Məşəl qədim Şirvan yurdunda

 

Ölkəmizin ev sahibliyi etdiyi I Avropa Oyunlarının başlanmasına iki həftədən az vaxt qalır. Aprelin 26-da “Atəşgah”dan od alan Oyunların  məşəli bir aydan çoxdur ki, ölkəmizi diyar-diyar gəzir, insanlara sevinc bəxş edir, unudulmaz anlar yaşadır. Dağlı-aranlı bölgələrimiz məşəli toy-bayramla qarşılayır, insanlar bu tarixi hadisənin iştirakçısı olmaqdan qürur duyduqlarını böyük səmimiyyətlə bildirirlər.

Mayın 30-da Qobustan rayonundan sonra məşəl Şamaxıya gətirildi. Şəhərin Heydər Əliyev prospektinin ulu öndərin adını daşıyan parka birləşdiyi yerdə Oyunların rəmzi qapısından daxil olan məşəli pauerliftinq üzrə Azərbaycan çempionu Fərid Səmədzadə qəbul etdi. Sonra pauerliftinq üzrə Avropa çempionu Rüstəm Musayev, sərbəst güləş üzrə idman ustası, Şamaxı Olimpiya İdman Kompleksində baş məşqçi işləyən Elşən Eminov, sambo, cüdo güləşi üzrə idman ustası, respublika dərəcəli hakim Bəhlul Əliosmanov, bench-press idman növü üzrə Azərbaycan çempionu Elvin Eynalov, bədən tərbiyəsi idman müəllimi Səbinə Süleymanova digər idmançılar məşəli növbə ilə başları üzərinə qaldıraraq Heydər Əliyev prospektindən, S.Ə.Şirvani küçəsindən keçib alqış sədaları altında Avtovağzal dairəsinə gətirdilər. Burada qurulmuş səhnədə piyalə formalı məşəli veteranlar arasında sərbəst güləş üzrə dünya ikincisi İslam Quliyev alovlandırdı. Beləliklə, ölkəmizin daha bir bölgəsində I Avropa Oyunlarının məşəli alovlanmaqla tarixi anlar yaşandı. Oyunların rəmzi çırağını isə ağır atletika üzrə Azərbaycan çempionu Elmir Sadıqov qəbul etdi. Çıraq oyunlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Tədbir iştirakçıları arasında şəhər sakini Xumar Nəzərlinin təəssüratını öyrəndik. O dedi:

- Unudulmaz anlar yaşadıq. Bu tarixi hadisənin iştirakçısı olduğuma görə çox qürurluyam. İndi bütün dünyanın gözü Azərbaycandadır. Hamı həyəcanla oyunların başlanmasını gözləyir. Şübhəsiz ki, bu böyük idman tədbirinə yüksək səviyyədə ev sahibliyi etməklə ölkəmizin nüfuzu daha da artacaq. Bu qürur dolu duyğuları bizə bəxş etdiyinə görə möhtərəm Prezident İlham Əliyevə, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Rayon Gənclər İdman İdarəsinin rəisi Şahmar Hüseynov da X.Nəzərlinin sözünə qüvvət verdi: “Bu tarixi  hadisənin iştirakçısı olduğuma görə mən çox qürurluyam. İnanırıq ki, oyunlarda iştirak edən atletlərimiz öz qələbələri ilə bizi daha da sevindirəcəklər”.

Mərasim Alov festivalı ilə davam etdi.

Sonra oyunların məşəli Sumqayıt şəhərinə yola salındı.

 

Telman NƏZƏRLİ,

 

Azərbaycan. - 2015.- 31 may.-  S.4.