AZƏRBAYCAN NUMUNƏSI ÖYRƏNILIR

 

“Beynəlxalq nüfuz, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, infrastruktur layihələrinin icrası - bütün bunlar Azərbaycan reallıqlarıdır. Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq, düşünülmüş proqramı və inkişaf strategiyası var”.

İlham ƏLİYEV

 

Dünya gör-götür dünyasıdır!

İnsanlar dünyaya gəldikləri gündən dünyadan köçənədək öyrənirlər (Daha dəqiq desək, öyrənməlidirlər).

Öyrənmənin ən yaxşı ünvanı nümunədir!

Nümunə - seçilən, bəyənilən, təqdir olunan faydalı işlər və onları görənlərdir!

Nümunə kiminsə şəxsi istəyi ilə yaranmır, onu görüb qəbul edəndən, nəticəni əlverişli, öyrənməyə layiq hesab edəndən sonra bu statusa yiyələnmiş sayılır.

Adətən, nümunə müsbət olur, inkişaf və tərəqqiyə, insanlığa xidmət edir.

Nümunəyə çevrilmək hər kəsə qismət olmur!

Müstəqillik yaşı 24 olan Azərbaycan artıq nümunədir!

Həm də bizim nümunəmiz öyrənilir!

Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində bu barədə ətraflı danışdı.

***

“Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır”.

Azərbaycanda nümunə olacaq çox şey var!

Ən birincisi, onun sürətli və davamlı iqtisadi inkişafıdır!

Bu inkişaf isə düşünülmüş siyasətin bəhrəsidir!

Azərbaycan son on iki ildə görünməmiş sürətlə inkişaf edib. ÜDM istehsalı üç dəfə artıb, qeyri-neft sektoru yüksəliş yoluna qədəm qoyub, ölkənin enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin olunub, əhalinin rifahı yüksəlib, yoxsulluq və işsizlik aradan qaldırılıb.

Azərbaycan Avropanın enerji təchizatında ən etibarlı tərəfdaşa çevrilib, təkcə özünə yox, dünyaya fayda gətirəcək transmilli layihələrin təşəbbüsçüsü, maliyyəçisi və əsas söz sahibidir.

Azərbaycanın inkişafı bütövdür, tamdır. Təkcə ölkənin paytaxtı Bakı yenidən tikilib-qurularaq abadlaşmır, regionlar da öz simasını ciddi şəkildə dəyişir, müasirləşir. Regionların bütün problemləri - fasiləsiz elektrik enerjisi ilə təminat, içməli və suvarma su qıtlığının aradan qaldırılması, magistral və kəndarası yolların yeniləşməsi həllini tapıb.

İqtisadi sahədə bütün nailiyyətlərin kökündə İnkişafın Azərbaycan Modeli dayanır. Dünyada yaxşı nə varsa, özündə ehtiva edən və yeni təcrübə, ideyalarla zənginləşdirilən bənzərsiz model!

Hazırda İnkişafın Azərbaycan Modeli dünyada yeni nümunə kimi maraqla öyrənilir.

***

“Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. Milli-mənəvi dəyərlər birinci şərtdir. Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir”.

Hər bir xalqı digərlərindən fərqləndirən və özünəməxsus edən onun malik olduğu milli-mənəvi dəyərlərdir.

Bu dəyərlər əsrlər boyu yaranır, formalaşır, yaşayır və yaşadır. Hər hansı bir milləti dəyişərək başqalaşdırmaq üçün onun dəyərlər sistemini dağıtmaq kifayətdir. Dəyərlər sisteminə dil, din, adət-ənənə, mədəniyyət, mənəviyyat və s. daxildir.

Xalqımız daim yeniliyə, öyrənməyə can atıb. Müstəqillik qazanıldıqdan sonra dünya xalqları və dövlətləri ilə birbaşa əlaqələrin qurulması öyrənmək üçün münbit şərait yaratmışdır. Bu gün Avropa mədəniyyətini, bəşəri dəyərləri mənimsəməyə çalışırıq. Lakin bunlar birtərəfli xarakter daşımır. Azərbaycan Avropa mədəniyyətinə öz töhfələrini verir, onu zənginləşdirməyə can atır. Novruz bayramı, Azərbaycan muğamı, aşıq sənəti, tar ifaçılığı və başqaları UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Azərbaycan mətbəxi özəlliyi ilə seçilir. Ölkəmizə gələn hər bir əcnəbi turist xörəklərimizin dadından ləzzətlə söz açır.

Xalqımız zəhmətkeşdir, sülhsevərdir, qürurludur. Qonaqpərvərlik isə onun ən gözəl xüsusiyyətlərindəndir. Ölkəmizin qonaqları Bakının gözəlliyindən danışarkən burada yaşayanların gülərüzlüyü və mehribanlığını da dərhal qeyd edirlər.

Bütün bu milli-mənəvi dəyərlər xalqımızı sevdirir, insanları ölkəmizə cəzb edir.

