Leyla Əliyeva: Qarşıda bizi hələ uzun yol, çoxsaylı maraqlı layihələr və ideyalar gözləyir 

 

Oktyabrın 31-də Moskvadakı Beynəlxalq Ticarət Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyeva Forumun işində iştirak edib.

Foyedə RAGB-in, IDEA (Ətraf mühitin qorunması naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyətinə həsr edilmiş fotosərgi açılıb. Həmçinin Heydər Əliyev Fondu öz nəşrlərini və XIX-XX əsrlərə aid milli geyimlər sərgisini təqdim edib.

Əvvəlcə RAGB-in fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

Forumu giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayan RAGB-in sədri Leyla ƏLİYEVA dedi:

-Bu zalda dostlarımızı, RAGB-in fəal iştirakçılarını görmək çox xoşdur. Artıq səkkizinci ildir ki, bu insanlarla birgə çalışırıq, onlarla bərabər uzun və maraqlı yol keçmişik.

Regionlardan bizim tədbirə gələnləri burada görmək də çox xoşdur. Əlbəttə, bizim təşkilatımıza yenicə daxil olanları salamlamağa çox şadam. Sizə uğurlar arzulayıram və əminəm ki, qarşıda bizi çox maraqlı işlər gözləyir.

Bizim təşkilatımız Rusiyada yaranıb və fəaliyyətinin ilk günlərindən mədəniyyətlərarası dialoq və əməkdaşlıq ideyalarını həyata keçirir. RAGB Rusiyada oxuyan və işləyən azərbaycanlı gəncləri birləşdirir, onların Rusiya cəmiyyətinə inteqrasiya olunmasına və öz ölkələrini ləyaqətlə təmsil etmələrinə kömək edir.

Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda, Şərq ilə Qərb arasında yerləşir. Bu fakt bizim tariximizdə, mədəniyyətimizdə öz əksini tapıb. Xalqımıza xas olan tolerantlıq ənənələrinin dərin kökləri var, bu, hər bir azərbaycanlının həyat tərzidir. Bu gün Azərbaycan beynəlxalq turnirlərin, forumların və tədbirlərin keçirildiyi arenaya çevrilir. Bu ilin yayında Bakıda birinci Avropa Oyunları çox yüksək səviyyədə keçirildi. Həmin Oyunlarda qazanılmış əla nəticə münasibətilə Rusiyanı ürəkdən təbrik etmək istəyirəm. Payızda Bakı şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etdi, 2016-cı ildə isə Şahmat Olimpiadasını qəbul edəcək. Gələn il Bakıda ilk dəfə “Formula-1” yarışları keçiriləcək. 2017-ci ildə isə 4-cü İslam Həmrəylik Oyunlarının keçirilməsi planlaşdırılır. Bütün bunlar dünyanın ölkəmizə bəslədiyi etimadın və hörmətin sübutudur.

Rusiya ilə Azərbaycanın həmişə səmimi dostluq münasibətləri olub. Bizim ortaq tariximiz, ortaq qələbələrimiz və uğurlarımız var. Bizim ölkələrdə müxtəlif dinlərin, müxtəlif millətlərin və xalqların nümayəndələrinə rast gəlmək olar. Onlar sülh, həmrəylik və qarşılıqlı hörmət şəraitində yaşamağı bacarırlar. Azərbaycanda böyük rus mədəniyyətinə, rus ədəbiyyatına və incəsənətinə həmişə böyük sevgi ilə yanaşıblar. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan rusdilli təhsil tam həcmdə qorunub saxlanıb, Azərbaycanın ali məktəblərində tədris həm Azərbaycan, həm də rus dilində aparılır. Bakıda Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb. Bu il isə İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin filialı da açılıb. Beləliklə, indi hər iki ölkənin həkimləri öz səylərini birləşdirmək və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər.

