Möcüzələr şəhərində
bayram növrağı
Məşəl
İsmayıllıda və Qəbələdə alovlandı
İndiyə qədər ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin miqyası baxımından Qəbələ şəhəri, mübaliğəsiz deyə bilərik ki, bütün bölgələri üstələyir. Bu qədim yurdda keçirilən forumların, festivalların, işgüzar görüşlərin və digər beynəlxalq tədbirlərin iştirakçıları həmişə Qəbələdən böyük təəssüratla ayrılıblar.
Mayın 26-da Qəbələ daha bir unudulmaz gün yaşadı. Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarının məşəli İsmayıllı rayonundan sonra Qəbələyə gətirildi.
Məşəl karvanının gəlməsi ərəfəsində şəhər sakini, əmək veteranı Qüdrət Səmədovla söhbət etdik. Qüdrət müəllim belə bir tarixi hadisənin iştirakçısı olduğundan qürur duyduğunu bildirdi: “Qəbələdə bir çox beynəlxalq tədbirlərin keçirilməsinin şahidi olmuşuq. Ancaq bu bir ilkdir. İlk dəfədir ki, Avropa Oyunları keçirilir və bu mötəbər turnirə Azərbaycan ev sahibliyi edir. Bu idman tarixinin ölkəmizdə yazılmasında möhtərəm Prezident İlham Əliyevin qətiyyəti, mətin iradəsi və dönməz mövqeyi mühüm rol oynayıb. Məhz onun uzaqgörənliyi, müdrik siyasəti sayəsində Azərbaycan Avropada və dünyada müsbət imicə malik, sülhpərvər, bütün dövlətlərlə mehriban və beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibət qurmağa çalışan, heç kimin sərvətində, torpağında gözü olmayan humanist bir ölkə kimi tanınıb. Son illərdə Azərbaycan idman ölkəsi kimi də Avropanın diqqətini çəkir. Bu baxımdan ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə təbii baxmaq lazımdır. Bizə etimad göstərənlər hazırlıq prosesində bir daha əmin oldular ki, Azərbaycana olan inamlarında yanılmayıblar. İstər hazırlıq işlərində, istərsə də “Bakı- 2015” I Avropa Oyunlarının ayrı-ayrı ölkələrdə keçirilmiş təqdimat mərasimlərində ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fədakar əməyi xüsusi qeyd edilməlidir. Qəbələ də digər bölgələrimiz kimi, Oyunların məşəlinin qarşılanmasına böyük bayram ovqatı ilə hazırlaşıb. Bu bayram münasibətilə hər kəsi təbrik edir, atletlərimizə uğurlar arzulayırıq”.
Qəbələdə həmin gün istər məşəlin yürüşü üçün ayrılan prospekt və küçələr, istərsə də şəhərin başqa yerləri səliqə-sahmanı, abadlığı ilə göz oxşayırdı. Ümumiyyətlə, Qəbələyə gələn adi turistdən tutmuş tədbir iştirakçılarına, sənət adamlarına qədər hər kəs əsrarəngiz təbii gözəlliklərin ovsununa biganə qala bilmir, heyranlığını şövqlə dilə gətirir. Qəbələnin son illərdəki sürətli inkişafı, burada həyata keçirilən tikinti-quruculuq işləri füsunkar təbiət gözəlliklərini özünəməxsus şəkildə tamamlayır. Geniş və rahat yolları, müasir milli memarlıq tikililəri, beynəlxalq aeroportu, turizm mərkəzləri, dünya standartları səviyyəsində hotelləri və digər infrastruktur obyektləri, həmçinin mehriban və qonaqpərvər insanları ilə bu qədim Azərbaycan şəhəri müsafirlərin qəlbində unudulmaz xatirəyə dönür. Qəbələdə keçirilən ənənəvi beynəlxalq musiqi festivallarına dünyanın 30-a yaxın ölkəsindən - ABŞ, Fransa, Rusiya, Çin, Xorvatiya və digər dövlətlərdən tanınmış ifaçılar, dünya şöhrətli musiqiçilər gəlir. Bu festivalın keçirilməsində təşkilatçı kimi Heydər Əliyev Fondunun zəhməti həmişə yüksək qiymətləndirilir.
Bəli, mayın 26-da I Avropa Oyunlarının məşəli belə bir şəhərə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbirincə desək, adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada yer alan Qəbələyə gətirildi. Oyunların rəmzi qapısından keçəndən sonra məşəli fəal gənc Anar Mustafayev qəbul etdi. Sonra onu növbə ilə boks üzrə məşqçi Zaur Tahirov, bədən tərbiyəsi və idman müəllimi İbrahim Faxulov, rayonun fəal gənclərindən olan Namiq Ağayev, İsmayıl Məmmədov və digər məşəlçilər təyin olunmuş marşrut üzrə Heydər Əliyev parkına gətirdilər. Burada qurulmuş səhnədə piyalə formalı məşəli Qələbə Olimpiya İdman Kompleksinin əməkdaşı Ehsan Nəzirov alovlandırdı. Mərasim iştirakçılarının alqış sədaları altında tarixi anlar yaşandı. Rəmzi çıraq Oyunlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi. Beləliklə, I Avropa Oyunlarının məşəli Azərbaycanın daha bir bölgəsində alovlanıb insanlara sevinc, qürur dolu anlar bəxş etdi.
- I Avropa Oyunlarının məşəlinin Qəbələdə qəbul edilməsi mənə etimad olunduğuna görə özümü çox xoşbəxt hiss edirəm, - deyə Anar Mustafayev təəssüratını bizimlə bölüşdü: Məşəlin rayonumuzdan keçməsi ilə Qəbələ də Oyunların tarixinə düşdü. Ümumilikdə ölkəmiz üçün böyük tarixi günlər yaşayırıq. İnanırıq ki, Oyunlarda atletlərimiz də öz qələbələri ilə bizi sevindirəcəklər.
Şəhər sakinlərindən Fəxri Soltanov, Sədaqət Bayramova və digərləri də bu tarixi hadisənin iştirakçısı olduqlarına görə qürur duyduqlarını bildirdilər, Oyunlarda təmsilçilərimizə uğurlar arzuladılar.
Mərasim Heydər Əliyev parkında Alov festivalı ilə davam etdi.
Sonra I Avropa Oyunlarının məşəli Kürdəmir rayonuna yola salındı.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2015.- 27 may.- S.6.