Azərbaycan Avropanın idman
tarixinə möhürünü vuracaq
İki ildən bir qədər artıq müddətdir ki, Azərbaycan ilk Avropa Oyunlarına hazırlaşır. Demək olar ki, bütün işlər yüksək səviyyədə tamamlanıb. Ötən ay Bakıda şölələnən məşəl Azərbaycanın 60 rayonunu dolaşaraq 5500 km məsafəni qət etməkdə və finişə yaxınlaşmaqdadır. Bizi bu təntənədən cəmi 12 gün ayırır.
Əslində, ilk Avropa Oyunları Avropa idman tarixində yeni səhifədir. Bu oyunlara ev sahibliyi etməklə Azərbaycan dünyanın ən inkişaf etmiş qitəsinin ilk idman yarışmasının ünvanına çevriləcək və bununla, Avropanın idman tarixinə şanlı bir səhifə yazacaq. Çünki indiyəcən yalnız Avropada qitə oyunları keçirilməyib. Digər qitələrdə isə belə oyunlar hələ ötən əsrdə reallaşıb.
Asiya Oyunları ilk dəfə 1951-ci ildə Hindistanın paytaxtı Dehlidə keçirilib. Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi, Asiya Olimpiya Komitəsinin təşkilatçılığı və 11 ölkənin iştirakı ilə keçirilən bu tədbir Yay Olimpiya Oyunlarının Asiya qitəsi üçün olan yarışlarıdır.
Amerika qitəsini əhatə edən Amerika Oyunlarının isə (Pan-Amerika Oyunları) ilk dəfə 1942-ci ildə keçirilməsi planlaşdırılsa da, İkinci Dünya müharibəsi buna imkan verməyib. Yalnız 1951-ci ildə bu yarışlar reallaşıb. İlk Amerika Oyunları 2513 idmançının iştirakı ilə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilib.
Ümumafrika Oyunlarının keçirilməsi təşəbbüsünün tarixi isə daha əvvələ gedib çıxır. Belə ki, həmin oyunların keçirilməsi təşəbbüsü ilə müasir Olimpiya hərəkatının banisi Pyer de Kuberten 1920-ci ildə çıxış etmişdir. Yalnız Afrika qitəsinin təmsilçilərinin qatılacağı bu yarışma Əlcəzairdə keçiriləcəkdi. Lakin maliyyə çətinliyi səbəbindən bunu reallaşdırmaq mümkün olmadı. Daha sonra qərara alındı ki, oyunlar 1929-cu ildə İsgəndəriyyə şəhərində keçirilsin. Amma oyunlara hazırlığın tam başa çatdığı bir vaxtda - starta iki həftə qalmış Böyük Britaniya və Fransa Afrikada milli-azadlıq hərəkatının baş qaldırmasından ehtiyatlanaraq oyunların keçirilməsinə qadağa qoydu. Beləliklə, oyunlar ilk dəfə 1959-cu ildə Mərkəzi Afrika Respublikasında, 1960-cı ildə Madaqaskarda, 1961-ci ildə Fil Dişi sahilində, 1963-cü ildə isə Seneqalda keçirildi. Lakin Dostluq Oyunları adı altında keçirilən həmin oyunlar yalnız fransız dilli Afrika ölkələrinin idmançıları üçün nəzərdə tutulurdu. 1960-cı ildən etibarən Şərqi Afrika, eləcə də Qərbi Afrika oyunları keçirilmişdi. Afrika Oyunları bütün qitə idmançıları üçün yalnız 1965-ci ildə Konqonun paytaxtı Brazzavildə 30 ölkədən olan 2500 idmançının iştirakı ilə keçirilən Ümumafrika Oyunları ilə reallığa çevrildi.
Okeaniya dövlətlərini əhatə edən ilk Sakit okean Oyunları isə 1963-cü ildə Ficinin paytaxtı Suvada 700 idmançının iştirakı ilə keçirilib.
Beləliklə, ilk dəfə Bakıda keçirilən Avropa Oyunları sonuncu qitə yarışmasıdır. Ümumiyyətlə, bütün qitə oyunlarının 4 ildən bir keçirilməsi nəzərdə tutulur. Deməli, Avropa Oyunlarında ilk təcrübəni Azərbaycan gerçəkləşdirəcək və gələcəkdə Avropa Azərbaycanın təcrübəsindən yararlanacaq, onun təcrübəsinə əsaslanacaq. Azərbaycanda alovlanan məşəl dünya durduqca Avropa idman tarixinə işıq saçacaq.
Hələ 2012-ci ildə Avropa Oyunlarının Bakıda keçirilməsi qərara alınandan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək bu hadisəni mühüm tarixi qələbə və böyük uğur kimi dəyərləndirmişdi: “Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik. Oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur. Yəni, bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!”.
Həqiqətən, bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlmək üçün gərgin iş tələb olunurdu. Buna görə də Avropa Oyunlarının Bakıda keçirilməsi haqda qərardan təxminən bir ay sonra Prezidentin sərəncamına əsasən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradıldı. Sərəncamın giriş hissəsində deyilir: “2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.”
Təşkilat Komitəsinin Prezidentin sədrliyi ilə keçən ilk iclasında komitənin sədri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çıxışı isə Avropa Oyunlarının layiqincə keçiriləcəyinə sanki bir zəmanət vermiş oldu: “Bugünkü müşavirədə biz oyunların qaydaları və keçirilməsi haqqında əldə olunmuş informasiyanı və fəaliyyətimizin əsas istiqamətlərini müzakirə edirik. İcrası vacib olan əsas məsələlərin həlli ilə bağlı aparılmış monitorinqlərin nəticələrini təqdim edirik. Monitorda gördüyünüz məlumatlar ümumi xarakter daşıyır. Oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır. Qısa müddət ərzində həmin tədbirlər planını diqqətinizə təqdim edəcəyik. Sonda bir daha bizə göstərdiyiniz böyük etimada görə Sizə dərin minnətdarlığımızı bildiririk və Sizi əmin edirik ki, Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmizin tarixində Sizin və hər bir azərbaycanlının növbəti qələbəsi kimi qalacaq.”
Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə
hazırlaşıb. Hətta o dərəcədə
ki, Avropa üçün nümunə olaraq
tarixə düşəcək. İyun
ayının 12-dən 28-dək Azərbaycan növbəti dəfə
dünyanın diqqət mərkəzində olacaq.
Bu oyunlarda Avropanın
6000-dən çox idmançısı
253 medal uğrunda
mübarizə aparacaq. Avropalı
idmançılar 16-sı olimpiya növü olmaqla 20 idman növündə yarışacaqlar. Kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük,
stolüstü tennis, taekvondo, triatlon və
güləş daxil olmaqla
12 idman növü
üzrə isə “Rio-2016” Yay
Olimpiadasına təsnifat veriləcək.
Elçin VƏLİYEV,
Azərbaycan. - 2015.- 31 may.- S.3.