FƏXR ET, QÜRÜR DUY, AZƏRBAYCAN!

 

“Azərbaycan” qəzetinin görkəmli məşqçilər və olimpiya çempionlarının iştirakı ilə təşkil etdiyi “dəyirmi masa”

 

Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan hazırda mötəbər idman tədbirinə - “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlığın yekun mərhələsindədir. Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynayan rəsmi Bakı çoxsaylı beynəlxalq idman tədbirlərini keçirməklə artıq regionun “idman paytaxtı”na da çevrilib. Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində I Avropa Oyunlarının da müasir standartlara uyğun keçirilməsinə lazımi şərait yaradılıb. Oyunların Təşkilat Komitəsi Avropa Olimpiya Komitəsinin (AOK) dəstəyi ilə qısa müddətdə - cəmi 30 ay ərzində nəzərdə tutulan bütün işləri yüksək səviyyədə icra edib başa çatdırmışdır.

İlk Avropa Oyunlarına hazırlığın yekun mərhələsində “Azərbaycan” qəzetinin redaksiyasında görkəmli məşqçilərin və olimpiya çempionlarının iştirakı ilə “Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirəcək” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nın iştirakçıları - Güləş Federasiyasının vitse-prezidenti, “Şöhrət” ordenli Elçin CƏFƏROV, Atıcılıq Federasiyasının vitse-prezidenti, milli komandanın baş məşqçisi, “Şöhrət” ordenli Hafiz CƏFƏROV, olimpiya çempionu, Güləş Federasiyasının vitse-prezidenti, “Şöhrət” ordenli Namiq ABDULLAYEV, olimpiya çempionu, DİN İdman Cəmiyyətinin sədri, “Şöhrət” ordenli Zemfira MEFTAHƏDDİNOVA, olimpiya çempionu, Cüdo Federasiyasının vitse-prezidenti, “Şöhrət” ordenli Elnur MƏMMƏDLİ və məşəldar, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin əməkdaşı Sərraf HÜSEYNOV I Avropa Oyunları ərəfəsində öz fikirlərini “Azərbaycan”ın oxucuları ilə bölüşdülər.

“Azərbaycan” qəzeti redaksiyasındakı Heydər Əliyev və mətbuat muzeyində “dəyirmi masa” iştirakçılarını salamlayan Baş redaktor, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov onlara qəzetin tarixi barədə məlumat verdikdən sonra dedi:

- Biz birlikdə “Azərbaycan” qəzetinin 97 illik tarixinə qısa ekskursiya etdik. Qeyd etməliyəm ki, bugünkü tədbirimiz qəzetimizin ötən 97 ildə idmana həsr olunmuş ilk “dəyirmi masa”sıdır. İndiyədək bütün mövzularda “dəyirmi masa”lar keçirilib. İdmanda isə bu, ilkdir və siz bu tədbirin iştirakçısısınız. Bu görüşümüzə səbəb isə Azərbaycanda I Avropa Oyunlarının keçirilməsidir. Onu da qeyd edim ki, tarixdə ilk dəfə keçirilən bu idman bayramı çox möhtəşəmdir. Bu barədə sizin fikirlərinizi qəzet vasitəsilə oxuculara çatdırmaq istəyirik.

Təbii ki, sizin çıxışlarınızın yer alacağı bu qəzet nömrəsi də, digərləri kimi, tarixə çevriləcəkdir. Bildiyiniz kimi, dünyanın praktiki olaraq hər qitəsində vaxtaşırı idman oyunları keçirilir. Məsələn, Panamerika Oyunları, Ümumafrika, Asiya Oyunları və s. Avropa Oyunları isə tarixdə ilk dəfə keçiriləcək və sevindirici haldır ki, məhz bizim ölkəmiz bu etimada layiq görülmüşdür! Bəs nədən Azərbaycan bu etimada və etibara layiq görüldü? Əvvəla, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmişdir. Cənubi Qafqazın lider dövləti Avropanın enerji təchizatında etibarlı tərəfdaşdır və get-gedə dünyada söz sahibinə çevrilən müstəqil bir ölkədir. Müstəqilliyinin yaşı 24-dür. Buna baxmayaraq, 24 yaşlı bu dövlət çox böyük “ilk”lərə imza atıb.

İkinci amil Azərbaycanın siyasi nüfuzu ilə bağlıdır. Ölkəmiz qısa müddətdə Avropa Şurasına üzv olub. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. İki ay şuraya sədrlik etdi, iki il o qurumun üzvü oldu. Bu üzvlük 155 dövlətin dəstəyi ilə həll olundu və çox böyük qürur və fəxarət doğuran bir hadisədir!

Azərbaycan mədəniyyət sahəsində də yaddaqalan uğurlara imza atıb. Bilirsiniz ki, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mədəniyyət nailiyyətlərinin qazanılmasında böyük xidmətləri var. Birinci xanımın səyi sayəsində Novruz bayramı, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, aşıq sənəti, muğam ifaçılığı, Qobustan ərazisindəki qayaüstü rəsmlər və digərləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır.

