Azərbaycan nümayəndə heyəti Dünya Turizm Təşkilatının 100-cü sessiyasında iştirak edir

 

Mayın 28-də Xorvatiyanın Rovin şəhərində BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclası işə başlayıb.

İclasda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbirin açılışında DTT-nin baş katibi Taleb Rifai, Yamaykanın və Xorvatiyanın turizm nazirləri, təşkilatın keçmiş baş katibləri, Turizm Etika Komitəsinin sədri çıxış ediblər. Sonra gündəlik təsdiqlənib.

Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev DTT-nin baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə təşkilat ilə ölkəmiz arasında əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Əbülfəs Qarayev DTT-nin Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək səviyyəli tərəfdaşlığına görə baş katibə təşəkkürünü bildirib.

“Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları” mövzusunda keçirilən iki günlük iclas zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən edilməsidir.

 

Azərbaycan. - 2015.- 30 may.- S.10.