Aranda məşəl sevinci
Məşəl Kürdəmirdə
alovlandı
I Avropa Oyunlarının başlanması yaxınlaşdıqca həyəcan daha da artır. Aprelin 26-da “Atəşgah”dan od alan Oyunların məşəli isə ölkəmizi diyar-diyar dolaşıb insanlara sevinc bəxş etməkdə davam edir. Qədim Qəbələ şəhərindən sonra məşəlin səfəri mayın 27-də Kürdəmir rayonuna oldu.
Son dövrlər inkişaf tempini artıran bu aran rayonunda da məşəlin gəlişi münasibətilə hərtərəfli hazırlıq işləri görülmüşdü. Prospekt və küçələr bayramsayağı bəzədilmiş, şəhər elə bil yeni bir libasa bürünmüşdü.
Oyunların məşəlinin keçəcəyi Bakı və Heydər Əliyev prospektləri qələbəlik idi. Şəhər sakinlərinə rayonun kəndlərindən də gəlib qoşulanlar çox idi. İnsanlar sevinclərini bir-biriylə paylaşır, maraqla məşəl karvanının gələcəyi istiqamətə baxırdılar. Necə deyərlər, Kürdəmir unudulmaz bir gün yaşayırdı.
Məşəl yürüşünün başlanğıcı olan Bakı prospektində də son dövrlər əsaslı yenidənqurma işləri görülüb. Yeni layihə üzrə burada 2472 metr dekorativ hasar tikilərək aqlay və keramik plitələrlə üzlənib. Prospektdə müasir 105 işıqlandırma dirəyi quraşdırılıb. Həm bura, həm də şəhərə giriş yolları genişləndirilib. Ümumilikdə şəhərdə tikinti-quruculuq işləri geniş vüsət alıb. Bakı prospektindən əlavə, məşəlin keçəcəyi Heydər Əliyev prospektində də əsaslı yenidənqurma və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi qurulub. Heydər parkında, Babək, M.P.Vaqif, X.İslamzadə, A.Əhməd, G.Orucov, M.Füzuli, Ə.Vahid, Xətai, M.F.Axundov küçələrində, eləcə də Bayraq meydanında, Şəhidlər xiyabanında, Qələbə parkında görülən abadlıq-quruculuq işləri şəhərin simasını tamamilə dəyişib. Hazırda isə Bayraq meydanında Bayraq muzeyi yaradılır.
Belə bir şəraitdə kürdəmirlilər I Avropa Oyunlarının məşəlini qarşılamağa çıxmışdılar. Əllərində rəngbərəng şarlar tutan uşaqlar, bayraqlar tutan gənclər, milli geyimli qızlar, oğlanlar, idmançılar, gənc nəsillə çiyin-çiyinə dayanmış ağsaqqal və ağbirçəklər, bir sözlə, hər kəs Oyunların məşəlini qarşılamaq, bu tarixi hadisənin iştirakçısına çevrilmək üçün karvanın görünəcəyi anı gözləyirdi.
Nəhayət, alqış sədaları dalğa-dalğa hər yana
yayıldı. Kürdəmirin həyatında tarixi
anlar başlandı. Ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunlarının məşəli rəmzi qapıdan keçərək
Bakı prospektinə daxil oldu. Veteran,
yunan-Roma güləşçisi,
dəfələrlə müxtəlif
beynəlxalq turnirlərin
qalibi, mükafatçısı
olmuş əməkdar
bədən tərbiyəsi
işçisi Əlisahib
Əliabbasov məşəli
qəbul etdi. Bakı prospektindən Heydər Əliyev prospekti istiqamətində məşəlin
yürüşü başlandı.
Gur alqış sədaları altında məşqçi-müəllim, idman ustası Rafiq Əliyev, yunan-Roma güləşçisi
Taleh Kərimov, gənc fəal Daşqın Rüstəmov,
bədən tərbiyəsi
və idman müəllimi Şəfa
Nuriyeva və digər məşəlçilər
Oyunların məşəlini
rayon icra hakimiyyəti
binasının qarşısındakı
meydana gətirdilər.
Burada qurulmuş səhnədə
piyalə formalı məşəli məşqçi-müəllim,
yunan-Roma güləşi
üzrə idman ustası Samir Şükürov alovlandırdı.
Beləliklə, Azərbaycanın daha bir bölgəsində
I Avropa Oyunlarının
məşəli alovlanmaqla
tarixi anlar yaşandı. Şəhər sakini Leyla Cəbrayılovanın
qəbul etdiyi rəmzi çıraq isə oyunlar başa çatanadək saxlanılmaq üçün
Heydər Əliyev Mərkəzinə təhvil
verildi.
Mərasimin sonunda iştirakçıların
təəssüratları ilə
maraqlandıq. Veteran güləşçi
Əlisahib Əliabbasovun
sevinci hədsiz idi: “I Avropa Oyunlarının rayonumuza
gələn məşəlini
qəbul etmək, onun ilk daşıyıcısı
olmaq çox qürurvericidir. Mən ayrı-ayrı ölkələrdə
həm gənc yaşlarımda, həm də veteranlar arasında mötəbər
turnirlərdə iştirak
etmişəm. Birinci olmuşam,
mükafatlar qazanmışam.
O vaxtlar inana bilməzdim ki, Avropanın idman tarixi Azərbaycanda yazılacaq, tarixdə ilk dəfə keçiriləcək
Avropa Oyunlarına Vətənimiz ev
sahibliyi edəcək.
İndiyə bütün Avropa
bizə baxır.
Bu duyğuları, bu sevinci bizə
bəxş edən dövlət başçısı
İlham Əliyevə
dərin minnətdarlığımızı
bildirirəm”.
Əməkdar müəllim Rəfael
Məmmədovun da ürəyi dolu idi:
- Hər bir kürdəmirli
kimi mən də fəxr edirəm ki, bu tarixi hadisənin
iştirakçısı oldum.
Bütün Avropa, bütün dünya bir daha görür
ki, Azərbaycan sözün əsl mənasında, idman ölkəsidir. İdman ölkəsi isə
sülh, dostluq, qardaşlıq, sağlamlıq
ölkəsi deməkdir.
Bir müəllim kimi əminliklə deyə bilərəm ki, bu mötəbər tədbir gənclərimizin
dünyagörüşünə, sağlam ruhda yetişmələrinə, vətən
təəssübkeşliyi duyğularının formalaşmasına,
iradəsinin güclənməsinə,
əzmkarlıqlarının artmasına müsbət təsir edəcək.
İnanırıq ki, Oyunlarda iştirak edən təmsilçilərimiz öz
qələbələri ilə
Azərbaycanın həqiqətən,
idman ölkəsi olduğunu bir daha dünyaya göstərəcəklər.
Mərasim başa çatandan sonra məşəl Ağsu rayonuna yola salındı.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2015.-
28 may.- S.5.