Alov estafeti Ağsuya çatdı

 

 

Məlumdur ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarı Avropa Olimpiya Komitələri 2012-ci ilin sonunda vermişdi. Bu qərar Avropanın mötəbər idman qurumunun Azərbaycana böyük etimadı idi. Ötən qısa müddət ərzində bu etimadı ölkəmiz layiqincə doğrultdu. Belə Oyunların təşkili, lazımi infrastrukturun yaradılması və digər tədbirlərin görülməsi üçün 7-8 il vaxt tələb olunur. Ancaq ölkəmiz nəzərdə tutulan bütün hazırlıq işlərinin öhdəsindən 2 il yarım müddətə yüksək səviyyədə gəldi.

Əlbəttə, istər I Avropa Oyunlarının keçirilməsinin Azərbaycana etibar edilməsində, istərsə də hazırlıq işlərinin nəzərdə tutulan vaxtlarda başa çatdırılmasında Prezident İlham Əliyevin qətiyyəti və əzmkarlığı mühüm rol oynadı. Eyni zamanda, Oyunların keçiriləcəyi paytaxt Bakının, həmçinin Mingəçevir şəhərinin, ümumilikdə isə bütün Azərbaycanın standartlara uyğun şəkildə hazırlıq işlərini mükəmməl yerinə yetirməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın sədri olduğu İlk Avropa Oyunları Təşkilat Komitəsinin uğurlu fəaliyyətini də qeyd etmək lazımdır.

Nəhayət, aprelin 26-da Azərbaycanın, eləcə də Avropanın idman tarixində əlamətdar bir hadisə baş verdi: Bakıda I Avropa Oyunlarının məşəli alovlandırıldı. Azərbaycan Prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin iştirak etdiyi mərasimdə olimpiya ənənəsinə uyğun olaraq I Avropa Oyunlarının məşəli qədim od məbədi “Atəşgah”dan alovlandırılaraq ölkəmizin bölgələrinə yola salındı.

Həmin vaxtdan Azərbaycanı diyar-diyar dolaşan məşəl insanlara sevinc, qürur duyğuları bəxş edir. Mayın 29-da növbə son illər görülən abadlıq-quruculuq işləri sayəsində ölkəmizin qabaqcıl rayonlarından, müasir bölgələrindən birinə çevrilmiş Ağsuya çatdı. İldən-ilə sosial-iqtisadi göstəricilərini yüksəldən, inkişaf sürətini daha da artıran Ağsu rayonunda da məşəlin gəlişi münasibətilə hərtərəfli hazırlıq işləri görülmüşdü.

Ağsulular zəhmətsevər və torpağa bağlıdırlar. Rayonun hərtərəfli inkişafını dövlətin yüksək qayğısı hesab edirlər və bu qayğıya həmişə minnətdarlıqla, əməli işlə cavab verməyə çalışırlar. İndi də elliklə Ağsu şəhərinin küçələrinə çıxan ağsulular bu tarixi günü, bu bənzərsiz bayramı onlara bəxş etdiyinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirdilər.

4 nömrəli Ağsu şəhər tam orta məktəbin direktoru Şəfəq Balıyeva da mərasim iştirakçıları arasında idi. O, sözünə yaxın keçmişdən başladı:

- 2009-cu ilin payızında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rayonumuza gələndə onları ağsulular adından mən salamlamışdım. Həmin tarixi məqamı həyatımın ən unudulmaz günlərindən biri sayıram. Dövlət başçısı o zaman da rayonumuz haqqında, burada görülən işlər barədə xoş sözlər demiş, hətta rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Ağsunu Azərbaycanın rayonlarının arasında ən qabaqcıl rayonlardan biri adlandırmışdı. Əlbəttə, bu, möhtərəm Prezident tərəfindən verilən çox böyük qiymət idi. Dövlət başçısının xoş sözləri rayonda işgüzarlığı, qurub-yaratmaq əzmini daha da artırdı. Bundan sonra Ağsu daha da inkişaf etdi, müasirləşdi. İndi 3 min tamaşaçı tutumu olan stadionumuz da var. Həmin stadionun təməlqoyma və açılışında Prezident iştirak edib. Üç il əvvəl yaradılmış “Ağsu” futbol komandası ölkə çempionatının birinci divizionunda bir dəfə birinci, bir dəfə dördüncü yeri tutub. Bu il isə “Ağsu” komandası gümüş medal qazandı. Hazırda 100-dən çox uşaq futbolla məşğuldur. Bütün bunlar dövlət başçısının qayğısı sayəsində mümkün olub. Bu gün pişvazına çıxdığımız I Avropa Oyunlarının məşəlini məhz belə duyğularla qarşılayırıq. Bu hadisə həyatımızın unudulmaz anlarından birinə çevriləcək. Ağsuda tarix yazılır, I Avropa Oyunlarının məşəli Ağsudan keçir - olduqca qürurvericidir! Bu gözəl duyğuları bizə bəxş etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Məşəl yürüşünün başladığı Heydər Əliyev küçəsində qələbəlik idi. Rayon sakinləri arasında Ağsunun ağsaqqallarından olan Cəmaləddin Zeynalovla görüşdük. Ağsaqqalın da ürəyi dolu idi: “Baxdıqca adamın ürəyi açılır. İnsanları sevinən görəndə, problemsiz görəndə adam daha çox yaşamaq istəyir. Hər axşam televizora baxanda görürük ki, bütün dünya bizdən, Bakıdan, ölkəmizdə görülən işlərdən danışır. Hamının diqqəti bizdədir. Bunları görəndə necə sevinməyəsən, necə fəxr etməyəsən! Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin, 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasaydı, gördüyümüz bu bayraq belə əzəmətlə dalğalana bilməzdi. Xalqımızın, millətimizin başına nələr gələrdi, bir Allah bilir... Ulu öndər gəldi, dosta dost yerini göstərdi, düşmənə düşmən... Səyi, bacarığı, müdrikliyi hesabına Azərbaycanı günə çıxardı. Şükürlər olsun ki, o zamanlar ulu öndərin başladığı işləri Prezident İlham Əliyev böyük məharətlə davam etdirir. Elə ən böyük uğurlarımızdan biri də Avropanın ölkəmizdə idman tədbirinə yığışmasıdır. Hər gələn qonaq buradan gedəndən sonra ölkəmiz haqqında nə qədər xoş sözlər, xoş fikirlər deyəcək! Hamının bayramını təbrik edir, idmançılarımıza isə qələbələr arzulayırıq!”

