Milli Məclisin yaz
sessiyasının son plenar iclası keçirilib
Mayın 29-da Azərbaycan Respublikası Milli Məclisinin
yaz sessiyasının son plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay
Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq
olunub.
Əvvəlcə Binəqədi rayonu ərazisindəki
çoxmərtəbəli yaşayış binasında
baş vermiş yanğın zamanı həlak olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda İctimai Televiziya və Radio Yayımları
Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər
barədə məsələ müzakirəyə
çıxarılıb.
Milli Məclisin mədəniyyət komitəsinin sədri
Nizami Cəfərov layihə barədə məlumat verib. Müzakirələrdən
sonra Şuranın tərkibində dəyişikliklər barədə
məsələ səsverməyə çıxarılıb.
Namizədlikləri Sahibkarlar Şurası tərəfindən
irəli sürülən Vüqar Zeynalov, gənclər təşkilatları
tərəfindən irəli sürülən Mirhəsən
Seyidov, qadın cəmiyyətləri tərəfindən irəli
sürülən Sevil Yusifova İctimai Televiziya və Radio
Yayımları Şirkəti Yayım Şurasının yeni
üzvləri seçiliblər.
Sonra “Azərbaycan Respublikasının 2014-cü il
dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi
müzakirəyə çıxarılıb.
Layihə barədə danışan Milli Məclisin
iqtisadi siyasət komitəsinin sədr müavini Çingiz
Əsədullayev deyib ki, dövlət və icmal büdcəsi
ilə bağlı şəffaflığın, səmərəliliyin
təmin edilməsi 2014-cü ildə də davam etdirilib, Azərbaycan
Prezidentinin müəyyən etdiyi inkişaf strategiyası
uğurla yerinə yetirilib. O, dünyada iqtisadi böhranın
mövcudluğuna baxmayaraq, Azərbaycanın inkişaf
etdiyini, bunun düşünülmüş siyasətin nəticəsi
olduğunu söyləyib.
Sonra
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
çıxış edərək bildirib ki, ötən il dünya iqtisadiyyatında sistemli
böhranın davam etdiyi bir şəraitdə Azərbaycan
davamlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb. 2014-cü ilin dövlət büdcəsinin icrası
ilə bağlı Hesablama Palatasının tərtib etdiyi rəy
müvafiq qaydada Milli Məclisin deputatlarına və hökumət
üzvlərinə təqdim edilib. Bu rəy
dövlət büdcəsinin gəlir və xərcləri,
büdcə kəsiri və dövlət borcu ilə
bağlı ətraflı təhlilləri və təklifləri
əhatə edir. Rəyin son
bölümündə palatanın gəldiyi qənaətlər
ümumi şəkildə əks etdirilib.
Dövlət
büdcəsinin əsas parametrlərindən danışan
Vüqar Gülməmmədov qeyd edib ki, 2014-cü ilin dövlət
büdcəsinin gəlirləri 100,1 faiz və
ya 16,6 milyon manat çox icra olunub. Büdcə gəlirlərinin
ümumi daxili məhsulda nisbəti 31,2 faiz
təşkil edib. 2013-cü ilə nisbətən hesabat ilində
vergi gəlirləri 10,1 faiz artıb. 2014-cü ilin avqust ayından etibarən enerji
daşıyıcılarının qiymətlərinin əhəmiyyətli
dərəcədə azalmasına baxmayaraq, hesabat ilində
büdcə-vergi siyasəti üzrə nəzərdə
tutulan əsas tədbirlərin reallaşması təmin
edilib. Son illərdə büdcə gəlirlərinin
artması hökuməti fəal investisiya və makroiqtisadi
müstəvidə praqmatik siyasət aparmağa sövq edib.
2014-cü ildə dövlət büdcəsinin xərcləri
93,3 faiz səviyyəsində icra edilib.
2014-cü ilin dövlət büdcəsinin kəsirinin məbləği
308,4 milyon manat təşkil edib. 2014-cü
il dövlət büdcəsinin icrası
ilə bağlı Hesablama Palatası müsbət rəy
verib.
