Qədim Salyanın yeni növrağı

 

 

Heç kəs doğru-düzgün deyə bilməz ki, mənbəyini qardaş Türkiyənin dağlarından götürən, dəli Kür, ana Kür adıyla məşhur olan bu çay qıvrıla-qıvrıla axaraq özünə nə zaman və neçə cığır açaraq, yataq salaraq Xəzərə qovuşub. Ancaq o məlumdur ki, qədim zamanlardan insanlar yaşayış yerini seçərkən, yurd salarkən əsasən iki məsələyə üstünlük veriblər: əkinlərini suvarmaq, becərmək üçün çayların, su hövzələrinin, gediş-gəliş, ticarət üçün isə yolların kənarını seçiblər.

 

2800 yaşlı şəhər

 

Tarix, zaman hər bir xalqın, ölkənin, əyalətin, el-obanın yaranışını, inkişafını, bugünümüzə necə gəlib çıxdığını özündə ehtiva edir. Hər bir xalqın keçmişi onun abidələri, maddi-mədəniyyət nümunələri, sərkərdələri, elm, sənət adamları, bir sözlə, şəxsiyyətləri ilə bağlıdır.

Keçən il ölkə rəhbərinin sərəncamı ilə Salyan şəhərinin 2800 illiyi böyük təntənə ilə qeyd edildi. Bundan öncə isə 2011-ci ilin dekabr və 2012-ci ilin oktyabr aylarında Salyan Rayon İcra Hakimiyyətinin təklifi, Azərbaycan MEA-nın, habelə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə “Salyanın arxeoloji və memarlıq irsi”, “Salyan-2800 il” mövzularında elmi-praktik konfranslar keçirildi.

Tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin uzaq və yaxın keçmişinə, indisinə böyük qayğı və həssaslıqla yanaşan Prezident İlham Əliyev 29 oktyabr 2013-cü il tarixdə “Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzaladı. Sərəncamda qeyd olunurdu ki, indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi-mədəniyyət nümunələri ilə Azərbaycanın olduqca zəngin və böyük tarixi keçmişə malik ölkə olması sübuta yetirilmişdir. Ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunun Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bunu bir daha təsdiq edir.

1886-cı ildə Tiflisdə rus dilində nəşr olunan “Qafqazda xalqların və vilayətlərin təsvirinə dair məlumat toplusu”nda Salyanın tarixindən, coğrafi mövqeyindən, iqtisadiyyatından, əhalisinin məşğuliyyətindən, adət və ənənələrindən, mətbəxindən geniş söz açılır. Tarixin müəyyən dönəmlərində Salyan Konstantinopolun (indiki İstanbul), İranın, Rusiyanın, habelə Bakı, Gəncə quberniyalarının tabeliyində olmuşdur. O illərdə də Salyan yaşayış məskəni kimi inkişaf etmişdir. Kürün sol sahilində salınan Mahmudavar və Qırxçıraq şəhərləri müəyyən tarixi hadisələr nəticəsində dağılaraq yox olmuşdur. Arxeoloji qazıntılar zamanı tapılan məişət əşyaları, saxsı parçalar maddi sübut kimi rayon tarix-diyarşünaslıq muzeyində bu gün də qorunub saxlanılır.

İnsanlar nəsil-nəsil gəlir bu dünyaya. Hər nəsil, hər insan da çalışır ki, həyatda bir iz qoysun. Zaman keçdikcə insanların həyatı, təcrübəsi təkmilləşir, yeni forma alır. Bunun nəticəsində şəhərlər, kəndlər inkişaf edir, görkəmini dəyişir. Yazılı mənbələrə görə, 1863-cü ildə Salyan şəhər statusu alır və şəhər xüsusi polis pristavı tərəfindən idarə olunmağa başlayır. Bununla yanaşı, adamların şüuru, düşüncəsi də dəyişir. Mütərəqqi fikirli adamlar, din xadimləri ortaya çıxır. XIX və XX əsrlərdə dinimizin, ictimai fikir tariximizin inkişafında üç görkəmli din xadiminin - Qafqaz müsəlmanlarının şeyxləri olmuş Məhəmmədəli Hüseynzadə Səlyaninin (1823-1846), Axund Molla Əhməd Səlyaninin (1862-1887) və Əbdülsalam Axundzadə Səlyaninin (1895-1907) mühüm rolu olmuşdur. Təxəllüslərindən də göründüyü kimi, onların hər üçü Salyan torpağının yetirməsidir. Qeyd edək ki, onların məzarları Tiflisdəki müsəlman qəbiristanlığındadır.

