Ən mötəbər tədbirlərin keçirildiyi ünvan -
AZƏRBAYCAN
Təxminən iki il yarım əvvəl ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olunanda bəlkə də çoxumuz bu kütləvi qitə yarışmasının mahiyyəti və məsuliyyətinin fərqinə bir o qədər varmadıq. Fikirləşdik ki, bu da Azərbaycanın ev sahibliyi edəcəyi növbəti beynəlxalq tədbirdir. Çünki ölkəmizin belə möhtəşəm tədbirlərin ünvanına çevrildiyinə artıq adət etmişdik.
Həqiqətən, bu gün dünyada fəaliyyət sahəsindən asılı olmayaraq elə bir nüfuzlu beynəlxalq qurum yoxdur ki, onun hansısa yığıncağı, toplantısı, konfransı, forumu ölkəmizdə keçirilməsin. Hətta bəzən elə olur ki, Azərbaycanda bir neçə belə tədbir eyni günə təsadüf edir. Amma təşkilati cəhətdən hamısı elə yüksək səviyyədə keçirilir ki, tədbir iştirakçıları buna heyranlıqlarını gizlədə bilmirlər. Yəqin nüfuzlu qurumların öz tədbirlərini Azərbaycanda keçirmələri üçün, necə deyərlər, az qala, növbəyə durmalarının bir səbəbi budur.
Digər səbəbi isə təbii ki, ölkəmizdə, o cümlədən Bakıda belə tədbirlərə ev sahibliyi etmək üçün hər cür şəraitin olmasıdır. Özü də söhbət adi, sadə yox, dünya standartlarına cavab verən müasir şəraitdən gedir. Bu şəraitə modern konfrans və sərgi salonlarından, hotellərdən tutmuş nəqliyyat və informasiya-kommunikasiya infrastrukturunacan aiddir. Bu gün nəinki paytaxtda, eləcə də Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Qəbələdə və digər şəhərlərdə belə şəraitə malik onlarca obyekt var. Dövlət başçılarının Naxçıvanda görüşü, beynəlxalq musiqi festivalının Qəbələdə keçirilməsi, Gəncənin neçə-neçə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi, Masallının dünyanın folklor kollektivlərinin ənənəvi ünvanına çevrilməsi şahidlik etdiyimiz faktlardır. Mingəçevirsə bir neçə gündən sonra Avropa Oyunları çərçivəsində yarışacaq avarçəkənləri qarşılayacaq. Artıq indidən demək olar ki, əvvəldən də öz səliqə-sahmanı, yaşıllığı ilə seçilən şəhər avropalı idmançıları yüksək səviyyədə qəbul etməyə hazırdır.
Ümumiyyətlə, Avropa Olimpiya Komitəsinin ilk qitə yarışmalarını keçirmək üçün Azərbaycanın təşəbbüsünə müsbət cavab verməsi təsadüfi deyil. Məlumdur ki, belə kütləvi tədbirlərə ev sahibliyi etmək istəyən dövlətlərin qarşısında çox ciddi tələblər qoyulur. İlk növbədə, həmin ölkədə tədbirin keçirilməsi üçün lazımi infrastruktur, yaxud onun yaradılmasına dövlətin maliyyə imkanları olmalıdır. Bundan əlavə, tədbir iştirakçılarının, ilk Avropa Oyunlarının timsalında konkret desək, idmançıların, azarkeşlərin və qonaqların təhlükəsizliyinin təminatına zəmanət verilməlidir.
Gəlin etiraf edək ki, dünyanın, xüsusən yerləşdiyimiz regionun od tutub yandığı zamanda bu, adi tələb deyil. Yalnız Azərbaycan kimi ictimai-siyasi cəhətdən sabit və sakit ölkə həmin tələbə cavab verə bilər. Digər tələblərə də həmçinin. İnanmırıq ki, Avropa Olimpiya Komitəsi neçə illərdən bəri keçirilməsini ölçüb-biçdiyi, götür-qoy etdiyi ilk qitə yarışmalarına ünvan seçərkən iqtisadi cəhətdən zəif inkişaf edən, əhalisi sosial problemlər içərisində çapalayan, ictimai-siyasi sabitliyə həsrət qalan ölkənin üzərində dayanaydı. Yəqin elə həm də bu səbəbdəndir ki, ünvan seçimi ərəfəsində Azərbaycandan savayı başqa ölkələr bu arzuya düşmədilər. Hətta ürəklərində həmin şərəfə nail olmaq istəsələr də!
Niyə də istəməsinlər?! Götürək keçmiş SSRİ-dən qopmuş indiki Avropa ölkələrini. Hansı istəməz ki, ən azı 20 gün dünya, xüsusən Avropa idmansevərlərinin diqqət mərkəzində olsun?! Kim arzulamaz ki, özünü qoca qitənin dörd tərəfindən gələnlərə nümayiş etdirməklə ölkəsi və xalqı haqqında qonaqlarda xoş təəssürat yaratsın?! Belə tədbirin turizmin gələcək inkişafı sarıdan əlverişli fürsət olmasını da yəqin inkar edən ölkə tapılmaz. Biz hələ əhalinin bu idman tədbirini təsadüfdən olimpiada adlandırmadığı ilk Avropa Oyunlarının gətirdiyi digər dividendləri demirik. Desək, uzun bir siyahı alınar. Elə siyahı ki, dostlar təqdir, düşmənlər tənqid edirlər.
