Fransa
Respublikasının təhsili haqqında təəssüratlar
Dövlət Strategiyasında təhsil sistemimizin yeniləşməsi,
dünya standartlarına yaxınlaşması qarşıya vəzifə
kimi qoyulmuşdur. Bu vəzifələrin
reallaşdırılmasına xidmət göstərən
amillərdən biri də ayrı-ayrı nümayəndə
heyətlərinin müxtəlif ölkələrə səfərlərinin
təşkilidir. Ötən ay Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşlarından
bir qrupu - bu yazının müəllifi, dərslik və dərs
vəsaitlərinin metodologiyası şöbəsinin
müdiri Asif Hacıyev, ümumi təhsilin və məktəbdənkənar
təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım
İbadova, monitorinq və qiymətləndirmə şöbəsinin
müdiri İlham Cavadov, aparıcı elmi işçi
Gülbəniz Camalova və elmi məsləhətçi Riza
Xəlilov Fransa Respublikasında səfərdə olmuşlar.
Məqsəd Fransanın təhsil sistemi ilə tanış
olmaq, fərqli cəhətləri, müsbət
tendensiyaları öyrənmək, qarşılıqlı tədqiqatların
aparılması konturlarını müəyyənləşdirməkdən
ibarət idi.
Son illər
ARTPİ-də geniş və şoxsahəli işlərə
start verilmiş, o cümlədən inkişaf etmiş xarici
ölkələrlə əlaqələr güclənmiş,
beynəlxalq simpozium, seminar və konfransların təşkili
intensiv xarakter almışdır. Bu mənada
Fransa Respublikasına olan səfər də həyata
keçirilən silsilə tədbirlərin bir həlqəsi
hesab oluna bilər. İnstitutun və Fransa
Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi
ilə həyata keçirilən səfərdə Fransa
Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat
Nazirliyinin, Sevr Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin
(CİEP) müvafiq qurumları ilə görüşlər
oldu. Əvvəlcədən
razılaşdırılmış və təsdiq olunmuş
mövzular üzrə təqdimatlar, müzakirələr və
sual-cavablar aparıldı. Qərbi Avropanın əsas
şəhəri olan Parisin Sevr Beynəlxalq Pedaqoji
Araşdırmalar Mərkəzində aparılan tədqiqatların
nəticələri ilə tanışlıq “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın icrası ilə əlaqədar qəbul
olunmuş “Tədbirlər Planı”nda göstərilən
“beynəlxalq təcrübənin öyrənilməsi” tələbi
baxımından maraqlıdır.
Fransa Respublikasında əhalinin sayı 66 milyon nəfərdir. Bunlardan
12.747.800 nəfər təhsil alandır ki, onlardan 12.233.500 nəfəri
Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdə
oxuyur. 1.039.900 nəfər təhsil
işçisindən 1.016.400 nəfəri təhsil müəssisəsində
çalışır. Bunlardan 839.700 nəfəri
müəllim, 176.700 nəfəri inzibati heyət təşkil
edir. 23.500 nəfər mərkəzi və
regional idarəetmə strukturlarında
çalışır. 64.000 təhsil
müəssisəsindən (8800 xüsusi) 52.600 - ibtidai təhsil
(ecole primaire), 7100-ü kollec, 4300-ü liseydir.
Xüsusi (özəl) məktəblər 15 faiz təşkil
edir. Bu məktəblərin 95 faizi kilsənin nəzdindədir.
Bunlardan 92 faizi katolik dinini, 3 faizi protestant və
yəhudi dinini öyrədir. Fransada
dövlətlə kilsə məktəblilərin təhsilində
əlaqəli işləyirlər.
2013-2014-cü dərs ilində təhsilə çəkilən
xərc 144 milyard avrodur.
Təhsil
Nazirliyi, Ali Təhsil və Tədqiqat Nazirliyinə regionlar
üzrə 22 akademik dairə daxildir. Hazırda idarəetmədə
çevikliyə və mobilliyə nail olmaq üçün
22 akademik dairəni 13-ə endirmək istəyirlər.
Təhsilin idarə olunmasını Təhsil Nazirliyi, Ali
Təhsil və Tədqiqat Nazirliyi yerinə yetirir. Nazirlik
bütün fənlərin dövlət tələblərini
hazırlayır, diplomları verir, müəllimləri işə
qəbul edir, təhsil verir, əməkhaqqını ödəyir.
Təhsil sistemində işləyən
bütün kateqoriyadan olanların ixtisasartırma kursundan keçməsini
təşkil edir.