Məhəmmədəli Hüseynzadə Səlyani türk dünyasının görkəmli şəxsiyyəti, üçrəngli, ay-ulduzlu bayrağımızın ideya daşıyıcısı, istedadlı filosof, naşir, şair, rəssam Əli bəy Hüseynzadənin ulu babası, Axund Molla Əhməd Səlyani isə babasıdır.

Məlum olduğu kimi, Prezident İlham Əliyev keçən il Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı sərəncam imzalamışdır. Bu böyük tarixi şəxsiyyətin yubileyi Salyanda əsl təntənəyə çevrildi. Mədəniyyət, təhsil ocaqlarında, idarə və təşkilatlarda silsilə tədbirlər keçirildi. Yekun tədbirinə toplaşanlar öncə Ə.Hüseynzadənin abidəsini ziyarət etdilər. Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda xarici ölkələrdən, respublikamızın elm, təhsil müəssisələrindən gələn alimlər, nüfuzlu qonaqlar Ə.Hüseynzadənin həyat və fəaliyyətindən ətraflı söhbət açdılar.

Amma elə güman edilməsin ki, qədim tarixə malik olan Salyanın say-seçmə oğulları 3-4 nəfərlə məhdudlaşır. Öz igidliyi, mərdliyi, cəsarəti, istedadı, bacarığı ilə çoxlu sayda insan yetirib bu torpaq. Akademik Feyruz Məlikov, məşhur tarixçi alim Əlövsət Quliyev, SSRİ Xalq artisti Arif Məlikov, vokal sənətinin görkəmli nümayəndələri, SSRİ Xalq artistləri Fidan və Xuraman Qasımova bacıları, şairlər Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, tanınmış muğam ustası Qulu Əsgərov, xalq artisti Həsən Məmmədov, Aşıq Pənah, Aşıq Bəylər, Aşıq Qurban bu torpağın yetirmələridir.

 

Tarixin 20-ci yüzilliyində

 

Dünya sivilizasiyası XVI əsrdən başlayaraq intibah dövrünə qədəm qoyur. Həmin əsrdən də elmin, ədəbiyyatın, incəsənətin ayrı-ayrı sahələrində böyük bir canlanma nəzərə çarpır, məşhur ədəbiyyat və rəsm əsərləri yaranır. XIX əsrdə dünyanın coşqun elmi-texniki tərəqqi və kəşflər dövrü başlayır. XX əsrdə isə bu inkişaf daha yüksək zirvəyə qalxır. Məhz bu əsrdə atom buzqıran gəmisi, atom elektrik stansiyaları yaradılır, insan kosmosa uçur və s. Hazırda kompüter, yüksək texnologiyalar dövrü çiçəklənməkdədir. Planetimizdəki bu yeniliklərdən, sözün əsl mənasında, heyrətlənməyə bilmirsən.

Bu inkişaf, yüksəliş Azərbaycanda da özünü göstərir. Çar Rusiyasının əsarətindən çıxandan cəmi 23 ay sonra respublikamız SSRİ-nin tərkibində 70 il yaşamalı oldu. Həmin illərin müəyyən vaxtlarında xalqımızın başına olmazın müsibətlər gəldi. 1937-ci ilin müdhiş günlərində say-seçmə oğullarımız güllələnir, ya da gedər-gəlməzə göndərilirdi. Onların sırasında Salyandan olanlar da vardı. 1918-ci ildə Xəzər dənizi ilə Kür çayına keçərək sahilboyu yaşayış məntəqələrinin əhalisini topa-tüfəngə tutan, qırıb-çatan erməni daşnaklarına qarşı əhalini səfərbər edən, onları düşmənlə mübarizəyə çağıran, əhalinin müdafiəsini təşkil edən və bu gün xeyirxah əməlləri bütün Muğan camaatı tərəfindən ehtiramla anılan Ağa Mirbağır ağa onlardan biri olmuşdur.

