28 May – Respublika
Günü münasibətilə rəsmi qəbul
keçirilib
Prezident İlham Əliyev rəsmi qəbulda
iştirak edib
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli
bayramı – Respublika Günü münasibətilə rəsmi
qəbul keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda
iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndi.
Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.
Azərbaycan Prezidenti İlham
Əliyevin
nitqi
- Hörmətli
xanımlar və cənablar.
Mən sizi və bütün Azərbaycan xalqını
qarşıdan gələn Respublika Günü münasibətilə
ürəkdən təbrik edirəm.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması
dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman
aləmində ilk demokratik respublika yaradılmışdır.
Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı
yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması bir daha onu göstərir ki, Azərbaycan
xalqı çox istedadlı, vətənpərvər və
mütərəqqi xalqdır. Azərbaycan
xalqı müstəqilliyə qovuşurdu.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının
xatirəsi bizim üçün əzizdir. Azərbaycan
dövləti və Azərbaycan xalqı onların xatirəsini
ehtiramla yaşadır. Bir neçə il
bundan əvvəl mənim Sərəncamımla Bakının
mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə
abidə ucaldılmışdır. Bu gün səhər
mən o abidəni ziyarət etdim.
Dövlət quruculuğu prosesi başlamışdı. Demokratik
institutlar təsis edilmişdi. Siyasi
islahatlar aparılmağa başlamışdı. Bizim dövlət atributlarımız qəbul
edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq
edilmişdi. Qadınlara səsvermə
hüququ verilmişdi. Onu da qeyd etməliyəm
ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən
daha da əvvəl etmişdi. Bir sözlə,
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox
müsbət, uğurlu idi. Baxmayaraq ki, Xalq
Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə
edirdi.
Eyni zamanda, əfsuslar ki, itkilərimiz də olmuşdur. Onların
içində ən böyük itkimiz İrəvanın Ermənistana
verilməsi olmuşdur. Bu, sağalmayan
yaradır. Əlbəttə, biz tarixi həqiqətləri
bilməliyik. Əfsuslar ki, tarix
yaşlı nəslə təhrif edilmiş şəkildə
təqdim olunurdu. Biz oxuduğumuz tarix
kitablarında tarixi həqiqətləri görmürdük.
Ona görə, bəzi qaranlıq məqamlar da
olmuşdur. Bu gün Azərbaycan müstəqil
dövlət kimi dünyaya açıqdır. Bu gün bütün tarixi həqiqətlər hər
bir Azərbaycan vətəndaşı üçün bəllidir,
artıq sirr deyil. İrəvanın Ermənistana
verilməsi əlbəttə ki, böyük səhv idi.
Əfsuslar olsun ki, bu addım gələcəkdə
Azərbaycana yönəlmiş erməni
işğalçı siyasətini
dayandırmamışdır.
Respublikanın ömrü qısa olmuşdur. Əgər iki ildən sonra
Azərbaycan Xalq Cümhuriyyəti süqut etməsəydi, bəlkə
də bu gün Azərbaycan dünya miqyasında ən
inkişaf etmiş ölkə ola bilərdi.
Ondan sonra sovet dövrü
başlamışdır. Sovet
dövründə həm müsbət, həm mənfi tərəflər
var idi. Hesab edirəm ki, bizim alimlər
sovet dövrünü də və Azərbaycanın rolunu da
daha geniş şəkildə təhlil etməli, sanballı
elmi əsərlər təqdim edilməlidir. Necə ki, vaxtilə mənim məsləhətimlə
alimlərimiz İrəvan xanlığı haqqında
çox dəyərli, tarixi həqiqətə əsaslanmış
elmi əsər yaratmışlar.
Sovet dövrü də mürəkkəb dövr idi, Azərbaycan
müstəqil, azad deyildi. Ancaq, eyni zamanda,
xalqımız inkişaf edirdi. Azərbaycanda
o illərdə elm, təhsil inkişaf edirdi. Bu gün biz qürur hissi ilə deyirik ki, Azərbaycanda
savadlılıq 100 faiz səviyyəsindədir. Bunun əsası əlbəttə ki, sovet
dövründə qoyulmuşdur.
