CƏNUBİ QAFQAZIN
BİRİNCİSİ
I Avropa Oyunlarına 17 gün
qaldı
Birinci
olmaq çox çətindir!
Eyni
zamanda, şərəflidir və adətən, birincilər
sevilərək məşhurlaşırlar!
Bəşəriyyət üçün edilmiş kəşf də, kosmosun fəthi də, ən uca dağ zirvəsinə ilk dəfə qalxmaq da birinci olmaq səadətini yaşamaqdır!
Müstəqillik yaşı cəmi 24 olan Azərbaycan indiyədək o qədər “birinci” kimi ilklərə imza atıb ki, bu növ üzrə yarış keçirilsəydi, şübhəsiz, “Ginnesin rekordlar kitabı”na düşərdi.
Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 70 faizindən çoxu Azərbaycanın payına düşür.
Azərbaycan bölgənin ən inkişaf etmiş, söz sahibinə çevrilmiş dövlətdir!
Onun iştirakı və razılığı olmadan Cənubi Qafqazda heç bir transmilli layihə həyata vəsiqə qazana bilməz!
Bütün bunlar hamının bildiyi və qəbul
etdiyi reallıqlardır! Amma başqa reallıqlar da var. Azərbaycan
qonşu Gürcüstan və Ermənistanla eyni dövrdə
müstəqillik yoluna qədəm qoyub. Müstəqilliyin
ilk günlərindən də sınaq dövrü
başlayıb. Öz havadarlarına
güvənən Ermənistan ölkəmizə qarşı ərazi
iddiasına düşərək Azərbaycanı uzun və
dağıdıcı müharibəyə cəlb edib. Ordusu, həqiqi rəhbəri olmayan müstəqil Azərbaycan
müharibədə iyirmi min övladını qurban versə
də, ərazisinin iyirmi faizini itirib, bir milyondan çox
qaçqına və məcburi köçkünə sahib
çıxmalı olub. Üstəlik,
ölkə daxilində hakimiyyət uğrunda davam edən
uzunmüddətli mübarizə, SSRİ dövründə
formalaşmış iqtisadi əlaqələrin
qırılması, çoxsaylı tətillər və piketlər
ölkəni iflic vəziyyətinə salaraq dərin
böhrana yuvarlandırmışdı. Azərbaycan
təkcə müstəqilliyini itirmək yox, həm də bir
dövlət kimi məhv olmaq təhlükəsi ilə
üz-üzə qalmışdı.
Xalqın arzu və tələbi ilə ulu öndər
Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması
həqiqi qurtuluşa çevrildi. Qısa zaman məsafəsində ulu
öndər Heydər Əliyevin gördüyü
çoxçəhətli və zəruri işlər, onun
müəyyən etdiyi siyasi kurs və cənab İlham
Əliyevin bu kursu sədaqətlə, özünəməxsus
qətiyyət və yaradıcılıqla davam etdirməsi
artıq Azərbaycanın ən müasir və modern dövlətə
çevrilməsi ilə nəticələnmişdir.
Müstəqillik dövründə ulu öndər Heydər
Əliyevin və Prezident İlham Əliyevin gördüyü
işlər Azərbaycanı Cənubi Qafqazın birincisinə
və aparıcı dövlətinə çevirmişdir. Əslində,
ölkəmiz heç belə bir yarışa
çıxmamışdır. Ermənistanla
aparılan müharibə, ərazisinin 20 faizinin işğalda
qalması ona iqtisadi cəhətdən baha başa gəlmişdir.
Indi də hər il ordu quruculuğuna
külli miqdarda - Ermənistanın dövlət büdcəsindən
qat-qat çox vəsait ayırmaqdadır. Mehriban dostluq və
qonşuluq münasibətlərində yaşadığı
Gürcüstana isə daim kömək əlini uzadır, dara
düşəndə onu müdafiə edir, neft-qaz sərvətlərinin
nəqli hesabına hər il büdcəsinə
yüz milyonlarla dollar fayda verir.
Azərbaycan
qonşuları ilə yarışmasa da, xalqın rifahı və
dövlətin inkişafı naminə gördüyü
işlər hesabına birincilik statusunu bütün parametrlər
üzrə qazanmışdır!
Bunlar hansılardır?
“Əsrin
müqaviləsi” adını almış neft kontraktı Azərbaycanın
karbohidrogen ehtiyatlarının dünya bazarına
çıxarılmasının əsasını qoydu (Elə
buradaca qeyd edək ki, cənab İlham Əliyevin təşəbbüs
və qətiyyəti sayəsində imzalanan “Cənub
axını” qaz layihəsi isə XXI əsrin kontraktı hesab
olunur).