1969-cu ildən - ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra Azərbaycan qısa zaman kəsiyində böyük uğurlara imza atdı. Əyalət rayonu olan Salyanın da sürətli inkişafı elə o dövrdən başladı. Bu Muğan şəhərinə, necə deyərlər, hava-su kimi lazımlı olan kanalizasiya xətti çəkildi, şəhərin Kür çayı sahilinə çıxan bütün küçələri asfaltlaşdırıldı, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artdı. Kimi Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü, kimi orden-medallarla təltif edildi, kimi fəxri ad aldı. Yeni yaradılan sənaye, tikinti təşkilatları rayonun iqtisadiyyatında mühüm rol oynadı. Plastik Kütlə Emalı, Elektrik Qaynaq Avadanlıqları, Pivə Spirtsiz İçkilər zavodları, dəyirman kombinatı və digər neçə-neçə sənaye müəssisəsi öz məhsullarını keçmiş sovetlər ölkəsinin müxtəlif şəhərlərinə ixrac etməyə başladı. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, ev, mənzil problemlərinin həlli üçün tikilən onlarca yaşayış evi həmin illərin yadigarıdır. O illər təkcə iqtisadiyyatda deyil, təhsildə, səhiyyədə, mədəniyyətdə, bütövlükdə cəmiyyəti əhatə edən bütün sahələrdə çox böyük dönüş yarandı.

Ulu öndərin irəli sürdüyü mühüm vəzifələrdən biri gənclərin, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, mənsub olduqları xalqın, regionun, rayonun tarixini, coğrafiyasını, adət-ənənəsini bilmələri idi. Bununla əlaqədar 1970-ci illərdə hər yerdə olduğu kimi, Salyanda da tarix-diyarşünaslıq muzeyi yaradıldı. Xalqımızın böyük oğlunun digər bir istəyi gənclərimizi sağlam, fiziki cəhətdən güclü, yüksək intellektual səviyyədə görmək idi. O dövr bununla da bağlı tədbirlər görüldü.

 

Müstəqilliyimizin acılı-şirinli günləri

 

Müstəqillik əvəzsiz nemətdir, tarixi nailliyyətdir. Azərbaycanın qəhrəman oğulları, ziyalıları bunun üçün tarix boyu mübarizə aparmışlar. Xalq qəhrəmanı Babəkin dili ilə desək, “Bir gün azad yaşamaq qırx il əsarətdə yaşamaqdan qiymətlidir”. Lakin azadlıq heç vaxt qansız-qadasız qazanılmır. 1990-cı ilin 20 Yanvar hadisələri sübut etdi ki, müstəqil, azad yaşamaq istəyən bir milləti topla-tüfənglə, qoşunla susdurmaq olmaz.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Lakin məsəl var, deyərlər: əsl qəhrəmanlıq zirvəyə qalxmaq yox, orada qərar tutmaqdır. Məlumdur ki, o zaman hakimiyyət başına keçən naşı adamlar Azərbaycanı dağılmaq, məhv olmaq təhlükəsi qarşısında qoydular. Daxildə gedən didişmə, vəzifə, kreslo üstündə qızışan mübarizə nəticəsində erməni işğalçıları Dağlıq Qarabağı və ətraf rayonları zəbt etdilər. Respublikanın əksər əhalisi kimi, salyanlılar da yeganə çıxış yolunu Heydər Əliyevin hakimiyyətə qayıtmasında gördülər. Vətəndaş müharibəsi təhlükəsinin bir addımlıqda olduğunu görən AXCP-Müsavat liderlərinin də xalqın bu fikri ilə razılaşmaqdan başqa çarələri qalmadı.

Ümummilli lider qısa müddətdə ölkə daxilində sabitlik yaratmaqla yanaşı, cəbhədə atəşkəsə nail oldu. Digər tədbirlər görüldü, “Əsrin müqaviləsi” imzalandı, bütün sahələrdə islahatlara start verildi. Xalq özünə gəldi, sabaha inam artdı və ölkədə sürətli inkişaf dövrü başlandı.