Maliyyə
naziri Samir Şərifov iclasda çıxış edərək
bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
altında son illərdə ardıcıl şəkildə həyata
keçirilən siyasi-iqtisadi kurs nəticəsində
2014-cü il üçün müəyyən
edilmiş sosial-iqtisadi inkişafın hədəf göstəricilərinə
əsasən nail olunub. İl üzrə xarici
makroiqtisadi mühitin ölkəmiz üçün qeyri-əlverişli
olmasına, Azərbaycanın əsas ixrac məhsullarının
dünya bazarlarında qiymətlərinin iki dəfəyədək
aşağı düşməsinə, regiondakı geosiyasi vəziyyətin
xarici ticarət əlaqələrinə olduqca mənfi təsir
etməsinə baxmayaraq, ölkəmizdə makrofiskal
dayanıqlılıq qorunub saxlanılıb, iqtisadi artım
davam edib. Ötən il ümumi daxili məhsul real ifadədə
2,8 faiz, onun qeyri-neft sektoru hesabına hasil
edilən hissəsi isə 7 faiz artıb. Ötən il ərzində
dövlət büdcəsinin mədaxili 18 milyard 401 milyon manat
və yaxud proqnoza qarşı 100,1 faiz təşkil edib, onun
ümumi daxili məhsulda xüsusi çəkisi 31,2 faizə
çatıb.
Vurğulanıb
ki, 2014-cü il dövlət büdcəsi gəlirlərinin
50,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft
Fondundan transfert, 38,7 faizi Vergilər Nazirliyinin, 8,2 faizi Dövlət
Gömrük Komitəsinin xətti ilə, 2,4 faizi isə sair
daxilolmaların payına düşüb. 2014-cü ildə
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə
daxilolmalar 7102,0 milyon manat proqnoza
qarşı 7113,7 milyon manat, yəni nəzərdə
tutulduğundan 11,7 milyon manat və yaxud 0,2 faiz, 2013-cü illə
müqayisədə isə 449,7 milyon manat (6,7 faiz) çox
icra olunub. Vergilər Nazirliyinin xətti ilə dövlət
büdcəsinə daxil olan vəsaitin 4306,7
milyon manatı və yaxud 60,5 faizi qeyri-neft sektorunun payına
düşüb. Dövlət Gömrük Komitəsi tərəfindən
proqnoza 100,1 faiz əməl olunmaqla büdcəyə 1 milyard
511 milyon manat vəsait daxil olub ki, bu da 2013-cü illə
müqayisədə 9,2 faiz çoxdur. Dövlət Neft
Fondundan dövlət büdcəsinə nəzərdə
tutulmuş məbləğdə, yəni 9337,0
milyon manat vəsait daxil olub. Dövlət büdcəsindən
maliyyələşən təşkilatların ödənişli
xidmətlərindən daxilolmalar 207,3
milyon manat təşkil edib.
Samir
Şərifov vurğulayıb ki, büdcə xərcləri
proqnoza nisbətən 93,3 faiz və yaxud 18 milyard 709 milyon manat
icra olunub. Qanunvericiliyə uyğun olaraq,
dövlət büdcəsinə daxil olan vəsait ilk növbədə
müdafiə olunan, sonra isə digər xərclərin maliyyələşdirilməsinə
yönəldilib. Strukturuna görə 2014-cü il
dövlət büdcəsi xərclərinin 9897,6 milyon
manatı və yaxud 52,9 faizi cari xərclərə (2013-cü
illə müqayisədə 704,3 milyon manat və yaxud 7,7 faiz
çox), 8432,5 milyon manatı və yaxud 45,1 faizi əsaslı
xərclərə, 378,9 milyon manatı və yaxud ümumi xərclərin
2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə
bağlı xərclərə yönəldilib. Əvvəlki
illə müqayisədə 2014-cü ildə sosial müdafiə
və sosial təminat xərclərinə 12,6 faiz, iqtisadi fəaliyyətlə
bağlı xərclərə 11,7 faiz, təhsil xərclərinə
8,1 faiz, səhiyyə xərclərinə 7,5 faiz, mədəniyyət,
incəsənət və idman xərclərinə 7 faiz, mənzil
və kommunal təsərrüfatı xərclərinə 4,7
faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı
və ətraf mühitin mühafizəsi xərclərinə
3,5 faiz, müdafiə xərclərinə 2,1 faiz çox vəsait
yönəldilib.