Ümumtəhsil məktəblərinin idarə
olunmasında direktor, direktor müavinləri iştirak edirlər. Direktorun 4 sahə
üzrə müavini olur. Direktorun əsas vəzifələrinə
təhsil müəssisəsinin inkişaf planını
hazırlamaq, diaqnostik iş aparmaq, prioritet istiqamətləri
təyin etmək və inkişaf etdirmək, məqsədi
formalaşdırmaq və indikatorları müəyyənləşdirmək
daxildir.
Bu zaman təhsil müəssisəsinin idarə
olunması səviyyəsini yüksəltmək
üçün “contrat de objectrifc” - təyin olunmuş məqsədə
çatma üzrə müqavilə hazırlanır. Hər 3-5 ildən
bir direktor və rektorlar müqaviləni yeniləşdirirlər.
Fransa Respublikasında məktəbəqədər təhsil
müəssisələri şəbəkəsinin
inkişafına və maddi-texniki bazasının müasirləşdirilməsinə
xüsusi diqqət yetirilir. XX əsrdən 4-5 yaşlı uşaqların
90 faizi, XXI əsrdən isə 100 faizi məktəbəqədər
təhsil müəssisələrinə cəlb olunur,
xüsusilə uşaqların böyük hissəsi dövlət
müəssisələrinə gedir. Fransada “Ana məktəbi”
(“Ekole maternelle”) adlanan məktəbəqədər təhsil
ocaqlarında 2 və 3 yaşlılar (“Petite section”), 4
yaşlılar (“Moyenne section”), 5 yaşlılar (“Grande section”)
qrupları fəaliyyət göstərir.
Fransada ibtidai təhsil ümumi xüsusiyyətinə, məktəbəqədər
müəssisələrin ibtidai məktəbə
yaxınlaşmasına və xüsusi inkişafına görə
özünəməxsus özəllikləri vardır. İbtidai təhsil
bütün şagirdləri əhatə etdiyindən gələcək
təhsilin bünövrəsi kimi xüsusi önəm
daşıyır və tədrisdə BMT-nin, UNESCO-nun və
Avropa Birliyinin tövsiyələri nəzərə
alınır. Burada ibtidai təhsilin
müddəti 5 ildir. Təhsil alan
uşaqlarla 7 və 10 yaşlarında milli testləşdirmə
aparılır.
Məktəbəqədər təhsil müəssislərində
və ibtidai təhsil pilləsində bütün fənlər
bir müəllim tərəfindən tədris edilir.
İbtidai təhsil müəssisələrində tədris
olunan fənlər üç qrupa bölünür. Birinci qrupa fransız dili,
tarix, coğrafiya, vətəndaşlıq təlim
vaxtının təxminən 40 faizini ( həftədə 8-10
saat); ikinci qrupa aid edilən riyaziyyat (həftədə 6 saat),
təbiət elmləri, texnologiya təlim vaxtının 35
faizini; üçüncü qrupa şamil olunan fiziki tərbiyə
(həftədə 5 saat), təsviri incəsənət və
musiqi fənləri təlim vaxtının 25 faizini əhatə
edir.
Nitq, yazı və hesablama üzrə bacarıqların
aşılanması 1980-ci illərin əvvəllərindən
başlanmışdır.Təkrar sinifdəqalma ildən-ilə
aşağı düşməkdədir. İbtidai təhsili
başa vuran bütün uşaqlar ümumi təhsil məktəblərinə
- 4 illik kolleclərə (11-15 yaş) gedirlər. Kolleclər ümumu və texnoloji istiqamətdə;
texniki-peşə istiqamətdə fəaliyyət göstərir.
XX əsrin 60-cı illərindən bu günə kimi bir
neçə onillikdir ki, təlimdə ierarxik tələb birinci
yerdə durur, istedadlı uşaqların səviyyəsini
yüksəltmək üçün işlər
aparılır, onlara humanitar fənlərlə yanaşı,
qədim dillər də öyrədilir. Riyaziyyat sahəsində
mütəxəssis olmağa hazırlaşanlar
üçün C bölməsi, əsasən prestij
sayılır, onların ənənəvi məktəb
proqramları ali məktəbin riyaziyyat fənninin
bölməsinə
uyğunlaşdırılmışdır. Liseyin
A, B, C, D, E bölməsini, yaxud texnologiya üzrə F, G, H
bölməsini bitirənlər bakalavr dərəcəsi almaq
üçün imtahan verirlər. Məktəblilər
liseyi bitirəndə vahid buraxılış dövlət
imtahanı verirlər. Bu, iki funksiya daşıyır: 1)
ümumtəhsil məktəbini bitirməsi; 2) bakalavr diplomunun
ali məktəbə qəbul olunmağa
imkan verməsi. İmtahanda 9-10 fənnin məzmunundan,
hətta icbari fakultetivdən şifahi və yazılı
formasından istifadə olunur. Məktəblilərin
bilik, bacarıq və səriştələri iki şkala
üzrə qiymətləndirilir: ibtidai məktəblərdə
0-dan-5 (əvvəllər 10) bala qədər; kollec və
liseylərdə 0-dan 20-bala qədər.
