Əmlak Məsələləri Dövlət
Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul
edib
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 29-da Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb. Vətəndaş qəbulu Lerik şəhərində yerləşən Mədəniyyət Mərkəzində keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edərək, müraciətlərini və xahişlərini bildiriblər.
Vətəndaşların müraciətləri əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub.
Azərbaycan Respublikası Prezidentinin Komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanına toxunan K.Həsənov bildirib ki, artıq mülkiyyət hüquqlarının tənzimlənməsi və daşınmaz əmlakın qeydiyyatında vahid idarəçilik prinsipi tətbiq edilir. Belə ki, mülkiyyət sahibləri daşınmaz əmlakın qeydiyyatı üçün yalnız bir ünvana müraciət etməklə öz əmlaklarına dair çıxarış ala biləcəklər. Komitə sədri dövlətimizin başçısının bu Fərmanının sosial əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu yeniliyin məqsədi qeydiyyat sahəsində vətəndaşlara göstərilən xidmətlərdə operativliyin və şəffaflığın artırılması, rahatlığın və məmnunluğun yüksək səviyyədə təmin olunmasıdır.
Nəzərə çatdırılıb ki, yeni Fərmanla dövlət torpaq kadastrı, yer quruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, geodeziya, topoqrafiya, kartoqrafiya, torpaqlardan istifadəyə dövlət nəzarəti kimi yeni funksiyalar da artıq icra olunur. Bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması həyata keçiriləcək. Torpaqların səmərəli istifadəsinə və mühafizəsinə dövlət nəzarəti gücləndiriləcək. Torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının qarşısının alınması ilə bağlı tədbirlər görüləcək. Həmçinin torpaqların dəqiq koordinatlarının təyin edilməsi sahəsində daha optimal və şəffaf tədbirlər həyata keçiriləcək.
Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin tez bir zamanda həlli üçün göstəriş verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb və nəticəsi barədə məlumat veriləcəyi bildirilib.
Həmin gün birbaşa müraciət edən vətəndaşlar
da Komitə sədri tərəfindən qəbul
edilib. Onların müraciətlərinə
baxılıb və həlli istiqamətində zəruri
tapşırıqlar verilib.
Azərbaycan. - 2015.- 30 may.- S. 10.