Gəncədən başlanan
yol
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından 97 il keçir
1918-ci ilin may ayında Zaqafqaziya Seymi dağıldı. Mayın 26-da onun son iclası oldu. Gürcü nümayəndələri yığıncaqdan çıxan kimi Gürcüstanın müstəqilliyini elan etdilər. Mayın 27-də Seymin müsəlman fraksiyası Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək müvəqqəti Milli Şura yaratdı.
May ayının 28-də axşam saat 8-də Tiflis şəhərində Canişin Sarayının göy salonunda Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın ilk yığıncağı çağırılır. 24 səslə Azərbaycanın dövlət müstəqilliyi haqqında məşhur “İstiqlal bəyannaməsi” qəbul edilir. Bu tarixi sənəddə həyata yenicə qədəm qoyan Azərbaycan dövlətinin məqsəd və vəzifələri şərh olunur:
1. Azərbaycan tam suveren dövlətdir. O, Azərbaycan xalqının hakimiyyəti altında Zaqafqaziyanın Cənub və Şərq hissələrindən ibarətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Demokratik Respublikadır.
3. Azərbaycan Demokratik Respublikası hamı ilə, xüsusən də qonşu millət və dövlətlərlə dostluq əlaqələri yaratmaq niyyətindədir.
4. Azərbaycan Demokratik Respublikası etnik mənşəyindən, dinindən, sinfindən, peşəsindən, yaxud cinsindən asılı olmayaraq sərhədləri daxilində bütün vətəndaşlara tam mülki və siyasi hüquqlar üçün təminat verir.
5. Azərbaycan Demokratik Respublikası öz ərazisində məskunlaşmış bütün millətlərin azad inkişafını təmin edir.
6. Müəssisələr Məclisi çağırılana qədər Azərbaycan ali hakimiyyəti xalq tərəfindən seçilmiş Milli Şura və bu şura qarşısında cavabdeh olan müvəqqəti hökumət sayılır.
Milli Şura ali qanunverici, Nazirlər Şurası isə ali idarəedici orqan hesab olunur. Milli Şuranın sədri Məmmədəmin Rəsulzadə, müvəqqəti hökumətin başçısı Fətəli xan Xoyski seçilir. May ayının 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski dünyanın siyasi mərkəzlərinə radioqramla xəbər verir:
“Gürcüstan çıxandan sonra Federativ Zaqafqaziya Respublikası dağıldığı üçün Azərbaycan Milli Şurası 1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-ailinizdən bu barədə hökumətinizə xəbər verməyinizi rica edirəm. Mənim hökumətimin müvəqqəti məskəni Yelizavetpol şəhəridir”.
Yelizavetpol şəhəri - yəni, Gəncə!
Bu, Müstəqil Azərbaycanın bütün dünyaya yayılan ilk bəyanatı, ilk sədası idi. 1918-ci il iyunun 16-da yeni hökumət Gəncəyə köçdü və onun ilk addımlarından biri də bu oldu ki, qədim Gəncənin 1804-cü ildən Yelizavetpol olmuş tarixi adı bərpa edildi.
İyun ayının 17-də saat 2-də Milli Şuranın Gəncədə ilk iclası açılır (Ümumən isə bu, Milli Şuranın yeddinci yığıncağıdır). Məmmədəmin Rəsulzadə qısa giriş sözü söyləyir. Söhbət Milli Şuranın taleyindən gedir: qalsın, qalmasın? Kəskin mübahisələr başlanır. Bəziləri Milli Şuranın ləğvinə əsla razı deyildilər.
Ətraflı mübahisə və müzakirədən sonra Nəsib bəy Yusifbəyli, Məmmədhəsən Hacınski və başqaları Milli Şuranın istefasına, yeni hökumət kabinetinin təşkilinə və yaxın vaxtlarda təsis yığıncağının çağırılmasına tərəfdar olduqlarını bildirirlər.
Milli Şuranın axşam iclasında Fətəli xan Xoyski yeni müvəqqəti hökumətin tərkibini elan edir. Cəmi on iki nəfər. Onların tən yarısı əvvəlki kabinetdən gəlir, yarısı təzə seçilir.