2011-ci ildə Azərbaycan musiqi sahəsində də böyük ilkə imza atdı: “Eurovision” musiqi yarışmasının qalibi oldu! 2012-ci ildə isə ölkəmiz qalib kimi həmin yarışmanı paytaxtımızda qəbul etdi və çox yüksək səviyyədə keçirdi.

Azərbaycan idman sahəsində də öz sözünü demişdir. Redaksiyamız olimpiya oyunları ilə bağlı ayrıca kitab da çap etdirmişdir. Rəqəmləri sadalamağa ehtiyac duymuram. Lakin məlumdur ki, müstəqillik dövründə idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında qazandığı qızıl, gümüş, bürünc medalların sayı minlərlədir. Bu qədər nailiyyət, uğurların nəticəsi olan medallar hər bir idmançının alın təri ilə hasilə gəlir.

15-20 il öncə kimin ağlına gələrdi ki, 9 milyonluq Azərbaycan qısa bir zaman kəsiyində bu qədər medala sahib olacaq? Özümüz həmişə gücümüzü, imkanlarımızı bilmişik, yəni biz fərd və bir millət olaraq hər şeyə qadirik - texniki cəhətdən də, fiziki cəhətdən də, dünyanı dərk etmək cəhətdən də... Və bunlar hazırda faktlar şəklində ortaya qoyulubdur.

Ötən ayın 26-da Bakıdakı “Atəşgah” məbədində dövlət başçısı cənab İlham Əliyev I Avropa Oyunlarının məşəlini alovlandırdı. Bu məşəl 60 rayona 47 günlük səfərə çıxmışdır. 5500 kilometrlik məsafəni qət edəcək, 1000 nəfər məşəlçimiz regionlardakı tədbirlərə qatılacaqdır. “Atəşgah”ın alovu artıq 44 şəhərə və rayon mərkəzinə çatdırılmışdır...

İndi bütün dünyanın nəzərləri Azərbaycandadır! Ölkəmiz bu idman yarışlarına çox ciddi şəkildə hazırlaşmışdır. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bu komitəni saat dəqiqliyi ilə işlədə bildi. Və bilirsiniz ki, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki çox maraqlı bir fikir söylədi: “Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurur. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. Birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda da təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atmışdır”.

Bəli, 84 aya görüləsi iş bizdə 30 aya başa çatıb! Bu da Azərbaycanın özünəməxsus uğurlarından biridir.

Bir neçə gündən sonra I Avropa Oyunları start götürəcək və 20 idman növü üzrə 6 mindən çox idmançı ölkəmizdə qüvvəsini sınayacaq. Möhtəşəm idman bayramını 1500-dən artıq əcnəbi və yerli jurnalist işıqlandıracaq. Yüksək səviyyədə inşa edilmiş Atletlər və Media kəndləri onları qəbul etməyə tam hazırdır. Bu gün (“dəyirmi masa” keçirilən gün) cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adıçəkilən kəndlərin açılışında iştirak etmiş və idmançılar, habelə KİV təmsilçiləri üçün yaradılan şəraitlə tanış olmuşlar.

Bütün bunlar hazırlıq işlərinin yüksək səviyyəsindən, Azərbaycanın bacarıq, qabiliyyət, təşkilatçılıq məharətindən irəli gəlir. Və biz bu görüşümüzdə müxtəlif məsələlər ətrafında müzakirələr aparacağıq. Qeyd edim ki, bütün uğurlarımız Azərbaycan dövlətinin və onun başçısı cənab İlham Əliyevin idmançılara göstərdiyi çox böyük qayğısı ilə bağlıdır. Paytaxtda və respublikanın regionlarında qırx olimpiya idman kompleksi tikilərək uşaq, yeniyetmə və gənc idmançıların ixtiyarına verilmişdir. Hətta cəbhə bölgəsində yerləşən Quzanlı kəndində də olimpiya idman kompleksi inşa edilmişdir. İndi bu kənd artıq qəsəbə statusu almışdır.

Bundan əlavə, Azərbaycanda son aylar bir neçə möhtəşəm idman obyektinin açılışı oldu. Bunların arasında dünya standartlarına cavab verən idman arenaları və qurğular var. Bütün bunları Azərbaycan dövləti edibdir!

Azərbaycan, eyni zamanda, tək idmançı yetişdirmir, o, beynəlxalq yarışların yüksək səviyyədə təşkili və keçirilməsi ilə də ad çıxarmışdır. Ölkəmizə gələn idmançılara daim hərtərəfli diqqət və qayğı göstərilir. Bu səbəbdən onlar dönə-dönə Azərbaycana gələrək idman yarışlarında iştirak etmək istəyirlər.

Hər birinizə məlumdur ki, mötəbər idman yarışlarında qalib gələn atletlərimizi dövlət başçısı şəxsən özü mükafatlandırır. Bütün bunlar nədən ötrüdür?

Əvvəla, gənclər sağlam olmalı, sağlam nəsil böyüməlidir. İkincisi, Azərbaycan dövləti dünyada özünü bir idman ölkəsi kimi də tanıtdırır. Bax bu məsələlər ətrafında söhbətimizi davam etdirəcəyik. Təcrübəli mütəxəssislər kimi hadisələrə sizin nəzərlərinizlə baxıb, sizin verdiyiniz qiyməti qəzetimizin oxucularına çatdıracağıq.

