Olimpiya çempionu
Rəfiqə ŞABANOVA: “Avropa
Oyunlarının
məşəli Azərbaycanın
müstəqilliyinin qüdrəti və daimiliyinin göstəricisidir”
“Avropa Oyunlarının ilk məşəlçisi olmaq yaddaşımda həyatımın unudulmaz anı kimi həkk olundu. İdman bioqrafiyamda, çoxillik fəaliyyətim dövründə heç vaxt bu qədər sevinməmişdim. Bu etimad məndə çox böyük təəssürat və heç vaxt unudulmayan hisslər oyatdı”.
Olimpiya çempionu, həndbolçu, Avropa Oyunlarının ilk məşəlçisi Rəfiqə Şabanova idman təəssüratlarını bizimlə bölüşərkən belə dedi. O, etiraf etdi ki, bu vəzifəyə, bu şərəfə layiq görüləcəyini gözləmirdi:
“Açığı, ilk dəfə bu xəbəri eşidəndə inanmadım. Reallıq isə o idi ki, mən bu ada layiq görülmüşdüm”.
Öncə xatırladaq ki, hələ 1976-cı ildə Kanadanın Monreal şəhərində keçirilən XXI Yay Olimpiya Oyunlarında Rəfiqə Şabanova olimpiya proqramına ilk dəfə daxil edilən həndbol (əl topu) idman növü üzrə Sovet İttifaqının yığma komandasının tərkibində Olimpiya çempionu adına layiq görülüb. Bu qələbə Azərbaycanda həndbolun populyarlığının artmasına, inkişaf etməsinə və bir idman növü kimi formalaşmasına, sözsüz ki, öz təsirini göstərmişdi.
Rəfiqə Şabanova deyir ki, idmana marağı lap yeniyetməlik dövründən başlayıb və valideynləri onun bu marağını görərək dəstək veriblər, ən əsası isə, Rəfiqənin idmana olan sonsuz istəyinə qarşı çıxmayıblar. Əvvəllər futbolla maraqlanan gələcək çempion 19 yaşından həndbolla məşğul olmağa başlayıb. Çox keçmədən idmanın bu növü üzrə SSRİ yığma komandasının tərkibində çıxış etməyə başlayıb. Artıq bir neçə qələbəyə imza atan R.Şabanova bu sahədəki bacarığını, gücünü və ən əsası idmana olan sonsuz həvəsini hiss etdikcə bir daha əmin oldu ki, idman onun daimi işi, həyatının ayrılmaz bir parçasıdır. O, artıq ömrünü sərf edəcəyi, lazım gəlsə canını qoyacağı sevimli peşəsini tapmışdı. Baxmayaraq ki, həndbol idman növü kimi çətin, daha çox kişilərin meyil etdiyi bir idman növüdür. Onun sarsılmaz iradəsi və tükənməz enerjisi isə bir qələbədən digərinə yol açırdı. 1970-1984-cü illərdə dəfələrlə SSRİ çempionatının gümüş, bürünc, eyni zamanda SSRİ Xalqları Spartakiadasının gümüş və bürünc mükafatçısı, 1983-cü ildə isə “Avtomobilçi” komandasının tərkibində Beynəlxalq Əl Topu (həndbol) Federasiyası kubokuna sahib oldu. O, həmçinin SSRİ əməkdar idman ustası (1976) və Azərbaycanın əməkdar bədən tərbiyəçisi və idman ustası (1982) adlarına layıq görüldü.
Uğurlarının böyük qismi Sovet hakimiyyəti illərinə təsadüf etsə də, həmişə öz xalqının, boya-başa çatdığı Azərbaycanın adını uca tutur, onunla qürur duyduğunu deyir:
- Müstəqil Azərbaycan dövləti digər sahələrlə yanaşı, idmanımızı da yenidən dirçəltdi. Bu gün hər bir Azərbaycan idmançısı lazım olan qayğı ilə əhatə olunub. Xüsusilə qeyd etmək istəyirəm ki, hətta əvvəllər - SSRİ yığmasında oynadığım vaxtlarda, qələbələrimin çox olduğu dövrlərdə dəfələrlə başqa millətlərdən özümə qarşı paxıllıq hissləri görmüşəm. Hətta bunlara görə SSRİ yığma komandasında oynamaqdan imtina etdiyim vaxtlar da olub. Buna baxmayaraq, öz əzmkarlığımdan dönməmişəm. Görün nə boyda yol, nə qədər maneə qət etmişik. Şükürlər olsun ki, bu çətinliklər, problemlər hamısı xatirəyə dönərək keçmişdə qaldı. Bu gün müstəqil dövlətimiz kimi, müstəqil idmanımız da var. Öz komandası ilə doğma bayraq və səni sevən insanların alqış sədaları altında yarışmaqdan gözəl nə ola bilər!?