Keçən ilin dekabrında Bakıda böyük rus şairi Mixail Yuryeviç Lermontovun yubileyi yüksək səviyyədə qeyd edilib. Onun yaradıcılığı mədəniyyətlərin qarşılıqlı nüfuzunun və qarşılıqlı zənginləşməsinin parlaq nümunəsidir. RAGB-in fəaliyyəti də bizim münasibətlərimizin yaxın olmasını təsdiq edir. Gənclərimiz həmişə Rusiya ilə bizi birləşdirən ümumi cəhətləri tapmağa, qoruyub saxlamağa və artırmağa çalışırlar.

Bu gün Rusiya ərazisində bizim təşkilatın 70-dən çox regional bölməsi fəaliyyət göstərir və onların hər birinin fəxr etməyə haqqı var. Təşkilatımızın fəaliyyət dairəsi səhiyyə, təhsil və elm, mədəniyyət və ekologiya kimi müxtəlif istiqamətləri əhatə edir. RAGB hər il Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş xeyriyyə aksiyası keçirir. Gənclərimiz uşaq evlərinə və internatlara böyük həvəslə baş çəkir, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bayramlar təşkil edirlər. Bu il də “Qanın milləti yoxdurdevizi altında pulsuz qanvermə aksiyası keçirmişik. Dünya Səhiyyə Təşkilatı ilə birlikdə döş xərçənginə qarşı mübarizə proqramı çərçivəsində qadınların pulsuz müayinəsi təşkil edilib. Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə bizim fəallar Moskvada, KurskdaTulada Böyük Vətən müharibəsi veteranları üçün tədbirlər və görüşlər keçiriblər.

Təşkilatımız ədalətə, sülhə və həmrəyliyə inanır. Biz Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi haqqında düzgün informasiyanı dünyaya çatdırmaq üçün hər il fevral ayında “Xocalıya ədalət” adlı beynəlxalq kampaniya keçiririk.

May ayında böyük Azərbaycan cazmeni, musiqi sənətində yeni caz-muğam istiqaməti açan Vaqif Mustafazadənin 75 illiyinə həsr edilmiş caz gecəsi keçirdik.

Gənclərimiz müxtəlif idman tədbirlərində iştirak etməyi çox xoşlayır. Bu il biz Avropa Oyunlarını dəstəkləmək üçün “RAGB Universiadası” və Heydər Əliyev adına kubok uğrunda ənənəvi illik minifutbol turniri keçirdik. İntellektual sahədə “Nə? Harada? Nə vaxt?” oyunu üzrə beynəlxalq turnirdə respublikanın bütün diasporlarını təmsil edən 16 komanda iştirak edib. Azərbaycanın ŞHK komandası uğurla çıxış edir. Kaluqa vilayətində isə səyyar qış məktəbi keçirilib. Əlamətdar haldır ki, bizim fəallar Rusiyanın müxtəlif ali məktəblərində mütəmadi görüşlər, sərgilər və mədəni tədbirlər təşkil edirlər.

Sizə məlum olduğu kimi, bizim ölkələrdə və bizim təşkilatda ekologiya və ətraf mühitin qorunması məsələlərinə xüsusi yer ayrılır. Azərbaycanda IDEA-nın xətti ilə 4 milyondan çox ağac əkilib. Çox sevindirici haldır ki, könüllülərimiz Rusiyada da ağacəkmə ilə məşğul olur, bir sıra ekoloji layihələrdə iştirak edirlər. Gələcəkdə biz Rusiyanın WWF (vəhşi təbiəti mühafizə) Fondu ilə, xüsusən Qafqaz bəbirinin, zubr və nərə balıqlarının qorunması məsələləri üzrə daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq.