Ölkəmizin sənaye potensialı inkişaf edirdi,
xüsusilə neft sənayesi. Bu yaxınlarda
faşizm üzərində Qələbənin 70 illiyini qeyd
edərkən bütün dünya bir daha gördü ki, Azərbaycan
xalqı, Azərbaycan neftçiləri ümumi Qələbəyə
nə qədər böyük töhfə vermişlər.
Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri
fərqli ola bilərdi.
Sovet dönəmində Azərbaycanın sürətli
inkişaf dövrü ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Sadəcə olaraq,
statistik rəqəmlərə baxmaq kifayətdir ki, bunu hər
kəs görsün. Məhz 1970-ci illərdən
başlayaraq Azərbaycanda çox böyük quruculuq işləri
aparılmışdır. Əgər
1970-ci illərə qədər Azərbaycan Sovet
İttifaqında ən geridə qalmış yerlərdə
idisə, 1980-ci illərin əvvəllərində Azərbaycan
ən qabaqcıl yerlərə çıxa bilmişdir.
Rusiya Federasiyasından başqa, cəmi iki
respublika donor kimi fəaliyyət göstərirdi, onlardan biri də
Azərbaycan idi.
Sovet İttifaqının dağılması nəticəsində
Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdi. O
dövrü də biz hamımız yaxşı
xatırlayırıq. O dövr də çox ağır
dövr idi. O dövrdə Azərbaycan böyük itkilər
vermişdir. Müstəqilliyimizin ilk illəri
ölkəmiz üçün çox ağır
keçmişdir. Xaos, anarxiya, iqtisadi və
siyasi böhran, vətəndaş müharibəsi,
torpaqlarımızın işğal altına düşməsi.
Xüsusilə Kəlbəcər, Laçın, Şuşa
rayonlarının işğalından sonra Ermənistan ilə
Dağlıq Qarabağ arasında coğrafi bağlantı
yarandı və bu, müharibənin birinci mərhələsinin
yekunlarına əlbəttə ki, öz mənfi təsirini
göstərmişdir.
1993-cü ildə xalqın tələbi ilə ulu
öndər Heydər Əliyev hakimiyyətə qayıdandan
sonra vəziyyət sabitləşdi. Əlbəttə,
sabitlik başlıca şərt idi ki, Azərbaycan inkişaf
etsin. Siyasi sabitlik, ondan sonra iqtisadi sabitlik
təmin edildi. 1995-ci ildə müstəqil
Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, siyasi,
iqtisadi islahatlar aparılmağa başlanmışdır.
Bir sözlə, o tarix – 1993-cü il
müstəqil Azərbaycanın yeni dövrünün
başlaması idi. Əslində müstəqilliyimiz
məhz o vaxt başlamışdır. O dövrdən
başlayaraq bu günə qədər Azərbaycan sürətlə
inkişaf edir.
Mayın 10-da - Ulu Öndərin doğum günündə
o dövrü və ondan sonrakı dövrü mən
geniş təhlil etdim. Bu gün Azərbaycan dövləti
möhkəm əsaslar, milli maraqlar üzərində qurulub.
Bizim milli ideologiyamız, azərbaycançılıq
fəlsəfəsi bütün cəmiyyəti birləşdirir.
Müstəqil Azərbaycan dövləti
möhkəm milli dəyərlər üzərində
qurulubdur. Bizim güclü iqtisadi
dayaqlarımız var. İqtisadi potensial həm iqtisadi, həm
də siyasi müstəqilliyimizi şərtləndirir. Beynəlxalq aləm Azərbaycanın
dünyadakı rolunu qiymətləndirir və bizə
çox böyük dəstək verir.
Ölkəmizdə bütün işlər müsbət
istiqamətdə inkişaf edir. Bir neçə il
bundan əvvəl yaşanan iqtisadi və maliyyə
böhranı, - bu böhran bütün dünyanı
bürümüşdü, - Azərbaycana çox az təsir
etmişdir. Hazırda yenə də dünyada
yaşanan siyasi, hərbi və iqtisadi böhran Azərbaycana təsir
etmir. Ona görə ki, biz
düşünülmüş siyasət aparırıq.
