Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevtv.berlin” kanalına müsahibə verib

 

Almaniyanın məşhur “tv.berlin” kanalı Azərbaycan haqqında reportaj hazırlayıb. Reportajda Bakı, İçərişəhər, Şirvanşahlar sarayı, Atəşgah məbədi, palçıq vulkanları, Qobustan, Göygöl şəhərindəki alman yaşayış məskənləri haqqında məlumat yer alıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “tv.berlin” kanalına müsahibə verən nazir Əbülfəs Qarayev Azərbaycanda turizmin inkişaf etdirilməsi istiqamətində çox işlər görüldüyünü və ölkəmizə gələn turistlərin sayının ildən-ilə çoxaldığını qeyd edib. Diqqətə çatdırıb ki, son illər respublikamızda böyük infrastruktur işləri həyata keçirilir, yeni binalar, o cümlədən brend otellər inşa olunur. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, bölgələrdə reallaşdırılan beynəlxalq musiqi festivalları, habelə iyun ayında keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları xalqımızın mədəniyyətinin, ölkəmizin turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın zəngin milli mətbəxi haqqında söhbət açan Əbülfəs Qarayev, yeməklərin reseptlərinin qədim tarixçəsi olduğunu və nəsildən-nəslə ötürüldüyünü söyləyib. Müxtəlif dinlərin nümayəndələrinin yaşadığı Azərbaycanın tolerantlıq ölkəsi kimi tanındığını vurğulayan nazir hər kəsi bu diyarın gözəllikləri ilə tanış olmağa dəvət edib.

 

Azərbaycan.-2015.- 28 may.-  S.12.