İstiqlal hərəkatının şanlı mücahidləri

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 97 il keçir

 

Cümhuriyyət dövründə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərin tərcümeyi-halına baxdıqda çoxlu oxşar cəhətlərin olduğunu görürük. Talelərindəki bənzərlik, onların mübarizələrində də əksini tapıb. Moskvada, Sankt-Peterburqda, Kiyevdə və Avropanın digər şəhərlərində yüksək səviyyədə təhsil alan, xüsusən Qərb mədəniyyəti ilə yaxından tanış olan bu ziyalılar öz intellektual potensialı, millətinə olan sədaqətləri ilə XX əsrin əvvəllərində gedən proseslərdə iştirak etmiş, ictimai-siyasi fəaliyyətləri ilə xalqın milli oyanışında misilsiz rol oynamışlar. Onlara istiqlal yolunun şanlı mücahidləri demişlər. Vətənə, millətə xidmət missiyasında da bu insanları vahid bir amal - milli mənafeyin hər şeydən yüksəkdə tutulması birləşdirmişdir. İstiqlal mücahidləri zəngin və keşməkeşli, mübarizələrlə dolu, nəsillərə nümunə olan bir ömür yaşamışlar. Onlar bu yolda əllərindən gələni etmiş, Xalq Cümhuriyyətinin yaradılmasında, inkişafında mühüm rol oynamışlar. Təqib və təzyiqlərə məruz qalsalar da, bu, bəzən həyatları bahasına başa gəlsə də öz amallarına xilaf çıxmamış, xalqın rifahı naminə çalışmışlar.

Məlum olduğu kimi, sosializmin təşəkkülü, fəhlə-kəndli hökumətinin qərarlaşması bizim respublika üçün daha ağrılı keçmişdir. XI ordunun Hərbi İnqilabi Şurası və yeni qurulmuş sovet hökuməti öz fəaliyyətinin ikinci günüMüsavat” və “İttihad” partiyalarının rəhbərləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalamışdı. Lakin bu müqavilə tezliklə Pankratovun rəhbərlik etdiyi XI ordunun xüsusi şöbəsi tərəfindən pozulmuşdu. Həmin şöbə, sonra isə Fövqəladə Komissiya (ÇK) kütləvi həbslər aparmağa başlamışdır. Məhz sovet həbs düşərgələrinin ilk məhbusları da məsləkləri uca, mədəni səviyyələri, siyasi əqidələri, dünyagörüşləri, dinləri, imanları ilə fərqlənən xalqımızın azadlıq cəfakeşləri - müsavatçı ziyalılar olmuşlar. Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra LenininTrotskinin sərəncamına əsasən Solovetsk adalarında ( dəniz), Suzdal, Yaroslavlbaşqa yerlərdə sovet dövlətinin həbs düşərgələri yaradılmışdı. Az müddətdə təkcə “Müsavat” Partiyasının neçə-neçə üzvü dəfələrlə bu düşərgələrə sürgün edilmişdi.

