Azərbaycan.-2015.- 24 may.- S. 7.