I Avropa Oyunları:
Xoşməramlı baxış
Biz qlobal miqyaslı möhtəşəm bir hadisənin astanasındayıq. İyunun 12-28-də Bakıda I Avropa Oyunları keçiriləcək. 2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsinin I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı verdiyi qərardan sonra Azərbaycanda qısa müddətdə müvafiq hazırlıqlara başlanılıb. Xalqın həll edilməmiş münaqişə yükü və bundan irəli gələn problemlərinin mövcud olduğu bir zamanda vaxt məhdudiyyətinə baxmayaraq, Azərbaycan son dərəcə ağır və məsuliyyətli vəzifəni qəbul edərək bütün çətinliklərə sinə gəlməyi bacardı.
Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı onu, həmçinin idman üçün cəlbedici ölkəyə çevirib. İdmanın inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir. Paytaxt şəhərdən əlavə, rayon mərkəzlərində də gənc vətəndaşların fiziki tərbiyəsində və ümumilikdə ölkədə idmanın davamlı inkişafında rolu olan müxtəlif təyinatlı müasir idman obyektləri - üzgüçülük hovuzları, qapalı və açıq stadionlar, əyləncə və istirahət mərkəzləri mövcuddur. Son dövrlərdə, 2009-cu və 2014-cü illərdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatı da daxil olmaqla, Bakıda bir sıra beynəlxalq miqyaslı tədbirlər təşkil edilib. Qusarda və Qəbələdə yeni istifadəyə verilmiş qış idman obyektləri bütün dünyadan turistləri cəlb etməkdə davam edir.
I Avropa Oyunları müasirliklə zəngin mədəni irsi bir araya gətirən Bakıda keçirilir. Yeni tikilmiş binalar - saray, mehmanxana və idman obyektləri müasir Azərbaycanın şövq və ideyalarını təcəssüm etdirir.
Azərbaycan heç bir mədəni və dini ayrı-seçkilik yükü altında qalmamaqla öz zəngin tarixi irsini ehtiramla qoruyaraq cəsarətlə gələcəyə baxır. Ona görə də Avropa Oyunları xoşməramlı dünyagörüşün göstərilməsi kimi qiymətləndirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 18-19-da Bakıda keçirilən Üçüncü Mədəniyyətlərarası Dialoq Forumunun açılışında söylədiyi nitqdən sitat gətirmək yerinə düşərdi: “Bu Oyunların təşkil edilməsi böyük çağırış idi, lakin Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlardan biridir. Biz 6000-dən çox Avropa idmançısını bir araya gətirəcəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət yaranacaq”.
Avropa Oyunları nəinki Azərbaycanın və Avropanın idman aləmində, eləcə də bütün türk dünyasında əlamətdar hadisədir. Belə ki, bir türkdilli ölkənin kifayət qədər çətin bir vəzifənin öhdəsindən gəlməsi çox sevindirici haldır.
Türk xalqları təbiətən mədəniyyət və dini cəhətdən təcridolunma meyillərini rədd edən xalqlardır. Tarix boyu əsasən köçəri həyat tərzi keçirən türklər atlarla bağlı və digər milli idman növlərinə yaxın olublar.
Hazırda türkdilli ölkələrdə idmanın müasir növlərinin inkişafı ilə yanaşı, milli idman növləri də dirçəlir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə çövkən, kökpar, jeered, qız quu, audarıspaq (at üstündə güləşlər), jambu atu, asıq atu, toqızqumalaq, at yarışlarının müxtəlif növləri, surpapaq, çiling-ağac, toquz-korqool, ordo və başqa oyunlar üzrə mütəmadi yarışlar keçirilir. Qartal və şahin ilə ovçuluq yenidən dirçəlib və dünyada rəğbət qazanmaqdadır.
Son illərdə türkdilli ölkələrdə idman tədbirlərinin təşkil edilməsi dünyada idman sayəsində sülh və inkişafı təşviq etmək üçün onların geniş potensialının beynəlxalq səviyyədə tanınmasını sübut edir. 2011-ci ildə Qazaxıstanın ev sahibliyi ilə VII Qış Asiya Oyunları (Asiada), müvafiq olaraq, 2011-ci və 2013-cü illərdə Türkiyədə XXI Qış Universiadası və XVII Aralıq Dənizi Oyunları keçirilib. Əlavə olaraq, Bakı və İstanbulun Yay Olimpiya Oyunlarına, Almatının 2022-ci ildə Qış Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyi, eləcə də Qazaxıstanda və Azərbaycanda 2017-ci ildə gözlənilən Qış Universiadası və İslam Həmrəylik Oyunları türkdilli ölkələrin dünyada qlobal təhlükəsizik və ictimai birliyə ardıcıl dəstəyini bir daha təsdiqləyir.
Qırğızıstanda İssık-Kul gölünün sahillərində 2014-cü ildə keçirilən birinci Dünya Köçəri Oyunları milli mədəniyyət və idman ənənələrinin canlanması və qorunmasına böyük töhfə verməklə gözəl bir nümunə olaraq türk xalqları və icmaları üçün əlamətdar hadisə kimi tarixə düşdü. Köçəri Oyunları türk dünyasının birliyi və inteqrasiyasının möhkəmləndirilməsinə təkan verməklə türk əcdadlarımızın əzəli ənənələri, mənəvi özünüdərki və tarixi yaddaşını dirçəltmiş oldu.
İdman aləmində bu cür qlobal hadisələrin baş verməsi əsasən ev sahibi olan ölkənin infrastrukturunun inkişafına birbaşa töhfədir. Azərbaycanda Oyunlara hazırlıq mərhələsində bir sıra idman obyektləri və nəqliyyat infrastrukturu inşa edilib. Həmçinin sağlam həyat tərzinin və gənclərin keyfiyyətli təhsilə yiyələnmələrinin təmin edilməsi istiqamətində kütləvi təbliğatın və davamlı inkişafın nəticəsi olaraq qazanılan nailiyyətlərin gələcək nəsillərə ötürülməsinə dair təşviqat fəaliyyəti mövcuddur.
Azərbaycan bu cür təşəbbüsləri davam etdirmək niyyətindədir. Belə ki, ölkədə 2017-ci ildə İslam Həmrəylik Oyunları və 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir neçə oyunu keçiriləcək.
Jandos ASANOV,
TÜRKPA baş katibi
Azərbaycan.-2015.- 27 may.- S.7.