Azərbaycan Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının
Atletlər və Media
kəndlərinin açılışlarında iştirak
edib
Mayın
25-də Bakıda birinci Avropa Oyunlarının Atletlər və
Media kəndlərinin açılışı olub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva açılışlarda iştirak
ediblər.
Dövlətimizin
başçısı və xanımı əvvəlcə
Atletlər kəndində oldular.
Gənclər
və idman naziri, birinci Avropa Oyunları Əməliyyat Komitəsinin
baş icraçı direktoru Azad Rəhimov dövlətimizin
başçısına və xanımına
görülmüş işlərlə bağlı məlumat
verdi.
Qeyd
edildi ki, birinci Avropa Oyunlarının keçirilməsi
zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr
sahəni əhatə edir. Atletlər kəndi Oyunların
keçiriləcəyi əsas idman komplekslərinə -
Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər
Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı,
şəhərin müxtəlif istiqamətlərinə
gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə
yerləşir.
Azərbaycan
Prezidenti İlham Əliyev Atletlər kəndinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva atletlərin
qalacağı binalarda yaradılan şəraitlə
tanış oldular. On üç yaşayış
binasından, yardımçı binalardan ibarət kompleksdə
iki, üç və dördotaqlı 1042 mənzil var. Hər
mənzil isə 2, 4 və 6 yataq otağından ibarətdir.
Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə
biləcək. Atletlər kəndində idmançılar və
komanda rəsmiləri üçün təhlükəsiz,
rahat yaşayış şəraiti yaradılıb. Hər
binanın birinci mərtəbəsində ümumi istirahət
yerləri var. Burada pulsuz internetə çıxış
imkanı olacaq.
Oyunlar
müddətində atletləri və qonaqları idman
arenalarına vaxtında çatdırmaq üçün
inşa edilən böyük avtobus dayanacağında da hər
cür şərait yaradılıb.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva Atletlər
kəndindəki yeməkxana ilə də tanış oldular.
Bildirildi ki, burada idmançılara əsasən dünya mətbəxi
təqdim ediləcək. Yeməkxanada eyni vaxtda 2015 atletə
yüksək səviyyədə xidmət göstəriləcək.
Dövlətimizin
başçısı Atletlər kəndinin kommersiya mərkəzi
ilə də tanış oldu. Burada gözəllik salonu,
poçt, turizm ofisi və valyuta mübadiləsi məntəqəsi
fəaliyyət göstərəcək. Oyunların
keçirildiyi günlərdə buradakı supermarketdə
“Bakı-2015” birinci Avropa Oyunlarının rəmzlərinin əks
olunduğu məhsullar satışa çıxarılacaq.
Kommersiya mərkəzindən müxtəlif stadionlarda və
idman qurğularında Oyunları izləmək
üçün bilet almaq da mümkün olacaq. Bunun
üçün ayrıca bilet satışı məntəqəsi
fəaliyyət göstərəcək.
Qeyd
olundu ki, bu mötəbər idman yarışını izləmək
üçün artıq 200 minə yaxın bilet
satılıb. Bu proses hazırda davam edir. Müşahidələr
göstərir ki, Oyunlara maraq həddən artıq
böyükdür.
Atletlər kəndinin mədəniyyət və turizm mərkəzində isə sərgi təşkil olunacaq. Burada ölkəmizin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayişi və satışı təşkil ediləcək.
Sonra Prezident İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Best of Azerbaijan” adlanan yeməkxana ilə tanış oldular. Burada yalnız ölkəmizin zəngin mətbəxinə aid təamlar təklif olunacaq və bu xidmətdən eyni vaxtda 450 idmançı istifadə edəcək.
Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri də yarışlar zamanı idmançılara və məşqçilərə, qonaqlara, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə də burada xüsusi poliklinika fəaliyyət göstərəcək. Binada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, stomatoloji, oftalmoloji, laboratoriya, rentgen, fizioterapiya və s. xidmət sahələri var. Poliklinika ən zəruri avadanlıqla təchiz olunub. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərəcək və günün 24 saatı təcili yardım xidməti olacaq. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Media kəndinin açılışında iştirak etdilər.
Azərbaycan Prezidenti Media kəndinin rəmzi açılışını bildirən lenti kəsdi.
Birinci Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn jurnalistlər Media kəndində yerləşdiriləcək. Burada media nümayəndələrinə səmərəli işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb. Akkreditasiya mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə 900-ə yaxın xarici media təmsilçisi qeydiyyatdan keçib. Burada da mədəniyyət və turizm mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün Azərbaycan haqqında müxtəlif məlumatların əks olunduğu bukletlər və kitablar sərgilənir. Burada yaradılan şərait təsdiq edir ki, Azərbaycanda birinci Avropa Oyunlarına ən yüksək səviyyədə və bütün parametrlərə uyğun hazırlıq gedir. Xarici media təmsilçilərinə yaradılan şərait jurnalistlərə Oyunları operativ şəkildə bütün dünyaya çatdırmağa imkan verəcək. Onları Media kəndindən idman arenalarına pulsuz xüsusi avtobuslar aparıb-gətirəcək.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva jurnalistlərin qalacağı mənzillərlə də tanış oldular. Media kəndindəki 4 binada ümumilikdə 536 mənzil var. Media kəndində jurnalistlər üçün ayrıca yeməkxana nəzərdə tutulub. Burada onlara dünya mətbəxindən müxtəlif təamlar təklif olunacaq. Yeməkxanada eyni vaxtda 500 nəfər qidalana biləcək.
Həm Atletlər, həm də Media kəndlərində yaradılan şərait dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası həm də ölkəmizin uğurlu inkişafının göstəricisidir. Burada görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə bir daha əminlik yaradır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Birinci Avropa Oyunlarının keçirilməsində qazanacağımız təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə geniş imkan yaradacaq.
X X X
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-2015.- 26 may.- S.1-2.