Azərbaycanda sovet hakimiyyəti qurulan kimi XI ordunun xüsusi şöbəsi ziyalılara, bütün mövcud partiyaların üzvlərinə, hətta liberal əhval-ruhiyyəli adamlara belə amansız divan tutmağa başladı. On nəfərdən çox azərbaycanlı general məhkəməsiz və istintaqsız güllələndi. Halbuki Azərbaycan ordusu XI orduya qarşı vuruşmamışdı və mövcud razılaşmaya əsasən generallar təqib olunmamalı idilər. Təkcə iki general - Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski Nəriman Nərimanovun səyi nəticəsində sağ qaldılar. Məqsəd bir idi: mane olanları aradan götürmək, düşünənləri, fikir söyləyənləri ləkələyib məhv etmək. Kütləvi repressiyalar, təqiblər, sürgünlər və yerli əhaliyə münasibətdə aparılan digər cəza tədbirləri xüsusilə amansız səciyyə daşıyırdı. Toplanmış materiallar Fövqəladə Komissiyaya partiyaların, xüsusən “Müsavat”ın fəaliyyətindəki zəif və güclü cəhətləri müəyyənləşdirmək, öncülləri, potensial fəalları aşkara çıxarmaq, partiyaları ləğv etmək, üzvlərini sıxışdırmaq üçün qətiyyətli addımlar atmaq səlahiyyəti verirdi. 1920-ci ilin axırlarından başlayaraq 1923-cü ilin ortalarınadək Fövqəladə KomissiyaMüsavat” Partiyası üzvləri arasında seçmə həbslər apardı. Əvvəllər müsavatçılarla söhbətlərdə ədəb və nəzakət qaydalarını gözləyən FK müstəntiqləri sonradan qəddarlaşdılar və onlar məhbuslardan ifadə almazdan əvvəl sözlərinə belə başlayırdılar: “Xəbərdarlıq edirik ki, yalan, ikibaşlı, qeyri-müəyyən məlumatlar versəniz, ən yüksək cəzaya - güllələnməyə məhkum ediləcəksiniz”. Hökumət nədən qorxurdu? Həyata keçirilən repressiyalar sovet dövrü tarixinin ən gərgin və məsuliyyətli bir mərhələsini təşkil edirdi. Ona görə də xalqdan qorxu hissi bolşevikləri tərk etmirdi. Ən qəribəsi bu idi ki, sovetlərin idarəçiliyinə xas olan bir keyfiyyət - bütün insanların timsalında xəyanətkar axtarışı, hamıdan şübhələnmək bu sistemin əksər məmurlarının psixoloji portretinin əsas ştrixini təşkil edirdi. Çox vaxt Azərbaycan FK-sı verilən cəzanı müsavatçıların şübhə doğurmaları bəhanəsi ilə pərdələyirdilər. Təqiblər, həbslər isə dayandırılmır, get-gedə, daha da kütləviləşirdi.

Yeri gəlmişkən qeyd edək ki, o dövrdə ziyalılarımızın çoxu erməni terrorunun da qurbanı olmuşlar. Qəfil güllə, qəfil partlayış onların həyatlarına son qoymuşdu. Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, İsmayıl xan Ziyadxanov, Camo bəy Hacınski və başqaları qanunsuz cəza tədbirlərinə, yaxud erməni terroruna məruz qalmışlar...

Görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən olmuş Həsən bəy Ağayev Hacı Zeynalabdin Tağıyevin maddi köməyi ilə Moskva Universitetinin tibb fakültəsini bitirmişdi. O, Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnallarda məqalələr dərc etdirmiş, “Hümmət” təşkilatının tapşırığı ilə Azərbaycan dilinə tərcümə etdiyiSilk, sinif, firqə” kitabçası Tiflisdə Cəlil Məmmədquluzadənin “Qeyrət” mətbəəsində çap olunmuşdur. Həmin kitabçanın nəşrinə görə təqiblərə məruz qalan H.Ağayev İrana mühacirət edərək bir müddət orada yaşamışdır.

Mühacirətdən qayıtdıqdan sonra Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə səhiyyə cəmiyyəti yaratmışdır. 1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı Azərbaycanın digər görkəmli ictimai-siyasi xadimləri kimi Həsən bəyin də sonrakı həyat və fəaliyyətində həlledici rol oynamışdır. Yeni şəraitdə Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə yaradılmış “Türk Ədəmi-Mərkəziyyət Partiyası”nın yaradıcılarından birio idi. 1917-ci ilin iyununda M.Rəsulzadənin rəhbərlik etdiyiMüsavat” Partiyası ilə Yusifbəylinin partiyası birləşərək “Türk Ədəmi-Mərkəziyyət-Müsavat” Partiyası adlandırılmışdır. “Müsavat”ın 1917-ci il oktyabrın 26-31-də keçirilmiş I qurultayında Həsən bəy partiyanın Mərkəzi Komitəsinin üzvü, ilin axırlarında isə Ümumrusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə Qafqaz canişininin keçmiş sarayında keçirilən təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında H.Ağayev parlament sədrinin birinci müavini seçilmişdir. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata keçirmişdir. Aprel işğalından sonra Tiflisə mühacirət edən H.Ağayev həmin il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir.