Bizim siyasətimiz milli maraqlar üzərində
qurulubdur. Milli maraqlar, Azərbaycan
xalqının maraqları bizim üçün hər
şeydən üstündür. Biz öz
gələcəyimizi bunda görürük. Müstəqil siyasətin aparılması həm
ölkədəki vəziyyəti daha da sabitləşdirir,
eyni zamanda, dünya miqyasında Azərbaycan etibarlı tərəfdaş
kimi tanınır. Bizim
sözümüzün çəkisi var və bizim rolumuz həm
regionda, həm qitədə, həm də dünyada
artmaqdadır.
Biz buna
özümüz nail olmuşuq - Azərbaycan xalqının zəhməti,
istedadı hesabına və düşünülmüş
siyasət nəticəsində. Heç kim
bizə kömək etməmişdir. Bu gün
reallıqlar onu göstərir ki, dünya miqyasında Azərbaycan
kimi sürətlə inkişaf edən ölkə çətin
tapılsın.
Eyni zamanda, ölkəmizdə ictimai proseslər müsbət
istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş
cəmiyyəti tam formalaşıb. Azərbaycanda
azad cəmiyyət mövcuddur. Bütün
azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi
sahədə. Bu, bizim uğurlu
inkişafımızı təmin edir. Baxın,
dünyanın müxtəlif yerlərində qanlı
toqquşmalar, müharibələr, böhranlar yaşanır.
Əvvəldən qalan münaqişələr
öz həllini tapmır, üstəgəl yeni münaqişə
zonaları yaradılır. Bu, bizim
gözümüzün qabağındadır. Ancaq Azərbaycan burada yenə də sabitliklə,
düşünülmüş siyasətlə seçilir.
Azərbaycan bu gərgin məkanda nəinki
sabitlik adasıdır, eyni zamanda, sabitləşdirici amildir.
Bizim bölgəyə çox müsbət təsirimiz
var. Siyasi təşəbbüslər, iqtisadi, enerji, nəqliyyat
təşəbbüsləri regional əməkdaşlığın
əsasını təmin edir və burada Azərbaycanın
rolu artır. Əlbəttə, bu, bizi
sevindirir. Ancaq ən önəmlisi ondan
ibarətdir ki, bizim artan beynəlxalq nüfuzumuz ölkəmizin
inkişafına çox müsbət təsir göstərir.
Neftin qiymətinin aşağı düşməsi də
bizə o qədər də böyük problem yaratmadı. Hər halda,
bütün sosial proqramlar, nəzərdə tutulmuş
bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə
yenidən baxmalı olduq. Ancaq hesab edirəm
ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə
resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik,
ölkəmizin və real sektorun inkişafı
üçün daha çox diqqət göstərəcəyik,
əsas vəsaiti bu istiqamətə yönəldəcəyik.
Təbii ki, sosial proqramlar və sosial məsələlər,
o cümlədən sosial infrastrukturun yaradılması da diqqət
mərkəzində olacaqdır.
Bu gün bayram ərəfəsində mən
qarşıda duran vəzifələr haqqında öz fikirlərimi
bildirmək istəyirəm. Mən bu məsələlərlə
bağlı mütəmadi qaydada öz sözlərimi deyirəm,
çıxış edirəm, xalqa hesabat verirəm və gələcək
istiqamətlər haqqında fikirlərimi
çatdırıram.
Daxili siyasətlə bağlı bizim çox konkret
proqramlarımız var. Azərbaycanda daxili sabitlik qorunur,
bütün azadlıqlar təmin edilir. Gələcəkdə
Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da
sürətlə gedəcək. Hüquqi
dövlət quruculuğu prosesi də uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək.
Mətbuat azadlığı, söz azadlığı, siyasi
fəaliyyət azadlığı, sərbəst toplaşmaq
azadlığı, vicdan, din azadlığı tam şəkildə
təmin edilir və biz gələcəkdə də bu yolla
gedəcəyik. Biz möhkəm demokratik əsaslar
qururuq ki, ölkəmizin inkişafı dayanıqlı və
uzunmüddətli olsun.
