Ömrümüzün çiçəyi, bəzəyi...

 

Uşaqlar ömrümüzün bəzəyi, sevinc payıdır. Hər bir ailənin səadəti, hər bir xalqın sabahı onlarla bağlıdır. Azərbaycan ailəsində körpə xüsusi önəm kəsb edir. Başqa sözlə, “ailə” dedikdə birmənalı olaraq onu oğul-uşaqlı təsəvvür edirik.

Körpə sahibi olmaq Azərbaycan ailəsinin ən  ümdə arzusudur. Təsadüfi deyil ki, hazırda cavan ailələrin hər birində ən azı iki uşaq böyüyür, yaxud arzu olunur. Dövlət Statistika Komitəsindən aldığımız son məlumata görə, bu ilin birinci rübü ərzində ölkədə 38,4 min körpə dünyaya gəlib.

Azərbaycan ailəsində ən yaxşı nə varsa, hamısı uşaqlar üçündür. Hər bir valideynin gələcəklə bağlı arzuları uşaqlara sevgidən qaynaqlanır. Biz uşaqları həm sevir, həm də onları bəsləyir və qoruyuruq.

Ata-ana qayğısından məhrum olan, uşaq evlərində və internatlarda böyüyən balaca oğlan və qızlara isə dövlət himayədarlıq edir, onların sağlam böyüməsi, təhsil alması, sənət, peşə qazanması üçün hər cür şərait yaradılır.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə hər il  geniş tədbirlərlə qeyd edilir.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmişdir. Bu təkliflər bəyənilərək həmin vaxtdan sonra 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr olunması barədə qərar qəbul edilmişdir. Beləliklə, hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Azərbaycan Respublikası 1992-ci il iyulun 21-dən BMT-ninUşaq hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur. 1998-ci il mayın 19-da isə uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə “Uşaq hüquqları haqqında” qanun qəbul edilmişdir.

Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı.

Prezident İlham Əliyev uşaqların sağlamfiravan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Dövlət başçısının sərəncamı ilə 2009-cu ilinUşaq ilielan edilməsi də bu sahəyə diqqətdən irəli gəlirdi.

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Uşaqlara qayğıdan danışarkən Heydər Əliyev Fondunun bu istiqamətdəki  işi də mütləq qeyd olunmalıdır. Fondun  prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirlər əsl şəfqət və mərhəmət, xeyirxahlıq və insanpərvərlik nümunəsidir.

Təqdirəlayiq haldır ki, Azərbaycanda körpə ölümü ildən-ilə azalır. Lakin erməni vandallarının ölkəmizə təcavüzü nəticəsində yüzlərlə uşağın işgəncələrə məruz qalması ürəkağrıdan faktdır. Faşist xislətli, bəd əməlli qonşularımız neçə-neçə uşağı  süngüyə çəkmiş, yandırmış, ata-anasız qoymuşlar.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə həmin günahsız balalara qarşı törədilmiş cinayətlər, onların tapdalanan hüquqları barədə həqiqətləri dünya ictimaiyyəti uca səslə söyləməlidir. Doğulduğu kənddən, şəhərdən - isti yuvasından pərən-pərən düşmüş minlərlə günahsız uşağın haqqı tələb edilməli, onların bu vəziyyətə düşməsində günahkar olanlarla haqq-hesab çəkilməlidir.

Dünyaya gələn hər körpə təkcə ata-anasının deyil, mənsub olduğu xalqın və bütün bəşəriyyətin övladıdır. Odur ki, uşaqların taleyi, gələcəyi üçün insan olan hər kəs məsuliyyət daşımalıdır. Hər birini öz balamız kimi sevməliyik. Qəlbimizdə daim elə ülvi bir hiss yaşatmalıyıq ki, onların hər biri hamımızın, hamısı isə hər birimizindir.

 

Flora SADIQLI,

 

Azərbaycan. - 2015.- 31 may.- S.8.