Azərbaycan Avropanın idman paytaxtına çevrilir
Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin
keçirilməsi üçün
Bakı şəhərinin
seçilməsi respublikamızın
beynəlxalq nüfuzunu
daha da yüksəldir. Azərbaycan sülh
və əməkdaşlıq
paytaxtı kimi tanınmağa başlayır
və belə bir müsbət imicin formalaşmasında respublikada keçirilən
beynəlxalq toplantıların
əhəmiyyətini xüsusi
vurğulamaq lazımdır.
Respublikada müşahidə olunan dinamik iqtisadi tərəqqi ilə paralel şəkildə demokratik-hüquqi islahatların
da dönmədən davam etdirilməsi, bu iki təmayülün
ümumi strateji inkişaf kursunun prioritet xətti kimi nəzərdən keçirilməsi Azərbaycanı
qlobal əhəmiyyətli
tədbirlərin mərkəzinə
çevirmişdir.
Bunun əsas
səbəblərindən biri
xalqımızın tolerantlıq
düşüncəsinin yüksək
inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası
dialoqu müasir qloballaşma dövründə
daha da inkişaf
etdirmək, ona dəstək vermək, insanların gələcəyi
naminə mədəniyyətlərin
və dinlərin qarşılıqlı dialoquna
nail olmaq dövlət
siyasətinin mühüm
tərkib hissəsi olaraq qalır. Dövlət
başçısı İlham
Əliyevin tolerantlıq
və milli münasibətlər probleminə
dair baxışları
onun siyasi portretinin əsas cizgilərini təcəssüm
etdirir. Dövlət
başçısının 12 il müddətində
bununla bağlı irəli sürdüyü
prinsiplər, müəyyənləşdirdiyi
strateji xətt, atdığı konkret addımlar Azərbaycanı
həm də sivilizasiyalararası dialoq,
mədəni-intellektual konsolidasiya
və əməkdaşlıq
mərkəzinə çevirmək
məqsədindən irəli
gəlir.
Rəsmi
Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə
yüksək səviyyədə
ev sahibliyi
etməsi, Şərqlə
Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir.
Azərbaycanın yüksək
təşəbbüskarlığı ilə Bakıda təşkil edilən çoxsaylı mötəbər
beynəlxalq tədbirlər
buranı artıq regionun “diplomatik paytaxtı”na çevirib. Hələ üç il
əvvəl “Eurovision-2012” kimi
möhtəşəm musiqi
yarışmasını yüksək
təşkilatçılıqla keçirən Azərbaycan
hazırda mötəbər
idman tədbirinə -
“Bakı-2015” ilk Avropa Oyunlarına
hazırlığın yekun
mərhələsindədir.
İlk Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi həm
də ölkəmizin
insan hüquqları və demokratikləşmə,
habelə milli-etnik, dini tolerantlığın
təmini sahəsində
əldə etdiyi böyük nailiyyətlərlə
şərtlənir. Son vaxtlar Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı
elə səviyyəyə
çatmışdır ki,
biz, sadəcə, Şərq
və Qərb sivilizasiyaları arasında
körpü rolunu oynamırıq. Biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla,
multikulturalizm məkanına
çevrilmişik. Müxtəlif xalqların, millətlərin,
dinlərin xüsusiyyətlərinə
tolerant münasibətin azərbaycanlıların
mentalitetinə xas bir dəyər olduğunu nəzərə
alsaq, fərqli baxışlara, adətlərə,
vərdişlərə dözümlülük
mövqeyini özündə
ehtiva edən multikulturalizmin Azərbaycan
üçün xüsusi
əhəmiyyətini dərk
etmək çətin
deyil.
Ölkədə etnik-milli və
dini tolerantlığın
inkişafında, habelə
mötəbər beynəlxalq
tədbirlərin təşkilində
Azərbaycanın birinci
xanımı, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın da xidmətləri müstəsnadır. Ümummilli
lider Heydər Əliyevin adını daşıyan fonda
əzmlə rəhbərlik
edən Mehriban xanım Əliyeva nəinki ölkədə,
habelə xaricdə mədəni-dini abidələrin
bərpasını əsas
fəaliyyət prioritetlərindən
biri hesab edir.
Son illər fondun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində
Kafedral kilsəsi, Parisdə Versal sarayının parkındakı
abidələr, İtaliyanın
paytaxtı Romadakı
Müqəddəs Pyotr
və Marsellina sərdabəsi bərpa edilib. Heydər Əliyev Fondu tərəfindən Hollandiya,
Rusiya, Pakistan, Gürcüstan,
Rumıniya, Misir və digər ölkələrdə bir
sıra təhsil ocaqları müasirləşdirilib,
Afrika ölkələrinin
qeyri-maddi mədəni
irsinin qorunmasına dəstək verilib, Qəbələ Beynəlxalq
Musiqi Festivalı kimi onlarla qlobal
və mükəmməl
layihələrə imza
atılıb.