Azərbaycanda dinlərarası münasibətlər ən
müsbət şəkildə tənzimlənir. Bunu Azərbaycan
xalqı qeyd edir, görür. Eyni zamanda,
Bakıya, Azərbaycana gələn bütün xarici qonaqlar
da bunu qeyd edirlər ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası
münasibətlər ən yüksək səviyyədə təmin
edilir. Bu da bizim çox böyük sərvətimizdir
və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz
inkişafı üçün əsas şərtdir. Bundan sonra da Azərbaycanda bütün xalqların,
bütün dinlərin nümayəndələri bir ailə
kimi yaşayacaq. Bizim dövlət siyasətimiz
bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik
bizim böyük sərvətimizdir və bizim
üçün güc mənbəyidir.
Cəmiyyəti narahat edən məsələlərlə
bağlı konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa
qarşı çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, lazım gəldikdə
cəza tədbirləri həyata keçirilir. Ən əsası odur ki, bu sahədə sistem
xarakterli islahatlar, institusional islahatlar mühüm rol
oynayır. Biz bu sahədə “ASAN xidmət”in
fəaliyyətini qeyd etməliyik. Bu
yaxınlarda “ASAN xidmət” BMT tərəfindən yüksək
mükafatla təltif edilib. Qısa müddətdə,
iki il ərzində 4 milyondan çox insan
bu xidmətin imkanlarından faydalanıb. Biz bu
şəffaflıq prinsiplərini bütün sistemimizə -
dövlət quruculuğu sisteminə, maliyyə sisteminə tətbiq
etməliyik və bu müsbət təcrübəni
yaymalıyıq. Konkret tapşırıqlar verilib və
əlavə tədbirlərin görülməsi
üçün indi iş gedir.
İdarəetmə sahəsində müsbət islahatlar
aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini
xüsusi qeyd etmək istəyirəm. Mən
bu barədə dəfələrlə fikirlərimi
bildirmişəm. Bir daha demək istəyirəm
ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla
inkişaf edə bilməz. Bir adam -
Prezident, yaxud da ki, rəhbər işçilər hər bir
sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun
pozuntuları, sosial ədalətin pozulması halları
baş verir. Bu, bizi çox üzür.
Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün
mütləq çox güclü ictimai nəzarət
olmalıdır. Belə olarsa, o zaman
işlər daha da sürətlə gedər və xoşagəlməz
halların aradan qaldırılması üçün yeni bir
mexanizm yarana bilər. Burada əlbəttə
ki, dövlət idarəetmə prinsiplərində ciddi
islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət
də daha fəal olmalıdır. Biz bunu
son vaxtlar görürük. Bizim ictimaiyyət
hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər
baş verdikdə dərhal reaksiya verir. Mən
bunu alqışlayıram. Bu, bizə
kömək edir. Bu canlı bağlantı
daim olmalıdır və güclənməlidir.
Azərbaycanda daxili siyasətlə bağlı digər
məsələlər də müsbət istiqamətdə tənzimlənir. Xalqla iqtidar
arasında birlik bizim uğurlu inkişafımızın əsas
şərtidir. Azərbaycanın uğurlu
inkişafı təmin edilir.
Təhlükəsizliklə bağlı tədbirlər
indi bütün ölkələri
düşündürür. Biz bu işlərlə
ciddi məşğuluq və məhz buna görə Azərbaycanda
kriminogen durum çox müsbətdir. Biz
adambaşına düşən cinayətlərin
sayının azlığına görə dünyada ən
yaxşı yerlərdən birini tuturuq. Azərbaycanda
siyasi, iqtisadi islahatlar, insanların rifah halının
yaxşılaşması, eyni zamanda, təhlükəsizlik tədbirlərinin
tətbiqi nəticəsində bu gün deyə bilərəm
ki, ölkədə daxili təhlükə mənbəyi
yoxdur. Əlbəttə ki, xaricdən təhdidlər ola bilər, xüsusilə, terrorizmlə
bağlı təhdidlər. Ancaq bizim hüquq
mühafizə orqanları bu məsələlərlə
bağlı ciddi fəaliyyət göstərirlər. Əminəm ki, Azərbaycan xalqı bundan sonra da təhlükəsizlik
şəraitində yaşayacaqdır.
Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər
keçirilir.
Mən bunu alqışlayıram. Deyə bilərəm ki, bir çox hallarda bu tədbirlərin
təşəbbüskarı da mənəm. Mən hesab edirəm ki, bu, ölkəmizin
inkişafı üçün çox vacibdir. Eyni zamanda, dünyada Azərbaycanı daha da çox
tanıyacaqlar, Azərbaycana daha da çox hörmət edəcəklər.