Azərbaycanın görkəmli siyasi və dövlət xadimlərindən olmuş Fətəli xan Xoyskibuna bənzər ömür yaşamışdır. Ulu babası Cəfərqulu xan Cənubi Azərbaycanda Xoyun hakimi, babası İsmayıl xan 1807-1810-cu illərdə Şəki xanı olmaqla rus ordusunun general-leytenantı idi. F.Xoyski Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi. 1901-1916-cı illərdə Gəncə, Suxumi, Batumi, Kutaisi, Bakı məhkəmələrində vəkil işləmişdir. 1917-ci ildə Rusiyada fevral inqilabından sonra Zaqafqaziya Seyminə daxil olmuşdur. F.Xoyski Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvlərindən birincisi olmuşdur. Şura Fətəli xan başda olmaqla Azərbaycan hökumətini seçmişdir. O, 1919-cu ilin martına kimi hökumətin rəhbəri olmuşdur. Fətəli xan Xoyski Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi hökumət kabinetində xarici işlər naziri vəzifəsini tutmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti süqut edib kommunist rejimi qurulduqdan sonra Fətəli xan Xoyski ailəsi ilə Tiflisə köçmüş, burada 1920-ci il iyunun 19-da erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.

Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin rəhbərlərindən biri - Nəsib bəy Yusifbəyli də müəmmalı şəkildə öldürülmüşdür. İndiyədək bu hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil. Tarixçilərin bir neçə variantda söylədikləri fikirlər, mülahizələr haçalanır, şübhələr baş alıb gedir. Bir məcraya yönələn dəlillər, faktlar hələ ki yox dərəcəsindədir. N.Yusifbəyli 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar hökuməti universiteti müvəqqəti olaraq bağladıqdan sonra o, Bağçasaray şəhərinə getmiş, orada İsmayıl bəy Qaspralının nəşr etdiyi “Tərcüman” qəzeti ilə əməkdaşlıq etmişdir. Qaspralının qızı Şəfiqə xanımla evlənərək bir müddət orada yaşamışdır. Fevral inqilabından sonra Yusifbəyli Gəncədə “Türk Ədəmi-Mərkəziyyət” Partiyasını yaratmış, həmin ilin aprel ayında Bakıda keçirilən Qafqaz, may ayında Moskvada keçirilən Rusiya Müsəlmanları qurultaylarında iştirak etmişdir. 1917-ci ilin iyununda onun partiyası “Müsavatla birləşmişdir. Yusifbəyli bu partiyanın oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən I qurultayının hazırlanmasında fəal iştirak etmiş, partiya proqramının müəlliflərindən olmuş, Mərkəzi Komitənin üzvü seçilmiş, Gəncə şöbəsinə rəhbərlik etmişdir. F.Xoyskinin təşkil etdiyi birinci hökumət kabinetində maliyyə və xalq maarifi naziri, ikinciüçüncü hökumət kabinetlərində xalq maarifidini etiqad naziri vəzifələrini tutmuşdur. 1919-cu ildə dördüncü hökumət kabinetinin təşkili N.Yusifbəyliyə tapşırılmış və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə daxili işlər naziri vəzifəsini də icra etmişdir.

N.Yusifbəylinin baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə - 1920-ci il yanvarın 11-də istiqlaliyyətimiz böyük dövlətlər tərəfindən de-fakto tanınmışdır. Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə başlanılması da Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır. O vaxt hökumətin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbimöhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərarı olmuşdur.

Bakının XI ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən N.Yusifbəyli yolda faciəli surətdə qətlə yetirilmişdir.

Azərbaycanın Milli İstiqlal Hərəkatının görkəmli nümayəndəsi İsmayıl xan Ziyadxanov Ziyadoğlular - Qacarlar nəslindəndir. Cavad xanın kötükcəsidir. O, Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, Tiflis Dairə Məhkəməsində prokuror müavini vəzifəsində çalışmışdır. 1906-cı ildə Ziyadxanov Yelizavetpol (Gəncə) quberniyasından Birinci Dövlət Dumasının deputatı seçilmiş, Dumanın müsəlman fraksiyasının büro üzvüXalq Azadlıq Partiyasına mənsub olmuşdur. Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini kəskin tənqid etmiş, təkcə Qafqazda deyil, Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxmış, etirazını bildirmişdir.

