Bakıda Məhkəmə-Hüquq Şurasının 10 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib

 

Mayın 22-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb. Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) rəhbərliyi, Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının, Ali Məhkəməsinin, Ali Baş Prokurorluğunun və Ədliyyə Akademiyasının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi tədbirdə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Konfransı açan Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov məruzə ilə çıxış edərək təməlini ümummilli lider Heydər Əliyevin qoyduğu məhkəmə islahatının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini bildirib, dövlətimizin başçısının məhkəmə sisteminin müasirləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə əldə edilmiş nailiyyətlər, məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçiminin və tədrisinin təşkili, onların fəaliyyətinin prinsipial qiymətləndirilməsi, qanun pozuntusu, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üzrə ardıcıl tədbirlər haqqında danışıb.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, baş prokuror Zakir Qaralov, Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə həyata keçirilən islahatlardan və qarşıda duran vəzifələrdən söhbət açıblar.

Həmçinin tədbirdə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti İrakli Adeişvili, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri Ganna Yudkivska, Dmitri Dedov, Xanlar Hacıyev, Türkiyə Ədliyyə Akademiyasının prorektoru Mustafa Artuç məhkəmə islahatlarının həyata keçirilməsində və insan haqlarının etibarlı qorunmasında beynəlxalq mexanizmlər, Avropa Məhkəməsinin presedentlərinin milli məhkəmə təcrübəsinin inkişafında rolu, ədalət mühakiməsinin səmərəliliyinin artırılması vasitələri barədə çıxışlar ediblər.

Səmərəli müzakirə və fikir mübadilələri aparılan konfransdan sonra qonaqların iştirakı ilə Məhkəmə-Hüquq Şurasında ədalət mühakiməsinin tarixinə və ümummilli lider Heydər Əliyevin müasir məhkəmə sistemimizin yaradılmasında roluna həsr edilən Muzeyin açılışı olub.

 

Azərbaycan.-2015.- 26 may.-  S.9.