“Heydər Əliyev - milli ləyaqət ölçüsü” kitabının təqdimatı

olub“Heydər Əliyev - Milli ləyaqət ölçüsü” kitabının təqdimatı olub

 

Mayın 26-da Bakıda mərhum professor Zahid Qaralovun müəllifi olduğu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Heydər Əliyev - Milli ləyaqət ölçüsü” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, jurnalistlər, elmi dairələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

YAP Səbail rayon təşkilatının, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, zəngin həyatı və çoxşaxəli fəaliyyətindən, eləcə də təqdim olunan kitabın əhəmiyyətindən danışıb. O deyib ki, Azərbaycan dövlətçiliyinin formalaşdırılmasında, inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri var. İndiyədək Ulu Öndərlə bağlı çoxlu kitablar yazılıb və bundan sonra da yazılacaq. Haqqında danışdığımız bu kitab isə müəllifin ümummilli lider Heydər Əliyev barədə yazdığı beşinci kitabdır. Şəmsəddin Hacıyev Zahid Qaralovun həyat və fəaliyyəti haqqında da danışıb, onun yüksək insani keyfiyyətlərini qeyd edib.

Milli Məclis sədrinin müavini Bahar Muradova professor Zahid Qaralovla bağlı xatirələrini bölüşüb. Bildirib ki, onda olan həyat eşqi, sabaha inam, bu günümüzdən duyduğu qürur, keçdiyi ömür yolu və təmsil etdiyi xalqın bütövlükdə həyat yolunun ayrı-ayrı məqamları ilə bağlı keçirdiyi fəxarət hissi həm hərəkətlərində, həm davranışında, həm də münasibətində hiss olunurdu. Zahid Qaralovun mənalı ömür yolu gənclər üçün örnəkdir. O, malik olduğu bütün imkanları xalqımızla bölüşdüyü kimi, Ulu Öndər haqqında olan fikirlərini, onun irsinə münasibətini və Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, fəaliyyətinin ayrı-ayrı məqamlarını da hər zaman bizimlə bölüşüb. Onun müəllifi olduğu bu kitab özünəməxsusluğu ilə seçilir. On fəsildən ibarət olan kitabda fikir, ideya, məqsəd ardıcıllığı var. Nə qədər ki Azərbaycan var, ölkəmizin ulu öndər Heydər Əliyev yolu ilə inkişaf strategiyası da mövcud olacaqbiz respublikamızı uğurdan-uğura məhz bu yolla aparacağıq.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da çıxışında Zahid Qaralovun zəngin və mənalı ömür yolundan danışıb, kitabın məziyyətləri barədə söhbət açıb. O deyib ki, professorun elmiictimai fəaliyyəti dövlət tərəfindən həmişə layiqincə qiymətləndirilib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev haqqında sanballı əsəri məhz Zahid Qaralov kimi bir insan yaza bilərdi. Çünki Ulu Öndərin fəaliyyət dövrünün həm birinci, həm də ikinci mərhələsi daim Zahid Qaralovun tədqiqatlarının əsas obyekti olub. Zahid Qaralov daim bu sahə ilə bağlı əsərlərində dəyərli məlumatları ictimaiyyətə çatdırıb. Siyavuş Novruzov, həmçinin Yeni Azərbaycan Partiyasının qurulmasında Zahid Qaralovun iştirakından danışıb.

Mərasimdə tarixçi alim, deputat Fəzail İbrahimli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Xıdır Qaralov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, eləcə də Zahid Qaralovun yazdığı əsərlərin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu kitab Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib onun kəsilməz xətt boyunca inkişafının yollarını göstərən, hər bir azərbaycanlının Ulu Öndər deyib fəxr etdiyi dahi şəxsiyyətin, ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərinə, elmi-siyasi irsinə həsr edilib. Vurğulanıb ki, Zahid Qaralovun yazdığı əsərlər xüsusilə gənclərimiz üçün çox faydalıdır.

Nəfis tərtibatla çap olunan kitabda müəllif yazır: Son yüz ildə Azərbaycana rəhbərlik etmiş şəxslərin fəaliyyətinin əsas istiqamətlərini təhlil etdim və belə qənaətə gəldim ki, onların arasında xalqa ləyaqətlə qulluq göstərən, Azərbaycan xalqını beynəlxalq aləmdə tanıdan, sözü ilə əməli arasında tam vəhdət olan şəxs Heydər Əlirza oğlu Əliyevdir. Ona görə də mən Onun ləyaqət ölçüsü, milli ləyaqət etalonu, milli ləyaqət nümunəsi olduğunu yəqin etmişəm. Kitaba da bu adı təsadüfi seçməmişəm: “Heydər Əliyev – Milli ləyaqət ölçüsü”.

Müəllif qeyd edir ki, Heydər Əliyev Azərbaycan xalqı üçün ən dəyərli şəxsiyyətdir, onun yolu haqq yolu olduğuna görə gələcək nəsillər yüz illərlə bu yolla irəliləyəcəklər. Bizim yazdığımız həqiqətlər isə ümummilli lider Heydər Əliyevi daha yaxından tanımaqda onlara kömək edəcək.

Bu kitabda fəsillərin adları müxtəlif mövzuları əhatə etsə də, hamısı bir yerdə ulu öndər Heydər Əliyevin ölməzliyini sübut edən aktual məsələlərdir.

Müəllif yazır ki, belə bir el misalı var: “Divarda rəsmin olunca, həyatda adın olsun”. Ümummilli lider Heydər Əliyevin divarda rəsmləri də, həyatda yüksək adı da var. Rəsmləri divarlardan çıxarmaq çətin deyil, amma heç kəs ulu öndər Heydər Əliyev sevgisini milyonlarla insanın qəlbindən çıxara bilməz. Bu istək yüz illərlə davam edəcək”.

Kitabda qeyd edilir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın təhrif olunmuş tarixinin bərpası, həqiqi elmi tarixinin yazılması istiqamətində çox zəhmət çəkib. Keçmişimizi, bu günümüzü və gələcəyimizi kəsilməz xətt boyunca sistemə salmağın yollarını göstərib. Nəhayət, Ulu Öndərimizin Azərbaycan Respublikasına, Azərbaycan xalqına miras qoyduğu, rəhbərliyə seçməyi tövsiyə etdiyi güclü şəxsiyyət, dövlət idarəçiliyini şərəflə icra etməyi bacaran Prezident İlham Əliyev də ağıllı siyasəti ilə ölkəmizi tərəqqiyə aparır.

Ümummilli lider Heydər Əliyev xalqımızın ləyaqət ölçüsü kimi Azərbaycan xalqı ilə birlikdə əbədiyyətə qədər yaşayacaq.

 

Azərbaycan.-2015.- 27 may.-  S.8.