Rəfiqə Şabanova təcrübəsinə əsaslanaraq deyir ki, çox da böyük olmayan bir dövr ərzində Azərbaycanın idman sahəsində qazandığı uğurlar, ölkədə Olimpiya hərəkatının geniş vüsət alması, idmançılarımızın qitə və dünya çempionatlarında qazandığı qələbələr, sözün həqiqi mənasında, heyrətləndiricidir. Ulu öndər Heydər Əliyevin gənclərin fiziki hazırlığına, idmanın inkişafına göstərdiyi xüsusi qayğı Prezident İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi ilk illərdən idmanda yeni era başladı. Uğurlu və hərtərəfli düşünülmüş siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqla bərabər, həm də bu sahədə aparıcı yerlərdən birini tutur. O, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Bunun ən bariz nümunəsi və göstəricisi ilk Avropa Oyunları kimi möhtəşəm bir tədbirin keçirilməsinin Azərbaycana etibar edilməsidir.
Çempionumuz Bakıda “Atəşgah” məbədindən od alan məşəlin Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzməsini heç vaxt unudulmayacaq böyük bir bayram kimi dəyərləndirir:
- Mən çox şadam ki, bu bayram elçisi ilk olaraq mənim əlimdə şölələndi və öz hərarətini vətənimizin hər qarışına apardı. Heç şübhə etmirəm ki, bu tarixi səyahət bütün bölgələrimizdə yeniyetmə və gənclərdə idmana hədsiz maraq yaradacaq, onların bu sahədəki fəaliyyətlərinə yeni stimul verəcəkdir. Bir daha bu unudulmaz sevinci mənə yaşatdıqlarına və bu xoşbəxtliyi həyatıma yazdıqlarına görə Prezidentimizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bu, artıq bir tarixdir və idman həyatıma əbədi həkk olunacaqdır.
Digər tərəfdən isə Avropa qitəsinin ilk Oyunlarının ölkəmizdə keçirilməsini çox yüksək qiymətləndirirəm. Bəlkə də uzun müddət yığma komandalarda yarışmağımdandır ki, bu gün bu hadisə - ölkəmizin belə bir idman tədbirinə ev sahibliyi etməsi məni həm kövrəldir, həm də qürurlandırır. Sevincimin həddi-hüdudu yoxdur! İdman fəaliyyətim dövründə belə tədbirlərin - olimpiya oyunlarının, dünya və qitə turnirlərinin dəfələrlə iştirakçısı olmuşam. Bir idmançı kimi ən böyük arzum məhz belə yüksək statuslu yarışın vətənimizdə keçirilməsi idi, bu da baş tutdu. Qeyd edim ki, bu, ölkəmizə dünyanın verdiyi yüksək dəyərdir. Avropa Oyunlarının məşəli həm də Azərbaycanın müstəqilliyinin qüdrəti və daimiliyinin göstəricisidir.
Əməkdar idman ustası onu da əlavə etdi ki, müstəqil Azərbaycanda idmanın inkişafı həndbola da marağı artırıb. Həndbolla məşğul olmağa meyil olsa da, müraciət edən gənclərin sayı çoxalsa da, bu işə daha ciddi yanaşılmalıdır. Hər halda yaşlı idmançıları, məşqçiləri yeniləri əvəz etməlidir. Davamçılar yetişməlidir. İstər idmanın bu növündə, istərsə də başqa növündə olsun, - bu, vacib şərtdir.
Sonda çempionumuz idmançılara və idmansevərlərə məsləhət verməyi də unutmadı:
- İdmanda, yarış meydanında yalnız qələbə haqqında düşünməlisən! Əgər qələbə səninlədirsə, deməli, mükafat da, uğur da sənin olacaq.
Elnur HADIYEV,
Azərbaycan.-2015.- 26 may.- S.5.