***

“Bizim milli ideoloğiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşıbdır. Biz bunu, bu ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk. Azərbaycançılıq ideologiyası bu gün artıq bir nümunə kimi mövcuddur”.

Ulu öndər Heydər Əliyevin bizə qoyub getdiyi sərvət təkcə müasir və müstəqil Azərbaycan deyil, həm də ölkəni yaşadıb inkişaf etdirmək üçün ideyalardır.

İdeyalar gerçəkləşdirildikdə ideologiyaya çevrilir. Azərbaycançılıq ideologiyası da dünyanın nəzər-diqqətini artıq cəlb etmişdir.

İl boyu ölkəmizdə müxtəlif mövzu və məsələlərlə bağlı humanitar forumlar keçirilir. Dünya dövlətlərinin sabiq rəhbərləri, müxtəlif sahələrin tanınmış mütəxəssisləri, ağıllı insanlar həmin forumlara gələrək bəşəriyyəti düşündürən və narahat edən, dünyanın əmin-amanlığına və təhlükəsizliyinə xidmət göstərən məsələləri müzakirə edir, maraqlı mülahizə və təkliflərini söyləyirlər.

Azərbaycanda belə məsələləri müzakirə etmək daha asan və faydalıdır. Çünki Azərbaycan dövləti və xalqı konkret nümunə əsasında müzakirəyə çıxarılan problemin həlli variantını ortaya qoymuşlar. Ölkəmizdə müxtəlif dinə, dilə, adət-ənənəyə malik xalqlar uzun illərdir ki, mehribanlıq, dostluq şəraitində yaşayırlar. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər eyni vaxtda fəaliyyət göstərir. Hər bir millətin nümayəndəsi heç nədən çəkinmədən, sərbəst şəkildə istədiyi məbədə gedərək Allaha sitayiş edir. Tolerantlıq Azərbaycan xalqının ən gözəl mənəvi keyfiyyətlərindən biri, azərbaycançılıq ideologiyasının təməl prinsiplərindəndir.

Dünya bu nümunəni böyük maraq və həvəslə öyrənir, tətbiq etməyə çalışır. Azərbaycan isə qapılarını gələnlərin üzünə geniş açaraq əsrlər boyu topladığı təcrübəni səmimiyyətlə bölüşür.

***

“Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır. Çünki hər bir mövzu ilə bağlı prinsipial mövqe ortaya qoyulur. Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə təsir etmək mümkün deyil”.

Kiçik dövlətlərin müstəqil siyasət yeritməsi, kiminsə qoltuğuna qısılmadan yaşaması çox da asan məsələ deyil!

Müstəqillik qazanan xalqların heç də hamısı müstəqil və azad şəkildə yaşaya bilmir!

Bunu təmin etmək üçün dərin zəka, müdrik siyasət, uzaqgörənlik, bir də bütün varlığınla xalqını sevmək, ona xidmət göstərmək lazımdır.

Başqasının dediyi ilə durub-oturmaq, müstəqil mövqeyi və siyasəti olmamaq isə simasızlığa və kiminsə qapazaltısı olmağa gətirib çıxarır. Məsələn, Ermənistan Rusiyanın forpostuna, quberniyasına çevrilib, üstəlik, bununla fəxr edir. Əvəzində əhalisi dilənçi vəziyyətində yaşayır, kütləvi şəkildə ölkəni tərk edir, özünü isə heç bir perspektiv gözləmir. Axmaq siyasət və asılılıq erməni xalqını gələcəkdən məhrum edərək dalana salmışdır!

Doğrudur, müstəqil siyasət yürütməyin, bütün fəaliyyətində yalnız öz xalqının və dövlətinin maraqlarını güdməyin də bir sıra çətinlikləri var! Azərbaycana belə çətinliklər - qısqanclıq, gözgötürməzlik, paxıllıq, sistemli şəkildə imicinə yönəldilən şər-böhtan kampaniyaları yaxşı tanışdır. Bütün bu hücumlara və haqsızlıqlara baxmayaraq dövlətimiz durmadan inkişaf edir, xalqın güzəranı yaxşılaşır, dünyada hörmətimiz artır, söz sahibinə çevrilirik.

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi ümummilli lideri var!

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqilliyini əbədiləşdirən, sabitlik, inkişaf və tərəqqi şəraitində inkişafını təmin edən siyasi kursu var!

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi bu siyasi kursu uğur və nailiyyətlərlə davam etdirən rəhbəri və Prezidenti var!

***

“Bakıya gələcək minlərlə idmançı, onların nümayəndə heyətləri öz gözləri ilə görəcəklər ki, Azərbaycan dövləti nəyə qadirdir, müstəqillik dövründə biz nələr yaratmışıq?! Azərbaycan xalqı necə yaşayır?! Azərbaycan xalqı azad, qürurlu, öz milli dəyərlərinə sadiq xalq kimi yaşayır”.