Dünyanın aparıcı dövlətlərinin iri
neft şirkətləri ilə imzalanan bu müqavilə bir
neçə vacib xüsusiyyəti ilə seçilir.
Əvvəla, “Əsrin müqaviləsi” dünya güclərinin
maraqlarının ölkəmizin maraqları ilə
üst-üstə düşməsini təmin etdi. İkincisi, Azərbaycana
20 milyard dollar sərmayə qoyulmasına səbəb oldu.
Üçüncüsü, neftdən götürülən
gəlirin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi
hesabına yaranmış böhrandan çıxmağa imkan verdi. Ən nəhayət, siyasətdə
“neft amili”ndən istifadənin klassik nümunəsini ortaya
qoydu.
“Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəməri ilk dəfə
Xəzər neftinin “qeyri-ənənəvi” yolla dünya
bazarına çıxarılmasını təmin etdi. Kəmərin
çəkilişi nə qədər çətinlik və
maneələrlə əngəllənsə də, ulu öndər
Heydər Əliyev qətiyyəti və uzaqgörənliyi sayəsində
baş tutdu, faydası gözlənildiyindən də artıq
oldu. Əslində, bu iki nəhəng layihənin
gerçəkləşdirilməsi Xəzərin sərvətlərinin
dünya üçün yenidən kəşfi demək idi.
“Bakı-Tbilisi-Ərzurum” Cənubi Qafqazdan Avropaya uzanan
ilk qaz kəməridir. Onun çəkilişi yeni dövrün
- Avropanın alternativ mənbədən təbii qaz
almasının başlanğıcı sayılır. TANAP və TAP dediklərimizin əyani sübutudur.
Üstəlik, Azərbaycanın Avropa və
dünya üçün əhəmiyyətini artıran layihələrdir.
“Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsi isə Azərbaycanın
özü tərəfindən maliyyələşdirilən
ilk transmilli layihədir. Bir sıra dövlətlər onun baş
tutmaması üçün nə qədər
çalışsalar da, Azərbaycan Prezidenti İlham
Əliyevin polad iradəsi hər şeyə üstün gəldi.
Bu, həm də böyük İpək Yolunun bərpasının
tamamlanması deməkdir. Buna qədər
avtomobil yollarının çəkilişi, Xəzərdə
böyük həcmdə yüklərin daşınmasına
imkan verən limanların tikilməsi, gəmiçilik təsərrüfatının
bərpası yoluna qoyulmuşdu. Məhz Azərbaycanın
təşəbbüs və fəaliyyəti nəticəsində
tezliklə Pekində qatara minənlər Londonda səfərlərini
başa vuracaqlar!
Bütün bunların sayəsində Azərbaycan Cənubi
Qafqazda özünü həm də lider ölkə kimi təsdiq
etmişdir. Bütün bu “ilk”lər birlikdə ən qədim,
həm də ən yeni və müasir layihələrin Azərbaycan
tərəfindən gerçəkləşdirilməsi deməkdir.
Düşünülmüş, sürətli və
davamlı inkişaf konsepsiyasının uğurla həyata
keçirilməsi Azərbaycanın müstəqilliyinin
möhkəmlənməsinə, bir dövlət olaraq
gücünün və imkanlarınıın artmasına səbəb
olmuşdur. Cənubi Qafqaz dövlətlərindəki mövcud
vəziyyətin təhlili göstərir ki, inkişaf təkcə
təbii sərvətlərin mövcudluğuna söykənmir.
Ən mühüm məsələ dövlətin
yeritdiyi düzgün, uzaqgörən, səmərəli siyasət,
mövcud iqtidarın geniş xalq kütlələri tərəfindən
dəstəklənməsidir. Bu, həm də
ölkədaxili sabitliyi təmin edən ən mühüm
şərtdir. Belədə qazanılacaq
uğur və nəticə özünü çox gözlətmir.
Sərbəst bazar iqtisadiyyatı yoluna qədəm qoyan
müstəqil Azərbaycan qısa müddətdə siyasi,
iqtisadi, hüquqi-demokratik islahatları uğurla başa
vurmuş, nəticədə bu yoldakı bütün mərhələləri
birinci olaraq keçmişdir.