Amma bütün
hallarda indi -
“Bakı-2015”ə hazırlığın demək olar, başa
çatdığı bir vaxtda
yarışların təşkilatçıları da etiraf edirlər ki, ünvan seçimində
yanılmayıblar. Yanılmayıblar ona
görə ki, bu gün Azərbaycan nəinki region
və MDB-də, hətta dünyada, o cümlədən Avropada
iqtisadi cəhətdən yüksək
templə inkişaf edən ölkələr
sırasındadır. Təkcə bu ilin 4 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul
(ÜDM) istehsalının artımı 5,5 faiz
olmuşdur. ÜDM-in qeyri-neft sektorunda
artımı isə daha yüksəkdir - 6,8 faiz. Biz qeyri-neft sektoruna aid göstəricini təsadüfən
vurğulamırıq. Artıq neçə vaxtdır, dəqiq desək, Azərbaycanda “Əsrin müqaviləsi”nin icrası nəticəsində neft bumu başlayandan Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və
rəhbərliyi ilə
ölkənin iqtisadi siyasətində bu sektorun inkişafına prioritet istiqamət kimi xüsusi fikir verilir. Çox güclü praqmatik olan dövlət başçısı Azərbaycanın
hələ tezliklə
tükənməyəcək neft və təbii
qazdan asılılığını
azaltmaq üçün
mühüm tədbirlər
görür. Məhz həmin
tədbirlərin sayəsində
ölkə üzrə
ÜDM istehsalının tərkibində
qeyri-neft sektorunun xüsusi çəkisi ilbəil artır. Elə ilin əvvəlindən
ötən 4 ay ərzində
sürətlə inkişaf
edən Azərbaycan sənayesində qeyri-neft məhsulları istehsalının
həcminin 10,5 faiz artması da bunun nəticəsidir.
Ölkəmizin ən son makroiqtisadi
göstəricilərinin qısa
xülasəsini davam etdirək: Dövlət Statistika Komitəsinin məlumatına görə,
cari ilin yanvar-aprel aylarında inşaat işlərinə
4,8 milyard manatdan çox vəsait yönəldilmişdir
ki, bu da
keçən ilin müvafiq dövründəkindən
3,5 faiz çoxdur. Bu sahədə diqqətçəkən
məqamlardan biri də istifadə olunan həmin vəsaitin 68,5 faizinin məhsul istehsalı obyektlərinin
inşasına sərf
edilməsidir. Həmin obyektlərin
əksəriyyəti isə
qeyri-neft sektoruna aiddir.
Azərbaycanda əhalinin güzəranının
yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi də
dövlətin xüsusi
önəm verdiyi sahələrdəndir. Dünyanın maliyyə bazarının çalxalandığı indiki
vaxtda Azərbaycan bəlkə də azsaylı ölkələrdəndir
ki, əhalinin pul gəlirlərinin artımı inflyasiyanın
səviyyəsini üstələyir.
Yenə də son məlumata nəzər salaq: cari ilin
3 ayında ölkə
üzrə orta aylıq əməkhaqqı
3,5 faiz artaraq
450 manata yaxınlaşmışdır.
Həmçinin əhalinin
pul gəlirləri 4
ay ərzində ümumilikdə
12,6 milyard manata çatmışdır
ki, bu da
5,7 faiz artım deməkdir. Artımların
yanvar-aprel ayları üzrə 3,1 faizlik inflyasiya fonunda olması isə hətta fevralda manatın devalvasiyasından sonra da Azərbaycan əhalisinin sosial müdafiəsinə dövlətin
göstərdiyi ciddi diqqətdən və dəstəkdən xəbər
verir. Sözsüz ki, belə bir
diqqət, dəstək
olmasaydı, indi Azərbaycan ictimai-siyasi sabitliyinə görə fərqlənən ölkələrdən
sayılmaz və Avropa Oyunları kimi mötəbər idman yarışlarına ev sahibliyi
edə bilməzdi.
Bu sabitliyin bir səbəbi də Azərbaycanın tolerant ölkə
olmasıdır. Nəinki dini, hətta
təriqət zəminində
qanlı qarşıdurmaların
baş alıb getdiyi indiki zamanda ölkəmizdə bütün xalqların nümayəndələri azad
və dinc şəraitdə yaşayır,
heç bir terror təhlükəsi yoxdur.
Hüquq-mühafizə orqanları da
bu sahədə operativ və dəqiq işləyirlər,
ehtimal olunan təhlükənin başının
üstünü “beşik”dəcə
alırlar.
Bir sözlə, Azərbaycan
“suyu üfürüb
içən” Avropanın
ən böyük idman yarışmasına yüksək səviyyədə
ev sahibliyi
etmək üçün
qoyulan tələblərə
cavab verən və buna hazır
olan ölkədir.
Raqif MƏMMƏDOV,
Azərbaycan.-2015.- 28 may.- S.8.