Məşəl əsrarəngiz turizm yurdunda
Məşəl Qax və Oğuzda
alovlandı
Qaxlılar elliklə I Avropa Oyunlarının məşəlini qarşılamağa çıxmışdılar. İstirahət günü olsa da, böyükdən-kiçiyə hər kəs Qax şəhərinin küçələrinə, parklarına axışmışdı. Hamı tarixi hadisəyə şahidlik etmək istəyirdi.
Rayon Ağsaqqallar Şurasının sədri Nadir Aşurov söhbət etdiyimiz ilk qaxlı oldu. Nadir müəllim rəngbərəng şarlarla oynayan, kiçik ölçülü bayraqları başları üzərində yellədən uşaqları, gəncləri göstərib bildirdi ki, gələcək bunlarındır, bu uşaqlar, bu cavanlar hələ Azərbaycanın çox uğurlarını görəcəklər: “Ölkəmizdə uşaqlar üçün də, gənclər üçün də hər cür şərait yaradılıb. Müasir uşaq bağçalarından tutmuş yeni məktəblərə qədər! Həmişə deyirəm ki, övladlarımız vaxtın, şəraitin qədrini bilməli, yaxşı oxumalı, vətənə layiq sağlam, vətənpərvər nəsil kimi böyüməlidirlər. Bizim Qaxda da inkişaf sürətlə gedir. Yeni təhsil ocaqları tikilir, uşaq bağçaları inşa edilir. Bu işə öz qayğısını əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya qaxlılar həmişə minnətdardırlar. Ümumilikdə isə möhtərəm Prezident İlham Əliyevin diqqəti, qayğısı sayəsində Qax inkişaf edir. Hər yanda abadlıq-quruculuq işləri gedir. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, məşəlin Qaxda alovlanması qəlbimizi dağa döndərir”.
Ağsaqqal Nadir kişi kimi, bütün qaxlılar dəyişən, abadlaşan, gözəlliyi ilə turistləri də heyran edən doğma yurdları ilə fəxr edirlər. Hələ 2013-cü il avqustun 16-da Prezident İlham Əliyev Qax rayonuna səfəri zamanı Olimpiya İdman Kompleksinin açılışında ictimaiyyətin nümayəndələri ilə görüşəndə demişdir: “Hər bir yerdə inkişaf, quruculuq, abadlıq vardır. Artıq bu meyillər o qədər güclüdür ki, indi rayonlar arasında sağlam rəqabət aparılır. Mən də bunun tərəfdarıyam. Hər dəfə hər yerdə deyirəm ki, çalışın ən qabaqcıl yerlərə çıxın. Deyə bilərəm ki, Qaxda aparılan quruculuq-abadlıq işləri rayonu ön plana çəkibdir. Siz də bunu bilirsiniz. Bu da sizin xidmətinizdir, zəhmətinizdir”.
Qax əsrarəngiz turizm diyarıdır. Ümumilikdə rayonda 11 turizm obyekti fəaliyyət göstərir. “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində lazımi infrastruktur yaradılıb. Bu qədim yaşayış məskəninin ərazisi tarixi abidələrlə zəngindir. Qax Tarix-Diyarşünaslıq Muzeyində rayonun 450 minlik tarixindən soraq verən, tarixi və elmi əhəmiyyətə malik 11296 əşya mühafizə olunur. 2012-ci ildən UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının üzvü olan muzey üçün 50 yeni eksponat da toplanıb. Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, rayonda qeydiyyata götürülmüş 68 tarix və mədəniyyət abidəsindən 48-i memarlıq, 18-i arxeoloji, 2-si monumental xatirə abidəsidir. Bu abidələrdən 2-si dünya, 18-i ölkə, 48-i yerli əhəmiyyətlidir.
Qaxda ayrı-ayrı millətlərin nümayəndələri mehriban yaşayır, çiyin-çiyinə çalışırlar. Elə I Avropa Oyunlarının məşəlini qarşılamağa çıxanlar arasında azərbaycanlı, gürcü, rus, ləzgi, ingiloy və digər millətlərdən olan sakinlər çiyin-çiyinə böyük coşqu ilə məşəlin gəlişini alqışladılar. Qax şəhərinin girişində qoyulmuş rəmzi qapıdan keçəndən sonra məşəli 2002-ci ildə İtaliyada Kunq-Fu sanda universal döyüş, 2010-cu ildə Ukraynada çoxmübarizəli döyüş üzrə dünya çempionu olmuş Ramil Məmmədli qəbul etdi. Sonra 2010-cu ildə Almaniyada və 2012-ci ildə Portuqaliyada Kunq-Fu üzrə dünya çempionu Zaur İsakov, Fri faytinq (sərbəst döyüş) və Pankration üzrə Avropa çempionu Ehtiram Dərişov, taekvando üzrə gənclər arasında Azərbaycan çempionu Həsən Məmmədov, taekvando üzrə Azərbaycan çempionatının mükafatçısı Fərqanə Məmmədova və digər məşəlçilər I Avropa Oyunlarının məşəlini Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi, Azərbaycan prospekti, Mərkəzi Meydan marşrutu üzrə başları üzərinə qaldırdılar. Meydanda qurulmuş səhnədə piyalə formalı məşəli Kunq-Fu üzrə dünya çempionu Zaur İsakov alovlandırdı. Oyunlar başa çatanadək saxlanılmaq üçün rəmzi çıraq Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Təəssüratlarını soruşduğumuz futbol üzrə məşqçi Elbrus Əliyev, ali dərəcəli müəllim Bayram Qurbanov, “Neftçi”nin veteran futbolçusu Rauf Əmirov, fəxri bədən tərbiyəsi və idman işçisi Sabir Nemətov, əməkdar məşqçi Dilarə Əhmədova və məşqçi Zərnigar Abdullayeva bu tarixi hadisədən qürur duyduqlarını bildirdilər, Oyunlarda Azərbaycan təmsilçilərinə uğurlar arzuladılar.
Məşəl Qaxdan sonra Oğuz rayonuna yola salındı.
Azərbaycan.-2015.- 26 may.- S.6.