Bir
neçə fakta nəzər salaq:
* Azərbaycan
birinci olaraq özəlləşdirməni həyata
keçirdi, aqrar islahatı apararaq torpağı əsl sahibinə
qaytardı. 2009-cu ildə iqtisadi sahədə keçid
dövrünü başa vurdu;
* Ölkə
iqtisadiyyatının yüksəldilməsində qısa
müddətdə çox böyük uğurlar
qazanılmış, yalnız Azərbaycana xas olan və bu
gün dünya tərəfindən qəbul edilərək
maraqla öyrənilən İnkişafın Azərbaycan
modeli formalaşdırılmışdır;
* Dövlət
müstəqilliyinin qorunmasının, iqtisadiyyatın
etibarlılığının və xalqın
rifahının daim yüksəldilməsinin təminatı
olan amillərə xüsusi diqqət yetirilmişdir. İlk dəfə
Azərbaycanda ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi
təmin edilmişdir;
*
Yalnız dövlət maraqlarının əsas
götürüldüyü, ikitərəfli əlaqələrə
üstünlük verildiyi, balansın təmin edildiyi siyasət
yeridilmiş, nəticədə Azərbaycan dünyaya daha tez
inteqrasiya olunmuşdur;
* Cənubi Qafqazın yeganə ölkəsiyik ki, cəmi
50 üzvü olan dünya kosmos ailəsinin tərkibinə
qatılmışıq. Hazırda orbitdə iki peyki olan Azərbaycan kosmosda da
özünə yer tutub;
* 2011-ci
ildə “Evrovision” mahnı müsabiqəsində qalib gələn
Azərbaycan 2012-ci ildə bu yarışmaya ən yüksək
səviyyədə və yaddaqalan formada ev
sahibliyi etdi. Beləliklə, Avropa musiqi mədəniyyətinə
dərindən yiyələndiyini sübuta yetirdi;
* Azərbaycanın
ən böyük uğuru isə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilərək
bu ali qurumun iclaslarına sədrlik etməsi
oldu. Bu zaman 155 dövlətin verdiyi dəstək onun
dünyadakı nüfuzunun təsdiqinə çevrildi;
* Mətbuata
senzura nəzarəti ilk dəfə Azərbaycanda ləğv
edilib. Bu gün isə Azərbaycan yeganə dövlətdir
ki, KİV-in inkişafına Dövlət Dəstəyi Fondu
yaradılıb və müstəqil mətbuatın
inkişafına dövlət sistemli şəkildə
yardım edir;
* Ölkəmizdə
idmanın inkişafına qayğı dövlət siyasəti
səviyyəsinə qaldırılıb. Azərbaycan gəncləri
harada yaşamalarından asılı olmayaraq ən müasir
idman qurğularında idmanın istədikləri növü
ilə məşğul ola bilirlər. Müstəqillik dövründə regionlarda qırx
olimpiya idman kompleksi tikilərək istifadəyə verilib.
EYNİ
ZAMANDA:
* müxtəlif idman yarışları
keçirmək üçün ən çox arenası,
stadionu və qurğusu olan;
* daha çox yeniyetmələri, gəncləri
müntəzəm surətdə müxtəlif idman bölmələrində
məşq edən;
* Avropa,
dünya və beynəlxalq yarışlara ən çox
idmançı çıxaran;
* bütün ranqlı yarışlarda ən
çox medal qazanan və qalib olaraq bayrağı ucaldıb,
himni səsləndirilən;
nil boyu ən
çox beynəlxalq səviyyəli yarışlara ev sahibliyi
edən;
* yarışlarda fərqlənən
idmançıları dövlət tərəfindən əlavə
mükafatlandırılan, onlara mənzillər verilən;
* ilk dəfə ərazisində Avropa və
dünya çempionatları (müxtəlif növlər
üzrə) keçirilən
MƏHZ
AZƏRBAYCANDIR!
Azərbaycan daha bir ilkə imza atmaq ərəfəsindədir. 12-28 iyun tarixlərində
I Avropa Oyunları Cənubi Qafqazın lideri dövlətində
keçiriləcəkdir.
İki il sonra isə İslam Həmrəyliyi Oyunlarına
ev sahibliyi edəcəyik.
Bu da bir
ilkdir!
Ən nəhayət,
Azərbaycan yeganə dövlətdir ki, orada idmanın
müxtəlif növləri üzrə həm Avropa, həm də
islam oyunları keçiriləcəkdir!
Bu “ilk”lərlə,
“birincilər”lə fəxr edirik, qürur duyuruq!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2015.- 26 may.- S.1-4.