Kənd təsərrüfatı naziri Gədəbəydə vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək göstərirlər.

AZƏRTAC xəbər verir ki, mayın 29-da kənd təsərrüfatı naziri Heydər Əsədov Gədəbəydə Şəmkir, Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşlar əsasən kreditin alınması, istehsal olunan yunun satışı, cins mal-qaranın alınması, kartof toxumçuluğu və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, müraciətlərin həlli üçün yerindəcə tapşırıqlar verilib. Bir sıra məsələlər isə obyektiv həll edilməsi məqsədilə nəzarətə götürülüb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbulda 30 nəfərədək vətəndaş iştirak edib.

 

Azərbaycan. - 2015.- 30 may.- S. 10.