Deyə bilərəm, təmasda olduğum və
Bakıya gələn bütün qonaqlarla apardığım
söhbət əsnasında onlar qeyd edirlər ki, Azərbaycanın
və Bakının bu qədər inkişaf etmiş ölkə
və şəhər olduğunu gözləmirdilər.
Azərbaycanda siyasi tədbirlər, dövlət və
hökumət başçılarının iştirakı ilə
müzakirələr, forumlar, mədəniyyətlərarası
forumlar keçirilir. Bu yaxınlarda III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu və Qlobal Bakı Forumu keçirilmişdir.
Azərbaycanda Beynəlxalq Humanitar Forum
keçirilir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri,
Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər
beynəlxalq idman yarışları Azərbaycanı
dünyaya inkişaf edən, müasir, güclü dövlət
kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana
qoyulan investisiyaların həcmində də, turistlərin
artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də
real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir.
Biz gələcəkdə də Azərbaycanda
müxtəlif qlobal tədbirlərin keçirilməsini təmin
edəcəyik. Bu gün Bakı, Azərbaycan
regionun iqtisadi, siyasi və mədəni mərkəzlərindən
biridir.
Xarici siyasətlə bağlı bizim
düşünülmüş addımlarımız ölkəmizin
imicini yüksəldir. Bu da göz qabağındadır. Biz bütün ölkələrlə bundan sonra da bərabərhüquqlu
əlaqələrin inkişafını təmin edəcəyik.
Bu, xarici siyasətimizin əsas prinsiplərindən
biridir. Biz daha çox ikitərəfli
formata üstünlük veririk. Biz
görürük ki, ikitərəfli formatda çox
böyük nailiyyətlər əldə etmək olar - həm
siyasi əlaqələr, həm də iqtisadi investisiya
baxımından. Azərbaycanın ikitərəfli
formatda heç bir ölkə ilə heç bir problemi yoxdur.
Əksinə, biz bütün ölkələrlə
çox sağlam əlaqələr yarada bilmişik. Bu əlaqələr əlbəttə ki, prinsiplər
üzərində qurulmalıdır və qurulubdur. Bizim siyasətimiz həmişə bundan ibarət
olmuşdur ki, burada bərabərhüquqlu, bir-birinə
hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri
əsasında üfüqi əlaqələr olmalıdır.
Biz buna nail oluruq. Bizim həmişə
təbliğ etdiyimiz bu prinsiplər bu gün başqa ölkələrlə
əlaqələrimizdə üstünlük təşkil
edir.
Beynəlxalq təşkilatlarla əlaqələrimiz də
yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda
fəal iştirak edirik və bundan sonra da fəal iştirak edəcəyik.
İlk növbədə, BMT-də və
Qoşulmama Hərəkatında. Bu qurum
BMT-dən sonra ölkələrin sayına görə ikinci təşkilatdır.
Azərbaycan Qoşulmama Hərəkatına bir neçə il bundan əvvəl üzv olmuşdur və dərhal
bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü əsasında həlli ilə
bağlı qətnamə qəbul etmişdir.
Azərbaycan müsəlman aləminin bir
parçasıdır və İslam Əməkdaşlıq Təşkilatının
fəal üzvüdür. Bu yaxınlarda
İslam Əməkdaşlıq Təşkilatının
baş katibi ölkəmizdə olarkən Azərbaycanın
rolu haqqında danışırdı. Eyni
zamanda, biz Avropa Şurasının üzvüyük və bu
yaxınlarda Avropa Şurasına sədrlik edirdik. Bu əməkdaşlıq da həm bizim, həm də
Avropa Şurası üçün çox önəmlidir.
Bu yaxınlarda III Beynəlxalq Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində qeyd edilirdi ki, məhz
Azərbaycan “Bakı prosesi”nin müəllifi
olmuşdur. “Bakı prosesi” Avropa Şurası ilə
İslam Əməkdaşlıq Təşkilatı
arasında mədəniyyət sahəsində və başqa
sahələrdə dialoqun əsasını təşkil
etmişdir.
