291 idmançı ilə yeni zəfərlərə doğru

 

 

Azərbaycan nümayəndələri “Bakı-2015”ə qatılacaq ən böyük ikinci heyətdir

 

“Bakı-2015” I Avropa Oyunlarının başlanmasına 13 gün qaldı. Demək olar ki, Azərbaycan bu möhtəşəm beynəlxalq idman bayramına tam hazırdır. Artıq turnirdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinin say tərkibi də bəllidir. Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) isə “Bakı-2015”lə bağlı xüsusi tədbirlər planı hazırlayıb. Bu barədə dünən idman federasiyalarının nümayəndələri ilə görüş zamanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Ölkəmizdə beynəlxalq idman yarışının keçirilməsi ilə bağlı yaradılan bütün idman infrastrukturlarının hazır vəziyyətdə olduğunu deyən Ç.Hüseynzadə vurğulayıb ki, Avropa Oyunları start götürdüyü gündən, yəni iyunun 12-dən 29-dək Milli Olimpiya Komitəsinin binasında “Azərbaycan yığmasının evi” fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, başqa ölkələrdə olimpiya oyunları keçirilərkən Azərbaycan nümayəndə heyətinin Olimpiya kəndində yerləşdiyi məkanda bir gün “Azərbaycan günü” təşkil olunur və ölkəmizin tanıdılması istiqamətində təbliğat işləri aparılır. Ancaq bu dəfə beynəlxalq yarış Azərbaycanda keçirildiyi üçün qərara alınıb ki, 17 gün ərzində MOK-un binasında “Azərbaycan yığmasının evi” fəaliyyət göstərsin.

Bu müddət ərzində isə keçirilən yarışlarda hər hansı medala sahib çıxan idmançıya mükafatın təqdimat mərasimi keçiriləcək. Yəni bütün yarışlar üzrə oyunlarda iştirak edəcək Azərbaycan yığmasının üzvü medal aldığı günün ertəsi ailə üzvləri ilə birlikdə “Azərbaycan yığmasının evinin qonağı olacaq. Bu görüşdə idmançılara müxtəlif hədiyyələr, mükafatlar təqdim olunacaqatletimizin tanıdılması baxımından media nümayəndələrinə imkanlar yaradılacaq. Media nümayəndələri iyunun 12-dən etibarən sərbəst şəkildə “Azərbaycan yığmasının evi”nə daxil ola bilərlər.

Vitse-prezident qeyd edib ki, MOK-da 3 gün xüsusi qeyd olunacaq. İyunun 14-də Azərbaycanın ilk medalını qazanacağı gözlənildiyindən həmin gün xüsusi tədbir təşkil ediləcək. İyunun 23-də isə Beynəlxalq Olimpiya Günü qeyd olunacaq. Ayın 27-28-i medal alanlar isə “Bakı-2015”in bağlanış mərasimi ilə əlaqədar olaraq ayın 29-da mükafatlandırılacaqlar. Həmin gün baş tutacaq tədbir Avropa Oyunlarının yekunlarına həsr olunacaq.

 Sonra Avropa Oyunlarında iştirak edəcək idmançılarımızla görüş keçirilib. Görüşdə ilk çıxış edən yığmamızın nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva ən son statistik məlumatları açıqlayıb. Onun sözlərinə görə, ilk Avropa Oyunlarında Azərbaycan 441 nəfərlik heyətlə təmsil olunacaq. Bunlardan 291 nəfər oyunlarda iştirak edəcək atletlərimiz, 150 nəfər isə rəsmi heyətdir, yəni bunlar məşqçilər korpusu digər rəsmi şəxslərdir. K.Nurullayevanın fikrincə, say tərkibi ilə götürdükdə Avropa Oyunlarında Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasından sonra 2-ci yerdə qərarlaşır. Qeyd edək ki, Rusiya Avropa Oyunlarına 600 nəfərlik heyətlə qatılacaq ki, onların da 360 nəfəri idmançıdır.

Könül Nurullayeva onu da bildirib ki, 291 idmançı 150 rəsmidən ibarət komandamız iyunun 8-də Atletlər kəndinə köçəcək. Mingəçevirdə yarışacaq avarçəkənlər həmin tarixdə yarış yerinə yollanacaqlar. Üç gün sonra, iyunun 11-də isə Azərbaycan millisinin salamlama mərasimi keçiriləcək.

Gənclər idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov qeyd edib ki, iki ildən bir qədər çox müddətdə bütün ölkə bu idman yarışına hazırlaşır: “Demək olar ki, bu yarışa tam hazırıq. Artıq yoxlama tədbirlər keçirilib. Bakı şəhəri qonaqları qəbul etməyə hazırdır. Yeni yollar çəkilib, parklar salınıb. Çox istəyirik ki, bura gələcək qonaqlar paytaxtımızı sevsinlər tez-tez bizə qonaq gəlsinlər”.

 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarını xatırladan nazir vurğulayıb ki, həmin zaman Azərbaycan 53 idmançı ilə yarışa qatılıb 10 medal qazanıb. İndi isə I Avropa Oyunlarındakı idmançılarımızın sayı 291 nəfərdir. Bu o deməkdir ki, Azərbaycan idmançıları üçün çox gözəl imkanlar yaradılıb: “Belə bir yarışda çıxış etmək idmançılara geniş imkanlar açır. İnanırıq ki, idmançılarımız bu yarışda böyük nailiyyətlər əldə edəcək. Səbirsizliklə 291 nəfərlik komandamızın yeni tikilən Olimpiya Stadionundakı yürüşünü gözləyirik. Bu tədbiri həyata keçirmək üçün Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəstək verib, diqqət yetirib. Biz onun yüksək etimadını doğrultmalıyıq. Göstərməliyik ki, həqiqətən Azərbaycan güclü idman ölkəsidir onun idmançıları yüksək nailiyyətlər əldə etmək iqtidarındadır”.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2015.- 30 may.- S.4.