Bildirilib
ki, hesabat ilində iqtisadi təsnifata uyğun olaraq dövlət
büdcəsi xərclərinin 29,3 faizi və
yaxud 5477,9 milyon manatı sosialyönümlü xərclərin
maliyyələşdirilməsinə yönəldilib. Bu da
2013-cü illə müqayisədə 571,5
milyon manat və yaxud 11,6 faiz çoxdur. Hesabat dövründə
ölkənin müdafiə qüdrətinin daha da
artırılması, hərbi qulluqçuların sosial
müdafiəsinin gücləndirilməsi və digər məqsədlər
üçün dövlət büdcəsinin cari və əsaslı
xərclərindən bütövlükdə müdafiə xərclərinə
yönəldilmiş vəsait dövlət büdcəsi xərclərinin
15,2 faizinə bərabər olub. 2014-cü ilin dövlət büdcəsi 308 milyon 434
min 756 manat kəsirlə icra olunub. 2015-ci
ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə
hesabında qalığı 1 milyard 729 milyon manat təşkil
edib. Həmin vəsaitin də 2015-ci il
dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə
və dövlət borcuna xidmətlə bağlı yarana biləcək
xərclərin ödənilməsinə yönəldilməsi
təklif edilib.
Müzakirələrdən sonra qanun layihəsi səsə
qoyularaq qəbul olunub.
İclasda
çıxış edən Yeni Azərbaycan
Partiyasının icra katibinin müavini, Milli Məclisin intizam
komissiyasının sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda
mövcud olan iqtisadi inkişaf, ictimai-siyasi sabitlik ölkə
daxilində olduğu kimi, xaricdə də bəzi qüvvələri
narahat edir. Təbii ki, bunlar Azərbaycanın
uğurlarını gözü götürməyən
qüvvələrdir. Son vaxtlar mərhələli
şəkildə şahidi olmuşuq ki, Avropa Parlamentinin
ayrı-ayrı siyasi qrupları, deputatları Azərbaycan ilə
əlaqədar müxtəlif bəyanatlar verir, qərarlar qəbul
edirlər. Avropa Parlamentinin sədri Martin
Şults deyirdi ki, onlara əhəmiyyət verməyin,
hansısa qrupun qəbul etdiyi qərardır. Lakin
artıq Martin Şultsun özünün də iç
üzü ortaya çıxmağa başlayıb. O, həm
Riqa Sammitindən öncə, həm də sonra Azərbaycanın
əleyhinə erməni lobbisinin təhriki ilə qarayaxma
kampaniyasına rəvac verib. Avropanın
fundamental dəyərləri kənarda qalıb. Martin Şults milli, dini ayrı-seçkiliklə,
insan hüquqlarına qarşı ədalətsiz mövqe
tutmaqla məşğuldur. O, Riqa Sammitində Ermənistanda
demokratiyanın inkişafından danışır. Amma nəzərə almır ki, bu ölkədə
seçkilər zamanı insanlar güllələnib, insan
hüquqları kobud şəkildə pozulub. Əgər o, insan hüquqlarının müdafiəsinə
belə önəm verirsə, niyə Avropa Parlamentində
Xocalı soyqırımı müzakirə edilmir? Burada ikiüzlülük, satqınlıq var. Avropa
Parlamentinin sədri Avropa Oyunlarına belə münasibət bəsləyirsə
deməli öz partiyasını da satır, sosial ədalət
prinsipinə də qarşı çıxır.
S.Novruzov Azərbaycan xalqının Prezident İlham
Əliyevin ətrafında sıx birləşdiyini söyləyib. O vurğulayıb ki, kimin nə
deməsindən, hansı qarayaxma kampaniyasını həyata
keçirməsindən asılı olmayaraq, Azərbaycan
Avropa Oyunlarını yüksək səviyyədə
keçirəcək.