1907-ci ildə rus müstəmləkəçiliyinə qarşı gizli mübarizə aparan “Müdafiə” təşkilatına başçılıq etmişdir. Həmin ilin martında Cənubi və Şimali Qafqaz, Krım müsəlmanları nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında İ.Ziyadxanov başda olmaqla Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdır. Fevral inqilabından sonra Gəncədə yaradılan ictimai təşkilatların icraiyyə komitəsi tərəfindən şəhər milisinin rəisi təyin edilmişdir. 1918-ci ilin yazında İ.Ziyadxanovun başçılıq etdiyi silahlı dəstə erməni-daşnak birləşmələrinin Şamaxıda törətdikləri qırğınları dəf etmiş, müsəlman əhalisinin xilası üçün fədakarlıqla döyüşmüşdür. S.Şaumyan İsmayıl xanı Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli şəxs adlandırmışdır. İsmayıl xan Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olmuşdur. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Tehrana göndərilən diplomatik missiyaya sədrlik etmişdir. Missiyanın uğurlu fəaliyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyinin və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmış, poçt-teleqraf, ticarət və s. sahələrə dair saziş layihələri imzalanmışdır.

İ.Ziyadxanov 1920-ci il aprel işğalından sonra dərhal qətlə yetirilmişdir.

Dövrünün tanınmış simalarından olan Ağa Aşurov Almaniyada mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. 1908-ci ildə onun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. Bakıya Şollar su kəmərinin çəkilməsində də fəaliyyət göstərmişdir. A.Aşurov “Nəşri-maarif” cəmiyyətinin rəhbərlərindən biri olmuş, şəhər Dumasının üzvü seçilmişdir.

1906-cı ildə Ə.Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən III qurultayında iştirak etmiş və qurultayın rəyasət heyətinə seçilmişdir. Milli hərəkatın fəal üzvlərindən olan A.Aşurov 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində inqilabi müdafiə komitəsinin, erməni milli şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparmışdır.

Cümhuriyyətin ikinci hökumətində Ağa Aşurov ticarət və sənaye naziri işləmiş, eyni zamanda Ərzaq Nazirliyinə rəhbərlik etmişdir. Aşurov dövlətin müstəqil iqtisadi xəttinin prinsipial müdafiəçisi idi. O, bir müddət poçtteleqraf naziri vəzifəsini də icra etmişdir. Cümhuriyyət dövründə Bakıda həyata keçirilən bir sıra mədəni-maarif tədbirlərinin də təşkilatçılarından olmuşdur. 1918-ci il dekabrın ortalarında hökumət kabineti ilə birlikdə istefaya çıxmışdır.

A.Aşurov 1920-ci il aprelin 27-də sovetlərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü idi. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbsi barədə göstəriş versələr də, bu istiqlal mücahidini ələ keçirə bilməmişdilər. O, Rostov şəhərinə köçmüş, ixtisası üzrə mühəndis-texnoloq işləmiş, 1936-cı ildə vəfat etmişdir.

Əslən qubalı olan Camo bəy Hacınski də ağrılı-acılı məşəqqətli həyat yaşamışdır. 1912-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1907-1915-ci illərdə “Kaspi” qəzetində müxbir vəzifəsində çalışmışdır. Nicat” mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman dram və Azərbaycan arxeoloji cəmiyyətlərinin yaradıcılarından olmuşdur. 1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, orada nümayəndə kimi Rusiya Müəssislər Məclisinə seçkilər üzrə Cənubi Qafqaz Mərkəzi Komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Həmin il noyabrın 19-da Azərbaycan Cümhuriyyəti parlamentinə daxil edilmişdir. C.Hacınski birinci hökumət kabinetində dövlət nəzarətçisi vəzifəsini icra etmiş, 4-cü və 5-ci hökumət kabinetlərində poçtteleqraf naziri olmuş, respublikada rabitə sahəsinin inkişafı üçün böyük əmək sərf etmişdir.

1920-ci il aprel işğalından sonra Xalq Ədliyyə Komissarlığında inzibati maliyyə şöbəsinin rəisi işləmiş, mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir. 1922-ci il aprelin 21-də həbsə alınmış, üç il məhbəsdə saxlandıqdan sonra Solovetsk həbs düşərgəsinə göndərilmişdir. 1928-ci ilin iyununda azad edilərək Bakıya qayıtmış, 1933-cü ilin noyabrından Azərittifaq sistemində işləmişdir. 1937-ci ilin yanvarında həmin vəzifə ləğv olunduğundan işdən çıxarılmış, 1938-ci ilin noyabrında yenidən həbs edilərək sürgünə göndərilmişdir. 1942-ci ildə Kirov vilayətinin Vyatka həbs düşərgəsində dünyasını dəyişmişdir.