Elçin CƏFƏROV:

- I Avropa Oyunları ərəfəsində bizimlə görüş təşkil etdiyinə görə “Azərbaycan” qəzetinin kollektivinə təşəkkürümü bildirirəm. Bilirik ki, bu mötəbər idman yarışmasına qəzetiniz xüsusi həssaslıqla yanaşır. Yarışların keçirilməsi üçün görülən hazırlıq mərhələsində və Olimpiya məşəlinin bölgələrdə alovlandırılmasında bu mətbu orqan silsilə yazılar dərc edir. Bu da onu göstərir ki, kollektiviniz həmin idman yarışmasının ölkəmiz üçün olan mühüm əhəmiyyətini dərk edir və ona öz töhfəsini vermək üçün səy göstərir. Azərbaycan idmanına göstərdiyiniz diqqət üçün minnətdarlığımı bildirirəm.

Fəxrlə deyə bilərik ki, bu gün dünyada idmana ən böyük dəstək verən ölkə məhz Azərbaycandır. Müstəqillik qazandığımız qısa bir müddətdən sonra Azərbaycan idmançılarının əldə etdiyi nailiyyətlər bunu bir daha sübut edir. Ölkə rəhbərliyinin dəstəyinin nəticəsidir ki, indi Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Avropanın və dünyanın inkişaf etmiş dövlətlərinin idmançıları ilə görüşlərimiz zamanı onlar da ölkəmizdə idmana olan diqqəti yüksək qiymətləndirir, hətta bildirirlər ki, onların ölkəsində Azərbaycandakı qədər idmana və idmançılara qayğı göstərilmir.

Müstəqilliyimizin ilk illərində bütün sahələrdə olan gerilik idmanda da özünü açıq surətdə büruzə verirdi. Belə ki, sovetlər dönəmində ölkəmizdə yetişən bir sıra adlı-sanlı idmançılarımız yarışmaq üçün xarici ölkələrə üz tuturdular. Bir qismi isə qayğısızlıq üzündən böyük idmandan birdəfəlik uzaqlaşdı.

Azərbaycanda həmişə güclü idmançılar olub. Lakin onlar çox vaxt tərkibində olduğumuz SSRİ-də müəyyən səbəblər üzündən layiq olduqları qiyməti ala bilmirdilər. Müstəqilliyimizin ilk illərində də bu sahədə müəyyən geriliklər var idi. Əminliklə deyə bilərəm ki, ölkə idmanının hazırkı inkişaf səviyyəsinə çatmasında Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsi mühüm rol oynadı. Belə ki, cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi dərhal ölkəmizdə tanınmış məşqçilər və idmançılarla görüşdü. Bu görüşdə canab İlham Əliyev vurğuladı ki, mötəbər idman yarışlarında kim hansı qələbəni qazansa, ona müvafiq olaraq da mükafatını alacaq. Bütün ölkə bunun şahididir ki, hər bir idmançıya qazandığı qələbəyə layiq mükafat verildi. Elə bir idmançı yoxdur ki, qazandığı qələbə müqabilində ona laqeydlik göstərilsin.

İdmançıların yetişməsi üçün yaxşı məşq yerlərinin olması vacibdir. Bununla bərabər onların yaxşı mənzil şəraiti və maddi imkanları da olmalıdır. Ölkəmizin başçısı Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmançılar üçün bütün bu şəraiti yaratdı. Eyni zamanda, ən yüksək nəticələr əldə edən məşqçilər və idmançılar dövlət mükafatları ilə də təltif olunur. İnanmıram ki, dünyanın hər hansı ölkəsində dövlət tərəfindən idmançılara belə yüksək qayğı göstərilsin!

Azərbaycan idmanının təməli onun maddi-texniki bazası üzərində qurulub. Dünyanın heç bir yerində qısa müddət ərzində ölkəmizdə olduğu qədər idman qurğuları tikilib istifadəyə verilməyib. Bu gün Azərbaycanın paytaxtı ilə bərabər bölgələrdə də olimpiya mərkəzləri tikilərək istifadəyə verilir. Həmin olimpiya mərkəzlərində Azərbaycanın gələcək olimpiya çempionları yetişir. Təsadüfi deyil ki, ölkəmizin idman şərəfini qoruyan idmançıların çoxu elə bölgələrdən gəlib.

I Avropa Oyunları dünyaya nümayiş etdirdi ki, digər ölkələrin 7 ilə gördüyü işi Azərbaycan iki il yarım ərzində uğurla həyata keçirə bilir. I Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə həyata keçirilməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətləri var. Avropa Oyunları bir daha Mehriban xanım Əliyevanın təşkilatçılıq potensialının nə qədər yüksək olduğunu sübut etdi. Buna görə də idman ictimaiyyətinin nümayəndəsi kimi Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirmək istəyirəm.