Bizim bu nadir rolumuz bu gün həm müsəlman aləmində,
həm də Avropada yüksək qiymətləndirilir. Sizə deyə
bilərəm ki, heç bir başqa ölkə hazırda bu
rolu öz üzərinə götürə bilməz,
götürsə də bizim qədər uğur əldə
edə bilməz. Çünki Azərbaycanda
bu müsbət prosesin inkişafı üçün
çox möhkəm tarixi əsaslar var. Əsrlər boyu Azərbaycanda
multikulturalizm meyilləri yaşayıb. Sadəcə
olaraq bu, yeni söz olduğu üçün biz bu
sözü bilmirdik və bu sözü tələffüz etmək
o qədər də asan deyil. Ancaq bu anlayış
Azərbaycanda həmişə var idi. Üstəgəl
bu gün bizim dövlət siyasətimiz də bu əsaslar
üzərində qurulur və bu siyasət real siyasətdir.
Bu, hansısa şüar naminə deyilən
sözlər deyil. Çünki, bilirsiniz,
beynəlxalq aləmdə, hər kəs şüarı real
işdən ayıra bilir. Ona görə,
bu nadir rolu Azərbaycan öz üzərinə
götürüb. Götürməyə
də bilərdi. Götürməsəydik
də, bilirsiniz, hər halda bizim iqtisadi, siyasi
inkişafımız üçün heç bir problem
yaranmazdı. Amma biz bu rolu üzərimizə
götürürük. Çünki biz
istəyirik ki, dünyada müsbət meyillər
üstünlük təşkil etsin. Biz
istəyirik ki, dinlərarası əlaqələr normal,
sağlam məcrada olsun. Əks təqdirdə,
dünyada parçalanma meyilləri daha da güclənəcək.
Biz onu görürük. Hazırda
dini, milli zəmində, məzhəb əsasında
qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə
aparır. Əlbəttə ki, ölkəmizin
dünya xəritəsindəki coğrafi yeri o qədər də
böyük deyil. Amma
gördüyümüz işlər çox
böyükdür. Biz bundan sonra da bu
istiqamətdə səylərimizi göstərəcəyik.
Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Burada da bizim
siyasətimiz və mövqeyimiz birmənalıdır. Birincisi, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan
torpağıdır. Erməni lobbisinin
çirkin səylərinə baxmayaraq, hesab edirəm, biz son
illər ərzində apardığımız siyasət nəticəsində
sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan
torpağıdır. İkincisi,
Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən
Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır.
Biz BMT-yə üzv olduqda Dağlıq
Qarabağ da bütün dünya tərəfindən Azərbaycanın
tərkib hissəsi, Azərbaycanın bir parçası kimi qəbul
edildi. Bu gün siyasi müstəvidə, əlbəttə
ki, Azərbaycanın siyasi çəkisi Ermənistanın
çəkisi ilə müqayisəedilməz dərəcədədir.
Üçüncüsü, iqtisadi amildir.
Azərbaycan iqtisadiyyatı Ermənistan
iqtisadiyyatından ən azı on dəfə
böyükdür və güclüdür. Əlbəttə
ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi var. Postsovet məkanında
buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik
Şurası qətnamə qəbul etməyib. Ancaq
bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə
açıq-aydın göstərilir ki, erməni silahlı
qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxmalıdır. Ermənistan bunu
nə qədər təhrif etməyə çalışsa
da, mümkün deyil, çünki bu, yazılıb və dərc
edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar
var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir.
Eyni zamanda, Azərbaycanda çox müsbət demoqrafik
dinamika var, əhalimizin sayı artır. Artıq 9
milyon 600 mindir. Ermənistanda isə əhali
azalır. Həm təbii azalma, həm də
ki, kütləvi köç baş alıb gedir.
Onların rəsmi statistikasına görə, hər il təxminən 70-80 min vətəndaş Ermənistanı
həmişəlik tərk edir. Hesab edirəm
ki, real statistika bundan daha böyükdür. Ona görə, bu güclər nisbəti göz
qabağındadır. Münaqişə
ancaq ölkələrin ərazi bütövlüyü
çərçivəsində həllini tapa bilər.