Ərəb, farsrus dillərinin mahir bilicisi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, ictimai xadim Həmdulla Əfəndizadə də o dövrdə hökm sürən ideoloji zorakılığın, siyasi məntiqsizliyin qurbanı olmuşdur. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə hücum etmiş erməni daşnaklarına qarşı dostu qaçaq Mayılla birlikdə vuruşmuşdur. Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş, “İttihad” Partiyasının fəal üzvlərindən olmuşdur. Quba qəzasından cümhuriyyət parlamentinin tərkibinə qəbul edilmiş, “İttihad” fraksiyasının üzvü olmuşdur. 1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana daxil olanda Əfəndizadə tərəfdarları ilə birlikdə onun qarşısını kəsməyə cəhd göstərmiş, lakin qüvvələrin qeyri-bərabərliyi onları geri çəkilməyə məcbur etmişdir. 1928-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş, orada vəfat etmişdir.

Əslən Şuşa şəhərindən olan Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Nəriman bəy Nərimanbəyli dördüncü hökumət kabinetində dövlət müfəttişi vəzifəsini tutmuşdur. O, aprel işğalından sonra müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, təqiblərə məruz qalaraq işdən çıxarılmışdır. 1937-ci ildə 15 dəqiqə çəkən məhkəmədə ona güllələnmə hökmü oxunmuşdur.

Cümhuriyyətin Həmkarlar ittifaqları təşkilatının banilərindən biri, parlament üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı Cavad bəy Məlikyeqanov Qarabağ bəyləri nəslindən idi. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildə Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdi. O, Azərbaycan parlamentinin üzvü kimi dəfələrlə münaqişəli bölgələrə ezam edilmişdir. 1919-cu ildə Məlikyeqanov Lənkəranın general-qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu ilin oktyabrında “Müsavat” Partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmişdir.

Cavad bəy 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuşdur. Sonra yenidən təqiblərə məruz qalmışdır. Aprel işğalından sonra ümumiyyətlə altı dəfə həbsə alınmışdır. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək Komissarlığı qaçqınlar şöbəsinin rəisi, 1927-1928-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmişdir. GizliMüsavat” Partiyasının üzvü ittihamı ilə 1931-ci ildə tutularaq 10 il müddətinə uzaq şimala sürgün olunmuş və 1942-ci ildə orada vəfat etmişdir.

Zaqatalanın Tala kəndində anadan olmuş, “Əhrar” partiyasının liderlərindən biri, Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının, Azərbaycan parlamentinin üzvü Aslan bəy Qardaşov da 1920-ci il iyulun 21-də güllələnmişdir. O, hökumətin dördüncü kabinetində əkinçilik naziri idi.

Gəncənin qədim Şeyxzamanlılar nəslindən olan, parlamentin deputatı seçilmiş Məmmədbağır Şeyxzamanlı da 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalının ilk günlərindən həbs olunmuş, XI ordunun xüsusi şöbəsinin qərarı ilə güllələnmişdir.

Əhməd bəy Ağayevin, Behbud xan Cavanşirin, Yusif Vəzir Çəmənzəminlinin, Muxtar Əfəndizadənin, Əhməd bəy Pepinovun, Xudadat bəy Rəfibəylinin, Nurməmməd Şahsuvarovun, Həmid ağa Şahtaxtinskinin və yüzlərlə digər azadlıq cəfakeşinin həyatı sovet hakimiyyətinin ilk illərində acı sonluqla bitmişdir. Cümhuriyyət hökumətinin adlarını çəkdiyimiz və çəkə bilmədiyimiz görkəmli simaları meydana mərdanə girmişdilər, onların mədəni səviyyələri, siyasi əqidələri, dünyagörüşləri, məsləkləri uca, saf idi. Hərəsinin öz tale yolu, xalqı qarşısında xidmətləri vardı. Çox təəssüf ki, onlar başladıqları işləri axıradək başa çatdıra bilmədilər...

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2015.- 28 may.-  S.9.