Azərbaycanı favoritə çevirən
təşəbbüslər
I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər birimizin, daha dəqiq desək, dünya azərbaycanlılarının qəlbini sevinc və qürur hissi ilə doldurur.
Öncə onu qeyd edək ki, “Bakı-2015” I Avropa Oyunları təkcə bizim ölkəmiz üçün deyil, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Digər tərəfdən, sürətli inkişaf, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcək. Belə biq qərarın qəbulu, eyni zamanda respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın mötəbər yarışlarda əldə etdikləri nailiyyətlərə beynəlxalq ictimaiyyət və Avropa Olimpiya Komitəsi tərəfindən verilən böyük qiymətdir.
Şübhəsiz ki, bu idman bayramı vətənimizin bütün sahələrdə qələbəsidir. Bu tədbirlə bağlı Prezident İlham Əliyev demişdir: “Bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərar bir neçə amillə bağlıdır. İlk növbədə bunu idmançılarımızın uğurlu çıxışı mümkün etmişdir. Son yay olimpiya oyunlarında Azərbaycan komandası 30-cu yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz 15-ci yerə yüksəlmişik. Eyni zamanda, Azərbaycanda gözəl nəsil yetişir. Gənc idmançılarımız da bizi sevindirir. Ötən il yeniyetmələrin olimpiya oyunlarında Azərbaycan komandası 10-cu yerə yüksələ bilmişdi. Bu, tarixi nailiyyətdir”. Həqiqətən bu beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycana qlobal səviyyədə inamın və etibarın təsdiqi və təntənəsidir. Belə bir inam və etibarın arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və ən əsası təhlükəsiz ölkə olması amili dayanır.
I Avropa Oyunlarını Bakıda təşkil etmək əvvəlki tədbirlərdən qat-qat mürəkkəb və məsuliyyətli bir işdir. Tikib qurmalı, görülməli işlər həddən çox idi. Buna baxmayaraq, inşaat quraşdırma, abadlaşdırma, infrastruktur vaxtından əvvəl və yüksək keyfiyyətlə təşkil edildi. Bu, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın tarixi və misilsiz işlərindən biridir. Bu, bir dövlətin məqsədyönlü siyasətidir, xalqımızın qürur doğuracaq bir yoludur. Bu yolun adı milli tərəqqi və özünü tanıtmaqdır!
Əslində, biz bütün sahələrlə yanaşı, idmanın inkişaf səviyyəsinə görə də Avropanın qabaqcıl ölkələrinə yaxınlaşmışıq. Bu nailiyyətlər onlarca beynəlxalq tədbirin, Olimpiya hərəkatı liderlərinin ölkəmizə çoxsaylı səfərlərinin nəticəsi olubdur. Qazanılan etimad bütün xalqımızın idmançılarımıza verilən qiymətidir. Biz bunu qorumalıyıq!
Oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələri iştirak edəcək. Yarışlarda 6 mindən çox idmançı 20-dən artıq idman növündə gücünü sınayacaq.
Ölkənin birinci xanımı Mehriban Əliyeva çıxışlarının birində xüsusi vurğulayıb ki, Avropa tarixində ilk dəfə keçiriləcək Oyunların Azərbaycana həvalə edilməsi faktı beynəlxalq və Avropa Olimpiya hərəkatına ölkəmizin sadiqliyinə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində apardığı fəaliyyətə, həmçinin bütün sahələrdə əldə edilmiş nailiyyətlərə verilən yüksək qiymətdir: “İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın uğuru və xüsusi rolu Azərbaycan Prezidenti İlham Əliyevin hələ 31 iyul 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlanan çox doğru və dəqiq düşünülmüş, uzaqgörən siyasətin bəhrəsidir. Əlbəttə, sonra Azərbaycanda idman və mədəniyyət sahəsində ciddi nailiyyətlər əldə edildi. Məhz bundan sonra adıçəkilən sahənin inkişafına diqqət yönəldi, ölkə nəinki öz iqtisadi inkişafı, o cümlədən strateji və mədəni perspektivləri ilə dünyada xüsusi yer tutdu. Beləliklə, məntiqi olaraq, Azərbaycan həm idman uğuru, həm də dünya və Avropa səviyyələrində çempionat və tədbirləri, o cümlədən ölkəmizdə nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dünyanın idman mərkəzlərindən birinə çevrildi”.