İbtidai peşə təhsili, peşələrə
yönəlmə peşə liseylərində həyata
keçirilir.
Burada təhsil alanların əsas hissəsi
(15-17 yaş) kollec məzunlarıdır. Onlar
da, əsasən, fənləri texnoloji yönümlü olan
siniflərdə təhsil alırlar. İkiillik
kursu bitirdikdən sonra onlara hansı peşəni öyrənməsi
haqqında şəhadətnamə verilir.
Müəllim təlimdə aparıcı fiqur
sayılır.
Müəllim uşağın əsas sosial
funksiyalarını, mənəvi aləmini inkişaf etdirir, gənc
nəslə dünya mədəniyyətini
aşılayır, onlara gələcək proqressiv fəaliyyətin
yollarını göstərir. Müəllimin
əməkhaqqı onun fəaliyyətinə görə
verilir. Müəllimin fəaliyyəti 3 əsas sahəni
əhatə edir: fənni tədris etməsi; məktəblilərlə
sinifdənxaric iş aparması; ictimaiyyətlə və
valideynlərlə əməkdaşlığı.
8 iyul 2013-cü ildə ümumi təhsilin əsasları
haqqında qanun qəbul olunmuşdur. Burada təhsildən
yayınmanın səbəblərini aradan qaldırmaq; təhsilin
prioritet sahələrini əsaslandırmaq; ibtidai təhsilin
prioritet sahələrini müəyyənləşdirmək;
məktəbdə məşğələ cədvəllərinin
tərtibini yaxşılaşdırmaq; tədris
proqramının məzmununu təkmilləşdirmək; təhsili
iqtisadiyyatın ehtiyaclarına yaxınlaşdırmaq; təhsildə
rəqəmsal texnologiyaları inkişaf etdirmək; müəllim
hazırlığı sisteminə yenidən baxmaq;
respublikanın mənəvi dəyərlər sistemini yaratmaq;
təhsil sistemində 60.000 əlavə iş yeri açmaq.
Fransa
pedaqoqlarının aparıcı didaktik konsepsiyalarını
belə ümumiləşdirmək olar: ənənəvi
paradiqma; rasionalizm modeli; fenomenoloji istiqamət.
Nəticəyönümlü
təhsilə nail olmaq üçün təhsilin səviyyəsi
müəyyənləşdirilir və onun yüksəldilməsi
yolları göstərilir.
Fransa Respublikasında kompensasiyalı təlim diqqəti
cəlb edir. Burada əsas məsələ təlimdə geri və
ikinci ilə qalan uşaqlara əlavə dərs keçmək,
pedaqoji kömək etməkdir. Fransada
ikinci ilə qalmağa ibtidai təhsilin son siniflərində,
kollec və liseylərdə icazə verilir.
Fransa Respublikasında şagirdlərin qiymətləndirilməsi
ilə xüsusi qurum məşğul olur. Oiymətləndirmə
Təhsil Nazirliyinin nəzdində olan bir qurumdur və onlar
qiymətləndirmə vasitələrini hazırlayırlar.
Qiymətləndirmə 2 yolla həyata keçirilir: 1) milli
qiymətləndirmə; 2) beynəlxalq qiymətləndirmə.
Fransa Respublikasında 17 yaşlı məktəblilər
ayrıca qiymətləndirilir. Çünki 17
yaşlı məktəblilərin təhsil aldıqları
illərin bir günü Müdafiə Nazirliyi müəyyən
işlər aparır. Gün ərzində
MN və TN birgə 17 yaşlı məktəblilərlə hərbi
bacarıqlarını nümayiş etdirmələri üzrə
təlimlər keçirilir.
İbtidai, kollec və lisey siniflərində təsviri
incəsənət, musiqi, fiziki tərbiyə fənlərindən
şagirdlər qiymətləndirilmir.
Fransa Respublikasının ümumtəhsil məktəblərində
istifadə olunan dərslikləri nəşriyyatlar hazırlayır,
fənn müəllimləri metodbirləşməsinin
iclasında hansı dərslikdən istifadə edəcəyi
haqqında qərar verirlər, dərsliklərin
ekspertizasını onlar aparırlar və yararsız dərsliklər
istifadədən çıxarılır.
Piralı
ƏLİYEV,
Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunun Təhsilin
idarəolunması və iqtisadiyyatı şöbəsinin
müdiri, pedaqogika üzrə elmlər doktoru, professor
Azərbaycan. - 2015.- 30 may.- S. 10.