 

Qurtuluşdan yüksəlişə gedən yol

 

Bir neçə gündən sonra xalqımız 15 iyun Qurtuluş Gününü yenə qeyd edəcək. Arxada qalan illərə nəzər salanda hər birimiz fərəh hissi keçiririk. Paytaxt Bakı, rayonlar görülən irimiqyaslı işlər sayəsində sürətlə inkişaf etmiş, abadlaşmışdır. Bunu Salyanın da timsalında aydın görmək olar. Rayonda yeni-yeni istehsal sahələri yaradılmış, müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət ocaqları, yaşayış evləri tikilmiş, köhnələri əsaslı təmir edilmiş, yeni parklar, xiyabanlar salınmış, küçələrə asfalt, səkilərə tamet döşənmiş, işıqlandırılma sistemi quraşdırılmışdır. Qəsəbə və kəndlərə təbii qaz xətti çəkilişi, kəndarası yolların yenidən qurulması sahəsində işlər yenə davam edir.

Aparılan tikinti-quruculuq və yaşıllaşdırma işləri sayəsində xüsusilə son illər Salyan şəhəri tanınmaz dərəcədə dəyişmiş, gözəlləşmişdir. İndi qədim Muğan şəhərinin gecələri də cazibədardır.

Cənub istiqamətinə doğru gedərkən Kür çayı üstündəki körpüyə çatanda göz qarşısında əsrarəngiz mənzərə açılır. İlin bu fəslində bura daha füsunkar görünür. Körpünün ətəyində - magistral şose yolunun sağ tərəfində Salyan şəhərinin başlanğıcını bildirən göstərici diqqət çəkir. Milli üslubda inşa edilən göstərici arxitektura baxımından sanki sənət nümunəsidir. Körpünün ərazisi son 2-3 ildə tamam başqa görkəm almışdır. Sıra ilə əkilən müxtəlif növ dekorativ ağaclar, salınan yaşıllıq görənləri valeh edir.

Kür çayını keçib Salyan şəhəri istiqamətinə gedərkən isə yol boyu yeni tikililər görünür. Vüqar, qürur mənbəyimiz olan bayrağımızın dalğalandığı meydan da onların sırasındadır.

Rayonda iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Cari ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların öz vəsaiti hesabına rayonun Çuxanlı kəndində “Şəfa Quşçuluq” ASC-nin 450 min ədəd yumurta tutumu olan inkubator sexinin, Qaraçala qəsəbəsi ərazisində fəaliyyət göstərən “Hacı Camalxan” kəndli-fermer təsərrüfatının 10 min tonluq taxıl anbarının, Kür Qaraqaşlı kəndində “Nurgün Aqro” MMC-nin 24 başlıq süd sağım sexinin tikinti və quraşdırma işləri başa çatmışdır. Qaraçala qəsəbəsində beynəlxalq standartlara cavab verən 2 min 400 başlıq süd-əmtəə kompleksinin, Qırxçıraq yaşayış sahəsində “Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan quru meyvə istehsalı müəssisəsinin və Kürsəngi kəndi ərazisində il ərzində istehsal gücü 100 min ton olan şərab zavodunun tikintisi isə davam edir.

Ölkə rəhbəri tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, Toxum Fondunun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyaların məbləğinin 25 faiz artırılması və digər tədbirlər torpaq mülkiyyətçilərinin, fermerlərin ürəyindən xəbər verib.

Dövlət başçısının qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri ölkənin ərzaq məhsullarına olan tələbatını yerli istehsal hesabına tam ödəmək, daha keyfiyyətli məhsullar yetişdirmək və emal etməklə onların ixracına nail olmaqdır. Bunun üçün Salyanda da tədbirlər həyata keçirilir. 2015-ci ilin məhsulu üçün 19 min 647 hektar sahədə taxıl əkilmişdir. Bunun 5 min 662 hektarı buğda, 13 min 985 hektarı arpadır. Payızın, qışın və yazın yağmurlu keçməsi bol məhsuldan xəbər verir. Artıq sünbüllər dənə dolur. Bir neçə gündən sonra kombaynlar arpa zəmilərinə çıxacaq.