Qürur doğuran faktlardan biri də budur ki, Bakı Oyunları bütün gələcək Oyunlar üçün səviyyə, standart müəyyən edəcək. Mehriban xanım Əliyeva bununla bağlı fikirlərini belə bildirmişdir ki, bu Oyunları yay olimpiya oyunları səviyyəsində keçirmək niyyətindəyik. Çox güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan bütün işləri görür. Biz beynəlxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalarla əməkdaşlıq edirik. Könüllülər bizi çox güclü dəstəkləyir. Azərbaycanda minlərlə gənc bu Oyunlarda könüllü olmaq arzusunu bildirib. Bütün idman obyektlərinin tikintisi artıq başa çatdırılıb və Oyunların iyunun 12-də keçiriləcək açılışına qədər nəzərdə tutulan bütün 35 test tədbiri keçiriləcək... Biz Media Kəndi ilə də fəxr edirik. Bu qurum məxsusi olaraq media nümayəndələri üçün yaradılıb və o da ən yüksək dünya standartlarına uyğundur. Qeyd edək ki, Oyunları 1500-dən çox yerli və xarici reportyor işıqlandıracaq, 50-dən çox şirkət Oyunların 100-dən artıq ölkədə yayımlanmasını təmin edəcək.
Artıq Oyunların başlanmasına bir neçə həftə qalıb. Oyunların diqqətlə izləniləcəyini təsdiq edən bir çox digər amillər də özünü göstərir. Respublikamızın əksər bölgələrində olimpiya idman komplekslərinin tikilməsini, uşaq və gənclərin bu sahəyə həvəsinin yüksəlməsini buna misal çəkmək olar.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, bu Oyunların ölkəmizdə keçirilməsi ilə Azərbaycan adını Avropa idman tarixinə əbədi həkk etmiş olacaq. Yunan-Roma güləşi Romanın adını bu idman növü ilə birlikdə tarixə yazıb. “Bakı-2015” I Avropa Oyunları da Azərbaycanın adını Avropanın idman tarixinə beləcə yazacaq. Bu baxımdan Oyunların əhəmiyyətini unutmaq olmaz. O da məlum faktdır ki, belə bir mötəbər beynəlxalq idman bayramının ölkəmizdə keçirilməsi bədxahlarımızın ürəyincə deyil. Müstəqilliyinin bərpasından sonra qısa zaman ərzində bütün sahələrdəki problemlərin həlli və sürətli inkişafa nail olması Azərbaycanın uğurlarına sevinməyən xarici qüvvələrin antiazərbaycançı təbliğat kampaniyası aparmalarının dəfələrlə şahidi olmuşuq. Lakin xalqımız və dövlətimiz belə qarayaxma kampaniyalarını həmişə dəf etmiş, öz gücünü və qüdrətini göstərmişdir.
I Avropa Oyunlarına ev sahibliyi edən Bakı tədbirə yenə də ciddi hazırlaşıb. Artıq şəhərin infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmini, tibbi xidmətin optimallaşdırılması, informasiya-kommunikasiya texnologiyaları imkanlarından geniş istifadə, turizm marşrutlarının və mədəni proqramların tərtibi kimi vacib məsələlər başa çatıb.
Bütün bunlar bir daha onu göstərir ki, Avropanın Azərbaycanı beynəlxalq idman məkanı seçməsi təsadüfi deyil. Azərbaycan bu Oyunları yüksək səviyyədə təşkil edərək dünyaya nəyə qadir olduğunu sübut edəcək. İdmançılarımıza da uğurlar arzulayıram. İnanırıq ki, bu dəfə də Azərbaycan bayrağı qaliblərimizin başı üzərində dalğalanacaq, Dövlət himnimiz avropalıları ayağa qaldıracaq.
Xəzər İSAYEV,
Milli Olimpiya Komitəsinin
vitse-prezidenti
Azərbaycan.-2015.-
26 may.- S.5.