Sonra
iclasda “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında Yüksək Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının 2015-ci il 15 yanvar
tarixində keçirilmiş dördüncü
iclasının nəticələrinə dair” Birgə Bəyanatın,
“Azərbaycan Respublikası ilə Pakistan İslam
Respublikası arasında strateji tərəfdaşlıq
haqqında” Birgə Bəyannamənin, “Azərbaycan
Respublikası ilə Pakistan İslam Respublikası arasında
məhkumların verilməsi haqqında” Sazişin, “Dövlətlərarası
Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may
tarixli Sazişin qüvvəsinin dayandırılması barədə
Protokol”un təsdiq edilməsi barədə qanun layihələri
qəbul edilib.
“Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
haqqında” qanun layihəsinə baxılaraq təsdiq edilib. Bildirilib ki,
layihədəki dəyişikliklər Vergi Məcəlləsi
ilə uyğunlaşdırma məqsədi daşıyır.
Daha sonra “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Bildirilib ki, təklif olunan dəyişiklik “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanunun tətbiqi ilə əlaqədardır.
İclasda “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Qeyd edilib ki, layihədə nəzərdə tutulan dəyişiklik 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanuna uyğunlaşdırma məqsədi ilə edilir. Hər iki qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunarkən bildirilib ki, layihədə nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılan zaman qeyd edilib ki, məcəlləyə edilən dəyişikliklərdə azyaşlılara qarşı törədilən cinsi xarakterli cinayətlərə görə məsuliyyət fərqləndirilir və daha ciddi cəzalar müəyyən edilir. Valideyn, övladlığa götürən, müəllim, nəzarəti həyata keçirən digər şəxslər tərəfindən uşaqları əxlaqsız əməllərə, fahişəliyə cəlb etməyə görə xüsusi məsuliyyət və daha ciddi cəzalar müəyyən edilir.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 1.2.10-cu yarımbəndinin icrası (valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi) ilə əlaqədar təklif edilir.
Deputatlar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini də nəzərdən keçiriblər. Qeyd edilib ki, məcəllənin 240-cı maddəsi “Güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi”nə görə məsuliyyət müəyyən edir. Bu maddənin tətbiq zərurəti ilə əlaqədar güclü təsir edən və zəhərli maddələrin siyahısının müəyyən edilməsinə ehtiyac var. 240-cı maddəyə bu siyahının qanunla müəyyən edilməsini nəzərdə tutan qeyd hissəsi əlavə edilir. Bu dəyişikliyin əsasında “Güclü təsir edən maddələr, zəhərli maddələr və onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılarkən bildirilib ki, dəyişiklik “Siyasi partiyalar haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.
“Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxılıb və qəbul olunub.
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirə edilib. Bildirilib ki, layihə ölkədə avtomobil nəqliyyatı sisteminin inkişaf etdirilməsi, bu nəqliyyat növü ilə sərnişin və yük daşımaları xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, həmin sahədə iqtisadi münasibətlərin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Layihə səsə qoyularaq qəbul edilib.
İclası yekunlaşdıran Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyası ərzində görülən işlərdən danışıb. Sədr yaz sessiyası müddətində 10 iclasın keçirildiyini, həmin iclaslarda 134 qanun və qərar qəbul edildiyini bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin qanunvericilik bazasının daha da möhkəmləndirildiyini vurğulayıb.
Oqtay Əsədov deyib ki, parlamentin beynəlxalq əlaqələrinin inkişafı üçün də lazımi tədbirlər görülüb. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Sessiya ərzində təqribən 165 nəfərdən ibarət 70-ə qədər nümayəndə heyəti 30 ölkədə səfərdə olub. Deputatlarımız Qazaxıstanda prezident, Tacikistanda parlament seçkilərini müşahidə ediblər. Parlamentdə müxtəlif ölkə və beynəlxalq təşkilatlardan 350 nəfərdən ibarət 50-dən çox nümayəndə heyəti qəbul edilib.
Sədr məhsuldar keçən yaz sessiyasının uğurla başa çatdığını söyləyib.
Oqtay Əsədov 2015-ci il yaz sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin 2015-ci il yaz
sessiyasının sonuncu iclası başa çatıb.
Azərbaycan. - 2015.- 30 may.- S.8.