İndi dünyanın diqqəti Azərbaycana yönəlib. Çünki Azərbaycanda Avropada ilk dəfə olaraq mötəbər idman yarışması keçiriləcək. Biz də bu yarışmalara, oyunlara ciddi hazırlaşırıq. Məqsədimiz odur ki, ölkəmiz bu yarışlarda daha çox medal qazanaraq birinci yerə sahib olsun. Bu, bizim haqqımızdır! İnanıram ki, idmançılarımız bu oyunlarda ən yüksək nəticələr əldə edəcəklər. Xüsusən də Azərbaycan güləşçilərinin bu yarışlarda böyük uğurlar qazanacağına tam əminəm!

Hafiz CƏFƏROV:

- İlk növbədə qeyd etmək istəyirəm ki, dövlət tərəfindən biz idmançılara çox böyük qayğı var. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə onun fəaliyyət istiqamətləri müəyyənləşdi. Azərbaycan idmanının tarixində yeni dövr başladı. Tam əminliklə deyə bilərik ki, Azərbaycan həm də Olimpiya hərəkatının geniş vüsət aldığı idman ölkəsinə çevrildi. Təsadüfi deyil ki, bu gün ölkəmiz dünyada beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanınır. Təqdirəlayiq haldır ki, respublikamızın davamlı inkişafı idmanı da əhatə edib və ötən 15 il ərzində ölkəmizin idman infrastrukturu tamamilə yenidən qurulub. Bunun nəticəsi olaraq son illər ölkəmizdə idmanın əksər növləri üzrə dünya və Avropa çempionatları, bir sıra populyar idman turnirləri keçirilib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan sosial-iqtisadi inkişafı ilə yanaşı, idman sahəsində qazandığı uğurlarla da fəxr edə bilər. Eyni zamanda, bu uğurlar Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsinə, vətənpərvər gəncliyin formalaşmasına xüsusi diqqətlə yanaşdığını sübut edir. Mən bu barədə fikirlərimi çıxışımın ikinci hissəsində davam etdirəcəyəm. İndi isə baş məşqçisi olduğum atıcılıq idmanından danışmaq istəyirəm.

Təbii ki, idmanın inkişafında hər bir federasiyanın rolu olmalıdır. Bu da məlumdur ki, idman federasiyaları imkanlarına, idmançıların sayına, əhatə dairəsinə və digər göstəricilərə görə bir-birindən fərqlənir. Məsələn, gənclər arasında milli idman növü olan güləşə maraq daha çoxdur. Atıcılıqla bu idman növünü müqayisə etdikdə böyük fərqlər görmək olar. Düzdür, son vaxtlar atıcılığa maraq göstərənlər çoxalsa da, say baxımından deyə bilərik ki, bu, bizim istədiyimiz qədər deyil. Ancaq buna baxmayaraq, ilk çempionlarımız arasında stend atıcılığı üzrə Avropa və dünya çempionu adına və digər titullara layiq görülmüş, eyni zamanda 2000-ci il Olimpiya Oyunlarının çempionu olmuş Zemfira Meftahəddinova vardır. Əlbəttə, Zemfiranın uğurları atıcılıq idman növünün inkişafına xüsusi təkan verdi. Artıq atıcılıq üzrə bir neçə Avropa və dünya çempionumuz var, yeniləri də yetişməkdədir.

Onu da qeyd edim ki, atıcılıq asan idman növü deyil, burada çox ciddi şərtlər var və bu, dünyanın əksər ölkələrində belədir. Xüsusilə yeni şərtlər, qalib olmaq üçün qoyulan pilləli mübarizə daha çox bacarıqlı və diqqətli olmağı tələb edir. Federasiya olaraq çalışırıq ki, nə qədər ağır şərtlər olsa da, qaliblərimizin sayını artıraq, yeni-yeni çempionların meydana çıxmasına kömək edək. Mən 1975-ci ildən milli komandanın baş məşqçisiyəm. Atıcılığın qaydalarının çətin olduğunu nəzərə alaraq heç vaxt proqnoz vermirəm, ancaq həmişə üzümüz ağ olub, ümidimiz boşa çıxmayıb.

Bu gün ölkəmizdə digər idman növləri ilə bərabər, atıcılığın inkişafı üçün də xüsusi şərait yaradılıb. Bu yaxınlarda istifadəyə verilən Bakı Atıcılıq Mərkəzi idmanın güllə və stend atıcılığı növlərinin inkişafı üçün çox əla yerdir. Burada məşq və yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Təcrübəli mütəxəssis kimi deyə bilərəm ki, yeni mərkəz beynəlxalq standartlara tam uyğundur. Bütün atış zonaları müasir avadanlıqlarla təchiz olunub. Hər bir idmançı üçün nəzərdə tutulan monitorlar, atış stendləri, eləcə də ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mən deyərdim ki, Bakı Atıcılıq Mərkəzi dünyanın ən yaxşı atıcılıq komplekslərindən biridir. Yeri də çox əladır. Sözsüz ki, mərkəz məşqlərimizin uğurlu və rahat təşkil olunmasına ciddi təkan verəcək, eyni zamanda bu sahədə qələbələrimizin artmasına şərait yaradacaq. İnsanlar arasında atıcılıq idmanının təbliği baxımından da çox güclü rol oynayacaq. Ona görə fürsətdən istifadə edib bir daha cənab Prezident İlham Əliyevə və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya federasiya adından minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar ki, bizim üçün belə şərait yaradıblar. Bizim də borcumuzdur ki, daha ciddi səylə çalışıb uğurlarımızı birə-beş artıraq, bizə göstərilən etimadı doğruldaq.

