Məşəli dağlar diyarı qarşıladı

 

Məşəl İsmayıllıda və Qəbələdə alovlandı

 

Ölkəmizi diyar-diyar dolaşan I Avropa Oyunlarının məşəli qədim sənətkarlar yurdu Şəkidən sonra dağlar diyarı İsmayıllıya gətirildi. Şəhərin bayramsayağı bəzədilmiş prospekt və küçələri, meydan və parkları qələbəlik idi. İsmayıllı möhtəşəm bir bayram ovqatı yaşayırdı. Neçə gündən bəri hərtərəfli hazırlıq işlərindən sonra böyükdən-kiçiyə hər kəs Oyunların məşəlinin İsmayıllıda alovlanacağı anı qürur dolu həyəcanla gözləyirdi.

Nəhayət, bu da gözlənilən an: şəhərin Nizami küçəsinin başlanğıcında qurulmuş Oyunların rəmzi qapısından məşəl alqış sədaları altında daxil oldu. Hiss olunurdu ki,  sevinc, qürur dolu bu məqam İsmayıllı sakinlərinin yaddaşından uzun illər silinməyəcək. Çünki İsmayıllıda da I Avropa Oyunlarının gəlişi ilə tarixi anlar yaşanır, tarixin bir parçası yazılırdı.

Məşəli çoxnövlü döyüş üzrə dünya çempionu Bayram Qəhrəmanov qəbul etdi və Heydər Əliyev prospekti istiqamətində yürüş başlandı. Karate üzrə Avropadünya çempionu Tuncay Əliyev, cüdoçu, respublika birinciliklərinin mükafatçısı Vüsalə Dəmirova, bədən tərbiyəsi və idman müəllimləri Elvin Əliyev, Bənövşə İsmayılova, kollec tələbəsi Rahid Rəcəbli, qabaqcıl təhsil işçisi Çingiz Muradlı və digərləri məşəli növbə ilə bir-birinə ötürə-ötürə ulu öndərin adını daşıyan prospekt boyunca 2 kilometrdən çox məsafə qət etdilər. Onları hər addımda şəhər sakinləri böyük coşqu və alqış sədaları ilə qarşılayırdılar. Beləcə, Oyunların məşəli bu  yaxınlarda əsaslı təmirdən çıxmış Mədəniyyət evinin qarşısına gətirildi.

Onu da qeyd edək ki, buradakı şəhər parkı sakinlərin ən çox üz tutduqları, istirahət etdikləri məkandır. Son dövrlər yenidənqurma və abadlıq işlərinin görüldüyü, uca çinarların xüsusi yaraşıq verdiyi bu məkanda qurulmuş səhnədə I Avropa Oyunlarının kasa formalı məşəlini pauerliftinqBench-press idman növü üzrə Avropadünya çempionu Kamil Qafarov  alovlandırdı. Minlərlə insanın alqış sədaları altında  İsmayıllı tarixi anlar yaşadı. Oyunların rəmzi çırağı yandırılaraq mötəbər turnir başa çatanadək saxlanılmaq üçün rayona  təhvil verildi. Sonra aprelin 26-da I Avropa Oyunlarının məşəlinin “Atəşgah”da alovlandırılması ilə bağlı mərasimdən bəhs edən videoçarx nümayiş etdirildi.

Mərasimin sonunda bu tarixi anların sevincini, həyəcanını bir-biri ilə bölüşən şəhər sakinlərinə yaxınlaşıb təəssüratlarını soruşduq. Qarabağ müharibəsi əlili Kamil Dadaşov dedi: “Tarixi anlar yaşadıq. Bizim rayonumuz da I Avropa Oyunlarının ölkəmizi gəzib insanlara sevinc bəxş edən məşəlini qarşılamaqla Avropanın idman tarixinin bir səhifəsinə döndü. Çox sevinirəm ki, mən də bu tarixi hadisənin iştirakçısı oldum. Belə bir ölkənin vətəndaşı olmağımla fəxr edirəm. Avropa bizə etimad göstərdi. Bizim də ölkəmiz möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında bu etimadı, bizə bəslənən ümidləri layiqincə doğruldur. Mən bu tarixi anlarda torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş vətən oğullarını da xatırladım. Qoy onların ruhu şad olsun! Bütün varlığımla inanıram ki, biz o torpaqlara qayıdacağıq və belə bayramları işğaldan azad edəcəyimiz yurdlarımızda da keçirəcəyik. O günləri görməyi hər kəsə arzu edirəm”.

Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev də mərasim iştirakçıları arasında idi. 83 yaşlı bu ağsaqqalın da ürəyi dolu idi: Həyatımda çox şey görmüşəm. Uşaqlığım faşizmə qarşı müharibə illərinə düşüb. Ömrüm boyu çox enişli-yoxuşlu yollardan keçmişəm. Heç vaxt ağlıma gəlməzdi ki, insanlarının ayağından qaloş, rezin çəkmə çıxmayan kənd rayonu İsmayıllı bu qədər inkişaf edə, bu qədər dəyişə bilər. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Onun rayonumuza qayğısı çox olub, indibu qayğını möhtərəm Prezident İlham Əliyevdən görürük. Bir İsmayıllı ağsaqqalı kimi ona dərin minnətdarlığımı bildirirəm. Həm də ona görə minnətdaram ki, bu böyük idman tədbirinin ölkəmizdə keçirilməsi ilə Azərbaycanı bütün dünyaya tanıdır. Allahımdan çox razıyam ki, belə günləri görmək, insanlarla bir yerdə bu cür  sevinmək mənə də qismət oldu. Bütün xalqımıza cansağlığı və həmişə xoş günlər arzulayıram!

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun da sevinci hədsiz idi: Mən də qürur duyuram ki, bu tarixi anların iştirakçısı oldum. İsmayıllı hələ sovetlər dönəmindən pəhləvanları və güləşçiləri ilə tanınıb. İndi də ölkə idmanına töhfə verən idmançılarımız az deyil. Elə bu gün məşəlinin İsmayıllıda alovlandığı I Avropa Oyunlarında iki idmançımız - çüdo üzrə respublikaAvropa çempionu Günel Həsənli və sambo üzrə dünya ikincisi Fəridə Qurbanova iştirak edəcək. İnanırıq ki, həm bizim idmançılar, həm digər təmsilçilərimiz öz qələbələri ilə bayrağımızı ucaldıb, himnimizi səsləndirəcəklər.

I Avropa Oyunlarının məşəli İsmayıllıdan sonra Qəbələ rayonuna yola salındı.

 

Azərbaycan.-2015.- 27 may.-  S.6.