Nəqliyyat naziri Zaqatalada vətəndaşların müraciət və təkliflərini dinləyib

 

Azərbaycan Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq, nəqliyyat naziri Ziya Məmmədov mayın 29-da Zaqatala şəhərində növbəti qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, nazirliyin struktur bölmələri rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Balakən və Zaqatala rayonlarında yaşayan vətəndaşların yol infrastrukturu və nəqliyyat məsələləri ilə bağlı müraciət və təklifləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən, kəndlərarası və kənddaxili yolların bərpası, kənd yollarında dayanacaqların tikintisi və digər məsələlərlə bağlı olub. Qəbulda, həmçinin Zaqatala şəhərinin mərkəzindən keçən Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 129-cu kilometrliyində, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi hissədə inşa edilən yeraltı piyada keçidinin tikintisinin sürətləndirilməsi, Balakən rayonunun Talalar kəndində yerləşən iki orta məktəbin qarşısında piyada yol nişanlarının quraşdırılması, Balakən-Qabaqçöl və Zaqatala-Faldarlı marşrut xətlərində sərnişinlərin sıxlığını nəzərə alaraq, xətlərə əlavə mikroavtobusların buraxılması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılaraq həll olunması üçün nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan, o cümlədən şəxsi xarakter daşıyan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Nazir Ziya Məmmədov son illər ölkəmizdə, o cümlədən bu bölgədə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, sakinlərin müraciətləri nəzərə alınaraq, son bir neçə ildə respublika ərazisində ümumilikdə 600 kilometrə yaxın kənddaxili yollara asfalt döşənib. Növbəti ildə Yevlax-Balakən magistral avtomobil yolunun yenidən qurulması istiqamətində işlərə başlanılması nəzərdə tutulur.

Qəbula gələn vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildiriblər.

 

Azərbaycan. - 2015.- 30 may.- S. 10.