Namiq ABDULLAYEV:

- Azərbaycan idmanını sovet dönəmi ilə müqayisə etdikdə böyük fərq yaranır. İki zaman kəsiyində - həm SSRİ dönəmində, həm də indiki müstəqillik illərində idmanla məşğul olmuşuq, nailiyyətlərimiz olub. Zemfira xanım SSRİ miqyaslı yarışlarda SSRİ kubokunun, Dünya kubokunun sahibi olub, dünya çempionluğuna imza atıb. Mən də SSRİ dönəmində həm yeniyetmə və gənclər, həm də böyüklər arasında dünya və SSRİ çempionatlarında, gənclərdən ibarət dünya birinciliklərində iştirak etmişəm.

Böyüklər arasında beynəlxalq turnirlərdə iştirak edib qalib gəlmişik və yarışlarda dünya çempionatına namizəd olduğumuz halda, əfsuslar olsun ki, bizə qarşı laqeydlik olurdu, çox vaxt idmançılarımızı belə mötəbər yarışlara aparmırdılar. Mən və mənimlə bahəm idmançı yoldaşlarım çətinliklərlə üzləşirdik. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra idman qurğularımız ürəkaçan deyildi. 1993-cü ildə dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gələndən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də dönüş yarandı. İdman obyektlərinin və idman qurğularının bərpa olunmasına dair sərəncamlar verildi. Həmin dövrdən etibarən idmanın inkişafında yeni mərhələ başladı.

1993-cü ildən idmançılarımız müstəqil olaraq yarışlarda iştirak edirlər. Avropa birinciliklərində, Avropa çempionatlarında dəfələrlə medallara layiq görülüblər. 1994-cü ildə İtaliyanın Roma şəhərində ilk dəfə keçirilən Avropa çempionatında iştirak etmişəm. Hər dəfə medallarla ölkəyə dönəndə ulu öndər hər bir idmançını, o cümlədən biz qalib idmançıları məxsusi qəbul edib mükafatlandırırdı, öz tövsiyələrini verirdi. Sözsüz ki, bu, bizdə gələcək yarışlara ruh yüksəkliyi yaradırdı.

Elçin müəllim çox gözəl qeyd etdi. 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin sədri seçiləndən sonra bu sahədə ikinci dönüş yarandı. İdman komplekslərinin, idman arenalarının tikintisi geniş vüsət aldı. Bayaq siz özünüz də qeyd etdiniz, artıq 40-a qədər idman kompleksi inşa olunaraq idmançıların istifadəsinə verilib. Yeniyetmə və gənclərimiz bu komplekslərdən istifadə edib Avropa və dünya birinciliklərində medallarımızın sayını artırırlar. Bizim Avropa çempionlarımız var, Zemfira xanımı və məni, eləcə də olimpiya və dünya çempionları Fərid Mansurovu, Rövşən Bayramovu əvəz edən idmançılarımız yetişir və yetişməkdədir. İdmançılarımız 2010-cu ildə Sinqapurda yeniyetmələr arasında keçirilən ilk olimpiya oyunlarında böyük uğur qazandılar. Güləşçilərimiz 4 qızıl, 1 gümüş medal əldə etdilər. 2014-cü ildə də bu ənənə davam etdirildi: respublikamıza 3 qızıl, 2 gümüş medal gətirildi. Bu, bizim yeniyetmələrimizin qələbəsi idi. Bilirsiniz ki, hər bir işin təməli düzgün qurulanda uğur daha çox olur. İnanıram ki, yeniyetmələrimiz həm gənclərdən, həm də böyüklərdən ibarət yığma komandaya üzv olacaqlar.

Çox sevinirəm ki, Avropa Oyunları məhz Azərbaycanda keçirilir. Bu çox vacib idi. Bunlar dövlətin qayğı və diqqəti sayəsində mümkün olub. Ulu öndərin idman siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyevanın rəhbərliyi altında yaradılmış Təşkilat Komitəsi bütün işləri yüksək keyfiyyətlə başa çatdırıb. Bir çox məşhur idmançılarımız bu Təşkilat Komitəsinin üzvüdür. Onlar yarışların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edirlər.