Azərbaycanın
ərazi bütövlüyü heç bir başqa ölkənin
ərazi bütövlüyündən az əhəmiyyət
kəsb etmir. Bunu hamı bilməlidir. Məsələ ərazi bütövlüyü
çərçivəsində həllini tapacaq. Dağlıq Qarabağa heç vaxt heç bir
müstəqillik verilməyəcək. Azərbaycan
bunu heç vaxt qəbul etməyəcək və dünya
bunu heç vaxt tanımayacaq. Bu yaxınlarda orada
separatçı rejim və Ermənistan tərəfindən
keçirilmiş saxta və qanunsuz “seçkilər” bir daha
onu göstərdi ki, heç kim bunu tanımayıb
və ölkələrin bir çoxu bu “seçkilər”i
qınayıb.
Ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcək. Bu, bizim
diplomatik sahədə apardığımız səylərə
böyük dəstəkdir. Son vaxtlar,
keçən ilin yayından başlayaraq bu günə qədər
Azərbaycan Ordusu təmas xəttində tam
üstünlüyü təmin edib və düşmənə
sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf
edir ki, xarici yardım olmadan Azərbaycanın
qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər
ölmək istəmirsinizsə Dağlıq Qarabağdan,
işğal edilmiş torpaqlardan çəkilin. Ondan sonra sülh yarana bilər, ondan sonra Azərbaycan
və erməni xalqları barışa bilərlər. Biz hər halda gələcəyi belə
görürük. Biz hesab edirik ki, bu ədavət və
düşmənçilik əbədi ola
bilməz. Amma buna, ilk növbədə, sülhə
nail olmaq üçün erməni silahlı qüvvələri
Dağlıq Qarabağdan və işğal edilmiş
torpaqlardan çəkilməlidir. Burada ən
məqbul variant mərhələli həlldir. Biz dəfələrlə bu barədə öz
sözümüzü demişik. Ancaq mərhələli
həll burada məsələnin həllinə gətirib
çıxara bilər. Əks təqdirdə,
Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika,
vahimə içində yaşayacaq və gün gələcək
ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli
olacaq.
Bütün bu müsbət inkişafın təməlində
əlbəttə ki, bizim iqtisadi islahatlarımız, iqtisadi
uğurlarımız dayanır. Mən bu barədə
də kifayət qədər öz sözlərimi demişəm.
Bütün iqtisadi göstəricilər ən
müsbət mənzərə yaradır. Hətta bu il neftin qiymətinin iki dəfə
aşağı düşməsinə baxmayaraq,
iqtisadiyyatımız ötən dörd ayda beş faizdən
çox, qeyri-neft sektorumuz təxminən yeddi faiz artıb. Qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun təxminən
70 faizini təşkil edir. Valyuta
ehtiyatlarımız ümumi daxili məhsulumuzun təxminən
70-75 faizini, bəlkə də daha çox təşkil edir.
Xarici borc 10 faiz ətrafındadır.
Yoxsulluq, işsizlik beş faiz səviyyəsindədir.
Daha bundan artıq deməyə söz qalmır
və ehtiyac da yoxdur.
Gələcəklə bağlı siyasətimiz ondan
ibarətdir ki, qeyri-neft sektorunun, sahibkarlığın
inkişafı təmin ediləcək. Azərbaycanda
dayanıqlı inkişaf modeli tətbiq edilir. Əlbəttə ki, gələcəkdə sənayenin
inkişafı, kənd təsərrüfatı
istehsalının, ixrac potensialımızın
artırılması daim diqqət mərkəzində
olacaqdır.
Azərbaycanda indi sənayeləşmə prosesi gedir. Kənd təsərrüfatı
da sürətlə inkişaf edir. Bu il
“Kənd təsərrüfatı ili” elan edilmişdir. Əsas hədəfimiz budur ki, biz
özümüzü əsas ərzaq məhsulları ilə
100 faiz təmin etməliyik. Həmçinin
güclü rəqabətqabiliyyətli ixrac potensialı da
yaratmalıyıq. Çünki gələcəkdə
kənd təsərrüfatımız ancaq ixrac hesabına
sürətlə inkişaf edə bilər. Yaxın bir
neçə il ərzində biz daxili tələbatı
tam yerli istehsal hesabına təmin edəcəyik.
