Qobustan bu günə
çoxdan hazırlaşırdı
I Avropa Oyunlarının
məşəli Ağsu
rayonundan sonra Qobustana gətirildi. Məşəlin
gəlişinə böyük
bayram ovqatı ilə hazırlaşan Qobustan şəhərində
8,3 mindən çox əhali var. Şəhər 310 hektar ərazini əhatə edir. 1738 ailə
təsərrüfatının mövcud olduğu bu şəhərdə azərbaycanlılarla yanaşı,
ruslar və Məhsəti türkləri
də yaşayırlar.
Onlar da rayonun inkişafı
naminə üzərlərinə
düşən vəzifələrin
öhdəsindən layiqincə
gəlməyə çalışırlar.
Ermənistanın işğal etdiyi
ərazilərdən didərgin
düşmüş 160 məcburi
köçkün yerli
sakinlərlə qaynayıb-qarışsa
da, doğma ocaqlarına dönəcəkləri
günü səbirsizliklə
gözləyirlər.
Məşəlin keçəcəyi Heydər
Əliyev prospektində
2300 metr uzunluğunda səki inşa olunub. Prospekt boyunca yaşıllıq
zolağı salınıb,
qızılgül kolları,
bəzək ağacları
əkilib.
I Avropa Oyunlarının məşəlini qarşılamağa
çıxanlar arasında
məktəblilər də az deyildi. Amma daha çox
diqqətimizi çəkən
yaşlı nəslin
nümayəndələrinin çoxluğu oldu. Onlar gənclərdən heç də az sevinmirdilər.
Bu dünya görmüş,
həyatın hər üzünə bələd
olan insanlarla söhbət etmək həmişə maraqlıdır.
Məşəl yürüşü başlayana
qədərki müsahibimiz
də onların nümayəndəsidir. Qobustan
Rayon Ağsaqqallar Şurasının
sədri Şıxbala
Bayramov böyük məmnuniyyətlə bayram
ovqatını bizimlə
bölüşdü:
- Keçmişdə gələn
qonağa göstərməyə
nə tapılardı
ki?.. İndi hara
baxırsan abadlıq,
firavanlıqdır. Bu işlər elə-belə
başa gəlməyib.
Vaxtilə ulu öndər
Heydər Əliyevin, indi də Prezident
İlham Əliyevin qayğısı sayəsində
Qobustan abadlaşıb.
Digər
bölgələrimiz də
inkişaf edir. Onları televiziya vasitəsilə Prezidentin səfərləri
zamanı görürəm.
Gözümlə gördüyüm, şahidlik etdiyimsə Qobustanda görülən
işlərdir.
Həyata keçirilən tədbirləri
rayon əhalisinin böyük
razılıqla qarşıladığını
bildirən Ş.Bayramov
yolların abadlaşmasından,
içməli su çəkilişindən, tikinti
işlərindən, fermerlər
üçün yaradılan
şəraitdən də
həvəslə danışdı. Yaxınlıqdakı
dövlət idarələrinin
yeni inzibati binalarını göstərərək
qeyd etdi ki, bu yaraşıqlı
binalar, abadlıq, yenidənqurma işləri
Prezident İlham Əliyevin bölgələrə,
o cümlədən Qobustana
göstərdiyi qayğının,
diqqətin nəticəsidir:
“Ölkəmizdə belə
əmin-amanlıq, gücümüz,
qüdrətimiz, imkanımız
olmasaydı, bu bayramı nə Bakıda, nə də rayonlarda yüksək səviyyədə
keçirə bilərdik.
Məşəl gəlir, alqışlarla
qarşılayırıq, alovlandırırıq,
alqışlarla da yola salırıq. Əsl bayram, əsl növraq budur, buna görə dövlət başçısına
qobustanlılar adından
dərin minnətdarlığımı
bildirirəm”.
Bu vaxt məşəli
gətirən karvan alqış sədaları
altında Oyunların
mədəniyyət evinin
qarşısında qurulmuş
rəmzi qapısından
keçdi. Onu məşqçi-müəllim
Fərid Əzizov qəbul etdi. Sonra Heydər Əliyev prospekti boyunca yürüş başlandı.
Şəhər 2 nömrəli
tam orta məktəbin
şagirdi Eldəniz Mirzəli, uşaq-gənclər
idman məktəbinin məşqçi-müəllimi Müslüm Xanəliyev, şəhər 2 nömrəli
tam orta məktəbin
müəllimi Ruslan Şahbazov, FHN-nin Qobustan Rayon Yanğından
Mühafizə Xidmətinin
əməkdaşı Rauf
Əhmədov və digərləri 2,54 kilometr
məsafə qət edərək məşəli
Bayraq meydanına gətirdilər. Burada qurulmuş səhnədə
kasa formalı məşəli karate üzrə
üçqat Azərbaycan
çempionu İbad Rzazadə alovlandırdı.
Beləliklə, ölkəmizin daha
bir bölgəsində
I Avropa Oyunlarının
məşəli şölələnməyə
başladı. Rəmzi çırağı
isə fəal məktəbli Gülər
Cavadova qəbul etdi. Sonra çıraq Oyunlar
başa çatanadək
saxlanılmaq üçün
məşqçi Şəmsi
Səfərliyə təhvil
verildi.
Bayram iştirakçılarının
təəssüratı ilə
maraqlandıq. Şəhər
sakini Solmaz Mehralıyeva dedi: “ Çox sevinirəm
ki, belə bir tarixi hadisənin
mən də iştirakçısı oldum.
I Avropa Oyunlarının
məşəlinin rayonumuzda
alovlandırılması hər
bir qobustanlı üçün çox qürurvericidir. Unudulmaz tarixi
anlar yaşadıq.
Bu sevinci, bu
bayramı bizə bəxş etdiyinə görə möhtərəm
Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Abdulhəsən Ağayevin də ürəyi dolu idi: “Bayram bayrama qarışıb, 28 May Respublika Günü və I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsi, məşəlin rayonumuzda alovlandırılması münasibətilə bütün qobustanlıları təbrik edirəm. İnanırıq ki, tezliklə bayramlarımızı işğaldan azad edilən torpaqlarımızda da qeyd edəcəyik. Bizim rayonumuzda da tanınmış idmançılar yetişir. Cəmi 19 yaşı olmasına baxmayaraq Dadaş Dadaşbəyli 2014-cü ildə ağır atletika üzrə Avropa ikincisi və yığmanın tərkibində Türkiyədə dünya çempionu olub. Bütün qobustanlılar onunla fəxr edir. I Avropa Oyunlarında iştirak edən idmançılarımıza da uğurlar arzu edirik. Bayrağımızı ucaldıb, himnimizi tez-tez səsləndirsinlər”.
Qobustandan sonra
I Avropa Oyunlarının məşəli
Şamaxı rayonuna yola
salındı.
Azərbaycan. - 2015.- 31 may.- S.4.