Təhsil naziri Sabirabadda
“Son zəng” tədbirində
iştirak edib
Mayın
29-da Sabirabad şəhəri
Nizami Gəncəvi adına 5 nömrəli
tam orta məktəbdə
“Son zəng” tədbiri
keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
Nazim İsmayılov,
rayon təhsil ictimaiyyətinin
nümayəndələri və
valideynlər iştirak
ediblər.
Təhsil
Nazirliyindən AZƏRTAC-a bildiriblər
ki, əvvəlcə tədbir iştirakçıları
ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərinin
mərkəzində ucaldılan
abidəsi önünə
gül dəstələri
düzüb, xatirəsini
hörmət və ehtiramla yad ediblər.
“Son zəng” tədbiri
Azərbaycan Respublikasının
Dövlət himninin səsləndirilməsi ilə
başlanıb.
Tədbirdə təhsil naziri M.Cabbarov çıxış
edərək gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsinin,
onlarda təhsilə, elmə marağın daha da artırılması
və geniş dunyagörüşünün formalaşdırılmasının
ölkəmizin yeni cəmiyyət quruculuğunda
ən ümdə məsələlərdən olduğunu
bildirib.
Azərbaycanda təhsilin inkişafı istiqamətində ümummilli
lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
siyasətin bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirildiyini vurğulayan M.Cabbarov bu istiqamətdə həyata keçirilən
işlərdən danışıb.
Nazir məzunların
həyatında bu gün yeni mərhələnin
açıldığını bildirib, onların hər birinin müstəqil Azərbaycanın
vətəndaşı kimi
ölkəmizin gələcək
inkişafı naminə
həyata keçirilən
bütün tədbirlərdə
fəal təmsil olunacaqlarına əminliyini
ifadə edib. Bu məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən ilin dekabrında avtomobil qəzası nəticəsində Kür
çayına düşən
üçüncü sinif
şagirdini xilas etmək naminə öz həyatını qurban verdiyini xatırladan M.Cabbarov onun qəhrəmanlığının
hər kəsə nümunə olduğunu qeyd edib.
Əlamətdar gün münasibətilə
məzunları təbrik
edən nazir onlara uğurlar arzulayıb.
Məzunlar onları həyatın yeni mərhələsinə
hazırlayan müəllimlərə
təşəkkürlərini bildiriblər. Onlar doğma məktəbi
tərk etdikləri üçün məyus olsalar da, həmişə
uğurları ilə
müəllimlərini sevindirəcəklərinə
söz veriblər.
Tədbir şagirdlərin hazırladıqları
“Son zəng” ədəbi-bədii
kompozisiyası ilə
davam edib.
Qeyd edək ki, Nizami
Gəncəvi adına 5 nömrəli
tam orta məktəb ümummilli lider Heydər Əliyevin təşəbbüsi ilə
1979-cu ildə inşa
olunaraq istifadəyə
verilib. Təhsil müəssisələrinin hər birinə xüsusi diqqətlə yanaşan Ulu Öndər 1999-cu ildə
məktəbin 20 illiyi
ilə bağlı kollektivə təbrik məktubu göndərib.
Məktəbdə hazırda 1271 şagird təhsil alır. 2013-2014-cü tədris ilində 37 məzun ali
məktəblərə qəbul
olunub. Müasir tədris inventarları
və avadanlıqla təchiz olunmuş məktəb kurikulum hazırlıqları üzrə
resurs mərkəzidir.
Məktəbin iki məzunu Azərbaycan Respublukası
Prezidentinin təqaüdinə
layiq görülüb. 2015-ci ilin aprelində keçirilən respublika fənn olimpiadasında məktəbin bir şagirdi Azərbaycan dili və ədəbiyyatı
fənni üzrə olimpiadanın gümüş
mükafatçısı olub.
Məktəbin bir məzununun adı isə Azərbaycanın gənc istedadlarının ”Qizil kitab”ına
yazılıb və
o, ölkə Prezidentinin
xüsusi aylıq təqaüdinə layiq görülüb.
Sonra təhsil naziri M.Cabbarov rayonun Cavad kəndində
mərhum müəllim Əhliman Hüseynovun
ailəsi və qohumları ilə görüşüb,
onlara başsağlığı verib.
Azərbaycan. - 2015.- 30 may.- S.9.