Nəqliyyatla bağlı gələcək
planlarımız artıq görülmüş işlər əsasında
qurulur. Ümid edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu
yaxın vaxtlarda işə düşəcək. Bu da dünya üçün çox əhəmiyyətli
layihədir. Hazırda Azərbaycanda yeddi
aeroport fəaliyyət göstərir, onlardan beşi beynəlxalq
statusa malikdir. Xəzərdə ən
böyük dəniz limanı yaradılır. Eyni zamanda, gəmiqayırma zavodu işə
düşüb, vaqonqayırma zavodu tikilir. Yəni, Azərbaycan logistik və nəqliyyat mərkəzi
kimi artıq dünya xəritəsində öz
mövcudluğunu təsdiq edir. Gələcəkdə
bu sahəyə qoyulacaq investisiyalar əlbəttə ki,
çoxşaxəli nəqliyyat infrastrukturunun
yaradılmasına kömək göstərəcək. Şimal–Cənub və Şərq-Qərb dəhlizləri
Azərbaycan ərazisindən keçir. Hər iki istiqamətdə
çox fəal iş aparılır.
Son müddət ərzində, keçən bayramlardan
sonra, görün, energetika sahəsində nə qədər əhəmiyyətli
hadisə baş vermişdir. Keçən il
sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli
qoyulmuşdur. O tarix də çox rəmzi məna
daşıyır. Ondan sonra Bakıda “Cənub”
qaz dəhlizinin Məşvərət Şurasının ilk
toplantısı keçirilmişdir. Mart
ayında isə Türkiyədə TANAP layihəsinin təməli
qoyulmuşdur. İndi bütün səylərimiz
ona yönəlib ki, bizi Gürcüstanla birləşdirən
Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini
və TANAP-Trans-Anadolu layihəsinin inşasını
vaxtında, bəlkə də vaxtından əvvəl təmin
edək. Məncə, biz
qarşımıza qoyduğumuz hədəflərə
vaxtında, bəlkə də daha tez çatacağıq.
Eyni zamanda, ümid edirəm ki, TAP-Trans-Adriatik
layihəsinin qarşısında da heç bir süni əngəl
meydana çıxmayacaq. Çünki əgər
belə əngəl olarsa, o zaman əlbəttə ki, burada
udan tərəf olmayacaq.
Onu da qeyd
etməliyəm ki, Azərbaycanın zəngin qaz resursları
bizi və tərəfdaşlarımızı bundan sonra ən
azı 100 il ərzində təmin edəcək.
Əlbəttə ki, bizim bazarlara
çıxışımızla bağlı konkret
addımlar atılır. Əgər TAP
layihəsində hər hansı bir problem yaranarsa, o zaman biz
qazımızı daha çox Türkiyə bazarına ixrac
edəcəyik. Hər halda, onu qeyd etməliyəm
ki, bazarlarla bağlı bizim heç bir
narahatlığımız yoxdur. Sadəcə
olaraq, TAP iştirakçılarının hamısı gərək
məsuliyyətli davransınlar və süni şəkildə
problem yaratmasınlar. Gələcəkdə
əlbəttə ki, “Cənub” qaz dəhlizinin tam şəkildə
işə düşməsi “Şahdəniz”
yatağının işlənməsi ilə bərabər
bizim strateji hədəfimizdir.
Əslində qarşıda duran vəzifələr daha
da çoxdur, bir çıxışda onların
hamısını qeyd etmək mümkün deyil. Sadəcə
olaraq, bəziləri haqqında fikirlərimi bildirdim. Həm söylədiyim sözlər, həm
aparılan təhlil, həm gələcəyə olan
baxışlarımız bir daha bizi əmin edir ki, Azərbaycanın
inkişafı davamlı olacaq. Biz bundan
sonra da inkişaf yolu ilə gedəcəyik. Bu inkişafın əsası bizim müstəqilliyimizdir.
Müstəqilliyimiz bizim ən böyük dəyərimizdir,
ən böyük sərvətimizdir. Biz
müstəqilliyi qoruyuruq və qoruyacağıq.
Sağ olun.
X X X
Sonra bədii proqram nümayiş etdirildi.
Azərbaycan.-2015.- 28 may.- S.2-3.