Gördüyünüz kimi, təşkilatımız mövcud olduğu dövrdə böyük işlər görüb, yüksək nəticələr əldə edib, çox faydalı layihələr həyata keçirib. Lakin ən əhəmiyyətlisi budur ki, biz nə ediriksə təmənnasız, ən xoş niyyətlərlə edirik. Mən fəxr edirəm ki, bizim bu cür fəal, ağıllı və müsbət gənclərimiz var. Təşəbbüskarlığınıza, etimadınıza və dəstəyinizə görə sizə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Qarşıda bizi hələ uzun yol, çoxlu maraqlı layihələr və ideyalar gözləyir. Mən əminəm ki, biz hər bir problemin öhdəsindən birlikdə gələcəyik, ölkələrimiz və xalqlarımız naminə hələ çox işlər görəcəyik.

Sizin hamınıza təşəkkür edirəm. Sizə xoşbəxtlik, cansağlığı, uğurlar və əlbəttə, bol sevgi arzulamaq istəyirəm!

 

X X X

 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Forumdakı çıxışında Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rolunu xüsusi vurğulayaraq qeyd edib ki, respublikamızda dövlət gənclər siyasətinin istiqamətlərindən biri gənclərin əməkdaşlığını və ölkə hüdudlarından kənarda gənclər təşkilatlarının inkişafını dəstəkləməkdir.

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində qonşu Rusiya ilə hər zaman münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. “Azərbaycan Respublikasında təhsilin inkişafı Dövlət Strategiyası” üzrə aparılan islahatlar barədə məlumat verən nazir bu proses çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirildiyini diqqətə çatdırıb.

Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov Bakıda keçirilən birinci Avropa Oyunlarının QafqazRusiya üçün əhəmiyyətindən və Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsindən söz açıb, Azərbaycan gənclərinin Rusiyanın ictimai həyatında hər zaman fəal olduqlarını deyib.

Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Slutski Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin çoxşaxəli fəaliyyətini və təşkilatın rəhbəri Leyla Əliyevanın ölkələrimiz arasında əlaqələrin genişlənməsinə şəxsi töhfəsini yüksək qiymətləndirib. Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan Leonid Slutski Prezident İlham Əliyevin ölkəmizi inamla irəli apardığını söyləyib.

Rusiya Prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, azərbaycanlı gənclər hərəkatının lideri Leyla Əliyevanın Rusiyanın gənclər təşkilatları ilə sıx əməkdaşlıq münasibətləri, Rusiya-Azərbaycan humanitar əlaqələrinin möhkəmlənməsinə yönəlmiş fəaliyyəti təqdirəlayiqdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gənclərin yaşadıqları və təhsil aldıqları ölkələrin ictimai-siyasi həyatının bütün sahələrində fəal iştirakının vacibliyi vurğulayaraq bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB-in fəaliyyəti istedadlı gənclərin dəstəklənməsi, xeyriyyəçilik tədbirlərinin təşkili baxımından olduqca əhəmiyyətlidir.

Moskva Hökumətinin departament rəhbəri Vladimir Çernikov, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi Polad Talıbov RAGB-in fəaliyyətindən məmnunluq ifadə ediblər. Leyla Əliyevanın başçılığı altında təşkilatın bir çox mühüm layihələrə imza atdığını diqqətə çatdırıblar.

Tədbirin sonunda əlaçı tələbələrin, RAGB-in keçirdiyi müsabiqələrin qaliblərinin və gənclər təşkilatının fəallarının təltif edilməsi mərasimi keçirildi. Leyla Əliyeva Rusiyanın ali məktəblərində əla qiymətlərlə oxuyan azərbaycanlı tələbələrə “Gənclər Birliyinin əlaçısı” diplomlarını təqdim etdi.

Forum işini bölmələrdə davam etdirib. İştirakçılar - Azərbaycan diasporunun nümayəndələri və Rusiya gənclər təşkilatlarının təmsilçiləri “Azərbaycan və yeni dövrün çağırışları”, “IDEA – bir dünya, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclərin karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında bölmələrdə iştirak edib, müzakirələr aparıblar.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 1 noyabr.- S. 3.