Bəs yeni hökumətin məqsədi, məramı nə idi?
Hökumətin başçısı Fətəli xan Xoyski çıxışında bu suala çox yığcam və aydın cavab verir: “Bizim proqramımız Azərbaycanın şərəfini, azadlığını və müstəqilliyini müdafiə etməkdir”.
Bununla da, Məmmədəmin Rəsulzadənin rəhbərlik etdiyi ali qanunvericilik orqanı olan Milli Şuranın fəaliyyəti dayandırılır.
İki gündən sonra - iyunun 19-da hökumət üzvləri arasında vəzifə bölgüsü aparıldı. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri və ədliyyə naziri, Məmmədhəsən Hacınski xarici işlər naziri, Nəsib bəy Yusifbəyli daxili işlər naziri, Xudadat bəy Rəfibəyov səhiyyə və sosial təminat naziri, Ağa Aşurov ticarət və sənaye naziri, Xudadat bəy Aslanov yollar naziri, Əbdüləli bəy Əmircanov maliyyə naziri. Daha üç nəfər - Əlimardan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov və Musa bəy Rəfiyev isə portfelsiz nazirlər oldular.
Cümhuriyyətin Gəncə dövrü bir sıra mühüm hadisələrlə zəngindir. İlk müstəqil dövlət üç ay ərzində burada xalqın taleyi ilə bağlı yüzə yaxın qərar və qanun qəbul edib. 1920-ci ildə Bakıda nəşr edilmiş “Azərbaycan Respublikasının 1920-ci il üçün ünvan-təqvim” kitabında həmin tarixi sənədlərin ətraflı siyahısı verilib. Oxuduqca düşünürsən ki, qısa bir vaxt ərzində (özü də elə gərgin dövrdə!) yeni ayaq açan bir gənc respublika nə qədər gərəkli işlər görə bilərmiş...
Gəncədə Azərbaycan dili dövlət dili elan olundu.
Gəncədə ilk dəfə üçrəngli,
ay-ulduzlu bayrağımız
ucaldı.
Gəncədə Üzeyir Hacıbəylinin
redaktorluğu ilə
“Azərbaycan” qəzeti
nəşrə başladı.
Gəncənin öz ulu adı
özünə qaytarıldı.
Gəncədə Qoryagin qəzası Cəbrayıl adlandırıldı. Ağdaşa şəhər statusu verildi, Zaqatala dairəsi Azərbaycan Cümhuriyyətinin tərkibinə
daxil edildi.
Ən əsası
isə Azərbaycan milli ordusunun təşkili sahəsində
ilk cəsarətli addımlar
atıldı. Gəncədəki müsəlman korpusu
Əlahiddə Azərbaycan
korpusu adlandırıldı.
Hərbi
nazirlik təsis edildi. Məcburi mükəlləfiyyət elan olundu. Əvvəlcə zabit kadrların
hazırlanması üçün
qısa müddətli
kurslar yaradıldı,
sonra isə hərbi məktəb açıldı. Hərbi zavod
fəaliyyətə başladı.
İlk Azərbaycan alayı formalaşdı.
Gəncədən gedən nümayəndə
heyəti - Məmmədəmin
Rəsulzadə, Aslan bəy Safıkürdlü
və Xəlil bəy Xasməmmədov sentyabrın 6-da Aya Sofiya məscidində
Sultan IV Mehmetdən Azərbaycan
Cümhuriyyəti üçün
xeyir-dua aldılar. Əslində, bu, yeni hökumətin Türkiyə
tərəfindən tanınması
yolunda atılan ilk addım idi.
Beləcə, Gəncə torpağında
dirçəlib güc-qüvvət
toplayan Azərbaycan Demokratik Cümhuriyyəti
1918-ci ilin sentyabr ayının 15-də real bir
qüvvə kimi Bakıya köçdü.
Əhməd
İSAYEV,
Azərbaycan.-2015.- 28 may.- S.9.