Çıxışınızda düzgün qeyd etdiniz ki, aprelin 26-da “Atəşgah” məbədində keçirilən mərasim Avropa Oyunlarının çox möhtəşəm keçəcəyinə əyani sübut oldu. Mərasim “Atəşgah” məbədindən bütün dünyaya yayımlandı, bütün Avropa buna heyranlıqla tamaşa etdi. İnanıram ki, iyunun 12-də çox təntənəli bir açılış olacaq. Bu Oyunlara Azərbaycan ev sahibliyi edir. Elçin müəllim çox düzgün qeyd etdi ki, Avropa çempionatlarını, dünya çempionatlarını və dünya kuboklarını qəbul etmişik. Dünya ölkələri, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsinin prezidentləri əminliklə qeyd edirlər ki, bu yarışlara hazırlıqda bütün təşkilati məsələlər yüksək səviyyədə öz həllini tapıb. İdmançılarımız fürsətdən istifadə edib yaxşı qələbələr qazanacaqlar. Mən hər dəfə çıxışlarımda qeyd edirəm, 1996-cı ildən başlayaraq Azərbaycana gətirilən medalların sayı artmağa başlayıb. 2000-ci ildə Sidney və 2004-cü il Afina Yay Olimpiya Oyunları qələbələrlə yadda qaldı. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında medallarımızın sayının artması və Elnur Məmmədlinin qələbəsi, 2012-ci ilin London Yay Olimpiya Oyunlarında idmançılarımızın daha yeni-yeni qələbələri - 10 medal qazanmaları, dünya ölkələri üzrə 30-cu, Avropa ölkələri üzrə 15-ci yeri əldə etmələri möhtəşəm idman tariximizdir. Bu, Azərbaycan üçün böyük uğur idi və hər şeydən əvvəl, dövlət başçısının idmana və idmançılarımıza olan diqqəti sayəsində mümkün olmuşdur. Bu gün də Prezident İlham Əliyev və Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən yeniyetmələrə, gənclərə, həm də böyüklərdən ibarət yığma komandamıza diqqət və qayğı var.

Biz yunan-Roma güləşi üzrə bu il ilk dəfə olaraq İranda keçirilən Dünya kubokunun sahibi olduq. Sevindirici haldır ki, sərbəst güləşçilərimiz 2004-cü ildə, eləcə də 2009-cu ildə iki dəfə İranda keçirilən Dünya kubokunun sahibi olublar, bir neçə dəfə üçüncü yerləri əldə ediblər. Bu il isə onlar Amerikanın Los-Anceles şəhərində üçüncü yeri tutublar. Bu nəticələr ilk Avropa Oyunlarında idmançılarımızın qızıl medallara sahib olacağına, bayrağımızı yüksəklərə qaldırıb himnimizi səsləndirəcəklərinə əminlik yaradır. İnanıram ki, Avropa Oyunları yeniyetmələrimiz üçün də böyük stimul olacaq. Çünki bu Oyunlarda Avropanın aparıcı idmançıları iştirak edəcək, tanınmış idmançılar gəlib yarışlara baxacaqlar. Yeniyetmələrimiz Avropa çempionlarını, dünya çempionlarını yaxından görəcəklər. Bu da onlar üçün böyük bir stimul olacaq. Gələcəkdə onlar da olimpiya oyunlarında, Avropa çempionatlarında iştirak etmək haqqında fikirləşəcəklər. Əminəm ki, Azərbaycan idmançıları Bakıda keçirilən ilk Avropa Oyunlarında yüksək səviyyədə çıxış edəcək, bayrağımızı yüksəklərə qaldırıb dövlətimizi və xalqımızı sevindirəcəklər.

Zemfira MEFTAHƏDDİNOVA:

- Əvvəla, bu görüş üçün çox sağ olun demək istəyirəm. Elçin müəllim idman haqqında ətraflı danışdı. Mən də öz tərəfimdən bir neçə söz demək istəyirəm. Atıcılıq sahəsində məşqçimiz Hafiz müəllimin rəhbərliyi ilə yaxşı ənənələr yaranıb. Belə ki, idmançılarımız yarışlarda həmişə ön yerləri tuturlar. 1979-cu ildə SSRİ xalqlarının spartakiadasında sonuncu çempion da bizim komandamız - Azərbaycanın komandası olub.

Mən özüm artıq 40 ildir atıcılıqla məşğulam. Xatırladım ki, 1990-cı illərin başlanğıcında bizim məşq etmək üçün atıcılıq meydançamız yox idi. Belə meydançaları olan ölkələrə məşqlərə gedirdik. Sayımız da çox olmazdı. Yığmamızın tərkibi iki-üç nəfərdən ibarət idi. Aramızda dünya çempionu Valeri Timuxin də var idi. Çətinliklərə baxmayaraq, yarışlardan medallarla qayıdırdıq. Qızıl, gümüş, bürünc medallar qazanırdıq.

Uğurlarımızın zirvəsinə olimpiadada çatdıq. Ölkəmizdə məşq meydançasının belə olmadığını nəzərə alsaq, qazandığımız qələbə çox böyük idi. Hətta yaponlar bizdən soruşurdular ki, siz necə, harada məşq edirsiniz? Məşq şəraitimiz barədə məlumat alandan sonra təəccüblənirdilər ki, bu halda necə qələbə qazanmaq olar?!

Bakıya qayıtdıqdan sonra dövlət başçısı bizi qəbul etdi və bundan sonra atıcılıq meydançası tikilməyə başladı. Hazırda həmin obyekt yenidən qurulub, əslində təzədən tikilib və bütün dünya standartlarına cavab verir. Mən ümidvaram ki, burada böyük yarışlar keçiriləcək və böyük qələbələr qazanılacaq!

