Qan yaddaşı
Ermənilərin əsrlər boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətini araşdırıb beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq hər birimizin borcudur. Bu yaxınlarda hüquq üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti Sadir Məmmədovun “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı” adlı kitabı işıq üzü görüb. Gənclərin, dünya ictimaiyyətinin və xarici qonaqların bu sahədə məlumatlandırılması məqsədilə tərtib olunan əsərdə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımılar arxiv sənədlərinə, problemlə ilgili elmi mənbələrə əsaslanmaqla oxuculara təqdim olunur. Kitab ümummilli liderin bu soyqırımı hadisəsi barədə fikirləri ilə açılır: “Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir”.
Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. İstər 1905-1906-cı illərdə, istərsə də 1918-ci ilin martında Bakı kommunası və erməni şovinistlərinin ölkəmizdə törətdiyi kütləvi qırğınlar, qətliamlar bəşər tarixinin ən acı səhifələrini təşkil edir.
Müəllif mart hadisələrinin 80-ci ildönümündə 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanı erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət kimi dəyərləndirərək onu Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədi adlandırır. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması təsbitlənmişdir.
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmışdır. Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “böyük Ermənistan” dövləti qurmağı özlərinə məqsəd seçən ermənilər “Daşnaksütyun” (1880, Tiflis), “Erməni vətənpərvərləri ittifaqı” (1885, Nyu York), “Qncaq” (1887-ci ildə Cenevrədə yaradılıb) kimi siyasi-terror təşkilatlarının fəaliyyət proqramında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyalarının keçirilməsi sistemli xarakter daşıyırdı. 1905-1907-ci illərin Rusiya inqilabının yaratdığı anarxiyadan, qarşıdurmalardan “faydalanan” ermənilər bu təşkilatların köməyi ilə Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törətdilər və 75 azərbaycanlı kəndini talan etdilər.
Müəllif tarixi faktlara əsaslanaraq qeyd edir ki, bu soyqırımı bir siyasət olaraq 1905-1907-ci illər inqilabından sonra da davam etdirilmişdir. Rusiya imperiyasının o vaxtkı məlumatlarına nəzər salaq: 1916-cı ilin statistikasına görə, təkcə İrəvan quberniyasının əhalisi (1830-cu ildən bəri) 40 dəfə artaraq 570 min nəfərə çatsa da, bölgənin azərbaycanlı əhalisinin sayı bu dövrdə cəmi 4,6 dəfə artmışdır. Maraqlı budur ki, hətta bu qədər sıxışdırılma və deportasiyaya məruz qalmalarına rəğmən yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni 247 min nəfəri azərbaycanlılardan ibarət idi.
1914-cü ildə başlanan Birinci Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablardan (1917-ci il) istifadə etməyə çalışan ermənilər “böyük Ermənistan” iddiası üçün hər vasitədən yararlanmağa çalışırdılar. 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisinin törətdiyi qırğınlar Osmanlı dövləti tərəfdən cavabsız qalmadı, dərhal dövlətə qarşı çıxan həmin erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsinə başlanıldı. Türkiyə ərazisindən qaçan erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura çox sayda erməni əhalisi də köçüb gəlmişdi. Onlar Rusiya ordusuna arxalanaraq Naxçıvanda və İrəvanda, sonra isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı qətliamlara başladılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi tamamilə dağıdılmış və yandırılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlı türkünün bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.
Bu qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Üç gün ərzində Bakıda 30 min insan qətlə yetirildi. Şaumyanın erməni bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində 8027 azərbaycanlı (onlardan 2560-ı qadın, 1277-si uşaq idi) qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Qarabağın dağlıq hissəsində 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdilər. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 100 min azərbaycanlı qətlə yetirmiş, Quba ərazisində 122, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kəndi dağıdaraq əhalisini qətlə yetirmişdilər.
Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası bu gün Heydər Əliyev siyasi kursunun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də qətiyyətlə davam etdirilir: “Biz yalnız tarixi ədalətin və həqiqətin bərpa edilməsini, işğal və soyqırımı siyasətini yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında ittiham olunmasını istəyirik. Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıları dünya ictimaiyyətinə çatdırılması prosesində önəmli rol oynayacaqdır”.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunmuş kitab və bukletlərin xaricdə yayımlanması təqdirəlayiqdir. Get-gedə vüsət alan “Xocalıya ədalət!” kampaniyası da haqq işimizin təbliği baxımından mühüm nailiyyətlərdəndir. Müəllifin azərbaycanlılara qarşı soyqırımı həqiqətlərini ortaya çıxarmaq sahəsində gördüyü digər diqqətəlayiq faktlardan biri də “Xocalı soyqırımı” adlı digər kitabçanı da müxtəlif dillərə çevirərək dərc etməsidir.
Bəxtiyar QARACA,
Azərbaycan. - 2015.- 31 may.- S.7.