Uğur estafeti
Son illər iqtisadi, siyasi və humanitar sahədə müxtəlif səmərəli təşəbbüslərin müəllifi kimi tanınan, qlobal miqyaslı tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan bu günlərdə yenidən dünyanın diqqət mərkəzindədir. Gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, ümumən Avrasiya regionunda güclü iqtisadi potensiala, zəngin mədəniyyətə, özünəməxsus dəyərlərə malik olduğunu, fərqli sivilizasiyaların dialoqu üçün münbit multikultural məkana çevrildiyini bir daha nümayiş etdirəcək.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, son illər ölkəmizdə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir dövlət yoxdur. Bu dövr dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. İlk Avropa Oyunlarının keçiriləcəyi ərəfədə Nizami Gəncəvi Beynəlxalq Forumu, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının illik toplantısı, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, “Bakı Ürək Günləri” IV Beynəlxalq Konqresi və s. tədbirlər yüksək səviyyədə keçirilmişdir. Avropa Oyunları da sadəcə, böyük idman hadisəsi deyil, eyni zamanda, mədəniyyətimizin, tarix və sənət irsimizin, turizm imkanlarımızın, ümumilikdə ölkəmizin çoxsaylı qonaqlara təqdimatı baxımından mühüm bir imkandır. Avropa Oyunları mövzu və motiv olaraq müxtəlif incəsənət əsərlərində, o cümlədən təsviri sənət nümunələrində də öz əksini tapıb. Bununla bağlı sərgi və müsabiqələr keçirilir. İndiyədək Avropa Oyunlarının təşkili və hazırlıq işlərinin gedişi ilə bağlı Londonda, Parisdə, Moskvada, Budapeştdə, Brüsseldə, Romada, Davosda, İstanbulda, Berlində, Afinada keçirilən təqdimat mərasimləri dünya ictimaiyyətinin böyük marağına səbəb olub.
Uzaq ölkələrdə bu tədbirlərin uğurla keçirilməsində əsas sima ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevadır. Hər dəfə də təqdimat mərasimlərinə mədəniyyət, incəsənət xadimləri qatılıb, qonaqlara maraqlı konsert proqramları təqdim olunub.
Romada keçirilən təqdimat mərasimində bu ölkənin ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri İtaliyanın Müasir İncəsənət üzrə Milli Qalereyasında nümayiş etdirilən Azərbaycan heykəltəraşlarının əl işlərindən ibarət sərgiyə baxmışlar. “Bakı-2015” ilk Avropa Oyunlarına həsr edilən bürünc heykəllərdən ibarət sərgi tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. “Biz birlikdə” adlanan həmin sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri nümayiş olunmuşdur. Sərginin özünəməxsus cəhəti buradakı əsərlərin hər birinin müxtəlif cərəyanları göstərməklə ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə tamaşaçılara dolğun çatdırılmasından ibarət idi. Digər ölkələrdə də belə sərgilər yüksək səviyyədə qarşılanıb. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən I Avropa Oyunlarına həsr olunmuş bukletləri təqdim edilib. Ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi barədə nəşrlər, disklər və digər əyani vəsaitlər hədiyyə olunub. Tədbirin aparıcıları xüsusi qeyd etmişlər ki, bu Oyunların qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır, bunu ölkəyə olan beynəlxalq marağın göstəricisi adlandırıblar. İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo “Bakı-2015”in 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaratması baxımından önəmini vurğulayıb. İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini təqdimat mərasiminin Romada keçirilməsinin Azərbaycan-İtaliya əlaqələrinin ən yaxşı göstəricisi olduğunu xüsusi vurğulayıb. Roma şəhərinin meri İqnatsio Marino ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib, müvafiq istiqamətlərdə imzalanmış sənədlərin əməkdaşlığın genişlənməsinə töhfələr verəcəyini söyləyib. Bu həm də mədəniyyətlərin qarşılıqlı dialoqudur. Mehriban xanım Əliyeva bu barədə demişdir: “Humanitar sahədə əməkdaşlığımız çox uğurla inkişaf edir. Və Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilib. Azərbaycanın qədim tarixini və mədəniyyətini İtaliyada tanıdan tədbirlər, Azərbaycan mədəniyyət günləri, sərgilər, konsertlər təkcə Romada deyil, İtaliyanın digər şəhərlərində də keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini muzeyinin “Filosoflar zalı”nda təmir aparılır. Azərbaycan dövləti İtaliyanın, Romanın çoxsaylı tarixi abidələrinin qorunmasına da öz töhfəsini verib və bu barədə ötən il Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb. Əminəm ki, idman sahəsində də əməkdaşlıq çox möhkəmdir və qarşıdan gələn ilk Avropa Oyunları bu əməkdaşlığı daha da gücləndirməyə yeni imkanlar yaradacaq”.