Bizim Qəbələdə də bir atıcılıq meydançamız var. Orada hətta Dünya kuboku yarışları keçirilir. Məsələn, keçən il Qəbələdə Dünya kubokunun finalı çox yüksək səviyyədə keçdi. Bu günlərdə ulu öndər Heydər Əliyev mükafatı uğrunda Qran-pri yarışları da eyni ünvanda baş tutdu. Mən də orada iştirak edib beşinci yeri tutmuşam. Atıcımız Nurlana Cəfərova üçüncü yeri tutdu.

Ənənələrimiz davam edir. Belə ki, meydança yaranandan sonra bizim idman sahəsinə maraq artıb. Məşqlərə çoxlu uşaq gəlməyə başlayıb. Nəzərə alsaq ki, digər idman sahələri ilə müqayisədə atıcılıq o dərəcədə də populyar deyil, amma son illərdə bu sahəyə də güclü marağın göstərilməsi sevindiricidir. Çünki bu, çox lazımlı bir sahədir, gərəkli bir işdir.

Yaxşı nəticələr, beynəlxalq yarışlarda qazanılan medallar var. Gənc, ümidverən atıcılarımızdan Əlimirzə Quliyev də I Avropa Oyunlarında iştirak edəcək. Bizim komandada çıxış edənlərin sayı altı nəfər olacaq. Proqnoz vermək istəməzdim. Biz heç vaxt qazanacağımız qələbələrdən, alacağımız medallardan əvvəlcədən danışmağı sevmirik. Çalışırıq ki, istəyimizi işdə, yarışda sübut edək.

Əlbəttə, mən idmanla xudahafizləşmək istəyirəm. Əslində bu, artıq baş verib. Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri təyin olunmuşam. Bununla belə, çalışıram ki, sevimli idman növüm inkişaf etsin.

I Avropa Oyunlarına gəldikdə isə, demək istəyirəm ki, bu idman tədbirinin Bakıda keçirilməsi böyük nailiyyətimizdir. Bu ona görə mümkün olub ki, beynəlxalq idman aləmində Azərbaycanı tanıyır, ona hörmət bəsləyir və hətta ondan çəkinirlər! Əvvəllər bizim idmançıları sovet idmançısı kimi tanıyırdılarsa, artıq 20 ildən çoxdur müstəqil ölkənin nümayəndələri kimi qəbul edirlər. İndi Azərbaycan hər yerdə tanınır, onun inkişaf etmiş ölkə olduğunu və burada idmana xüsusi önəm verildiyini hamı bilir.

Azərbaycana gələn qonaqların ölkəmizə valeh olması üçün bircə dəfə onun paytaxtını görmək kifayət edir. Elə bu günlərdə mən Azərbaycana gəlmiş rəqiblərimi, eyni zamanda rəfiqələrimi yola salarkən söylədilər ki, Bakının indiki görkəminə vurulublar. Xaricdən gələn idmançılar ilk növbədə insanlarımızı sevirlər. Çünki onların mehribanlığını, istiqanlığını dərhal hiss edirlər. Mətbəximizi çox bəyənirlər. Hətta arıqlamaq istəyənlər də belə dadlı yeməklərdən imtina etmirlər!

Elnur MƏMMƏDLİ:

- Azərbaycanın mühüm beynəlxalq idman yarışlarında uğurlu iştirakı və mötəbər tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etməsi ölkəmizə gələcəkdə qlobal səviyyədə təşkil olunacaq idman layihələrini həyata keçirmək sahəsində mühüm təcrübələrin qazanılması deməkdir. Ona görə xalqımızın beynəlxalq yarışların başlanacağı günü sevinc və həyəcan hissi ilə gözləməsi təbiidir. İdman ictimaiyyətinin nümayəndələri əlamətdar hadisə olan “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə müsbət təsir edəcəyini vurğulayırlar. Bunun da səbəbləri az deyil. Bir sıra mühüm məqamlara diqqət yönəltmək istərdim.

Bu Oyunlar Avropa qitəsində ilk dəfədir ki, təşkil olunur. Belə bir mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə edilməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymət, eyni zamanda ölkə idmanının qələbəsidir. Bu gün idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideyalarının təbliği, adıçəkilən sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər qurğuların inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi məkana, eyni zamanda, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Artıq Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, həmçinin qitə və dünya çempionatlarına da ev sahibliyi edir. Bu gün dinamik inkişafına görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan eyni zamanda dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur.

Sərraf HÜSEYNOV:

- I Avropa Oyunları yalnız idman ictimaiyyətinin deyil, hər bir azərbaycanlının sevinc və qürur yeridir. Burada bir masa arxasında əyləşdiyim görkəmli və tanınmış idmançılarımızdan fərqli olaraq, ictimai-siyasi sahədə fəaliyyət göstərsəm də, bu mötəbər idman hadisəsi öncəsi mən də məşəldar oldum və Oyunların böyük alovunu yandıracaq məşəlin Biləsuvar rayonunda daşınmasında iştirak etdim. Məşəli daşıdığım vaxt yaşadığım qürur hissini sizinlə bölüşmək istəyirəm. Hesab edirəm ki, bu şərəfli missiya əbədi olaraq mənim taleyimə yazıldı.

