Dövlət Dumasında Rusiya-Azərbaycan
əlaqələri ilə bağlı “dəyirmi masa” keçirilib
Rusiya
Dövlət Dumasında “Müasir şəraitdə Rusiya-Azərbaycan
qarşılıqlı əlaqələrinin iqtisadi, maliyyə,
siyasi və sosial cəhətləri” mövzusunda “dəyirmi
masa” keçirilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, azərbaycanlı və rusiyalı deputatlar, ekspertlər iştirak ediblər.
“Dəyirmi masa”da Şimal-Cənub dəhlizi nəqliyyat layihəsi kimi birgə irimiqyaslı layihələrin həyata keçirilməsi yolları, idman, təhsil sahələrinə, parlamentlərarası qarşılıqlı fəaliyyətə, Xəzər regionunun inkişaf etdirilməsi, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
Z.Səmədzadə bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır. Qlobal sosial və iqtisadi böhranlara baxmayaraq, biz birgə müstəqil siyasət yürüdürük. Nə qədər yaxın olsaq xalqlarımızın rifahı naminə daha çox birgə layihələr həyata keçirərik.
A.Rəhimzadə iki ölkə arasında dostluq münasibətlərinin inkişaf potensialını nümayiş etdirən konkret faktlardan danışıb. Bildirib ki, Rusiyanın 71 regionunun şirkəti Azərbaycanda ticarət fəaliyyəti ilə məşğul olur, Azərbaycana 1000-dən artıq adda məhsul ixrac edir. Əməkdaşlıq imkanlarımızın potensialı genişdir.
Rusiyanın Azərbaycan ilə bir çox istiqamətlərdə əlaqələrinin inkişaf etdirməsinin vacibliyindən danışan Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib ki, Azərbaycan biznesmenləri Rusiyanın əlverişli ixrac bazarı olduğunu görməlidirlər. Xeyli müddət idi ki, hər şeyi Qərbdən alırdıq. Həmin malları Azərbaycandan da ala bilərdik. İqtisadi əlaqələri elə qurmaq lazımdır ki, bu, hər iki tərəfə sərfəli olsun. İndi ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək üçün yaxşı fürsət yaranıb.
V.Jirinovski Azərbaycan Prezidentinə böyük hörmət bəslədiyini vurğulayaraq deyib ki, İlham Əliyev keçmiş sovet məkanında ən müdrik rəhbərdir. Rusiya ilə Azərbaycan arasında həmişə yaxşı münasibətlər olmalıdır və olacaq da.
Dövlət Dumasının deputatı Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar qazandığını vurğulayıb. Azərbaycanın həyata keçirdiyi xarici siyasəti yüksək qiymətləndirən deputat bildirib ki, rəsmi Bakı bütün ölkələrlə yaxşı əlaqələr qurur, dostluq edir. Bu işdə dövlət başçısı İlham Əliyevin böyük xidmətləri var. Azərbaycanın xarici ölkələrdəki səfirlərinin fəaliyyətini də yüksək qiymətləndirən V.Jirinovski deyib: “Rusiya paytaxtında 200-ə yaxın ölkənin səfiri var. Onlardan çoxunu mən heç tanımıram. Amma Azərbaycanın səfirini tanıyıram".
Dumanın beynəlxalq münasibətlər komitəsi sədrinin birinci müavini Leonid Kalaşnikov deyib ki, postsovet məkanının bir çox ölkələri milli və daxili məsələlərin həllində Azərbaycandan nümunə götürməlidirlər. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkənin çiçəkləndiyini vurğulayıb.
Görüşə yekun vuran Dövlət Dumasının maliyyə bazarı üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev ümidvar olduğunu bildirib ki, dövlətlərarası layihələrin sayı durmadan artacaq. O deyib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət sahəsində zəngin təcrübə var. Çoxillik dostluq əlaqələrimiz iqtisadi sahədə uğurlarımıza zəmin yaradır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan. - 2015.- 31 may.- S.6.