Mədəniyyət və turizm
naziri Xızıda vətəndaşları
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay bölgələrdə vətəndaşlarla görüşlər keçirirlər. Mayın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızı rayonundakı Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə nazir Əbülfəs Qarayev Xızı rayonunda Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda vətəndaşlar müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətlərini bildiriblər. Müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müxtəlif avadanlıq və ləvazimatlarla təminat, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi ilə bağlı müraciətlər, bir sıra təşəbbüslər səsləndirilib.
Görüşdə hər bir vətəndaş diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində
dövlətimizin başçısının
tapşırığı ilə keçirilən bu görüşlərin əhəmiyyətini
vurğulayıb. Qeyd edib
ki, sakinlərlə ünsiyyət
zamanı qaldırılan bir sıra məsələlər
operativ şəkildə həllini
tapır. Nazir vətəndaşların təşəbbüskarlığını,
yerlərdə mədəniyyət və turizm
sahələrindəki problemlərə diqqət yetirməsini
təqdirlə qarşılayıb.
Azərbaycan.-2015.- 27 may.- S.8.