Öncə onu qeyd edim ki, bu idman tədbirində mənim kimi yüzlərlə qeyri-idman sahəsində çalışan gəncin iştirakı I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birbaşa razılığı ilə baş tutdu. Bu isə onu göstərir ki, əsas mesajı dünyanı sülhə səsləmək olan ilk Avropa Oyunları təkcə idman ictimaiyyətinin deyil, hər bir vətəndaşın bayramıdır. Dünyada sülhün olması təkcə idmançıların üzərinə düşən missiya deyil. Sülhün bərqərar olması üçün bütün insanlar çalışmalı, mübarizə aparmalı və dünyada insanlığı qoruyan addımlar atmalıdırlar.

Ümumiyyətlə, Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etmək haqqını çoxdan qazanıb. İndiyədək ölkəmizdə hər il çoxlu sayda beynəlxalq tədbirlər, dünya liderlərinin toplandığı forumlar, konfranslar keçirilib. Fəxr hissi ilə qeyd etməliyəm ki, hər bir beynəlxalq tədbir ən yüksək səviyyədə təşkil olunub. Ən əsası, bu tədbirlərin hər biri respublikamızın dünyadakı nüfuzunun yüksəlməsinə təkan verib. O cümlədən Azərbaycan təkcə enerji ehtiyatlarına görə deyil, həm də insan resursuna, intellektual potensialına görə dünyanın diqqət mərkəzinə düşə bilmişdir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilməsi, o cümlədən idman sahəsində qazanılan nailiyyətlər Azərbaycana növbəti beynəlxalq tədbirə - I Avropa Oyunlarına ev sahibliyi şərəfini nəsib etdi. İlk Avropa Oyunları ölkəmizin imicinin daha da möhkəmlənməsinə imkan yaradacaq, Azərbaycanın öz mədəniyyətini, incəsənətini, idmanını və ən əsası haqq səsini dünyaya çatdırmaq üçün çox mühüm vasitə olacaq.

Bu gün bütün ölkə ictimaiyyəti I Avropa Oyunlarının məşəlinin səyahətini izləyir. Prezident İlham Əliyevin aprelin 26-da müqəddəs “Atəşgah” məbədində alovlandırdığı məşəlin əldən-ələ keçərək ölkəmizin hər bir şəhər və rayonundan keçməsi olduqca mühüm məsələdir. Çünki bu hadisə həm ölkəmizi öz vətəndaşlarımıza daha yaxından tanıdır, həm də dünyaya göstərir. Bir çoxları elə düşünür ki, Azərbaycanın iqtisadi, mədəni, sosial inkişafının əsas göstəricisi Bakı şəhəridir. Bu baxımdan hər bir vətəndaşa regionlarımızda olan inkişafı göstərmək çox vacibdir. Odur ki, Avropa Oyunlarının məşəlinin bölgələrimizi dolaşması regionlarımızdakı inkişafın, ölkəmizin iqtisadi qüdrətinin nümayişidir. Məşəlin şəhərlərimizdən, rayonlarımızdan keçməsi Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, turizm imkanlarını və mədəniyyətini də dünyaya təqdim edir.

Əminəm ki, cənab Prezident tərəfindən alovlandırılan bu məşəl Azərbaycanın növbəti qələbələri üçün bir çıraq olacaq. Azərbaycan bu gün beynəlxalq aləmə təkcə iqtisadi inkişaf modelini deyil, həm də UNESCO tərəfindən maddi və qeydi-maddi irsi kimi qorunan mədəniyyət nümunələrini, multikulturalizmini, tolerantlığını təqdim edərək dünyanı heyrətləndirir.

I Avropa Oyunlarında diqqəti çəkən əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq tədbirlərin təşkilatçılğı və hazırlığı istiqamətində ortaya qoyduğu nümunədir. Qısa müddət ərzində tikilib istifadəyə verilən idman mərkəzləri, böyük idman arenaları göz oxşayır. Qeyd etdiyim kimi, Azərbaycan bundan əvvəl də bir çox mötəbər tədbirlərə ev sahibliyi edib. Onların hər birində təşkilatçılıqdan razılıq ifadə olunub. Bu idman bayramı isə digərləri ilə müqayisədə daha möhtəşəm olacaqdır.

Belə mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin yürütdüyü mətin və uzaqgörən siyasətin tərkib hissəsidir. Eyni zamanda, cənab Prezident daim çalışır ki, ölkəmizə qarşı işğalçılıq siyasətini həyata keçirən Ermənistanın və dünya erməniliyinin əsl simasını bütün dünya tanısın. Ona görə xarici ölkə vətəndaşlarının gəlib Bakını, Gəncəni, Şəmkiri, Cəlilabadı görməsi, işğal altında olan Ağdam, Şuşa, Kəlbəcərlə bağlı məlumat alması və o yerlərlə maraqlanması, erməni vandalizminə şahidlik etməsi bu məqamda çox vacib məsələdir. Bütövlükdə Azərbaycan belə tədbirləri təşkil etməklə həm beynəlxalq aləmdə dostlarının sayını artırır, həm ən etibarlı tərəfdaşa çevrilir və həm də bizə qarşı olan qüvvələrin iç üzünü dünyaya təqdim edir.

 

(Ardı var)

 

Azərbaycan.-2015.- 27 may.-  S.4-5.