Ağsu şəhərində təkcə məşəlin keçdiyi Heydər Əliyev, Üzeyir Hacıbəyli küçələri deyil, bütün şəhər səliqə-sahmanı, müasirliyi, milli memarlıq üslubunda tikililəri ilə diqqəti cəlb edir. Müasir dövrün tələblərinə uyğun tikinti-quruculuq, yenidənqurma işləri, yolların, küçələrin abadlaşdırılması, yeni təhsil və tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, həmçinin genişmiqyaslı abadlıq tədbirləri yeniləşən Ağsunun reallıqlarıdır. Hazırda Ağsu şəhərində 100 yerlik uşaq bağçası üçün yeni binanın, kənd təsərrüfatı idarəsi, YAP Ağsu rayon təşkilatı üçün inzibati binaların, idman kompleksinin, onlarca ticarət, iaşə, məişət və xidmət obyektlərinin tikintisi davam edir. 2015-ci ilin əvvəlindən rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq və digər mövsümi işlərdə 55 nəfər işlə təmin olunub. Yeni yaradılan iş yerlərinin 40-ı daimidir.

Ağsuda son dövrlər yaşıllıqlar da çox artıb. Elə I Avropa Oyunlarının məşəlinin rayonda qəbul edilməsi üçün seçilən yer də yaşıllıqlara qərq olub.

Budur, alqış sədaları ilə məşəl karvanı yaxınlaşdı. Oyunların rəmzi qapısından keçdikdən sonra məşəli rayonun fəal gənclərindən olan Elnur Fərzəlizadə qəbul etdi. Alqış sədaları altında Heydər Əliyev və Üzeyir Hacıbəyli küçələri boyunca məşəlin yürüşü başlandı. Fiziki hazırlıq müəllimi Zəka Atakişiyev, şahmatçı-məşqçi Elşən Mustafayev, fəal gənclər Tamerlan Abışov, Altun Şeydayev və digər məşəlçilər 2 kilometr məsafə qət edərək məşəli Heydər Əliyev parkının qarşısına gətirdilər. Burada qurulmuş səhnədə piyalə formalı məşəli yandırmaq üçün növbə məşəlçi, fiziki hazırlıq müəllimi Cəmil Atakişiyevə çatdı. O, gur alqış sədaları altında məşəli alovlandırdı.

Azərbaycanın daha bir bölgəsində sevinc və həyəcan dolu tarixi anlar yaşandı. Rəmzi çıraq Oyunlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi. Sonra aprelin 26-da I Avropa Oyunlarının məşəlinin “Atəşgah”dan alovlandırılması ilə bağlı mərasimdən hazırlanmış videoçarx nümayiş etdirildi. Mərasimin sonunda tədbir iştirakçılarının təəssüratını soruşduq. Elnur Fərzəlizadə fikrini belə ifadə etdi: “Çox qürurluyam ki, I Avropa Oyunlarının məşəlini Ağsuda qəbul etmək mənə nəsib oldu. Unudulmaz anlar yaşadım. Doğulduğum rayon da ilk Avropa Oyunlarının tarixinə düşdü. Bütün bunlar müstəqil Azərbaycanın uğurlarıdır. Müstəqil olmasaydıq, şübhəsiz ki, bu tarixi günü nə görə, nə yaşaya bilərdik. Bütün Avropanın, bütün dünyanın diqqəti bizə yönəlib. İnanırıq ki, Oyunlar uğurla başa çatacaq, idmançılarımız öz qələbələri ilə hamımızı sevindirəcəklər”.

Ağsu Gənclər və İdman İdarəsinin rəisi Azər Kərimli isə təəssüratını belə bildirdi:

- Hər bir ağsulu kimi, mən də belə bir tarixi hadisənin iştirakçısı olduğuma görə qürur duyuram. Ölkəmizi diyar-diyar gəzib dolaşaraq insanlara sevinc bəxş edən məşəli qarşılamaq üçün neçə gün idi hazırlaşırdıq, həyəcanla, maraqla gözləyirdik. Onu da qeyd edim ki, bu tarixi hadisə gənclərin idmana bağlılığını, vətənpərvərlik duyğularını daha da artıracaq. Taekvondo üzrə beşqat Azərbaycan çempionu, II dan qara kəmər sahibi Cavanşir Mirzəyev, kikboksing üzrə ikiqat dünya çempionu Elnur Alıyev kimi tanınmış idmançıların davamçılarının yetişməsində Oyunların vətənimizdə keçirilməsinin böyük əhəmiyyəti olacaq. Bütün atletlərimizə uğurlar, qələbələr arzulayırıq.

Mərasim başa çatandan sonra Oyunların məşəli Qobustan rayonuna yola salındı.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2015.- 30 may.- S.5.