Ölkəmizin birinci xanımı Mehriban Əliyeva ötən ay Moskvada I Avropa Oyunlarının təqdimatı mərasimində də iki ölkə arasında humanitar sahədə əməkdaşlıq əlaqələrinin genişləndiriliməsini xüsusi vurğulayıb. Qeyd olunub ki, mədəniyyət, humanitar əlaqələr insanlar və xalqlar arasında ünsiyyətin əsasıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikada rus dilində təhsil tam həcmdə qorunub saxlanılıb. Ölkədə təhsilin rus dilində aparıldığı 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Mayın 15-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması haqqında ölkə rəhbərinin sərəncamı imzalanmışdır. İki ölkə prezidentinin təşəbbüsü ilə hər il keçirilən Bakı Beynəlxalq Humanitar Forumu dövlətlər arasında humanitar əlaqələrin inkişafının parlaq göstəricisidir. Azərbaycanda keçirilən musiqi festivalları, məsələn, Rostropoviç adına və Qəbələ festivalları Rusiyanın görkəmli, dünya şöhrətli musiqiçilərinin və aparıcı kollektivlərinin çıxış etdikləri ənənəvi platformaya çevrilib. “Bakı şəhəri böyük İpək yolu üzərində, Qərb ilə Şərqin qovuşuğunda yerləşir və bir sıra mədəniyyətlərin və sivilizasiyaların ruhunu mənimsəyib. Biz çox geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər”.
Mərasimdə xüsusi vurğulanmışdır ki, Bakıda keçirilən I Avropa Oyunları - öz siyasi, iqtisadi və mədəni əhəmiyyətinə görə diqqəti cəlb edən bu hadisə son illərdə Azərbaycanın idman sahəsində qazandığı uğurlara dəlalət edir. Fransada keçirilən təqdimat mərasimində idman naziri Tierri Brayar “Bakı-2015” I Avropa Oyunlarının təqdimatının keçirilməsindən məmnunluğunu ifadə edib və bildirib ki, Fransa bu Oyunlarda yüksək səviyyədə təmsil olunacaq. Fransa Milli Assambleyasının üzvü, ikiqat olimpiya çempionu David Dövile humanizm, sülh və bu kimi ideyaları təbliğ edən Avropa Oyunlarının Azərbaycanın dünyadakı müsbət imicinin daha da yüksəldəcəyini söyləyib.
Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan təsviri sənətində də idman mövzusuna dair maraqlı əsərlər çoxdur. Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova söhbət əsnasında bildirdi ki, Azərbaycan təsviri sənətində idman tematikası ötən əsrin əvvəllərindən başlayaraq peşəkar tərzdə öz əksini tapıb. Ümumilikdə isə qədim Yunanıstanda yaranmış Olimpiya Oyunları, orta əsrlərdə Şərqdə təşəkkül tapan çövkən oyunları, şikar zamanı döyüş və idman yarışlarından fraqmentlər freskalar, keramika və çini əşyalar üzərində, miniatürlərdə, heykəltəraşlıq kompozisiyalarında əks olunub. İdman təsviri sənətdə fiziki tərbiyənin estetik inikasına çevrilib. Azərbaycan incəsənətində onun bir sıra növləri fərqli şəkildə rəsmə alınıb. XX əsrin birinci yarısından etibarən bu mövzuda silsilə əsərlər meydana gəlib. Ələkbər Rzaquliyev, Xalidə Səfərova, Həsənağa Mustafayev, Hafiz Məmmədov, Altay Hacıyev, Sara Manafova, Mahmud Tağıyev, Toğrul Nərimanbəyov və digərləri emosional palitra zənginliyi, kompozisiya həllində olan forma və üslub fərqliliyi ilə bu mövzulara müraciət ediblər. Xalq rəssamı Xalidə Səfərovanın kətan üzərində yağlı boya ilə çəkdiyi “Çövkən” tablolarında Azərbaycan miniatürlərində rast gəldiyimiz süjetləri xatırladan üslub izlənilir. Bundan başqa, onun şux rəngli sulu boya ilə “Qayıqlar”, “Dənizdə”, yağlı boya ilə işlədiyi “Velosiped yürüşü”, “Yaxtalar”, “Yarışçı”, “Məşqdə”, “Yelkənlər” və s. əsərlər böyük həcmi, obrazların dinamik, təsirli təqdimatı ilə seçilir.
Sara Manafovanın “Olimpiya uçuşu” əsəri kətan üzərində yağlı boya ilə, Ələkbər Rzaquliyevin “Güləş” qrafik əsəri kağız üzərində qara linoqravüra ilə ərsəyə gəlib. Oyunların keçirildiyi günlərdə qonaqlar üçün mədəniyyət mərkəzlərinə ekskursiyalar təşkil ediləcək. Bütün muzeylər uzadılmış iş rejimində çalışacaq. Qonaqlar üçün xüsusi bələdçilər ayrılacaq. Şəhərin küçə və parklarında şoular nümayiş etdiriləcək.
Onu da qeyd edək ki, ölkəmizdə
idmanın qədim tarixi arxeoloji
qazıntılar zamanı tapılan maddi mədəniyyət
nümunələri, qədim yazılı abidələr ədəbi
tarixi mənbələrlə sübut olunur. Güləş,
oxatma, qılıncoynatma, nizəatma, atçapma və s. idman oyunları təsviri sənətdə əksini
taparaq müasir
dövrədək gəlib çatıb.
İradə
ƏLİYEVA,
Azərbaycan. - 2015.- 31 may.- S.3.