 

Məşəldən doğan sevinc

 

Artıq neçə vaxtdır ki, ölkəmizdə böyük bayram təntənəsi yaşanır. Alovunu “Atəşgah”dan götürən I Avropa Oyunlarının məşəli Azərbaycanı diyarbədiyar dolaşaraq insanlarda sonsuz sevinc, qürur hissi oyadır. Naxçıvandan sonra cənub bölgəsində şölələnən məşəl mayın 4-də Salyana gətirildi. Bu möhtəşəm tədbirə qabaqcadan ciddi hazırlıq görülmüşdü. Hər tərəfdə təmizlik işləri aparılmış, səliqə-sahman yaradılmışdı.

Məşəl Salyan dairəsində qarşılandı, oradan Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev meydanına gətirildi. Burada yandırılan çıraq hazırda ulu öndərin adını daşıyan mərkəzdə qorunur. İndi ölkənin bütün əhalisi kimi, salyanlılar da böyük idman bayramının başlanacağı günü səbirsizliklə gözləyirlər.

Rayonun idman tarixinə gəldikdə isə, ilk növbədə onu qeyd edək ki, bu günlər dünyasını dəyişən tanınmış məşqçi Əhməd Ələsgərov Salyanın yetirməsidir. O, Azərbaycanın, Ukraynanın, Moldovanın və Tacikistanın əməkdar məşqçisi adına layiq görülmüş mütəxəssislərdən idi. Ağırlıqqaldırma üzrə idman ustaları Rövşən Səlimov və Təvəkkül Hüseynov da rayonun idman salnaməsinə parlaq səhifələr yazıblar. Keçən əsrin 60-cı illərində Salyanın voleybol komandası respublikanın ən güclü komandalarından olmuşdur. Həmin komandanın üzvlərindən biri, uzun müddət bədən tərbiyəsi müəllimi işləyən Məzahim İsmayılov bu gün də gənclərə öz tövsiyələrini verir.

Hazırda rayonda 197 idman qurğusu var və onlardan 4 min 312 gənc faydalanır. Rayon idmançıları təkcə bu il Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş respublika səviyyəli 20 yarışda iştirak edərək 5 qızıl, 8 gümüş və 11 bürünc medal qazanmışlar. Boksçu Cavid Quliyev gənclər arasında Avropa birincisi olmuş, Aidə Baxışova cüdo üzrə gənclər arasında Azərbaycan çempionatında birinci yerə layiq görülmüş, Xudakərim Hacıyev və Mahir Babayev karate-do idman növü üzrə Azərbaycan çempionatının qalibi adını qazanmışlar. Kikboksçu İlqar Zeynallı da ölkə çempionatında yeniyetmələr arasında birinci yerə çıxmışdır. Bunlardan əlavə, uşaq-gənclər məktəbinin yeniyetmə voleybolçulardan ibarət komandası respublika birinciliyinin, 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Salyan komandası isə “Sevinc” kuboku uğrunda Azərbaycan çempionatının zona yarışlarının qalibi olmuşdur.

Rayonun tanınmış idman müəllimi, veteran güləşçi Fəxrəddin İmanovun gənc idmançıların yetişməsində xüsusi rolu var. Yetirmələrindən 11 nəfəri sərbəst güləş və əlbəyaxa döyüş üzrə idman ustasıdır. Onların arasında dünya və Avropa birinciliklərinin, digər beynəlxalq yarışların qalibləri və mükafatçıları da var. Salyanlılar həmçinin voleybolçular Seyfulla İsmayılov və Əllan Əliyev, veteran futbolçular Kamal Şıxəliyev və Xalid Muradov, stolüstü tennis üzrə ölkə çempionu Bəhruz Səmədov, habelə digər tanınmış idmançılarla fəxr edirlər.

Beləcə inkişaf edir, aydan-aya, ildən-ilə abadlaşır 2800 yaşlı qədim Muğan şəhəri Salyan. Tikilib-qurulanlar, yaradılanlar isə bu gün adamların həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, gələcək nəsillərə ərməğandır.

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2015.- 30 may.- S. 11.