Sənətkarlar yurdunda
idman sevinci
Məşəl Şəkidə
alovlandı
2700 ilə yaxın yaşı olan dağlar diyarı Şəki baş Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Amma tarix boyu bu dağlar diyarını məşhurlaşdıran, tanıtdıran onun füsunkar təbii gözəllikləri ilə yanaşı, həm də adı dillər əzbərinə çevrilmiş sənətkarları olub.
Memarlıq, daşoyma və taxtaoyma, dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, şəbəkəçilik sənəti ilə Şəkinin şan-şöhrəti çox ellərə, çox ölkələrə yayılıb. Elə Şəkinin pitisi, halvası, növbənöv şirniyyatı da müsafirlərin yaddaşında, daha doğrusu, damağında uzun müddət qalır.
Son illər Şəkinin uğurları əsaslı şəkildə artıb. Abadlıq-quruculuq işləri, yeni layihələrin icrası bu qədim diyarın simasını tamamilə dəyişib. Təqdirəlayiq haldır ki, görülən işlər milli memarlıq üslubuna uyğun yerinə yetirilir və hazırda icrası davam edən layihələrdə də bu amil ciddi şəkildə nəzərə alınır. Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanılması məqsədilə prospekt və küçələrdəki evlərin həyətlərinə taxta materiallarla üzlənmiş giriş qapıları qoyulub. Evlərin, sahibkarlıq obyektlərinin, idarə və müəssisələrin yerləşdiyi binaların dam örtükləri kirəmitlə əvəzlənib, binaların fasadları qədim forması saxlanılmaqla bərpa edilib.
Mayın 25-də Şəkinin bayramsayağı bəzədilməsi bu qədim sənətkarlar yurdunun gözəlliyini daha da artırmışdı. Şəhər böyük coşqu ilə I Avropa Oyunlarının məşəlini qarşılamağa hazırlaşırdı. Şəki indiyədək bir çox beynəlxalq tədbirlərə, o cümlədən festivallara yüksək səviyyədə ev sahibliyi edib. Neçə ildir ki, burada “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Elə adi günlərdə də Şəkinin qonaq-qarası əskik olmur. Şəhər sakinləri hər gün küçələrdə yerli və əcnəbi turistləri görməyə adət ediblər.
Söhbətə tutduğumuz İrina və Nikolay Zıkinlər Rusiyanın Kaluqa vilayətindən gəliblər:
- Azərbaycanın paytaxtı Bakıda 57-ci “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləndə də ölkənizə gəlmişdik. Bakı o zaman da gözəl idi, indi isə tanımaq olmur -2-3 il ərzində şəhər necə dəyişib?! İnanmaq olmur ki, bu, hansısa keçmiş sovet respublikasının paytaxtıdır. İstər gündüzü, istər gecəsi çox əsrarəngizdir. O zaman da Şəkidə olmuşduq və bu qədim, səliqəli şəhərə vurulmuşduq. İndi Şəki də gözəlliyini artırıb. Bakıdan Şəkiyə gələnə qədər gördüyümüz mənzərələr-rahat və müasir yollar, abad qəsəbə və kəndlər insanda xoş duyğular oyadır. Biləndə ki, bu gün I Avropa Oyunlarının məşəli Şəkiyə gəlir, çox sevindik və böyük məmnuniyyətlə bu bayrama qatıldıq. Bəxtimiz gətirdi ki, bu gözəl şəhərdə Oyunların məşəlini qarşılamaqla biz də I Avropa Oyunlarının tarixinə düşdük. Biz bütün xalqınızı təbrik edirik. Arzu edirik ki, yarışlarda güclülər, layiq olanlar qalib gəlsinlər.
Mərasim Şəki Xan Sarayının qarşısından başladı. Alqış sədaları altında I Avropa Oyunlarının məşəli rəmzi qapıdan keçdi. Şəhərin fəal gənclərindən olan Sədaqət Məmmədzadə Oyunların məşəlini qəbul etdi. Sonra 2,2 km məsafə boyunca məşəlin yürüşü başlandı. Daha bir fəal gənc Daşqın Mikayılov, karate üzrə beynəlxalq turnirin qalibi, beynəlxalq dərəcəli idman ustası, Milli Karate Federasiyasının Şəki nümayəndəsi, 5 nömrəli şəhər tam orta məktəbin idman müəllimi Aqşin İbrahimov, Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova, karate üzrə Avropa çempionu, əməkdar məşqçi Seymur Qasımzadə və digər məşəlçilər Gənclər küçəsi-M.F.Axundzadə prospekti boyunca keçərək məşəli M.Ə.Rəsulzadə və M.F.Axundzadə küçələrinin kəsişməsindəki meydana gətirdilər. Burada qurulmuş səhnədə respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə məşəli alovlandırdı. Alqış sədaları altında Şəki tarixi anlar yaşadı.
Şəhər sakini Etibar Nuriyev bayram təəssüratını bizimlə belə bölüşdü:
- Bu tarixi anların iştirakçısı olduğuma görə çox qürurluyam. Ölkəmizdə böyük hadisə yaşanır, tarix yazılır. I Avropa Oyunlarının keçirilməsi kimi mötəbər bir tədbir Azərbaycana etibar edildi. Hazırlıq işlərindən də göründü ki, ölkəmiz bu etimadı layiqincə doğruldur. Belə tədbirlərin təməli Bakıda qoyulur və standartları paytaxtımız müəyyənləşdirir. Çox qürurvericidir. Bütün ölkəmiz bu qüruru yaşayır. Oyunlara ev sahibliyi etməyimiz Azərbaycanın daha əhatəli tanınması istiqamətində möhtəşəm bir addımdır. Bu sevinci, bu qürur duyğularını bizə bəxş etdiyinə görə möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm. İnanırıq ki, atletlərimiz də qələbələri ilə bizi sevindirəcəklər.
Məşəlin Şəkiyə gəlişinə həsr olunmuş mərasim axşam Alov festivalı ilə davam etdi. Sonra məşəl İsmayıllı rayonuna yola salındı.
Telman NƏZƏRLI,
Azərbaycan.-2015.- 26 may.- S.8.