17 gün, 50 ölkə, 6000-dən çox atlet, 20 idman növü, 253 dəst medal...

 

I Avropa Oyunlarına 15 gün qalır

 

İlk dəfə Avropa Oyunlarının keçirilməsi qitə üçün böyük hadisə, ölkəmiz üçün tarixi uğurdur. Azərbaycan bu uğura həm ölkə daxilində görülən çox böyük quruculuq işləri, həm dünyada qazandığı liderlik keyfiyyətləri sayəsində nail olub.

Məlumdur ki, son illərdə Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu, səbəbsiz deyil, həmişə ölkəmiz beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bu cəhətdən ilk Avropa Oyunları da istisna təşkil etməyəcək. Azərbaycan I Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirməkdə qərarlıdır.

Xatırladaq ki, Avropa Oyunlarının keçirilməsi barədə qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib və bu Oyunların 4 ildən bir keçirilməsi qərara alınıb. Baş assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 38 səslə (əleyhinə 8, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

“Bakı-2015” qitədə çoxsaylı idman növlərini özündə birləşdirən ilk böyük tədbir olacaq. Oyunlar iyunun 12-də başlayıb 17 gün davam edəcək. Yarışlarda 6000-dən çox idmançı çimərlik futbolu, 3x3 basketbolu, karate və sambo kimi qeyri-olimpiya idman növləri də daxil olmaqla, ümumilikdə, 20 növdə mübarizə aparacaqlar. On iki idman növü “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Yarışlar 18 idman obyektində keçiriləcək.

Ümumilikdə, 253 dəst medal uğrunda gərgin mübarizənin şahidi olacağıq. Avropa Oyunlarının medalları “Bakı-2015” brendinə uyğun şəkildə hazırlanmış unikal təsvirlər yer alıb. Arxa tərəfi Avropa Olimpiya Komitəsinin emblemini və mətn simvolunu əks etdirir. Medalların tərtibatı “Soçi-2014” qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar “Azersuvenir” şirkəti tərəfindən Azərbaycanda hazırlanıb.

Bu mötəbər idman yarışına maraq böyük olduğundan nüfuzlu media qurumları da onu diqqətdə saxlayırlar. Oyunların gedişini işıqlandırmaq üçün 1500-ə yaxın media nümayəndəsinin qeydiyyatdan keçməsi buna əyani sübutdur. Xarici ölkələrin 900-ə yaxın jurnalisti Media kəndində yaşayacaqdır.

Burada onlara səmərəli işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb. Mərkəzdə jurnalistlər üçün Azərbaycan haqqında müxtəlif məlumatların əks olunduğu bukletlər və kitablar sərgilənir. Xarici media təmsilçilərinə yaradılan şərait jurnalistlərə Oyunları operativ şəkildə bütün dünyaya çatdırmağa imkan verəcək. Onları Media kəndindən idman arenalarına xüsusi avtobuslar pulsuz aparıb-gətirəcək. Media kəndindəki 4 binada ümumilikdə 536 mənzil var.

Xatırladaq ki, idman bayramının açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda keçiriləcək. “Afina-2004” Olimpiya Oyunları mərasimlərinin bədii direktoru olmuş tanınmış incəsənət xadimi, xoreoqraf, aktyor və yaradıcı baxışa sahib olan Dimitris Papaioannou bunun üçün çox böyük səylə çalışır.

Oyunlarda yarışacaq idmançılar Atletlər kəndidə yaşıyacaqlar. 383 min kvadratmetr sahəni əhatə edən Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir. On üç yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzil var. Hər mənzil 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə biləcək. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı olacaq.

Göründüyü kimi, Azərbaycan qitənin ən nüfuzlu idman tədbirini yüksək səviyyədə keçirmək əzmindədir. Oyunlar Azərbaycanı parlaq idman gələcəyinə aparan yoldur. Bu həmçinin Avropa üçün dörd ildən sonra növbəti Oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Heç şübhəsiz ki, 2019-cu ildəki Oyunlar Bakıdakı bu yarışmanın tam təkrarı olmayacaq. Belə ki, Bakıda ən yaxşı praktiki modellər hazırlanıb. Həm Atletlər, həm də Media kəndlərində yaradılan şərait dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası həm də ölkəmizin uğurlu inkişafının göstəricisidir.

Prezident İlham Əliyev Avropa Oyunlarının tarixdə ilk dəfə ölkəmizdə keçirildiyinə diqqət çəkərək bildirib ki, bu yarışların standartları da məhz Bakıda yaranacaq: “Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində, Bakıda qoyulacaq. Çünki heç vaxt bu günə qədər belə Oyunlar keçirilməmişdir. Bu Oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.

Artıq Oyunların başlamasına 15 gün qalıb. “Bakı-2015”in Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün də mühüm hadisədir. Bu həm də Azərbaycan üçün böyük sınaqdır. Çünki Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirəcək.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2015.- 28 may.-  S.1;8.