Qətərdə Azərbaycanın milli bayramı qeyd edilib, ilk Avropa Oyunlarının təqdimatı olub

 

Azərbaycanın Qətərdəki səfirliyi paytaxt Dohada 28 May – Respublika Gününə həsr olunan rəsmi qəbul təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, qəbulda ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, təhsil və elmi dairələrin, Azərbaycan və türk icmalarının, yerli KİV-lərin nümayəndələri və adamları iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra səfir Tofiq Abdullayev çıxış edərək qonaqlara Azərbaycan və 28 MayRespublika Günü barədə məlumat verib. Səfir ölkələrimiz arasında mütəmadi qarşılıqlı səfər mübadilələrinin münasibətlərin dərinliyinin təzahürü olduğunu bildirib. O, hər iki ölkə rəhbərlərinin bu münasibətləri daha da inkişaf etdirmək və möhkəmləndirmək niyyətini xüsusi qeyd edib.

Rəsmi qəbulda iyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub, Avropa Oyunlarına hazırlıqdan bəhs edən videoçarx nümayiş etdirilib, qonaqlar bu tarixi tədbirin bir parçası olmaq üçün paytaxtımıza dəvət olunublar.

Həmçinin qəbulda Azərbaycanın turizm imkanlarını əks etdirən videoçarxlar göstərilib, milli musiqilərimiz səsləndirilib. Qonaqlara ərəb və ingilis dillərində ölkəmiz haqqında jurnalkitablar təqdim edilib.

Tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.

Qeyd edək ki, səfir Tofiq Abdullayev Qətər Olimpiya Komitəsinin prezidenti Şeyx Joaan bin Hamad Al-Sani ilə görüşüb. Görüşdə bu yaxınlarda Azərbaycana etdiyi səfərdən danışan Olimpiya Komitəsinin prezidenti ölkəmizin füsunkar təbiətinə heyran qaldığını, birinci Avropa Oyunlarını canlı izləmək və belə bir möhtəşəm tədbirin keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanmaq məqsədilə Bakıya səfər edəcəyini bildirib.

 

Azərbaycan. - 2015.- 31 may.- S.5.