Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva FAO-nun
baş direktorunun rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşüb
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun xoşməramlı
səfiri adına layiq görülüb
Mayın
25-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə
səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da
Silvanın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, birinci xanım Mehriban Əliyeva Azərbaycan
ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
arasında uzun illərdir ki, uğurlu əməkdaşlığın
qurulduğunu, bu səfərin əlaqələri daha da
möhkəmləndirəcəyini dedi. Heydər Əliyev
Fondunun fəaliyyətində humanitar sahənin prioritet
olduğunu bildirən Mehriban Əliyeva birgə layihələrin
həyata keçirilməsinin mümkünlüyündən
danışdı. Azərbaycanın birinci xanımı
ölkəmizdə ərzaq təhlükəsizliyinə
böyük diqqətlə yanaşıldığını,
bu sahədə bir sıra proqramların
reallaşdırıldığını söylədi,
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
təcrübəsinin faydalı ola biləcəyini
vurğuladı.
FAO-nun
baş direktoru Jose Qratsiano Da Silva artıq ikinci dəfədir
ki, Azərbaycana səfər etdiyini, budəfəki gəlişində
də paytaxtımızda böyük dəyişikliklərin
şahidi olduğunu qeyd etdi. Qonaq bildirdi ki, rəhbərlik
etdiyi təşkilat dünyada aclıqla mübarizə, ərzaq
təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı,
meşə və balıqçılıq təsərrüfatının
səmərəliliyinin artırılması, sağlam ərzaq
sistemlərini yaratmaq kimi vəzifələri
qarşısına məqsəd qoyub. Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə
bu məqsədlərə nail olmağa töhfə verir.
Jose
Qratsiano Da Silva Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının xoşməramlı
səfiri adına layiq görüldüyünü bildirərək
diplomu Mehriban Əliyevaya təqdim etdi. Qonaq Leyla
Əliyevanın FAO-nun Romadakı baş ofisinə dəvət
edildiyini bildirdi.
Azərbaycan.-2015.- 26 may.- S.3.