İtaliyanın idman portalı ilk Avropa Oyunlarından yazır

 

İtaliyanın “Generazione.web” portalında “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib.

Məqalədə qeyd olunur ki, ilk Avropa Oyunlarının başlamasına artıq çox az vaxt qalıb. Bakıda yeni inşa edilmiş və yüksək standartlara cavab verən idman obyektlərində iyunun 12-dən 28-dək 49 ölkədən idmançılar mübarizə aparacaqlar. Köhnə qitənin idman tarixində bir ilk olan bu tədbir Avropa Olimpiya Komitəsinin (AOK) təşəbbüsüdür və bundan sonra dörd ildən bir təşkil olunacaq.

Məqalədə Bakıda ilk Avropa Oyunları üçün yaradılmış infrastrukturdan bəhs olunur. Bildirilir ki, 65 min yerlik Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sarayı, “Baku Crystal Hall” və digər obyektlər yarışlar zamanı istifadə olunacaq. 57-ci “Eurovision” mahnı müsabiqəsinin təşkil olunduğuBaku Crystal Hallda voleybol yarışları keçiriləcək. Tədbirin açılış mərasimi isə Olimpiya Stadionunda təşkil olunacaq.

Müəllif məqalədə AOK-un prezidenti Patrik Hikkinin fikirlərinə də yer verib: “Olimpiya Stadionunda keçiriləcək tədbirləri böyük həyəcanla gözləyirəm. Bu obyektin yaxınlığında yerləşən Atletlər kəndində idmançılar üçün hər cür şərait yaradılıb”.

Yazıda vurğulanır ki, italiyalı idmansevərlər “Bakı-2015”iSky Italia” və digər idman kanalları vasitəsilə izləyə biləcəklər.

 

AZƏRTAC

Azərbaycan.-2015.- 27 may.-  S.7.