Ölkəmizdə gedən tikinti-quruculuq işləri əsl nümunədir. Müstəqilliyin bu qısa dövrü də tam quruculuğa həsr olunmayıb. Bir yandan torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən dağıdıcı müharibə, bir yandan dərin ümummilli böhran, eyni zamanda, bir ictimai-iqtisadi formasiyadan digərinə keçidi şərtləndirən çətinlik və problemlər, üstəgəl, dövlət büdcəsinin yoxsulluğu və boşluğu!

Yalnız ulu öndər Heydər Əliyev kimi dahilər qısa müddətdə belə mürəkkəb vəziyyətdən gənc dövləti çıxara bilərdi!

Yalnız cənab İlham Əliyev kimi qurucu dövlət başçısı belə az müddətdə dövləti bütün parametrlər üzrə yaxşılığa doğru dəyişə bilərdi!

Bu gün Azərbaycana gələn hər bir qonaq, hətta qısa müddətdən sonra yenidən geriyə dönənlər inkişafın vüsətinə və miqyasına heyran qaldıqlarını gizlətmirlər!

Qısa müddətdə xalqı yoxsulluqdan və ümidsizlikdən rifaha və xoş günlərə çıxarmaq əslində, qeyri-adi işdir!

Amma həm də bəyənilən, təqdir edilən və nümunə göstərilən işdir!

Bəs bunun səbəbi nədir?

Cənab İlham Əliyev bunu izah edir:

“Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas səbəb xalqla iqtidar arasındakı birlikdir. Əgər bu varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji resursları, nə valyuta ehtiyatları, nə ordu, heç nə”.

Hər bir iqtidarın gücü onun xalqla birliyindədir!

Yalnız xalqın böyük dəstəyini qazanan iqtidar hakimiyyətdə uzun müddət və möhkəm duruş gətirir, qarşıya qoyduğu vəzifələri müvəffəqiyyətlə yerinə yetirir.

Cənab İlham Əliyev dövlət başçısı olduğu müddətdə dəfələrlə beynəlxalq qurumlar tərəfindən keçirilən sorğularda 90 faizdən artıq səs toplayaraq ən yüksək reytinqə malik olduğunu sübuta yetirib.

Bu sorğuların nəticələri hər prezident seçkisində faktiki təsdiqini tapıb, Azərbaycan xalqı demək olar ki, yekdilliklə cənab İlham Əliyevə etimad göstərərək öz səsini ona verib!

Səbəb həm də çox sadədir!

Xalqa nə lazımdır?

Ölkədə daim əmin-amanlıq, sabitlik və inkişaf görsün!

Daimi işi, evi və bir parça çörəyi olsun!

Övladının və dövlətinin gələcəyindən narahatlıq duymasın!

Bütün bunların hamısı etibarlı şəkildə təmin edilib!

Azərbaycan xalqı müstəqilliyinin sınaqlı dövrünü başa vurduqdan, inkişaf mərhələsinə qədəm qoyduqdan sonra əmin olub ki, Heydər Əliyev siyasi kursuna alternativ, cənab İlham Əliyevə tay olacaq dövlət başçısı yoxdur!

Odur ki, hazırkı iqtidarın ətrafında monolit şəkildə birləşib!

Xalqla iqtidarın Azərbaycandakı birliyi də dünya üçün nümunədir!

***

“İki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi nadir bir göstəricidir, bunun analoqu yoxdur, bəlkə də heç vaxt olmayacaq”.

Doğrudan da, idman sahəsində Azərbaycanın gördüyü işlərin heç birinin analoqu yoxdur!

Bir vaxtlar bütün idman qurğuları köhnəlib sıradan çıxmış və dağıdılmış Azərbaycanda indi ən yeni və müasir idman qurğu və avadanlıqları var. Hətta regionlarda qırxdan çox Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.

Bir vaxtlar idmanla məşğul olmağa yer və mütəxəssis tapmayan gənclərimiz indi nəinki yüksək səviyyədə məşq etməyə asanlıqla yer tapırlar, hətta hər dəfə Olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində iştirak edərək bayrağımızı yüksəkliklərə qaldırır, mükafata layiq yerlər tuturlar. Bu gün digər ölkələrin idmançıları və məşqçi-mütəxəssisləri həvəslə gəlib Azərbaycanda çalışırlar.

Bir vaxtlar dəvət olunduqları yarışlara getməyə vəsait tapılmayan Azərbaycanda indi il ərzində bir neçə beynəlxalq səviyyəli yarışlar ən yüksək səviyyədə və yaddaqalan formada keçirilir. Vətənimiz artıq dünya idmanının mərkəzlərindən birinə çevrilib.

Əminik ki, ilk Avropa Oyunları da ən yüksək səviyyədə keçiriləcək, daim nümunə kimi dünya idman tarixinə düşəcəkdir!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan. - 2015.- 31 may.-  S.1.