İlk Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi həm
də ölkəmizin
son illər idmanın
və bədən tərbiyəsinin, Olimpiya hərəkatının geniş
vüsət aldığı
ölkə olması ilə bağlıdır. Belə sanballı
idman tədbirinin Azərbaycana həvalə
edilməsi onu göstərir ki, respublikamız bütün
sahələrdə, o cümlədən
idmanda tərəqqi dövrünü yaşayır.
Ölkəmizdə təşkil olunan
Avropa, dünya çempionatları silsilə
xarakter daşıyır.
Son 12 ildə respublikada idmanın müxtəlif növləri
üzrə dünya və Avropa çempionatları keçirilir.
Bu tədbirlərin yüksək səviyyədə
hazırlığı həm
idmançılar, həm
də idman ictimaiyyəti tərəfindən
qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə
etdiyi yüksək nailiyyətlər, dövlətin
idmanın inkişafına
dəstəyi, müasir
idman infrastrukturunun mövcudluğu ilk Avropa Oyunlarının ölkəmizdə
keçirilməsinə zəmin
yaradan səbəblər
sırasındadır. Təkcə onu demək kifayətdir ki, son 10 ildə Azərbaycanda 40-a yaxın müasir olimpiya mərkəzi tikilərək istifadəyə
verilib.
Təsadüfi deyil ki, Avropa
Olimpiya Komitəsinin
(AOK) prezidenti Patrik Hikki ilk Avropa Oyunlarının Bakıda
keçirilməsi ideyasını
dəstəkləyərkən Bakının müasir infrastruktura malik meqapolis olduğunu xüsusi qeyd etmişdi. İyunun 12-dən 28-dək bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. 20 idman növü üzrə 6 mindən çox idmançının
iştirak edəcəyi
mötəbər idman
yarışı Azərbaycanın
potensialını bir daha dünyaya nümayiş etdirəcək.
Xatırladaq ki,
“Bakı-2015” ilk Avropa Oyunları
çərçivəsində keçiriləcək 20 idman
növündən 11-i “Rio-2016” Yay Olimpiya Oyunları
üçün müxtəlif
kvalifikasiya imkanları
nəzərdə tutur.
Tam əminliklə demək olar ki, Avropa Oyunlarında
yüksək nəticələr
əldə edəcək
Azərbaycan idmançılarının
növbəti hədəfı
“Rio-2016” olacaq.
Azərbaycan son illər dünya miqyaslı bir sıra idman yarışlarını uğurla
təşkil edərək
beynəlxalq və Avropa Olimpiya komitələrinin etimadını
qazanıb. Elə bunun nəticəsidir ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə
Ərəbistanının Ciddə
şəhərində İslam
Həmrəyliyi İdman
Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki
Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya
komitələri 2017-ci ildə
IV İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın
namizədliyinə səs
veriblər. Tam səs
çoxluğu ilə
ölkəmizin 2017-ci ildə
IV İslam Həmrəyliyi
Oyunlarına ev
sahibliyi etməsi barədə qərar qəbul edilib. 57 ölkəni təmsil
edən idmançıların
qatılacağı yarışın
əsas şüarı
“Həmrəylik bizim gücümüzdür” seçilib.
2013-cü il sentyabrın 22-dən oktyabrın
2-dək İndoneziyanın Palembank şəhərində
keçirilmiş III İslam
Həmrəyliyi Oyunlarının
açılış mərasimi
zamanı İHİF-in bayrağı
Azərbaycana verilmişdi.
IV İslam Həmrəyliyi
Oyunlarına 2017-ci ildə
Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası ilə müqavilə imzalanıb.
IV İslam Həmrəyliyi
Oyunları 2017-ci ildə
may ayında - Ramazan ayından əvvəl təşkil olunacaq. Yarışın proqramına 19-20 idman növü daxil ediləcək ki, bunlar da
“Bakı-2015” I Avropa Oyunlarının
proqramı ilə qismən də olsa, üst-üstə düşəcək. IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika və zorxana kimi idman
növləri üzrə
yarışlar keçiriləcək.
İdmançıların “Bakı-2015” üçün nəzərdə tutulan Atletlər kəndində yerləşdirilməsi nəzərdə
tutulub. 2016-cı ildə ölkəmizdə
şahmat üzrə Olimpiada, “Formula-1” üzrə
Avropa Qran-pri yarışları keçiriləcək.
Bütün bunlar dünyada
Azərbaycanın həm
də mötəbər
idman tədbirlərinin
keçirildiyi məkan
olduğunu bir daha nümayiş etdirəcək.
Azərbaycanın regionda lider mövqeyini qoruyub saxlaması və bütün sahələrdə
davamlı inkişaf etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırmışdır. Əldə olunan
nəticələr deməyə
əsas verir ki, dövlət başçısı İlham
Əliyevin uğurla yürütdüyü bu siyasət nəticəsində
respublikamız ən qısa zamanda inkişaf etmiş dövlətlər səviyyəsinə
yüksələcək.
Elnur HACALIYEV
Azərbaycan.- 2015.- 30 may.- S.1; 4.