Oğuz elində böyük
bayram ovqatı yaşandı
Məşəl Qax və Oğuzda
alovlandı
Aprelin
26-da I Avropa Oyunlarının Atəşgahdan od alan məşəli
ölkəmizi diyar-duyar dolaşaraq, mayın 25-də Oğuz
şəhərinə gətirildi. Bu kiçik,
yaraşıqlı şəhər Böyük Qafqaz
dağlarının ətəklərində yerləşir.
Aparılan yenidənqurma və tikinti-quruculuq işləri
şəhərin simasını tamamilə dəyişib.
Oğuzun dağ və dağətəyi meşəlikləri,
buz bulaqları, coşqun çayları, şəlalələri
isə gələn qonaqları heyran edir,
gözünü-könlünü oxşayır.
Dövlətin
yüksək qayğısı sayəsində son illər
Oğuzun inkişafı daha da sürətlənib. Oğuz
şəhəri kiçik olsa da, burada böyük işlər
görülür. Yeni parklar, xiyabanlar salınır, yollar
asfaltlaşdırılır, sosial obyektlər və
yaraşıqlı evlər tikilir. Burada yeni turizm və istirahət
müəssisələrinin tikintisinə də ciddi fikir
verilir. Hazırda rayonda 14 ailəvi istirahət mərkəzi fəaliyyət
göstərir. Oğuzun müxtəlif ərazilərində
yerləşən abidələr tarixin bütün dövrlərindən
soraq verir. Qədim Alban məbədləri, Muxas qülləsi,
Gavurqala, Kərimli türbəsi, Surxayxan qalası turistlərdə
böyük maraq doğurur. Son tunc erkən dəmir
dövrünə aid edilən Kərimli kurqanları da
Oğuzun qədimliyindən xəbər verir.
Bunlar
Prezident İlham Əliyev Oğuza səfəri zamanı dediyi
sözlərdir: “Oğuz rayonu əhali nöqteyi-nəzərdən
böyük rayon deyildir. Ancaq potensialı kifayət qədər
böyükdür. Biz rayonun potensialından maksimum dərəcədə
istifadə etməliyik”.
Oğuzun sənaye potensialı da var. Burada regionda yeganə olan Qlükoza zavodu fəaliyyət göstərir. Zavodun fəaliyyətə başlaması
yeni iş yerlərinin açılması
ilə yanaşı, rayonun
kənd təsərrüfatının
inkişafına da ciddi təsir göstərib. Çünki zavodun xammalı
kənd təsərrüfatı
məhsullarıdır.
Olimpiya İdman Kompleksi, Turizm və İdman Mərkəzi, 80 çarpayılıq Mərkəzi
xəstəxana, əlillər
və şəhid ailələri üçün
16 və 8 mənzilli yaşayış binaları
və digər obyektlər Oğuzun gözəlliyini artıran
obyektlər sırasındadır.
Rayon mərkəzində ümumi sahəsi 2 hektar olan parkda
örtülü kölgəliklər,
su hovuzları və biri musiqili
olmaqla 5 fəvvarə,
uşaq əyləncə
mərkəzi qurulub.
Parkda yaradılmış 120 yerlik
amfiteatrda müxtəlif
tədbirlərin, o cümlədən
konsert proqramlarının
təşkili üçün
hər cür şərait var.
Heydər Əliyev prospektinin başlanğıcında yerləşən
Bayraq meydanı isə şəhərə
xüsusi yaraşıq
verir. Elə bu ərazidə
məşəli qarşılamağa
çıxanlar arasında
şəhər sakinlərinin
bayram ovqatını bölüşdük. Təhsil
işçisi İmarət
Aşurova dedi:
- Görürsünüz, şəhərimiz
necə bəzənib.
Baxdıqca adamın ürəyi
açılır. Bu,
bir tarixdir, bu tarixin bir
parçası da bizim Oğuzda yazılır. Özü kiçik
olsa da, ürəyi, amalları, əməlləri böyük
olan şəhərimiz
bu məşəl bayramı ilə I Avropa Oyunlarının tarixinə düşür.
Buna görə çox qürurluyuq.
Hər bir bayram iştirakçısını
təbrik edirəm.
Bu tədbirin ölkəmizdə keçirilməsi
idmandan uzaq olanları da idmana bağladı. Bütün atletlərimizə uğurlar
arzulayırıq.
Şəhid Emin Abdullayev adına Oğuz
şəhər 2 nömrəli
tam orta məktəbin
direktoru Anar Məcidov da ürək sözlərini
dilə gətirdi:
- Bu gözəl, bənzəri
olmayan bayramda müəllimlərimizlə, şagirdlərimizlə
birgə iştirak edirik. Tarixi hadisənin iştirakçısı
olmaqdan çox məmnunuq. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin,
Oyunların məşəlinin
Azərbaycanı diyar-diyar
dolaşmasının əhəmiyyəti
çox böyükdür.
Ölkəmiz, xalqımız tanınır,
ölkələrin bizə
olan rəğbəti,
etimadı daha da artır. Bu mötəbər tədbir gənclərin sağlam həyata, idmana, vətənə bağlılığına, yaxşı
olmayan əməllərdən
uzaqlaşmağına da
müsbət təsir
edəcək. Hər kəsin
bayramını təbrik
edirəm.
I Avropa Oyunlarının
məşəlinin Oğuzda
alovlanması üçün
şəhərin Olimpiya
İdman Kompleksinin stadionunda səhnə qurulmuşdu. Bura gəlmək üçün
məşəlçilər Oğuz şəhərinin
şimal hissəsindən
- Oyunların rəmzi
qapısından 2,5 kilometr məsafə qət etməliydilər.
Məşəli ilk olaraq alqış sədaları altında
SSRİ idman ustası,
cüdo və sərbəst güləş
üzrə məşqçi
Araz Umarov qəbul etdi. Sonra II
Dan qara kəmər sahibi, karate üzrə məşqçi-müəllim Ehtiram Nəsibov, sərbəst güləş
üzrə məşqçi-müəllim
Ziya Cumayəddinov, fəal gənc Elvin Qarayev, bədən tərbiyəsi və idman müəllimləri Ətayə Ramazanova, Rəfiqə Babayeva və digər məşəlçilər məşəli
estafetə uyğun olaraq bir-birinə ötürməklə Heydər
Əliyev prospektindən
keçərək Olimpiya
İdman Kompleksinin stadionuna gətirdilər. Burada məşəlçi Araz
Umarov kasa formalı məşəli
yandırdı. Məşəl alovlanandan sonra rəmzi çırağı
saxlanılmaq üçün
Rəfiqə Babayeva qəbul etdi.
Mərasim başa çatandan sonra I Avropa Oyunlarının məşəli
Şəki şəhərinə
yola salındı.
Telman NƏZƏRLI,
Azərbaycan.-2015.- 26 may.- S.6.